“Azərbaycan bölgədə
ən fəal gənclər siyasəti yürüdən
ölkədir” - Əli Həsənov
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Azərbaycan Televiziyasının "Həftə” proqramına müsahibə verib.
- Yola
salmağa hazırlaşdığımız həftə
ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında
çox mühüm önəmli hadisələrlə yadda
qaldı. Bura Azərbaycan Prezidenti İlham
Əliyevin regionların inkişafı ilə bağlı
keçirilən konfransda çıxışı, eləcə
də Prezident və Birinci xanım Mehriban Əliyevanın
şəhid ailələri ilə görüşü,
Prezidentin gənclərlə görüşü və s. aid
etmək olar. Bu istiqamətlərlə
bağlı sizin fikirlərinizi eşitmək istərdik.
Bu dinamikanı şərtləndirən səbəb
nədən ibarətdir?
- Əvvəla
onu deyim ki, yalnız ötən həftə deyil, Azərbaycanın
dövlət siyasəti, dövlət
başçısının iş qrafiki həmişə zəngin,
dolğun olub. Azərbaycan dövləti 2018-ci
ildə öz iqtisadi inkişafının xüsusi bir istiqamətini
müəyyən edib - islahat kursunun davam etdirilməsi, idarəçilik
sisteminin optimallaşdırılması, dövlət
aparatının təkmilləşdirilməsi. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin əsas fərqləndirici
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, dünən
görülən işin bu gün olduğu kimi təkrarlanması
onu qane etmir, sabah görülən iş
bugünkündən daha irəli getməli, daha təkmil
olmalıdır. Bir sözlə, inkişaf
dinamik, davamlı olmalıdır.
Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi
prosesi, dövlətin ictimai, siyasi, iqtisadi, sosial, humanitar sahələr
üzrə həyata keçirdiyi siyasət mütləq
şəkildə əvvəlki təcrübəni, zamanın
çağırışlarını və nəhayət,
artan dinamikanın tələblərini nəzərə
almalıdır. Keçən həftə, doğrudan da,
bu istiqamətdə qəbul edilən qərarların,
keçirilən görüşlərin intensivliyi
baxımından dolğun oldu.
Bütün bu qərarların, həyata keçirilən
tədbirlərin təməlində, cənab Prezidentin
davamlı olaraq bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının
maraqları, dövlətin mənafeləri dayanır. Ümummilli
lider Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan
dövlət və milli iradəsi güclü olan xalq hər
şeyə qadirdir. Güclü milli iradənin,
güclü iqtisadiyyatın təməli də Ümummilli
liderimiz tərəfindən qoyulub.
Azərbaycanın müxtəlif sahələrdə,
xüsusən karbohidrogen ehtiyatlarının hasilatı,
emalı və daşınması sahəsində xarici ölkələrin
ən qabaqcıl şirkətləri ilə tərəfdaşlıq
etməsi, birgə layihələrin
reallaşdırılması ölkəmizin
inkişafını təmin etdi. Çünki o zaman Azərbaycanın
nə texniki, nə maliyyə, nə də digər
imkanları yox idi ki, malik olduğu iqtisadi potensialı, enerji
resurslarını işə salsın.
Bu gün 90-cı illərdə yaradılmış
sağlam zəmin əsasında Azərbaycan dövləti
inkişaf edir, iqtisadiyyatın diversifikasiyası həyata
keçirilir, ixracımızın çeşidi və
coğrafiyası günü-gündən genişlənir. Cənab
Prezidentin siyasətinin də təməlində o durur ki,
dövlətin iqtisadiyyatı getdikcə güclənsin,
iqtisadi artım təmin olunsun, əhalinin artan tələbatı
ödənsin.
İqtisadi inkişafa paralel olaraq dövlətin gələcəyi
olan sağlam nəslin yetişdirilməsinə, milli mənəvi
dəyərlərin, multikulturalizm ənənələrinin
qorunub saxlanması və təbliği və digər tədbirlər
güclü, dayanıqlı bir sistemin
formalaşdırılmasına, xalqın maraqlarının təmin
olunmasına xidmət edir. Bundan sonra
yürüdülən siyasətin təməlində də məhz
bu amil duracaqdır. Regionların sosial-iqtisadi
inkişafı ilə bağlı keçirilən konfransda
dövlət başçısı bildirdi ki, növbəti
proqramda yer alan prinsiplər məhz vətəndaşların
müraciəti əsasında işlənib hazırlanıb. Bir mühüm məqamı xüsusi ilə qeyd etmək
lazımdır ki, bu inkişaf lider-xalq, dövlət-xalq
birliyi sayəsində əldə edilir.
- Qeyd
etdiyiniz kimi, Cənab Prezident dəfələrlə bildirib ki,
bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
və onun maraqları dayanır. Yola salmağa
hazırlaşdığımız həftə Cənab
Prezidentin şəhid ailələri ilə
görüşünü izlədik. Bu görüş
Xalqın öz Liderinə etimadının nümayişi
oldu...
- Prezident
İlham Əliyevin yürütdüyü siyasətin təməl
xətti Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır
və qəbul olunan dövlət proqramlarının mənbəyi
də məhz ana qanunun başlıca prinsiplərinin həyata
keçirilməsi məqsədini güdür. Həyata
keçirilən dövlət siyasətinin dinamikliyinin təmin
edilməsi, milli maraqlara tam uyğunlaşdırılması,
insanlarımızın maddi və mənəvi tələbatlarının
ödənilməsi vətəndaşlar tərəfindən
bu siyasətin kütləvi şəkildə dəstəklənməsi
ilə nəticələnib. Bilirsinizmi,
liberal iqtisadiyyat şəraitində dövlət hər
şeyə cavabdeh deyil. Əlbəttə,
insanlar əsas hüquqlar üzrə - əmək, təhlükəsiz
yaşamaq, bütün maddi-mənəvi resurslarından
istifadə hüquqları təmin olunur. Amma xarici
ölkələrdə baxın: insanların pensiyası
müxtəlif fondlar tərəfindən həyata
keçirilir. Vətəndaşların
müalicəsi tibbi sığorta hesabına aparılır.
Evi uçursa, mütləq şəkildə o
evini sığortalamalıdır ki, kompensasiya ala bilsin. Amma baxın, Azərbaycan həm liberal bazar
iqtisadiyyatı yolu ilə gedir, həm bütövlükdə
demokratik cəmiyyət, demokratik dövlət qurur, digər tərəfdən
vətəndaşın hələ reallaşdırmaq
gücündə olmadığı sosial təminatını
da öz üzərinə götürür. Əsası Ümummilli lider tərəfindən
qoyulmuş sosial siyasətin qısa mahiyyəti bundan ibarətdir
ki, bazar iqtisadiyyatına çətin uyğunlaşan
insanların problemlərini dövlət çiyninə
götürsün, liberal iqtisadiyyat sosial məzmundan xali
olmasın.
Biz müharibəyə cəlb olunmuş dövlətik. İşğalçı
Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət
yürüdüb, işğala qarşı
aparılmış döyüşlərdə Azərbaycanda
minlərlə şəhid ailəsi, müharibə əlili
yaranıb. 1997-2018-ci illərdə Azərbaycan
dövləti bu kateqoriyadan olan insanlara 6654 mənzil verib.
Bu o deməkdir ki, minlərlə şəhid ailəsi
və müharibə əlili evlə təmin olunub. Təxminən o qədər şəhid ailəsi və
müharibə əlilinə də dövlət minik avtomobili
verib. Bu humanist siyasət bu gün də
davam edir. Onların sonrakı taleyi, həyatı, iş
və mənzil problemlərinin həll olunması dövlətin
çiynindədir və dövlət bunları, əlbəttə
ki, imkan olduqca həll edir. Amma əlbəttə
ki, bu qayğılar qısa zamanda həll oluna bilməz.
Təsəvvürünüzə gətirin, Azərbaycanda
hazırda 1 milyona yaxın qaçqın və
köçkünün məskunlaşdırılması
dövlətin çiynindədir. Çox da ağır
yükdür. İndiyə qədər
qaçqın və məcburi köçkünlərin məskunlaşdırılmasına,
onların məşğulluğunun artırılmasına 7
milyarddan artıq vəsait sərf olunub. Respublikanın
30 şəhər və rayonunda 3,5 milyon kvadratmetr
yaşayış sahəsi olan 102 müasir qəsəbə salınıb,
55 min qaçqın və məcburi köçkün ailəsi
və ya 300 mindən artıq insana mənzil verilib. Təkcə
ötən il 626 qədər şəhid
ailəsinə, müharibə əlilinə, 6 minə qədər
də qaçqın, köçkün ailəsinə ev
verildi. 2019-cu ildə də bu işlər davam
etdiriləcək.
Prezident İlham Əliyev hakimiyyətə gələndə,
yəni 2004-cü ildə qaçqınların yoxsulluq həddi
75 faiz idi. Azərbaycanda ümumi yoxsulluq həddi isə 50 faiz
civarında idi. Hazırda ümumi yoxsulluq
həddi 5 faiz, qaçqınların yoxsulluq həddi isə
12 faizə qədər aşağı salınıb. Əlbəttə ki, bütün bunlar dövlətin
sosial siyasətinin nəticəsidir.
Bilirsiniz, 2018-ci ildə yenidən prezident seçildikdən
sonra cənab İlham Əliyevin imzaladığı ilk
hüquqi aktlardan biri şəhid ailələrinin sosial vəziyyətinin
yaxşılaşdırlması ilə bağlı oldu. Bundan
başqa, ötən həftə kompensasiya verilən şəhid
ailələrinin əhatəsinin genişləndirilməsini və
onlara ayrılan aylıq ödənişlərin
artımını nəzərdə tutan daha iki hüquqi akt
imzalandı.
Razılaşaq ki, 11 min manat indiki halda kifayət qədər
böyük puldur. Baxın, belə ödəmələr
qonşu dövlətlərdə olubmu? Dünyanın
bir çox ölkələrində şəhid ailələri
var və onlara ödənilən vəsait çox cüzidir.
Qeyd edək ki, Bu məbləğ əvvəl təxminən
10 minə yaxın şəhid ailəsi üçün nəzərdə
tutulurdu. Sonrakı dövrdə siyahılar dəqiqləşdi
və genişləndirildi. Azərbaycan
Respublikası Prezidentinin müvafiq Fərmanına dəyişiklik
edildi, ölkəmizin ərazi bütövlüyü
uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid
olmuş əlavə 2725 şəhidin vərəsələrinə
də birdəfəlik ödəmənin verilməsi qərarlaşdırıldı.
Yeni Fərmanla birdəfəlik ödəmənin
verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini
əhatə edir və bu məqsədlər üçün
ümumilikdə 135 milyon manat vəsait nəzərdə
tutulur.
Cənab Prezidentin şəhid ailələri ilə
görüşü göstərdi ki, dövlət
başçısı sosial müdafiəyə ehtiyacı
olan şəhid ailələri, müharibə əlilləri,
qaçqın, köçkünlər, bazar şəraitinə
çətin uyğunlaşan digər əhali
kateqoriyalarına münasibətdə nə qədər həssasdır,
onların problemlərinin aradan qaldırılması
üçün nə qədər çalışır. Şəhid
ailələrinə prezident təqaüdləri 240 manatdan 300
manatadək artırıldı. Ondan
qabaqkı dövrdə isə milli qəhrəmanlara verilən
təqaüdlərin miqdarı artırılaraq 1500 manat
olmuşdu. 1-ci, 2-ci, 3-cü dərəcəli
müharibə əlillərinə prezident təqaüdlərinin
miqdarı artırılmışdır.
Dövlətin müxtəlif fondları Prezident İlham
Əliyevin tapşırığı və bilavasitə
yürütdüyü siyasətə uyğun olaraq şəhid
ailələrinə, müharibə veteranlarına, müharibə
əlillərinə, qaçqın və köçkünlərə
güzəştli kreditlər ayırır. Onların
sosial cəhətdən zəif olan hissəsinə
özünüməşğulluq siyasəti çərçivəsində
təsərrüfat avadanlıqları verilir, mal-heyvan
ayrılır ki, dolanışıqlarını təmin
etsinlər. Bütün bunlar Azərbaycan
dövlətinin və Prezident İlham Əliyevin
yürütdüyü və bundan sonrada həyata keçirəcəyi
siyasətin sosial mahiyyətli olduğunu, Azərbaycan vətəndaşlarının
maraqlarını əks etdirdiyini və bilavasitə onların
problemlərinin həllinə yönəldiyini göstərir.
Regionlarda məşğulluğu artırmaq
üçün dövlət ötən illərdə xeyli vəsait
ayırıb.
Aqrar sahənin - pambıqçılığın,
tütünçülüyün,
taxılçılığın inkişafına dotasiyalar
verilir. Prezident İlham Əliyevin bu layihələrə
dəstək verməsinin, diqqət ayırmasının təməlində
yenə vətəndaşlar durur, onların məşğuliyyəti,
sosial təminatı, rifahı və bütövlükdə
regionlarımızın inkişafı amili durur.
Bu gün Azərbaycan regionları ilə Bakı şəhərinin
infrastrukturu arasında fərq xeyli azalıb. Ölkə vətəndaşları
24 saat işıq, qaz, su ilə təmin olunur, avtomobil
yolları Bakının yolları, şəhərlərin,
rayon mərkəzlərinin abadlığı
paytaxtımızdakı kimidir. Əlbəttə,
bütün bunları danışmaq, hamısını
sadalamaq çox çətindir. Amma,
inanın Azərbaycan Respublikası həm öhdəliklərinə
daxil olan, həm də öhdəlik
daşımadığı məsələlər üzrə
region, dünya dövlətlərinin sırasında lider səviyyəsində
sosial siyasət yürüdən dövlətdir.
-
Bütün bu islahatlarla, yəni yürüdülən sosial
siyasətlə yanaşı biz eyni zamanda struktur
islahatlarının da şahidi oluruq. İstərdik
ki, məsələnin bu tərəfinə də toxunaq.
Yəni struktur islahatlarının
aparılmasında qarşıda duran əsas hədəf, həlli
vacib vəzifələr nədən ibarətdir?
- Yenə
həmin məntiqə qayıdıram. Dünən
görülən iş dünən üçün idi. Bu
gün görülən iş daha mükəmməl
olmalı, onun tələbləri, prinsipləri, standartları
yenilənməlidir, real vəziyyətə uyğun təkmilləşdirilməlidir.
Dünən görülən işə görə sağ
olun, bu gün görülən iş ondan yüksək
olmalı, daha yüksək tələblərə cavab verməlidir.
Sabah görülən iş isə bundan da irəli getməlidir.
Yəni, insanların ehtiyacları necə ki, bir
yerdə qalmır, günü-gündən artırsa, tələbləri,
zövqləri dəyişirsə, dövlətin
apardığı siyasət də yenilənir, inkişaf
etdirilir.
Cənab İlham Əliyevin yürütdüyü siyasətin,
o cümlədən struktur islahatlarının məqsədi
dövlət idarəçiliyinin dinamikliyi, mövcud dəyişikliklərə
uyğunlaşması təmin olunsun, daim səmərəli
işləyən mexanizm yaradılsın.
Görürsünüz ki, enerji resursları ilə
bağlı dünya bazarında stabillik yoxdur, neftin qiyməti
dəyişir, üstəlik onun azalması amili də nəzərə
alınmalıdır. Təbii ki, cənab Prezidentin çevik,
düşünülmüş və prinsipial siyasəti
olmasaydı, gələcəkdə neftdən əldə
olunan gəlirlərin bərpası üçün illər
lazım olardı. Amma indi Cənub Qaz dəhlizi
layihəsi işə salınır, Azərbaycan dünya
bazarına təbii qaz ixracatçısına çevrilir və
qarşıdan gələn illərdə ölkəmiz həm
də bundan böyük gəlirlər əldə etməyə
başlayacaqdır.
Avropa Birliyinin reallaşdıra bilmədiyi layihəni Azərbaycan
Türkiyə ilə birlikdə reallaşdırdı. Əlbəttə,
bütün bunlar Azərbaycan xalqının bilavasitə
maraqlarına söykənib. Yüz illər
bundan sonra da Azərbaycanın həm iqtisadi, həm siyasi, həm
geosiyasi, həm də beynəlxalq maraqlarını təmin edəcək.
Prezident
İlham Əliyevin həyata keçirdiyi struktur
islahatlarının hədəfi odur ki, dinamik inkişafı təmin
etmək üçün daha effektli idarəçilik qurulsun,
daha az vəsaitlə daha çox nəticə
əldə etmək mümkün olsun. Təbii
ki, dövlət idarəçilik sistemi mobilləşdikcə,
təkmilləşdikcə əvvəllər mövcud
olmuş və yaxud ötən dövrlərdə
yaradılmış strukturlar ləğv olunmalı, ixtisara
salınmalıdır. Burada da Cənab Prezident ciddi
tapşırıq verib ki, fəaliyyəti dayandırılmış
strukturların əməkdaşları işsiz qalmasın,
yeni iş yerləri açılsın və onlar işlə
təmin olunsun. İxtisar olunan qurumların əməkdaşları
maksimum dərəcədə həmin strukturların tərkibində
yerləşdirilməlidir, onların təcrübəsindən,
potensialından istifadə olunmalı, vətəndaşın
maraqları və tələbləri ödənilməlidir.
Yəni struktur islahatları vətəndaşın
üzərinə yüklənməməlidir. Vətəndaş
əziyyət çəkməməlidir. Azərbaycan
vətəndaşı özünün işləmək
hüququna malik olmalıdır.
- Son
olaraq bir məsələ ilə bağlı fikirlərinizi
eşitmək istərdik. Çox vacib məqamdır
ki, bu islahatların önündə məhz gənclər
dayanır. Yəni, bu gün Azərbaycanda
eyni zamanda gəncləşmə siyasəti həyata
keçirilir və elə məhz Prezident İlham Əliyevin
gənclərlə görüşdə biz çox önəmli
və eləcə də səmimi anların şahidi olduq.
Bugünkü Azərbaycan gəncliyi müasir
dövrün tələblərinə nə dərəcədə
effektiv, adekvat cavab verir?
- Mən
yenə Ümummilli lider Heydər Əliyevin dövrünə
qayıdacağam. O böyük şəxsiyyət 1993-cü
ildə hakimiyyətə qayıdar-qayıtmaz ilk
görüşünü parlamentdə Azərbaycan gəncləri
ilə keçirmişdi. Niyə gənclərlə?
O müdrik, dahi bir şəxsiyyət idi. O bilirdi ki, gələcəyi
haqqında düşünməyən dövlət, xalq
heç nə əldə edə bilməz. Yəni
bir xalqın, dövlətin gəncliyi əgər gələcəyi
haqqında düşünmürsə, o dövlətin gələcəyi
yoxdur.
1994-cü ildə Azərbaycanın hələ
resursları yox idi. Ölkənin xarici iqtisadi əlaqələri
pozulmuşdu, daxildə istehsalat yox dərəcəsindəydi.
Xalq Cəbhəsi və Müsavat
partiyasının yarıtmaz siyasəti nəticəsində
zamanında Ümummilli liderin Moskvanın imkanlarından istifadə
edərək Azərbaycanda həyata keçirtdiyi sənayeləşmə
tam pozulmuşdu. Neft-qaz da daxil olmaqla, Azərbaycanda
gəlir gətirən bütün sahələrin fəaliyyəti
dayanmışdı. Faktiki olaraq, ölkənin
büdcəsi çox pis vəziyyətdə idi. Belə bir mürəkkəb durumda Ümummilli lider
Gənclər İdman Nazirliyini yaratdı. Çünki o bilirdi ki, xalq, bir millət gələcək
haqqında düşünürsə, o mütləq şəkildə
sağlam gəncliyin yetişdirilməli, vətənpərvər
gəncliyin formalaşdırılması siyasətini ortaya
qoymalıdır. Bununla da Azərbaycanın
dövlətinin gənclər siyasətinin təməl
prinsipləri müəyyən edildi.
1996-cı ilin fevral ayında Ümummilli liderin bilavasitə
rəhbərliyi ilə Birinci Ümumazərbaycan Gənclər
Forumu keçirildi. 1997-ci ildə artıq "Gənclər
günü” təsis olundu. 2002-ci ildə gənclər
siyasətinə dair xüsusi bir qanun qəbul olundu. 1996, 1999 və 2003-cü illərdə 3 gənclər
forumu keçirildi. Hər forumda gənclərin
ehtiyacları, problemləri, Azərbaycanın bu sahədə
yürütdüyü siyasətin effektivliyi geniş
müzakirə edildi.
Ümummilli lider haqq dünyasına qovuşandan sonra
Prezident İlham Əliyevin hakimiyyətinin ilk birinci ilində
gənclər siyasəti ilə bağlı proqram
imzalandı. Sonrakı illərdə Prezident İlham Əliyev gənclər
siyasəti haqqında 2005-2010, 2011-2015, 2016-2021-ci illəri əhatə
edən daha 3 proqramı təsdiq etdi. Bundan başqa,
2007-ci ildə Gənclərin xarici ölkələrdə təhsili
ilə bağlı xüsusi Dövlət Proqramı, "Gənclərin
inkişafı strategiyası: 2015-2025-ci illər” qəbul
edildi. Bu müddət ərzində Azərbaycan
gəncliyinin formalaşması, inkişafı, təhsili,
fiziki sağlamlığı və digər sahələrlə
bağlı sözün həqiqi mənasında möhtəşəm
bir Dövlət Proqramı həyata keçirilib. Prezident İlham Əliyevin gənclər siyasəti
gənclərin sağlam böyüməsini, onların təhsilini,
milli-mənəvi cəhətdən zənginləşməsini,
Azərbaycan dövləti üçün əqidəli, vətənpərvər,
bacarıqlı, dünyada rəqabətə davamlı gənclər
formalaşdırılmasını nəzərdə tutur.
Cənab Prezident həmişə deyir ki, gənlər
bizim gələcəyimizdir və o, çalışır
ki, yetişən gənc nəsil Vətənimizi daha da
inkişaf etdirmək, Azərbaycanı daha da gücləndirmək
imkanına və potensialına malik olsun.
Diqqət edin, son 15 ildə Azərbaycanda 44 Olimpiya
İdman Kompleksi inşa olunub. Yaxud Azərbaycanın
40-a yaxın rayonunda Gənclər mərkəzləri
yaradılıb. Bunların sayı da
getdikcə artır. Azərbaycanın
bütün rayonlarında gənclər və idman idarələri
fəaliyyət göstərir. 2013-cü
ildən gənclər üçün Prezident təqaüdü
təsis olundu. Prezident təqaüdləri,
gənclərə güzəştli kreditlərin verilməsi,
onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, dövlət
qulluğuna cəlb olunması, gənclərin imkanlarından
bütün sahədə istifadə olunması geniş tətbiq
olunan təcrübədir. Azərbaycanın Birinci
Vitse-Prezidenti, çox hörmətli Mehriban xanım
Əliyeva sosial sfera ilə yanaşı, hazırda gənclər
siyasətinin inkişafına da böyük diqqət
ayırır. Bu da, öz növbəsində,
Azərbaycanda gənclər siyasətinə dinamizm gətirib.
Əvvəllər yalnız gənclər idman
naziri və Prezident Administrasiyasında İctimai-siyasi məsələlər
şöbəsi ilə Humanitar siyasət məsələləri
şöbəsi gənclər siyasəti ilə məşğul
olurdusa, bu gün artıq gənclər siyasəti ilə
bağlı ayrıca şöbə yaradılıb. Cənab Prezidentin yaratdığı Gənclər
Fondu publik şəxsə çevrilib və gənclərə
qrantlar verir, onların layihələrini maliyyələşdirir,
xarici ölkələrdə təhsil və digər məsələləri
həll edir və ayrıca bir qurum kimi dövlətin gənclər
siyasətinin həyata keçirilməsində iştirak edir.
Yekun olaraq onu bildirməliyəm
ki, Cənab Prezidentin yürütdüyü gənclər
siyasəti, Azərbaycanda gənclərə ayrılan diqqət,
qayğı və gəncliyimizin gələcək
üçün hazırlanması istiqamətində həyata
keçirilən siyasət nəinki bölgənin, nəinki
Avrasiyanın, dünyanın heç bir ölkəsində
müşahidə olunmur. Fəxrlə deyə bilərik ki, Azərbaycan
bölgədə ən fəal gənclər siyasəti yürüdən
ölkədir. (azadinform.az)
Şərq.-
2019.- 6 fevral.- S.5