Media  əhli həmrəylikdə səmimi olmalıdır

Azərbaycan jurnalistikası həmrəylik baxımından axsayır

"Jurnalistikada prinsipiallıq, yaxşı mənada rəqabət olmalıdır, amma bu, ifrat paxıllıq səviyyəsində özünü büruzə verməməlidir"

(Əvvəli ötən sayımızda)

Bu gün ölkə mediası ilə bağlı səslənən tənqidi fikirlərdən biri də bu sahədə lazımi həmrəyliyin olmaması ilə bağlıdır. İddialara görə, Azərbaycan jurnalistikasında pərakəndəlik hökm sürür. Bəzən də jurnalist cameəsindəki həmrəyliyin cəmiyyətdəki həmrəylik qədər olduğunu deyirlər.

Orta nəsil jurnalistlərin qənaətincə, Azərbaycanda jurnalistlər ötən əsrin 90-cı illərinin ortalarında daha həmrəy idi, qələm əhli arasında münasibət onda daha yaxşı idi. Son dövrlər Azərbaycan jurnalistləri arasında həmrəylik o qədər də hiss olunmur.

Modern.az saytının əməkdaşı Gülşən Raufqızının dediyinə görə, mətbuatda hamı bir-birinə "insanların işinə yaradığın qədər yaxşısan” prinsipilə yanaşır. Əgər kiməsə vacib olan nömrəni tapıb verirsənsə, hansısa əlaqələri qurmaqda köməklik edirsənsə, yaxud lap elə hansısa dövlət qurumunun mövqeyini işıqlandırarkən onların səhvlərini "malalamağa” çalışırsansa, olursan yaxşı adam. Yox, əgər niyyətin sadəcə problemi ictimailəşdirmək və onun həllinə diqqət yönəltməkdirsə, onda səndən "qərəzli”si tapılmayacaq: "Mətbuatda elə bir mühit formalaşıb ki, əksəriyyət qabağa gedənə bir şəkildə badalaq vurmağa çalışır. Cameə o qədər kiçikdir ki, hamı hamının hansı "stəkandan su içdiyini” bilir. Ona görə də dərinə getməyə lüzum yoxdur...”Gülşən xanım hesab edir ki, həmrəylik, bizdə yalnız mətbuatdankənar kimsə ümumi maraqlara toxunanda baş qaldırır. Jurnalistikada prinsipiallıq, yaxşı mənada rəqabət olmalıdır, amma bu, ifrat paxıllıq səviyyəsində özünü büruzə verməməlidir. Üzdə həmkarlıq nümayiş etdirib, ehtiyac duyulanda "həmKar”, həmKor” prinsiplərilə işləməməliyik:

"Ümumiyyətlə, daşıdığın hansısa vəzifə, peşə sahibindən əvvəl insan olmağı bacarmalısan. Bu gün müxbirsən, redaktorsan, baş redaktorsan, başqaları ilə həmfikir, həmrəy olmaya bilərsən, amma olduğun mövqe sənə başqalarının fikrini qılınclamaq üçün əsas olmamalıdır. Xüsusilə qloballaşan dünyada həyatımızın bir parçasına çevrilən sosial şəbəkələr qeyd etdiyim məqamlar üçün əla fürsətlər təqdim edir. Amma o fürsətləri kim necə dəyərləndirir, bu onun öz bacarığına qalmış bir şeydir. Sosial şəbəkə həm də ən təhlükəli mənbədir, hansı ki, bir anda səni göyə də qaldırar, yerdən yerə də vurar. Pis tərəflərindən biri odur ki, insanlığı bacarmayanlar sosial şəbəkələrdə özünü "Huri Mələk” kimi təqdim edir, adamlıqdan, jurnalistika prinsiplərindən, hüquqlardan dəm vurur, amma azca araşdıranda görürsən ki, "boş qazan”dan başqa bir şey deyilmiş... Bəzilərinin də irəli sürdüyü arqument "mən saçımı jurnalistikada ağartmışam”dır. Guya jurnalistikada yox, mühəndislikdə olsaydı, saçı ağarmayacaqdı. Ona görə də qarşıya baxmaq lazımdır. Çünki bu cürlərindən həmrəylik, həmfikir olmağı gözləmək sadəlövhlükdən başqa bir şey deyil”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli Azərbaycan jurnalistikası həmrəy deyil kimi iddialarla razılaşmır. O, Azərbaycan jurnalistikasının həmrəylik prinsiplərinə hər zaman xüsusi önəm verdiyini xatırladıb:

" Hətta 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində mətbuat orqanlarının, o cümlədən jurnalistlərin əhəmiyyətli bir hissəsinin siyasiləşmiş olduğu dönəmlərdə də hansı media vasitəsində çalışmasından asılı olmayaraq, jurnalistlər arasında ümumi mətbuat prinsiplərində həmrəylik olub. Hansısa bir jurnalistə basqı olanda, yaxud hansısa bir mətbuatın problemi olanda böyük əksəriyyət ona dəstək verib. Yaxud da bir həmkarımızın səhhətində problem yarananda hamı onun üçün əlindən gələni edib, kampaniya aparıb. Amma bir məsələyə də diqqət yetirməliyik: Zaman keçdikcə, dövr və ictimai, sosial şərtlər, yanaşmalar dəyişdikcə, həmrəylik məsələlərində də bir qədər fərqlilik müşahidə olunur. Bu həm də ondan irəli gəlir ki, jurnalistlərin, media orqanlarının hansısa problemi olanda artıq onu özləri yığışıb, müqavimət təşkil edərək həll etməyə çalışmağa deyil, daha optimal varianta - dövlət başçısına müraciət etməyə üstünlük verilir. Çünki biz praktikada bunun daha effektli olduğunu görürük; haqlı müraciətlərə dövlət tərəfindən dərhal reaksiya verilir və məsələ yoluna qoyulur. Ancaq yenə qeyd edirəm, jurnalistlər arasında həmrəyliyin olmadığını demək olmaz”.

Jurnalist Jalə Mütəllimovanın cavabı isə qısa və lakonik olub:

 "Bəzi istisnaları çıxmaq şərti ilə həmrəylik-filan görmürəm və bu, baş redaktorlardan asılı olan məsələdir. Bugünki durumdan əksəriyyəti məsuliyyətlidir. Təbii ki, kimsə etiraf etməyəcək bunu”.

Turkustan.info saytının baş redaktoru Aqil Camal isə deyib ki, Azərbaycan media cameəsində bu sahənin özü ilə bağlı həmrəyliyin olmaması iki mərhələdən keçib: "Birincisi, siyasi mövqe məsələsi ilə bağlıdır. Təxminən 2000-ci ildən sonra media cameəsində həmrəylik siyasi baxışlara görə pozuldu. Artıq media təmsilçiləri hər hansı məsələyə münasibətdə mənsub olduğu düşərgənin pəncərəsindən baxmağa başladılar. Və bu qütbləşmə bugünədək davam edir. İkinci mərhələ medianın maliyyələşməsi ilə bağlıdır. Bu mərhələdə dövlətdən, ayrı-ayrı məmurlardan, yaxud, xaricdən maliyyələşən media qurumları gərəkən məqamlarda yekdil mövqedən çıxış edə bilmədilər. Və bu gün də bunun fəsadları özünü göstərməkdədir. Bir sıra qəzetlərin dövlət tərəfindən maliyyələşməsi ilə bağlı şərtlər dəyişib, artıq maliyyə yardımı ala bilməyəcəklər. Bununla bağlı narahatçılıqlar, narazılıqlar var. Amma bu imtiyazdan bəhrələnməkdə davam edəcək qəzetlər, həmin qəzetlərə dəstək vermirlər. Hətta siyasi baxımdan eyni cəbhədə olsalar belə. Əgər əvvəl Azərbaycan mediasında qütbləşmə, cəbhələşmə siyasi mövqeyə görə idisə, bu gün maliyyələşmə ilə bağlıdır. Və bu, təəssüf doğurur”.

"Azadinform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyevin fikrincə, Azərbaycan jurnalistləri istənilən məsələdə kifayət qədər həmrəylik nümayiş etdirirlər:

"Bu da daha çox ciddi jurnalistika ilə məşğul olan həmkarlarımıza aiddir. Etiraf edək ki, 10-15 il bundan əvvəl belə deyildi. O zamanlar jurnalistlərin çoxu peşə fəaliyyəti ilə yanaşı həm də siyasətlə məşğul olurdular. Bu da istər-istəməz fikir ayrılıqlarına, bəzən də qarşılıqlı ittihamlara gətirib çıxarırdı.

Artıq son illər bir çox mətbu orqanlar siyasi partiyaların təsisçiliyindən imtina ediblər. İndi jurnalistlərimiz partiya sədrlərinin tapşırıqlarını deyil, daha çox öz işləri ilə məşğuldular. Belə olan halda da artıq ziddiyyətlər, fikir ayrılıqları geridə qalır. Jurnalistlər arasında həmrəyliyin göstəricilərindən biri də biri-birlərinə iş tapmaqda dəstək göstərmələridir. Həmkarlarımız harada boş iş yerləri oldu, dərhal sosial şəbəkələrdə statuslar paylaşır, işsiz jurnalistləri xəbərdar edirlər. Əlbəttə, yaradıcı məsələlərdə də təcrübəli jurnalistlərin gənc həmkarlarına dəstək göstərmələrinin şahidi oluruq. Həmrəyliyin digər bir nümunəsi də səhhətində problem yaranan həmkarlarımıza dəstək nümayişidir. Belə hallar baş verəndə (hansı ki, təcrübədə olub) imkanı olan maddi, olmayan isə mənəvi dəstəyini heç zaman əsirgəmir.

Elə götürək son zamanlar bir çox qəzetlərin bağlanacağı ilə bağlı yayılan xəbərlərə jurnalistlərin reaksiyasını. Birmənalı olaraq hamı təəssüflənir, ilk növbədə həmin qəzetlərdə çalışan həmkarlarının sonrakı taleyi ilə maraqlanırlar”.

 

Tanınmış jurnalist Səbinə Əvəzqızı isə deyib ki, Azərbaycanda media elə bir sahədir ki, elə ən çox həmrəyliyi burada görmək mümkündür. Polislər və jurnalistlər bu sırada ilk dayanırlar. Düzdü, polislər bizdən daha çox biri-birlərinə sahib çıxırlar. Lakin jurnalistlər də imkan daxilində həmkarlarının qayğısına qalmağa çalışırlar: "Son vaxtlar bu həmrəylik özünü xüsusi olaraq göstərməsə də, yenə jurnalistlər xəstəlik və faciə anlarında birləşə bilirlər. Düzünü deyim ki, "hazırda həmrəylik yoxdur" deyə bilmərəm, amma illər əvvəl daha yaxşısını görmüşük. Hər hansı media orqanının bağlanmaq təhlükəsi olardısa, məhkəməyə verilərdisə və ya hansısa qəzet ofisindən çıxarılırdısa, media kapitanlarının aylarla sürən aclıq aksiyaları olardı, bütün problemlərə bağlı jurnalistlər çiyin-çiyinə dayanmağı bacarırdılar. İllər keçdikcə, nədənsə, bu ənənə unuduldu. Səbəbi çoxdur. Ən birincisi də odur ki, müdafiə edilən orqan və ya konkret şəxslər onlara bəslənən ümidləri doğrultmadılar. Həmrəyliyə dəyən ilk zərbələr də elə müdafiəsinə qalxdıqlarımızdan gəldi. Sonra bu laqeydlik zəncirvari şəkildə inkişaf etməyə başladı. Məsələn, biri dedi ki, xeyir ola bu qədər uğrunda mübarizə apardığımız jurnalist indi bizi dəstəkləmir və ya mənim dərdim olanda sən harada idin və sair.

İstəsək də, istəməsək də həyat bizi elə bir sferada birləşdirib ki, yollarımız hər an kəsişir və biz böyük bir ailə kimi təmsil olunuruq. Ailədə də zaman-zaman problemlər yaşanır.

 Hesab edirəm ki, bu böhranlı günlər də keçəcək və media nümayəndələrimiz bu sınaqdan da üzü ağ çıxacaq. Mən şəxsən öz adıma deyirəm ki, əsl jurnalistika ilə məşğul olan hər media orqanının və texniki işçisindən başlayaraq, müxbirinin, baş redaktorunun yanındayam. Təmsil olduğum bu ailəni, bütün qüsurları ilə birgə çox sevirəm”.

 

(Davamı olacaq...)

Şəymən

Şərq.- 2019.- 6 fevral.- S.11