“Türk Dünyasında Parlament
Diplomatiyası”
Məlum olduğu kimi,
türkdilli xalqları tarixi köklər, ortaq mədəniyyət,
milli-mənəvi və dini dəyərlər, adət-ənənələr
birləşdirir və bu amillər qarşılıqlı səmərəli
fəaliyyət üçün əsas təməldir.
Türkdilli ölkələr arasında əlaqələr hər
keçən gün artmaqda və inkişaf etməkdədir.
Son 10 il ərzində Türkdilli ölkələr
arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə
keçmişdir və ölkələrimiz arasında əlaqələr
konkret mexanizmlərin əsasında inkişaf etdirilir. Məlum
olduğu kimi, çoxtərəfli formatda əlaqələrin
qurulmasına ötən əsrin 90-cı illərinin əvvəllərində
qədəm qoyuldu. Məhz 1992-ci ildə
Türkdilli Dövlət Başçılarının Birinci
Zirvə Toplantısı keçirildi və bundan sonra ölkələrimizin
liderləri müntəzəm olaraq bir araya gəlib əməkdaşlığın
əsas prioritetləri və istiqamətlərini müzakirə
edirdilər. Lakin o dövrdə həmin
zirvə toplantıları daha çox məsləhətləşmələr
funksiyasını daşıyırdı və əməkdaşlığın
daimi platforması hələ ki formalaşmamışdı.
İllər keçdikcə, ölkələr arasında həm
iqtisadi, həm mədəni, həm də siyasi münasibətlər sürətlə inkişaf edirdi və həmin
münasibətlərin institusional çərçivəyə
salınması zamanın tələbi idi. 1993-cü ildə
TÜRKSOY-un yaradılması, 2008-ci ildə TÜRKPA-nın,
onun ardından 2009-cu ildə Türk Şurasının təsisi
məhz bu zərurətdən irəli gəlmişdir.
Qeyd olunan qurumların yaradılması regionda
Türkdilli ölkələrin hərtərəfli
qarşılıqlı fəaliyyəti və əməkdaşlığı
üçün önəmli təkan vermişdir. Daha sonra
Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti
və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər
və ya bağlı təşkilatların qurulması
müvafiq sahələrdəki əməkdaşlığımızı
daha da dərinləşdirmişdir.
Təbii ki, ölkələr arasında
müxtəlif sahələr üzrə qanunların
yaxınlaşdırılması və əlaqələrin
daha da inkişaf etdirilməsi sahəsində ən önəmli
rolu parlamentlər həyata keçirir. Bu baxımdan,
Türkdilli Ölkələrin Parlament Assambleyası
(TÜRKPA) regional əməkdaşlıq platforması kimi Türk
əməkdaşlığının parlament səviyyəsində
təzahürüdür. TÜRKPA Türk dünyasında
çoxtərəfli əməkdaşlığın
parlament səviyyəsində tək formasıdır. Təşkilat
21 noyabr 2008-ci ildə İstanbul Sazişi ilə təsis
edilmişdir. Assambleyanın vəzifəsi və məqsədi
türk əməkdaşlığı çərçivəsində
parlamentlərarası əlaqələri genişləndirmək,
irəli sürülən təşəbbüslərə və
öhdəliklərə hüquqi dəstək verməkdir.
Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və Türkiyə TÜRKPA-nın
təsisçi üzvləridir. Macarıstan Parlamenti
2014-cü ildən etibarən Assambleyanın fəaliyyətlərində
müşahidəçi qismində fəal şəkildə
iştirak edir.
TÜRKPA digər Türkdilli dövlətlər
ilə sıx qarşılıqlı əlaqələrin
qurulmasında xüsusən maraqlıdır. Belə ki,
Türkmənistan və Özbəkistan parlamentləri ilə
təmasların qurulması prosesi davam edir. Türk
dünyası üçün sevindirici və tarixi bir hadisəni
də qeyd etmək lazımdır ki, Özbəkistan artıq
Naxçıvan Sazişini imzalamışdır. Məlum olduğu kimi, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası Dövlət
Başçılarının 7-ci Zirvə
görüşü 15 oktyabr 2019-cu il tarixində, Azərbaycanda
keçirilmişdir və Özbəkistan Prezidenti cənab
Şevkat Mirziyoyev Zirvə görüşündə Türk
Şurasının tam hüquqlu üzvü kimi iştirak
etmişdir. Həm TÜRKPA Ətraf mühit və
təbii ehtiyatlar Komissiyasının Sədri və həm də
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri olaraq inanıram
ki, Özbəkistan parlamenti yaxın zamanlarda TÜRKPA-nın
fəaliyyətlərində də tam hüquqlu üzv kimi
iştirak edəcəkdir.
Türkdilli ölkələr
arasında əməkdaşlığın parlament
ölçüsü olaraq, Assambleya üzv ölkələr
arasında hüquqi, iqtisadi, sosial-mədəni, ətraf
mühit və ortaq maraq doğuran digər sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi
üçün hüquqi zəmin təmin edir. Təşkilatın
ana xətti məhz inteqrasiya prosesinin inkişafı
üçün qanunvericilik bazasının
yaradılmasıdır. Bu kontekstdə TÜRKPA çərçivəsində
dörd ixtisaslaşmış komissiya fəaliyyət göstərməkdədir:
Hüquq məsələləri və beynəlxalq
əlaqələr komissiyası
Sosial, mədəni
və humanitar məsələlər komissiyası
İqtisadi
əməkdaşlıq komissiyası
Ətraf
mühit və təbii ehtiyatlar komissiyası
Hal-hazırda TÜRKPA çərçivəsində dörd
ölkənin mümkün olan istiqamətlərdə
qanunvericilik bazasının yaxınlaşdırılması məsələsi
yaxından oyrənilir və bu sahədə müəyyən
addımlar atılır. TÜRKPA-nın təsis sənədi olan
İstanbul Sazişi Assambleyanın prioritet məsələlərindən
biri kimi üzv ölkələrin qanunvericiliklərinin
yaxınlaşdırılmasını özündə əks
etdirir. Bu məqsədlə,
TÜRKPA-nın dörd daimi Komissiyası öz fəaliyyət
sahələri çərçivəsində model qanun layihələrinin
hazırlanması ilə məşğuldur. Bu sahədə, TÜRKPA Katibliyi üzv ölkə
parlamentlərinin hüquq ekspertləri ilə birgə sıx əməkdaşlıq
edir. İndiyə kimi, TÜRKPA üzv
ölkələrinin milli qanunvericiliklərinin
uyğunlaşdırılması üzrə hüquq ekspertlərinin
iştirakı ilə 4 seminar keçirilmişdir.
Seminarlar zamanı üzv ölkələrimiz
üçün model qanun layihələrinin
hazırlanması istiqamətində prioritet sahələr
müzakirə edilib müəyyənləşdirilmişdir.
Əməkdaşlığın parlament
ölçüsü olaraq, TÜRKPA siyasi, iqtisadi, humanitar və
digər önəmli sahələrdə dialoqun inkişaf
etdirilməsini hər zaman diqqətdə saxlayır. BMT-nin Minillik
İnkişaf Hədəflərinin əsasında
formalaşdırılmış Davamlı İnkişaf Hədəfləri,
digər bir ifadə ilə desək Qlobal Hədəflər
dünyanın bütün ölkələri
üçün çətir vəzifə rolunu oynayır.
Assambleya öz Komissiyalarının fəaliyyətlərində
BMT-nin Minillik İnkişaf Hədəflərindən önəmli
platforma kimi istifadə edir.
TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar
Komissiyasının sədri kimi, qeyd edə bilərəm ki, təsis
edildiyi 2014-cü idən etibarən Komissiyamız 5 iclas və
Komissiya çərçivəsində 3 seminar
keçirmişdir. Bu keçirilmiş bütün iclas və
seminarların mövzuları BMT-nin Davamlı İnkişaf Hədəflərində
əks olunmuş məsələlərə həsr
olunmuşdur. Keçirilmiş iclas və
seminarların yekun hesabatları və tövsiyə qərarları
qəbul edilmiş və üzv ölkələrimizin
parlamentlərinə göndərilmişdir.
Cari ilin
14 iyun tarixində, TÜRKPA tərəfindən “Davamlı
İnkişaf Məqsədlərinə nail olmasında
Türk Dünyası Qadınlarının rolu” mövzusunda
Qadın Parlamentarilərin Beynəlxalq Konfransı Bakı
şəhərində keçirilmişdir. Yəni bunlar
Davamlı İnkişaf Hədəflərinə nail
olunması istiqamətində TÜRKPA fəaliyyətlərindən
bəzi nümunələrdir və göründüyü
kimi təşkilat bu məsələlərə çox
böyük diqqət yetirir.
TÜRKPA İstanbul Anlaşmasına uyğun olaraq,
parlamentlərarası əməkdaşlığı
inkişaf etdirmək və təcrübənin daha geniş
mübadiləsini təmin etmək məqsədilə üzv
parlamentlərin aparat işçiləri arasında təcrübə
mübadilə proqramlarını həyata keçirir. Bu sahədə
uğurlu nəticələr əldə edilmişdir və bu
proseslər davam etdirilir.
2010-cu ildən etibarən TÜRKPA-nın təsis etdiyi
seçkilər üzrə Beynəlxalq Müşahidəçilər
Missiyası üzv ölkələrdə keçirilən
prezident və parlament seçkilərini müşahidə
edir. TÜRKPA bugünə qədər üzv ölkələrdə
keçirilmiş seçkiləri müşahidə etmiş
və bəyannamələrini yaymışdır. Assambleyanın seçki müşahidəsi işlərində
üzv ölkələrdən olan millət vəkilləri və
TÜRKPA Katibliyində işləyən diplomatlar iştirak
edir. Qeyd olunan seçki müşahidələri
qısa dövrlü müşahidə işləri olub,
seçkilərə aid qanuni çərçivə,
seçici, partiya və namizədlərin qeydiyyat əməliyyatları,
seçki kampaniyaları, səs vermə, sayma və
siyahıya alınma kimi mövzuları əhatə edən
bir şəkildə həyata keçirilir. Qeyd etmək olar ki, artıq TÜRKPA-nın
müşahidəçilər mandatı beynəlxalq ictimaiyyət
tərəfindən qəbul olunan və tanınan bir missiyaya
çevrilmişdir.
TÜRKPA beynəlxalq münasibətlər sistemində
aktiv fəaliyyət göstərir. TÜRKPA parlament
diplomatiyasının gələcək inkişafına
töhfə verməyə və Avrasiya regionunda mövcud
parlamentlər və beynəlxalq təşkilatlarla əlaqələrin
qurulması və inkişaf etdirilməsində
maraqlıdır. Təşkilat beynəlxalq
əməkdaşlıq çərçivəsində
Katibliyinin də aktiv iştirakı ilə bir çox
uğurlara imza atmışdır. TÜRKPA Beynəlxalq
Parlamentlərin Baş Katibləri Assosiasiyasına üzv, 179
ölkəni birləşdirən dünyanın ən
böyük beynəlxalq parlament təşkilatı olan Beynəlxalq
Parlamentlər Birliyi (IPU), İslam Əməkdaşlığı
Təşkilatının Parlamentlər İttifaqı,
(İƏT Pİ) Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Konfrans (CICA), Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Assambleyası (QDİƏT PA) və Asiya Parlament
Assambleyasına (APA)
müşahidəçi kimi qəbul olunmuş, ATƏT
Parlament Assambleyasında isə qonaq statusunda iştirak etmək
hüququna nail olmuşdur. Həmçinin,
Avropa Parlamenti, MDB Parlamentlərarası Assambleyası, GUAM
Parlament Assambleyası kimi qurumlarla əməkdaşlıq
möhkəmləndirilmiş və inkişaf etməkdədir.
TÜRKPA
Türkdilli ölkələr arasında iqtisadi, siyasi, mədəni
və elmi əməkdaşlıq üzrə birgə model
formalaşdırmaq üçün Türk Şurası,
Türk Akademiyası və TÜRKSOY-la sıx əməkdaşlıq
edir. Bundan başqa, TÜRKPA üzv ölkələrin
akademik və təhsil müəssisələri, habelə
Türk əməkdaşlığında iştirak edən
digər təşkilatlarla səmərəli əməkdaşlıq
mexanizmlərinin yaradılmasına və çərçivə
əməkdaşlığın qurulmasına önəm
verir. Bu istiqamətdə TÜRKPA Türk Akademiyası,
Türk Dünyası Bələdiyyələr Birliyi, Manas
Qırğız-Türk Universiteti və Ahmet Yassavi
Qazax-Türk Universiteti ilə əməkdaşlıq
haqqında memorandumlar imzalayıb.
Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm,
təhsil, nəqliyyat, gömrük, turizm və digər
müxtəlif sahələr üzrə əməkdaşlıq
platformaları mövcuddur və hal-hazırda mövcud ikitərəfli
əməkdaşlıq sahələri genişləndirilir. Yuxarıda
qeyd olunduğu kimi, bu əməkdaşlığın
parlament ölçüsü olaraq, TÜRKPA öz növbəsində,
Türk əməkdaşlığı qurumlarının qeyd
olunan bütün sahələrdəki fəaliyyətlərinə,
layihə və təşəbbüslərinə qanunvericilik
sahəsində dəstəyinin təmin edilməsi öhdəliyini
üzərinə götürmüşdür. TÜRKPA bu istiqamətdə Türk əməkdaşlığı
qurumlarına hər zaman dəstək verməyə
hazırdır.
Sonda qeyd etmək istərdim ki, TÜRKPA qlobal dialoqun
ümumi parlamentlərarası platformasının möhkəmlənməsinə
xüsusi önəm verir. TÜRKPA ənənəvi
diplomatiyanı tamamlayan bir amil kimi parlament diplomatiyasından
istifadə olunmasının dünyada sülhün, demokratiya
və iqtisadi inkişafın bərqərar olmasında
xüsusi rol oynayacağına inanır. TÜRKPA-nın
Avropa və Asiya beynəlxalq institutları ilə sıx
işbirliyi, dünyada çox vacib faktor olan mədəniyyətlər
və dinlərarası dialoqun intensivləşməsində və
tolerantlıq amilinin ön plana çıxmasında önəmli
rol oynamaqdadır.
İnanıram ki,
TÜRKPA çərçivəsində üzv ölkələrimiz
arasında və eyni zamanda, Türk işbirliyi qurumları arasındakı
əməkdaşlıq regional və beynəlxalq sabitlik, həmçinin
təhlükəsizlik kontekstində mühüm töhfələr
verəcəkdir.
Milli Məclisin
Səhiyyə komitəsinin sədri,
TÜRKPA Ətraf
mühit və təbii ehtiyatlar Komissiyasının Sədri
Akademik Əhliman ƏMİRASLANO
Şərq.- 2019.- 19
dekabr.- S.12