Peşəkar jurnalistlər arasında həmkarlıq var
"Mediadakı təsadüfi
şəxslər sayəsində bu həmrəylik ciddi
sınaqlara məruz qalır"
"Mətbuat nümayəndələrinin
hansı məsələ ətrafında birləşməsi
önəmlidir. Bizim media əməkdaşları müxtəlif
zamanlarda bir-birinə həmrəy olduqlarını
nümayiş etdiriblər"
(...əvvəli ötən sayımızda)
Bu gün ölkə mediası ilə
bağlı səslənən tənqidi fikirlərdən biri
də bu sahədə lazımi həmrəyliyin olmaması ilə
bağlıdır. İddialara görə, Azərbaycan
jurnalistikasında pərakəndəlik hökm sürür. Bəzən
də jurnalist cameəsindəki həmrəyliyin cəmiyyətdəki
həmrəylik qədər olduğunu deyirlər.
Orta nəsil jurnalistlərin qənaətincə,
Azərbaycanda jurnalistlər ötən əsrin 90-cı illərinin
ortalarında daha həmrəy idi, qələm əhli
arasında münasibət onda daha yaxşı idi. Son dövrlər
Azərbaycan jurnalistləri arasında həmrəylik o qədər
də hiss olunmur.
Azərbaycan jurnalistikasının peşə həmrəyliyində
birlik göstərə bilmədiyini iddia edən ictimaiyyət
üzvləri hesab edir ki, media özünü müdafiə
etməkdə də çətinlik çəkir. KİV nümayəndələri yalnız
Dağlıq Qarabağ, vətənpərvərlik, milli kimlik
kimi ümummilli məsələlərdə özünü
çox yaxşı göstərir. Ön cəbhəylə
bağlı da zərbələr bir hədəfə və
bir nöqtəyə vurulur, media birlik nümayiş etdirir.
Bu isə onlar tərəfindən yaxşı hal kimi dəyərləndirilir.
"Axar.az” saytının baş redaktoru Anar
Niftəliyev Azərbaycan mediasında peşəkarlar
arasında kifayət qədər həmrəylik olduğunu
deyib. Onun sözlərinə görə, gənclər və
yaxud mediadakı təsadüfi şəxslər sayəsində
bu həmrəylik ciddi sınaqlara məruz qalır: "Hesab
edirəm ki, gənclərin bunu hələ tam anlamaması
normaldır - gəncliyin işi bütün bənd-bərəni,
sərhədi dağıtmaqdır! Gəncliyin
sərhəd tanımaması olmasa, inkişaf da olmaz. Əlbəttə,
bir müddətdən sonra indiki gənclər, obrazlı desək,
"dağıtdıqları" və genişləndirdikləri
əraziləri özləri "sərhədləyəcəklər",
təbii axarla bu həmrəyliyin əhəmiyyətini dərk
edəcəklər və buna öz töhfələrini
verəcəklər. Amma yeni nəsil gələcək, onlar
da indiki gəncliyin qurduğu sərhədləri
dağıdacaq və s. Bu, prosesdir və bundan narahat olmağa
ehtiyac yoxdur. Təəssüf ki, təsadüfi adamlar haqda
bunu demək olmaz və bu "təsadüflər" hər
zaman olacaq, hər zaman sıramıza da, mediaya da, nüfuzumuza
da balta çalmaqda davam edəcəklər”.
Jurnalistlərin Həmkarlar
İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli
də media qurumları arasında həmrəyliyin
artırılmasının, əlaqələrin gücləndirilməsinin
zəruri olduğunu deyib. Onun sözlərinə görə,
Azərbaycan jurnalistləri prinsipial məqamlarda həmrəydilər:
"Jurnalistlər
arasında həmrəyliyə nail olmaq üçün
mövzu və formanın tapılması vacib şərtlərdən
biridir. Mətbuat nümayəndələrinin hansı məsələ
ətrafında birləşməsi önəmlidir. Bizim media əməkdaşları
müxtəlif zamanlarda bir-birinə həmrəy
olduqlarını nümayiş etdiriblər. Biz dəfələrlə
bunun şahidi olmuşuq. Media işçilərinə
qarşı olan məhkəmə prosesləri və cəmiyyət
üçün aktual olan mövzular ətrafında jurnalistlər
sıx birləşərək aksiyalar keçirib, həmrəylik
nümayiş etdiriblər. 2015-ci ildə Bakıda keçirilən
Avropa oyunları ilə əlaqədar ölkəmizə
qarşı "qara piar” kampaniyaları aparılanda, basqılar olanda siyasi yönündən asılı olmayaraq
bütün media qurumları milli maraqlar ətrafında həmrəylik
göstərdilər. 2017-2018-ci illərdə də ölkəmizə
qarşı edilən basqılar qarşısında media
qurumları birlik oldular. Ölkəmizi istəməyən
qüvvələri geri çəkilməyə vadar etdilər.
Sözsüz ki, jurnalistlərimiz arasında
fikir ayrılıqları da çox olub. Ən əsası
odur ki, ölkə üçün, millət, Azərbaycan vətəndaşları
üçün cəmiyyətin inkişafı ilə
bağlı bir çox məsələlərdə əksər
mətbuat, media nümayəndələrinin
baxışları üst-üstə düşür”.
Hazırda çap
mediasının fəaliyyəti ilə bağlı müəyyən
çətinliklərin ortaya çıxdığını
vurğulayan JuHİ sədri deyib ki, bu məsələ
qabardılmalı və mövzu ətrafında dəstək
aksiyaları keçirilməlidir: "İndiki halda isə nə
baş verdiyinə dair müzakirələr keçirildiyi
üçün bir qədər sakitlik var. Problem
yaranacağı təqdirdə jurnalistlərin həmrəylik
nümayiş etdirəcəyinə inanıram. Sadəcə
olaraq indiki halda verilən mesajlar ünvana düzgün
çatdırılmadığı üçün məsələ
ətrafında ajiotaj yaradılıb. Düşünürəm
ki, yaxın zamanda bu məsələ öz həllini tapacaq”.
"Report" informasiya agentliyinin əməkdaşı
İlkin Pirəli isə hesab edir ki, jurnalist peşəsi bəlkə
də yeganə peşədir ki, həmrəylik yoxdur. Üstəlik,
səbəblərini araşdırmağa ehtiyac da duyulmur:
"Həmkarı müdafiə etmək
üçün gərək gücün ola, sözün
keçə, hansısa formada asılılığın
olmaya. Bu, indiki halda mətbuatda mümkün deyil. Detallara getmək
istəmirəm. Fakt odur ki, həmrəylik çətin məsələdir.
Baxın, bir jurnalist dara düşəndə köməksiz vəziyyətdə
qalır, maliyyə asılılığı ucbatından əl
uzadan olmur. Cəmiyyətdə birlik olmursa, jurnalistikada necə
ola bilər? Burada həmrəylik olmamasının obyektiv və
subyektiv səbəbləri var”.
"Cümhuriyyət” qəzetinin redaktoru Elman
Cəfərlinin sözlərinə görə, indi yox, Azərbaycan
mediasında bir zamanlar həmrəylik var idi: "90-larda, qismən
də 2000-lərdə. İndi o həmrəylik təəssüf
ki, yoxdur. Səbəbləri çoxdur. Ən əsas səbəb
jurnalistlər arasında sosial təbəqələşmənin
getməsidir. Maddi qazancı eyni olmayan insanlar həmrəy ola
bilməzlər”.
"Avropa.info” saytının baş redaktoru
Ruslan Bəşirlinin sözlərinə görə, media həmrəyliyi
deyilən bir anlayış mücərrəd bir
anlayışdır və dünyanın heç bir yerində
media həmrəyliyi deyilən bir anlayış yoxdur:
"Hər medianın öz maraq dairəsi və
ümumən maraqları var . Bu halda mediadan həmrəylik tələb etmənin
özü çətin bir prosesdir. Ancaq ölkə
maraqlarından söhbət gedirsə, media həmrəy ola bilər və olmalıdır”.
Mətbuat
Şurası İdarə Heyətinin üzvü, Əməkdar
jurnalist Azər Həsrət də 10-15 il əvvəl
Azərbaycan jurnalistləri arasında həmrəylik hisslərinin
daha yüksək olduğunu deyib:
"Jurnalistlər hər
hansı bir problemlə bağlı biri-birlərini dəstəkləyir,
müxtəlif aksiyalarda birlikdə iştirak edirdilər.
Ancaq indi biz bu həmrəyliyin şahidi olmuruq.
Açığı, bəlkə də indi
jurnalistlərin bir-birinə həmrəy olmasına o qədər
də zərurət yoxdur. Lakin istənilən
halda jurnalistlərimizin həmrəylik duyğularından
imtina etməsi arzuolunan deyil. Media nümayəndələri
daim birlikdə hərəkət edib, həmkarları ilə
birlik olsalar, bir çox problemlərin öhdəsindən gəlmək
olar. Dövlətin jurnalistlər
üçün yaratdığı şərait, sosial
problemlərin həlli istiqamətində atılan addımlar
fonunda jurnalistlərin həmrəyliyinə ehtiyac qalmasa belə
jurnalistlər həmrəylik duyğularından imtina etməməlidir.
Şəxsən öz adıma deyim ki, son
günlər bəzi qəzetlərə maliyyə
yardımının dayandırılması ilə
bağlı xəbərləri oxuyandan sonra məni narahat edən
məqam həmin qəzetlərdə çalışan həmkarlarımın
taleyidir. Hesab edirəm ki, bu cür məsələlərin
həllində jurnalistlərimiz bir-birinə həmrəy
olmağı bacarmalıdır”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin
fikrincə, Azərbaycan mediasında həmrəyliyin
olmadığını demək düzgün deyil. Var, amma
ekspertin istədiyi kimi yüksək səviyyədə yox.
Y.Məmmədli deyib ki, hər bir KİV
orqanı biznes strukturu olduğu üçün fəaliyyətini
rəqabət və inkişaf üzərində
qurmalıdır.
Amma jurnalistikanın ümumi prinsiplərini özündə
ehtiva edən dəyərlər var ki, jurnalistlərimiz həmin
prinsiplər ətrafında birləşməli və həmrəy
olmalıdırlar. Xüsusən də dövlətçilik, milli kimlik və
vətənpərvərlik mövzularında bütün
KİV-lər vahid prinsipə əsaslanmalıdır: "Mənim
fikrimcə, indiki məqamda jurnalistlər arasında birlik və
həmrəylik arzuolunan səviyyədə deyil. Jurnalistlər biri-birlərinə kömək edə
bilmirlər. Jurnalistikanın özündə də
müəyyən problem var. Jurnalist adına
layiq olmayan şəxslər bu peşənin adına layiq
olmayan hərəkətlər edib, prinsiplərini gözləməyən
adamların sayı çoxalıb. Bu məsələdə
Mətbuat Şurası və digər jurnalist təşkilatları
müəyyən qədər fəallıq göstərsələr
də, mövcud çatışmazlıqları aradan
qaldırmaq tam mümkün deyil”.
"Sputnik
Azərbaycan" beynəlxalq informasiya agentliyinin redaktoru Natiq
Məmmədli:
- Azərbaycan
mətbuatında həmrəylik nümunələri olub və
çox təəssüf ki, biz onlar haqqında yalnız
keçmiş zamanda danışa bilərik. Jurnalistikaya
axın edən yan təsirlər onun məzmununu mənfiyə
doğru dəyişiblər, daha doğrusu, mətbuatı məzmunsuzlaşdırıblar.
Qəzetçiliyin çətin dönəmləridir,
məhz indi həmrəylik lazımdır. Amma kiminlə həmrəy olasan? Mətbuatda
sifətini qorumuş az sayda qələm
adamları qalıb və onlar da yalnız biri-birlərinə
təsəlli verə bilərlər. Təəssüf
ki, mənzərə budur.
Teleqraf.com
saytının əməkdaşı Mənsur Rəğbətoğlu
isə indiyədək bu haqda heç vaxt düşünmədiyini
deyib:
"Sözün
açığı, belə bir həmrəyliyin olduğunu
da düşünmürəm, daha doğrusu, jurnalistlər
arasında belə bir həmrəylik yoxdur. Bu dəqiqə elə bir vəziyyətin içindəyik
ki, nəinki jurnalistlər, heç ailənin içində də
belə bir şey yoxdur. Hələ ki, vəziyyət
sözümüzün üst-üstə düşməməsini
diktə edir. Hərə sağ qalmağın bir yolunu
tapıb, orada "eşələnir". Mənə
elə gəlir ki, insanlarımız maddiyyatla bağlı elə
bir sınaq qarşısında qalıb ki, onları ac
saxlayacaq şeydən məhrum olmamaq üçün
başqalarının işinə qarışmaq istəmirlər.
Yeri gəlsə, gələn bəlanın
öz canından yan keçməsi üçün
qarşısındakına badalaq da vurar. Jurnalistlər
arasında da belədir. Hətta daha
çox belədir.
Vəziyyət isə bunun əksini – sözün bir yerə
qoyulmasını tələb edir. Jurnalistlərimiz də
qəribədirlər, elə bil onlarda jurnalistlikdən əsər-əlamət
qalmayıb. Özlərini yadplanetli kimi
aparırlar, guya, heç nəyin onlara dəxli yoxdur. Elə bil bu dəqiqə "uçan boşqab”dan
düşüblər, elə-belə Azərbaycana dəyməyə
gəliblər”.
Şəymən
Şərq.-
2019.- 7 fevral.- S.11