“Şərq” yaşamalıdır

Xalq  artisti  Mənsum  İbrahimov  redaksiyaya gələrək  icnimaiyyətə lazımı  mesajlar  verdi

  23 illik tarixə malik və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan "Şərq” qəzeti abunə kampaniyasına start verib. «Şərq»i oxu» kampaniyasının ilk günündə «Şərq»çilərə Şöhrət ordenli, Xalq artisti Mənsum İbrahimov və rəhbərlik etdiyi "Trio" qoşuldu. Redaksiyanın qonağı olan sənətkarlar 23 illik qoca «Şərq»in gəldiyi tarixi yolu nəzərdən keçirib, qəzet barədə fikirlərini bölüşdülər.

Mənsum İbrahimov çap mətbuatının, klassik mətbuat ənənələrinin, qəzetçiliyin yaşamasının vacibliyini vurğuladı. «Bu gün ənənələrə sadiq çap mətbuatının, illərə söykənən və böyük təcrübəyə malik peşəkar qəzetlərin yaşamağa haqqı var. Onlar olmasa, "sarı mətbuat" cəmiyyəti zəhərləyə bilər. Bütün dünyada qəzetə xüsusi maraq, sayğı var. Biz qastrol səfərlərimiz zamanı müxtəlif ölkələrdə bunun şahidi oluruq ki, onlarda hər səhər qəzet oxumaq mədəniyyəti, ənənəsi formalaşıb. Dünyada, ölkədə baş verən hadisələrlə bağlı məlumatların ciddiliyi daha çox çap mətbuatında özünü göstərib. Dünya təcrübəsində də bu həqiqətə inanırlar ki, əgər məlumat qəzet səhifələrində yerləşibsə, demək ki, o məlumat həqiqətdir, ciddidir. Yəni onlayn mətbuat nə qədər inkişaf etsə də, çap mətbuatının ciddiliyi ondan daha üstün hesab edilib. «Şərq», «525-ci qəzet" kimi mətbuat orqanları mənəviyyatımızın keşiyində duran qəzetlərdi. Bu mətbuat orqanları eyni zamanda Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini təbliğ edirlər. Bu gün sizin qəzetlərdə yer alan məqalələr, yazılar, məlumatlar zaman gələcək əl-əl axtarılacaq. O yazıları, o məlumatları əldə etmək üçün arxiv materialı olaraq bu qəzetlərdən istifadə olunacaq. Mən illərdi «Şərq» qəzetinin daimi oxucusuyam. Bu gün sizin qəzetə gəlməyimiz dəstək məqsədi daşıyır. Bir dəfə diskusiya apardıq, dedilər muğam gəlir gətirən sahə deyil. Bəli, muğam maddiyyat gətirmir. Amma muğamın mənəvi qazancı daha böyükdü, daha dəyərlidi. Biz qız böyüdürük, sabaha əsgər böyüdürük. Muğam mənəviyyatdı, tərbiyədi, ilahi bir musiqidi. Muğam bu xalqın tarixidi. Eləcə də bu qəzetlər tarixdi. O dəyərləri qoruyan, tarixi kökünü unutmağa qoymayan qəzetlərimiz var ki, onları yaşatmalıyıq. "Şərq" dövlətinə, millətinə bağlı, bu xalqının mənəvi dəyərlərinə sadiq bir qəzet kimi hər zaman dəyər verdiyim qəzet olub. Həqiqətən jurnalistika ənənələrinə sadiq, peşə etikasına xələl gətirməyən yazarlarınız var. Tarixə nəzər salın. "Şərq" millətin dərdindən yazan, dövlətin maraqlarına xidmət edən, dövlətçiliyinə sadiq olan bir mətbuat orqanıdır. Qəzetçilikdə 23 il yol gəlmək, əqidəsinə sadiq qalmaq o qədər asan deyil. «Şərq» də, «şərq»çilər də əqidələrinə, həqiqətlərinə inanaraq bu sahədə vicdanla çalışanlar olub. Tarixdə salnaməçilər olub. Onlar tarixi salnamələrə yazıblar. Hər müharibədə, döyüşdə baş verənləri o salnaməçilər müxtəlif vasitələrlə yazıblar, qeyd ediblər ki, tarixdə qalsın. Tarixən bunlar araşdırılır. Bu gün qəzetlərin fəaliyyəti dayandırılsa, sabah gələcək nəslin bu gün baş verən tarixdən tam məlumatı ola bilməz. Çünki bu günün həqiqətlərini, reallıqlarını məhz qəzetlər vasitəsilə əldə edə bilirik. Bəli, elektron medianın olması lazımdı. Amma elektron media hər hansı texniki problem üzündən silinə bilir. Bu, təcrübələrdə də özünü göstərib. Amma çap mətbuatı, qəzetçilik bir tarixdi. O tarixi yox etmək, o tarixi silib müasirlik deyərək, jurnalistika ənənələrindən uzaqlaşmaq olmaz.

 

 

 

 

 

 

 

Bu gün «Şərq» qəzeti redaksiyasında Mətbuat Muzeyinin yaradılması böyük fədakarlıq, əzmkarlıq hesabına ərsəyə gəlib. İnanın, burdakı materiallarla tanış olduqdan sonra bir də əmin oldum ki, «Şərq»çilər həqiqətən klassik qəzetçilik ənənələrinə bağlı olan, mənəvi dəyərlərə önəm verib onları qoruyan jurnalistlərdi. «Şərq» yaşamalıdır. "Şərq" qəzetinin bundan sonra da oxucuları ilə görüşməyə haqqı var. Çünki onlar 23 illik uzun bir yolda bütün çətinliklərə, bəzən təzyiqlərə, bir çox hallarda sıxıntılara baxmayaraq cəmiyyəti informasiya ilə təmin etməyə çalışıblar. Həqiqətlərə söykənən, xalqın maraqlarını qoruyan bu qəzetin bundan sonra da fəaliyyəti mütləqdir, vacibdir. Biz bu gün bu qəzetə gəlişimizlə həm «Şərq»in yanında olduğumuzu sərgiləmək istədik, həm də abunə yazılmaqla onların sıralarında olacağımızı bəyan edirik. «Şərq» kimi tarixi olan qəzeti sıradan çıxarmaq, bu qəzeti dayandırmaq, həqiqətən Azərbaycan mətbuatına, jurnalistikasına, oxucularına böyük bir zərbə olar. Mənim həmkarlarım da mənimlə eyni fikirdədirlər. "Şərq" nəinki yaşamalıdır, «Şərq» tirajı çoxalmalıdır. "Hər kəs bir qəzet alsın" aksiyasına qoşuluram. Hər kəs «Şərq» alsın deyirəm. Çünki «Şərq» maarifləndirən, məlumatlandıran, mənəvi dəyərləri qoruyan qəzetdi. Qəzetiniz hər zaman obyektivliyi ilə seçilib. Tərəfsiz olub. Hər zaman xalqa yaxın qəzet olub».

 

 «Şərq»lə bağlı tarzən, Əməkdar artist Elçin Həşimov da fikirlərini dilə gətirdi: «Şərq» qəzeti qəzetçilik ənənələrinə sadiq bir mətbuat məkanıdır. Mən tələbəlik illərimdən «Şərq»lə tanış olmuşam. Dəyər verib, məlumatlarına inandığım bir neçə qəzet olub ki, onların sırasında «Şərq»in xüsusi yeri olub.

 

Həqiqətən tərəfsiz, qərəzsiz jurnalistika ilə məşğul olublar. «Şərq»in səhifələrində dəyərli sənətkarlara hər zaman xüsusi hörmət, diqqətin şahidi olmuşuq. Çap mətbuatının lazımsız olduğunu, dəbdən düşdüyünü hesab edən insanlar əslində dar düşüncələrini sübut etmiş olurlar. Dünyanın 50-dən artıq ölkəsində dəfələrlə qastrol səfərlərində olmuşuq. Bu gün də Qərbdə, Avropada, Amerikada çap mətbuatına xüsusi diqqət var. İnsanlar qəzet oxuyurlar, məlumatın dəqiqliyini məhz qəzet vasitəsilə öyrənmiş olurlar. Avropa ailələrində hər səhər yeməyi zamanı masada qəzetin olması da vacib sayılır. İnanın, bunların şahidi olan insanlarıq. "Şərq" mənəvi dəyərlərə sadiq, dövlətinə bağlı, millətin maraqlarını qoruyan mətbuat orqanıdır. Bu gün sizinlə görüşümüzdə əsas məqsəd «Şərq»çilərə dəstək olmaqdır. "Şərq"in hər köşəsi, hər otağı jurnalistika ənənələrini öyrətmək üçün əyani bir vəsait sayıla bilər. Bura məktəbdir. Bu məktəbin xeyirləri daha böyükdür».

 

Əməkdar artist, kaman ustası Elnur Əhmədov da «Şərq»i oxu" kampaniyasına qoşularaq dəstəyini dilə gətirdi:

«Bu qəzetin yaşamağa haqqı çatır. Ən azı bir dəfə redaksiyanıza gələn insan burdan uzun müddət yaddaşında iz qoya biləcək məlumatlar əldə edərək ayrıla bilər. «Şərq» qəzeti illərdi mənim də ən çox oxuduğum və peşəkarlığına dəyər verdiyim qəzet olub. Bu gün isə redaksiyanızda olarkən «Şərq»in nəzdində olan mətbuat muzeyini gördükdən sonra bir də əminliklə deyə bilərəm ki, bura jurnalist olmaq iddiasında olan hər bir gənc üçün canlı məktəbdir. Qəzetin hər divarında bir tarix əldə etmək olar. Azərbaycan Milli Mətbuatının yaranışından bu günə qədər gələn yolu «Şərq»lə tanımaq olar. Bu tarixi məkanı dağıtmaq haqsızlıqdır. Ənənələrinə sadiq, millətin maraqlarına xidmət edən, mədəniyyətə, incəsənətə dəyər verən, sənətkarlarını diqqətdən kənarda qoymayan «Şərq»çiləri dəstəkləmək isə bizə qürur verir. İnanın, Avropadan istənilən qonağı bu qəzetə gətirib, mətbuat tariximizi tanıtmaq istəsəz, burdan ayrılanda uzun müddət təəssüratların təsirində qalacaq. Çünki «Şərq» təkcə qəzet deyil, «Şərq» jurnalistika məktəbidir».

 

 «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı da öz növbəsində redaksiyamızın qonaqlarına təşəkkürünü bildirərək «Şərq»ə dəstək kampaniyasına qoşulan sənətkarlarımıza minnətdarılığını bildirdi:

 

«Sizin kimi dəyərli sənətkarların bizə dəstək olması, redaksiyamıza təşrif buyurmağınız həqiqətən bizə qürur verib. Bəzi dar düşüncəli insanlar ki, var çap mətbuatının lazımsız olduğunu düşünürlər, sizin kimi dəyərli insanların onlara cavabı çox vacibdi. Sizin bu gün ünvanladığınız mesaj bizim üçün çox önəmlidir. Millətin dəyərlərini qoruyub saxlayan insanlar o millətin yazarları, şairləri, yazıçıları, sənətkarları olur. O dəyərləri, söz, sənət insanlarını təbliğ etmək isə media strukturlarının üzərinə düşür. Hər bir qəzetin yaşamını xalq müəyyən edə bilər, bunu sizin kimi sənətkarlar, ziyalı təbəqə müəyyən etmək imkanına sahibdir. Millətin mənəvi dəyərlərini qoruyan ziyalılarımız, dəyərli sənətkarlarımız, seçilən insanlar, media strukturlarıdır ki, onlar millətin marağına xidmət edirlər. Dayaz düşüncəli insanlar çap mətbuatının dönəminin bitdiyini düşünə bilər, amma cəmiyyətin fikri ola bilməz. Xalqın fikirlərini xalqın məhəbbətini, sevgi və hörmətini qazanan insanlar ifadə edə bilər.

 

 Bu gün sizin kimi dəyərli insanların mesajına ehtiyac var. Təşəkkür edirik ki, siz bu gün «Şərq»ə dəstək olmaqla o mesajınızı ünvanladınız. Həqiqətən bu gün «Şərq»in timsalında siz əslində çap mətbuatında sözünü demiş bir çox qəzetlərə də dəstəyinizi sərgiləmiş oldunuz. Biz demirik onlayn mətbuat olmasın, saytlar yaranmasın, yaşamasın. Qəzetlərimizin saytları da var, onlar vasitəsilə də biz yazılarımızı oxucularımıza zamanında keyfiyyətlə çatdırmağa çalışırıq. Amma klassik çap mətbuatının vacibliyi danılmazdı. Bu reallığı qəbul etmək lazımdı. Bəziləri var ki, peşə məsuliyyətindən kənar davranır, amma biz peşə dəyərlərinə, jurnalistika ənənələrinə sadiq insanlarıq. Qərb mətbuatından çox danışılır.  

 

Qərb mətbuatında azad fikir söyləmək imkanı var. Biz də həqiqətlərimizin arxasında durmağı bacarmışıq. Əgər dövlətimiz çap mətbuatını yaşatmaq imkanına sahibdisə, niyə klassik mətbuatımızın yaşamağını və inkişafını düşünməyək. "Şərq"in yaşamaq haqqını bizdən almaq üçün gərək bizi mənən məhv etsinlər. Hər sahədə peşəkarlıq vacibdi. Klassik çap mətbuatında qəzetçiliyə sadiq, sədaqətli qəzetlər var, bu sahəyə ömrünü həsr edən jurnalistlər fəaliyyət göstərir. Televiziya, radio, internet jurnalistikasının əsasında mətnin işlənmə qaydası dayanır. Mətnin necə yazılması əsas məsələdir. Səlist, aydın olmalıdır. İstənilən halda peşəkarlıq özünü göstərməlidir. Bu gün təəssüf ki, peşəkar saytlarımızı bir kənara qoysaq aydın olar ki, onlayn jurnalistika mesaj jurnalistikası şəklində formalaşıb. Xəbərin nə olduğunu bilməyənlər, jurnalistikadan xəbərsiz insanlar yazı yazırlar. Bir yazının ictimai əhəmiyyəti yoxdusa, onun millətə bir xeyri yoxdusa, onu yazmağa dəyərmi? Sağlam cəmiyyət üçün ciddi, vacib məlumatları kim hazırlamalıdır? Peşəkar informasiya almaq, yaymaq bəzilərinin marağına xidmət etmir. Onlar çalışırlar ki, nəzarətsiz informasiya zonası yaratsınlar, sonra da jurnalistikada biz varıq deyib at oynatsınlar. Bu yol milləti iflic edir. İnformasiyanın ciddiliyini azaldıb onu şoulaşdırmağa çalışan dayaz düşüncəli insanlar üçün çap mətbuatının dəyəri ola bilməz. Bəziləri xəbərin yükünü azaltmağa çalışırlar. Bizim də məqsədimiz dəyəri olan insanların fikirlərini öyrənmək, çap mətbuatını yaşatmaq üçün onların dəstəyini hiss etməkdir».

 

Mənsum İbrahimov «Şərq»çilərlə söhbəti zamanı maraqlı bir hadisəni də jurnalistlərlə bölüşdü:

 

"Mədəniyyət ən böyük təbliğat silahıdır. Bəzən dövlətlər arasında olan siyasi proseslərə mədəni münasibətlərin təsiri olur. Bir neçə il əvvəl biz İtaliyada prezidentin iqamətgahında, sarayında çıxış etməli olduq. Konsertin adı Qarabağla bağlı olduğu üçün bildirdilər ki, dəyişiklik edilsin. Bu, siyasi məsələdir. Konsert İtaliya prezidentinin sarayında olduğu üçün siyasi məsələlər olmamalıdır. Bizimlə söhbət etdilər. Qeyd etdik ki, biz sənətçilərik, mədəniyyətimizi təbliğ edirik. Onlara bildirdilər ki, prezident sarayında çıxış edən hər 3 sənətkar qarabağlıdır, onların torpaqları hazırda işğal altındadır. 21 ildir onlar doğulduqları torpağa ayaq basa bilmirlər. Bitrinci şəxs icazə verdiyi üçün gücləri çatmadı, konsert baş tutdu. Bizim konsertimiz İtaliya televiziya və radio vasitəsilə canlı təqdim edilirdi. Aparıcı həm radionun da rəhbəridir. Bildirdilər ki, 57 dəqiqə vaxtınız var. 58-ci dəqiqə canlı yayım dayandırılacaq. İtaliya musiqi aləminin beşiyi sayılır. Aparıcı əvvəlcə bizi çox sadə, sıradan biri kimi təqdim etdi. İfamızı eşitdikdən sonra münasibəti dəyişdi. Konsert bitdikdən sonra bizi qucaqlayıb ağladı. Hətta o konsertdə «Feliçita» mahnısının məşhur ifaçısı Al Bano da iştirak edirdi. Aparıcı ona üzünü tutub dedi ki, sən belə oxuya bilərsən? Sənin kimi oxumağa nə var ki? Ən maraqlısı isə o oldu ki, prezidentin də qarşısında əvvəlcə bizi çox sadə şəkildə təqdim edən həmin aparıcı konsertin sonunda «Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Qarabağ muğamın beşiyidir. Şuşa Qarabağın mərkəzidir!» deyərək alqışladı. Bizi o məqamda ağlamaq tutdu. İtaliyada, prezidentin sarayında, canlı efir vasitəsilə bütün çıxışlar Avropada yayımlanır. Bu, təsirli idi. Mehriban xanım Əliyeva da həmin konsertdə iştirak edirdi. İtaliya prezidenti ayaq üstə bizi alqışladı. Biz mədəniyyət siyasətimizlə yüz diplomatın deyə bilmədiyini deyə bildik. O konsertin görüntüləri prezidentimizin rəsmi saytında yerləşdirilib. Yəni elə sahələr var ki, onların dövlətə, millətə xeyri maddiyyatla ölçülə bilməz. Mətbuat, qəzetçilik də o çətin, məsuliyyətli sahələrdən sayılır ki, onun dəyəri maddiyyatla hesablanmamalıdır. Biz «Şərq»çiləri dəstək kampaniyasına qoşulmaqla sizə olan sevgimizi, hörmətimizi çatdırmağa çalışdıq».

Görüşün sonunda xatirə şəkilləri çəkildi.

 

Tahirə Məmmədqızı

Şərq.- 2019.- 7 fevral.- S.6.