Jurnalistlərin həmrəyliyi vacibdir
Bu medianın nüfuzlu
institut kimi daha da möhkəmlənməsinə yardım edər
"Demək olmaz ki, bizim mətbuatda həmrəylik
heç yoxdur. Dəfələrlə şahidi olmuşuq ki,
müxtəlif məsələlərdə qələm
adamları ortaya birgə mövqe qoyublar"
(əvvəli ötən sayımızda)
Bu gün ölkə mediası ilə
bağlı səslənən tənqidi fikirlərdən biri
də bu sahədə lazımi həmrəyliyin olmaması ilə
bağlıdır. İddialara görə, Azərbaycan
jurnalistikasında pərakəndəlik hökm sürür. Bəzən
də jurnalist cameəsindəki həmrəyliyin cəmiyyətdəki
həmrəylik qədər olduğunu deyirlər.
Orta nəsil jurnalistlərin qənaətincə,
Azərbaycanda jurnalistlər ötən əsrin 90-cı illərinin
ortalarında daha həmrəy idi, qələm əhli
arasında münasibət onda daha yaxşı idi. Son dövrlər
Azərbaycan jurnalistləri arasında həmrəylik o qədər
də hiss olunmur.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri
Seymur Verdizadənin fikrincə, on-on beş il əvvəl
jurnalistlər arasında həmrəylik indikindən
güclü idi. O vaxt qələm əhli bir-birinin təəssübünü
indikindən daha çox çəkirdi: "Peşəkar
jurnalistlərə hörmət vardı, məclislərdə
onları başa keçirərdilər. "Reket"lər,
qeyri-peşəkarlar, dələduzlar o vaxt indiki kimi meydan
sulamırdılar. Bir jurnalistin hüququ pozulanda hamı onun
müdafiəsinə qalxır, məmurlar mətbuatla
hesablaşırdılar. Amma indi obrazlı desək, "at izi
it izinə qarışıb”. Hazırda ölkədə 30
mindən çox adam jurnalist adına iddia edir. Adını,
soyadını, atasının adını düzgün yaza
bilməyənlər özünü jurnalist hesab edir. Ən dəhşətlisi
isə odur ki, onlar efirdən düşmür, üstəlik,
"meymunluq" edərək, jurnalistikanı, gerçək
qələm sahiblərini nüfuzdan salırlar.
Beş manat üçün idarə və
müəssisələrin qapısını döyən,
şantajı, hədəni özünün həyat tərzinə
çevirən, qələmindən yaltaqlıq süzülən
adamlarla mən necə həmrəy ola bilərəm? Mən,
jurnalistlər arasında həmrəyliyin tərəfdarıyam.
Aparıcı KİV-lər, peşəkar
jurnalistlər biri-birlərinin təəssübünü
çəkməlidirlər.
Jurnalist həmrəyliyi medianın nüfuzlu
institut kimi inkişafına xidmət eləməlidir”.
Jurnalist Səxavət Məmməd isə hesab
edir ki, mövcud durumda jurnalistlər arasında həmrəylikdən
söhbət belə gedə bilməz: "Qruplaşma olan
yerdə həmrəylik mümkündürmü? Əsla! Mətbuat
Şurasının yanında olanlar və ona qarşı
olanlar var. Bundan əlavə heç sevmədiyim bir məsələ,
jurnalistlərin 2 yerə - müxalifyönümlü,
iqtidaryönümlü jurnalistlərə bölünməsidir.
Bu bölgü artıq həmrəyliyin olmaması deməkdir.
Müxalifyönlü jurnalistin başına bir iş gələndə
onu ancaq öz ətrafı, iqtidaryönümlü jurnalistin
başına da bir iş gələndə öz ətrafı
dəstək verir. Bu azmış kimi, müxalifətyönümlü
jurnalistin başına bir iş gələndə qarşı
tərəf, qarşı tərəfin başına bir iş
gələndə də digər tərəf sevinir. Jurnalistlər
arasında həmrəyliyin olmamasına əsas səbəblər
məhz bunlardır”.
Milli.az informasiya portalının baş redaktoru
Anar İmanov isə deyib ki, mediamızda həmrəylik var,
amma azdır. Onun sözlərinə görə, jurnalistlərimiz
arasında həmrəylik az hallarda görünür: "Uzağa getməyək, elə götürək
bizim saytı. Məsələn, bu gün ad
günümüzdür, fəaliyyətimizin
başlamasından 9 il keçir. Çox həmkar təbrik
edir, düzgün vurğulayır ki, saytımız onlayn
mediada flaqman rolunu oynayıb. Vaxtilə getdiyimiz yolu
çoxusu təkrarlayır və s. Amma arada elə həmkarlar
da var ki, atmacalar yazmağa çalışır.
Şəxsən mən onları başa
düşə bilmirəm. Tutaq ki, rəqabətdə
uduzursan, bütün reytinqlərdə "sürünürsən",
səni oxuyan yox, hörmət də etmirlər, bunun səbəbini
bəlkə özündə axtarasan? Qədim filosofların
çox gözəl sözləri var: "Dünyanı dəyişdirmək
istəyirsənsə, özündən başla". Bəlkə,
uğursuzluqlarınızı başqalarının fəaliyyətində
axtarmayasız, özünüzü təftiş etməyə
öyrənəsiniz? Sosial şəbəkələrdə
açıq-aydın görünür ki, həmrəylik
ancaq sözdədir. Qibtə edənlər, qeybət edənlər,
boşboğazlıq edənlər... Bir-birinin
uğurlarına sevinməyənlər, atmacalar yazanlar... Bu
problem sırf tərbiyədən asılıdır.
Düzgün tərbiyə alan insan başqalarına
yuxarıdan aşağıya baxmaz, alçaltmaz, atmaca atmaz.
Özünə hörmət edən adam başqa adamlara da
hörmət edər”.
"Sputnik.az” saytının əməkdaşı
İradə Cəlil isə hesab edir ki, Azərbaycan
mediasında həmrəylik o zaman olur ki, kimsə ağır
xəstələnsin. Ölümünə bir addım qala
hamı ayağa qalxır ki, "bəs filankəs
ölür, yardım edin”:
"Ancaq nə qədər ki, sağsan və
işləyə bilirsən, acından ölsən belə, səni
incitsələr belə, çıxılmaz vəziyyətdə
olsan belə kimsə sənə arxa, dayaq olmaz. Elə bu son
hadisələrə nəzər salaq. KİVDF maliyyə
yardımı ayrılması üçün qaydaları sərtləşdirdi.
Və qaydalara uyğun olmayan bir çox qəzetlər
bağlanır. Ən acınacaqlısı budur ki, bəzi
şəxslər sosial şəbəkələrdə bunu
toya-bayrama çevirib. Sanki KİVDF həmin şəxslərin
hesabına bu qəzetlərə maliyyə yardımı
ayırırdı.
Jurnalistlər arasında həmrəylik heç bir zaman
olmayacaq. Çünki paxıllıq var. Bir təbəqə
var ki, işə yarıyacaq yazılar yazmaqdansa, imza
tanıtmaqdansa, ən azından jurnalist olduğunu sübut etməkdənsə,
onun-bunun evini, maşınını müzakirə edir.
Bu kimi fikirlərdənsə, fikirlərini işə
ayırsalar daha çox şey əldə edə bilərlər. Yuxarıda
qeyd etdiyim hallar jurnalistlər arasında "düşmənlik”
yaradır. Və biz də bunu həmrəyliyin
olmaması kimi müşahidə edirik".
"Azvision.az" xəbər portalının
müxbiri Anar Kəlbiyev jurnalistlər arasında müəyyən
qədər də olsa həmrəylik olduğunu deyib. Onun sözlərinə
görə, bəzi məsələlərdə bunu görmək
olur: "Hansısa jurnalistin problemi olanda, səhhətində
problem yarananda və s. məsələlərdə həmkarlar
ona diqqət göstərir. Müəyyən
vaxtlarda bunu görmüşük. Buna
baxmayaraq, jurnalistlər arasında həmrəyliyin zəif
olduğunu da etiraf etməliyik”.
Jurnalist-sosioloq Lalə Mehralının fikrincə, Azərbaycan
mediasında olan həmrəylik və birlik nümayişi digər
sahələrin hamısından daha artıqdır. Bu həmrəylik sadəcə
sözdə deyil:
"Biz bu birliyin içimizdən birinin başına
hansısa bədbəxt hadisə baş gəldiyi zaman
görür, onun ətrafında sıx birləşirik. Hansısa bir həmkarımız
işini itirəndə də digər dostlarımız iş
tapmaqda ona kömək edir, gördüyü hər elanda
adını "tag" edir ki, məlumatı olsun,
vakansiyanı dəyərləndirsin. Jurnalistlər
bir- birinin dərdinə də, sevincinə də şərik
olmağı, empatiya qurmağı bacarır. Həmçinin də müəyyən problemlərin
həlli üçün yazı yazanda həmrəylik
nümayiş etdirirlər ki, müəyyən tədbirlər
olur, o tədbirlərdə iştirak baxımından həmrəylik
var, layihələr həyata keçiriləndə jurnalistlər
biri-birlərinə dəstək verirlər.
Jurnalistlər ancaq medianın üz qarası kimi
tanınan, dövlətimizin düşmənlərinə
qarşı simpatiyası olan, qrant hesabına məlum və
qeyri-məlum qüvvələrə xidmət edən
"reket”lərin ətrafında həmrəylik
nümayiş etdirmir”.
Sosial
Media Mərkəzinin direktoru Azər Niftiyevin sözlərinə
görə, Azərbaycanda jurnalistlər arasında həmrəylik
səviyyəsi qənaətbəxşdir: "Demək olmaz
ki, heç yoxdur. Dəfələrlə
şahidi olmuşuq ki, müxtəlif məsələlərdə
qələm adamları ortaya birgə mövqe qoyublar. Amma heç şübhəsiz, bu həmrəylik
yüksək səviyyədə deyil. Bunun
da öz növbəsində obyektiv və subyektiv səbəbləri
var. Əvvəla, ölkə mətbuatı müstəqil
deyil və iqtisadi problemlər ucbatından hansısa qüvvələrdən
asılı vəziyyətdə qalıb. Reklam
bazarının olmaması, mətbuata dəstək məqsədilə
həyata keçirilən layihələr zamanı
qeyri-obyektivliyə yol verilməsi bu vəziyyəti şərtləndirir.
Təəssüf ki, belə bir vəziyyət
media orqanlarını müəyyən maraqlar daxilində fəaliyyət
göstərməyə təhrik edir. Bu
maraqlar kontekstində ortaya çıxan narazılıqlar
jurnalistlər arasında həmrəyliyə mane olan
başlıca faktorlardan biridir”.
A.Niftiyev
qeyd edib ki, Prezident İlham Əliyevin mətbuata dövlət
dəstəyi yüksək qiymətləndirilməlidir:
"Ölkə mətbuatının inkişafı
istiqamətində çox ciddi addımlar atılır. Ortada ciddi
siyasi iradə var. Cənab Prezident İlham Əliyev istər mətbuat
orqanlarının, istərsə də jurnalistlərin sosial
rifah halının yüksəldilməsi, onlara sərbəst
fəaliyyət göstərmək üçün
bütün şəraiti yaradıb. Əslində
bu amil ölkədə mətbuat orqanları və jurnalistlər
arasında həmrəyliyin artmasına əlavə stimul verməli
idi. Hesab edirəm ki, bu məsələyə
yenidən baxılmalı və mətbuata dövlət
qayğısını kordinasiya edən qurumlar, istər
KİVDF olsun, istərsə də Mətbuat Şurası
öz siyasətlərini bu amili nəzərə alaraq həyata
keçirməlidir”.
Şəymən
Şərq.-
2019.- 5 fevral.- S.11
(Davamı olacaq...)