“Bizim vaxtımızda hər müsiqi
yazan özünə bəstəkar deməzdi”
Eldar Mansurov:
"Sənətə dəyər
verənlərin sayı
azaldıqca sənətdən
xəbərsizlərin cibi
daha çox dolacaq" Radiolarda o qədər bayağı musiqilər səslənir
ki, elə bilirsən palatkada oturmusan
Azərbaycan musiqi tarixinin zəngin ənənələri
var. Bu ənənələri yaşatmaq, musiqi salnaməmizi yeni nəslin musiqiləri, ifaları ilə bir qədər də doldurmaq əslində hər sənətçinin payına
düşən vəzifədir. Bəs bu
gün Azərbaycan musiqi səhnəsi nə qədər bu ənənələri yaşada bilir?
Son dönəmlər efirlərdə, radio dalğalarında,
gündəlik həyatımızda
dinlədiyimiz musiqilərin
səviyyəsi niyə
bu qədər aşağıdır? Uşaqlarımıza
az qala
küçə musiqilərini
təbliğ edir, onların musiqi zövqünü bu musiqilərlə formalaşdırmağa
çalışırıq. Üzeyir Mehdizadənin bəsit ifaları ilə uşaqlarımız yetişir,
böyüyür. Ucuz, heç
bir etnik kökü olmayan, Azərbaycan musiqi ladından çox-çox
uzaq düşən musiqilər həyatımıza,
səhnəmizə ayaq
açıb.
"Bugünkü musiqilərin
bu qədər primitiv olmasının günahkarı kimdir" sualı ilə bəstəkar Eldar Mansurova müraciət etdik. «Şərq»ə açıqlama
verən Eldar Mansurov maraqlı fikirləri ilə sənət aləminə
iradlarını dilə
gətirdi: «Bu gün təkcə musiqi aləmində deyil, cəmiyyətdə lazım
olan dəyərlər
itib. O dəyərlərin
itməsi təbii ki, musiqimizə də, səhnəmizə
də təsirsiz ötüşməyib. Hamı günahkar
axtarır. "Niyə səhnəmiz bu qədər ucuz görünməyə
başlayıb" sualını
hamı ünvanlayır.
Bu sualı özümüz
özümüzə ünvanlamağa
isə cəsarət tapmırıq. Biz musiqimizin inkişafı istiqamətində nə etməliyik? Axı mədəniyyət,
musiqi təkcə mənim, sənin deyil. Mədəniyyət xalqındı, bizimdi,
cəmiyyətindi. Orda hər
birmizin payı var. Payımız, haqqımız
var, hər birimizin də məsuliyyəti var demək.
Biz bu gün uşaqlarımızın musiqi
zövqünü formalaşdırmaq
üçün nə
edirik? Adi bir müqayisə
edək. Sovet dönəmində
Azərbaycan musiqisinin
ən yüksək inkişaf dövrü olub. O dönəmlər
Qara Qarayevlər, Fikrət Əmirovlar, Arif Məlikovlar yetişirdi.
Onlar Azərbaycan
musiqisinin bünövrəsini
bərkitdilər. Ondan sonra gələnlər
isə yaradılanları
dağıtmağa çalışırlar.
Bizim dövrümüzdə fəhlə
belə çalışırdı
ki, övladına musiqi təhsili versin, hansısa musiqi alətində ifa etməyə imkan yaratsın. Ciddi klassik musiqiyə maraq, hörmət var idi. Bu gün valideynlərdə
o məsuliyyət hiss olunmur.
Düzdür, bu gün uşaqlarını musiqi məktəblərinə göndərənlər
var. Amma onların marağı kommersiya xarakteri daşıyır.
Çətin məqamda uşağı
toyda gedib ifa etsin, pul
qazansın. Yəni məqsəd
əsasən budur.
Rəqsə uşaqlarını göndərən valideynlər
5 gün sonra balaca qızını restorana aparır ki, rəqs edib
aş paylasın, ona bu yolla
pul qazanmağa öyrədir. Təbii ki,
belə olan halda sənətə dəyər olmayacaq.
Bir də efirlərin üzərinə
bu mənada böyük məsuliyyət
düşür. Əvvəllər efirə çıxmaq
üçün əziyyət
çəkirdin, bədii
şurada müzakirə
olunurdu. Bu ifaçını efirə
buraxmaq olar, ya yox, bu
musiqini tamaşaçıya
dinlətmək doğrudurmu?
Bu gün sponsoru olan, əlini cibinə salıb pul ödəmək imkanı olan istənilən insan az qala efirə çıxır.
Radiolarda
o qədər bayağı
musiqilər səslənir
ki, elə bilirsən palatkada oturmusan. Bizim vaxtımızda hər
musiqi yazan özünə bəstəkar
deyə bilməzdi.
İndi 2 mahnı yazan deyir ki,
mən bəstəkaram.
Belə olanda da sənət ucuzlaşır, səhnə
çılpaq görünür. Bir mahnını
ərsəyə gətirmək
üçün vaxt var idi müğənni
aylarla bəstəkarla
çalışırdı, məşq edirdi ki, o mahnını lentə aldırsın.
Bu gün tələblər
dəyişib. Müğənni axşam sifariş verir ki, səhərə
qədər bu mövzuda mahnı istəyirəm. Səhər bəstəkar
o mahnını müğənniyə
təqdim edir, deyir hazırdı. Bir gecədə mahnı oxunur, lentə alınır. Ən dəhşətlisi
isə həmin mahnı qısa müddətdə də millətin dilinə düşür. Bəlkə də
ən ağrılı
tərəfimiz budur.
Bəstəkar mahnısına dəyər
verən azalıb.
Çünki hamı səhnəyə gəlir mənbəyi kimi baxır. O səhnə
ki, vaxtilə sənətkarlar o məkanı
məbəd hesab edirdilər. Bu gün
səhnəyə gələn
müğənninin ancaq
qazana biləcəyi gəlir düşündürür.
Əsas odur ki, çörək
gətirən mahnı
olsun. Bizim mahnılar çörək
gətirmir. Bizim musiqilər
ancaq səhnə üçün nəzərdə
tutulur, sənət üçün lazımdı.
Sənət isə bu gün
bir çoxları üçün maraqlı
deyil. Bir var sənət
göstərmək, tarixdə
qalmaq üçün
səhnəyə çıxasan,
bir də var pul qazanıb,
tanınmaq üçün
efirdə görünəsən.
Bunlar ayrı-ayrı anlayışlardı.
Ona görə də biz musiqiçilər, bəstəkarlar
artıq danışmağa
ehtiyac duymuruq. Əgər mənim danışığım
bu mənzərəni
dəyişməyə təsir
edə bilməyəcəksə,
mən niyə sözümü ucuz edim? Sənətə dəyər verənlərin
sayı azaldıqca sənətdən xəbərsizlərin
cibi daha çox dolacaq. Onların cibi dolduqca sənət
iflic olacaq. Çünki sənəti olanlar
sənətdən xəbərsizlərin
kölgəsində qalıb.
Bu həqiqətən
dəhşətlidir».
Tahirə
Şərq.-2019.-6
fevral.- S.13.