Yadigarlar...

"Atamı itirdiyim gün bir gecədə böyüdüm"Tural Adıgözəlzadə: "Bu illər məni 10 il qocaltdı, yaşımdan çox yaşlandım"

"Nə mənim, nə də bacımın toyunu görmək atama qismət olmadı. Bunu çox arzulayırdı"

Həyat bir səhnədir. Hərə öz oyununu bir şəkildə oynayıb, bu səhnədən çəkilir. O da həyat səhnəsində öz rolunu oynayıb getdi. Amma həyat səhnəsi ilə yanaşı, onun sənət səhnəsi oldu. O səhnədə oynadıqları isə təkcə ailəsinə, övladlarına deyil, Azərbaycan tamaşaçısına miras qaldı. Teatr səhnəsində, televiziya tamaşalarında, filmlərdə oynadığı hər bir obraz onun tarixdə, Azərbaycan səhnəsində qalması üçün bir vasitə, səbəb oldu. Əsas odur ki, sənəti, obrazları ilə xalqın yaddaşında izini qoya bildi mərhum əməkdar artist Telman Adıgözəlov. Tez köçdü həyatdan. Tez səhnəni tərk etməli oldu. Yaşasaydı hələ kim bilir, daha hansı rolları ilə bizlərə nəyisə çatdırmağa çalışardı? Amma həyatın acı həqiqəti onu ailəsindən ayırdı, onu sevən tamaşaçılardan da. Bəs sonra?.. Telman Adıgözəlovdan sonra ailəsi bu yoxluğu qədər qəbul edə bildi? Telmansız həyat onun övladlarına nəyi öyrətdi? Suallarımıza mərhum aktyorun oğlu Tural Adıgözəlzadə cavab verməyə çalışdı.

 

Oğlu Telman müəllimi xatırladıqca, səsi tutuldu, atasını yada saldıqca bir an nitqi qurudu. Amma hər adını çəkəndə qürurla Telman Adıgözəlovdan danışdı. Atasını andıqca qəhərini boğub, fəxrlə atası, Əməkdar artist Telman Adıgözəlovu xatırladı.

 

- Artıq illərdi Telman müəllim həyatda yoxdu. Onun yoxluğu illər sonra qədər hiss olunur? Telman müəllimsiz keçən illər öyrətdi Turala?

 

- Təbii ki, onun yoxluğu hər an hiss olunur. Telman müəllimsiz keçən illər mənə öyrətdi? Onu itirdiyim gün bir gecədə böyüdüm. Bu illər məni 10 il qocaltdı, yaşımdan çox yaşlandım. Atamın yoxluğu mənə təkbaşına həyatda qərar verməyi öyrətdi. Ailədə isə yeri hər an görünür. Xüsusilə hər hansı şad gündə, əlamətdar gündə atamın yoxluğunu hiss edirik. Ona ehtiyac yaranır. Bilirsiz ki, atam iki övladının da toyunu görmədi. mənim, bacımın toyunu görmək atama qismət olmadı. Bunu çox arzulayırdı. Amma qismət olmadı. Nəvələrinin ad günlərində ona ehtiyacımız daha çox olur. Ən çox da oğlum Telmanın ad günündə onun yeri başqa olur. Oğluma atamın adını qoymuşam. Evimizdə balaca Telman böyüyür. Oğlum babasını həyatda görməsə onu soruşur. Deyir Telman babam hardadı? Onu görmək istəyirəm. Axır vaxtlar lap çox babası ilə bağlı suallar verir. Uşaqdı, 4 yaşı var. Ona deyə bilmirəm ki, baban həyatda yoxdu, rəhmətə gedib. Deyirəm Telman baban çox uzaqdadı. Onda da deyir ki, verin telefonla danışım. Uşağın Telman babasına xüsusi bir sevgisi var.

 

- Bəzən deyirlər ki, ad müəyyən xasiyyətləri ötürə bilir...

 

- Bəli. Telmanı görən deyir ki, atamın uşaqlığını xatırladır. Şəkillərini müqayisə edirik, o qədər oxşayır ki. Sanki mimikaları da onu xatırladır. Qaşını onun kimi qaldırır. Müəyyən cizgilər var ki, atamı xatırladır. Onda atam üçün lap darıxıram. Bilirsiz, insanın çətin vaxtında, ya da həyatda qarşılaşdığı çətinliklər olanda ata məsləhətinə, qayğısına daha çox ehtiyac duyur. Ən azı istəyirsən ki, çiynini yaslayıb gözünü yumanda arxayın olduğun bir dayaq olsun. Mənim o dayağım artıq yoxdu. Atamın vaxtsız ölümü məni o dayaqdan məhrum etdi. Atam olanda bir çətinliyim olsa belə sıxılmırdım. Özümü arxayın hiss edirdim. Bu gün ona ehtiyacım daha çox var.

- Dediniz toyunuzu görmək atanıza qismət olmadı. İnsan bilir ki, realda yoxdu, itirmişik. Amma yenə gözü qapıda olur. Toy günü gözününz qapıda oldumu? Onun ruhunu hiss etdinizmi?

 

- Əlbəttə, atasızlığı atasız olanlardan soruşun. Onlar məni daha düzgün anlaya bilər. İnsan hansı yaşda olursa olsun, ata sığalına, qayğısına ehtiyac duyur. Toyumda gözüm qapıda idi. Yoxluğunu bilə-bilə onu gözləyirdim. Sanki gələcək deyə ümid edirdim. Amma ruhunu hiss edirəm. Bilirəm ki, hardansa bizi izləyir. Toyda qədər qohumlar, dostlar yanında olsa da, yenə atanı kimsə əvəz edə bilməz.

- Telman müəlllimdən sonra qapınızı döyənlər azaldımı? Axı tanınmış qapını tanıyan da çox olur, gedib gələn . O getdi. Qapınızı tanıyanlar da azaldımı?

 

- Həyatın acı həqiqətləri bəlkə elə bunlardı. Əlbəttə, qapıya gələnlər azaldı. Bizi axtaranlar da ayaqlarını yavaş-yavaş kəsmiş oldular. Qalanlar, qapını bu gün döyənlər çox azdı. Amma atamın səhnədən kənarda, sənət aləmindən kənar qazandığı dostlar var ki, bu gün qapımızı tanıyırlar, unutmurlar. Çox azdı belə dostlar. Amma var. Atamın elə dostları olub ki, onlar bu gün o dostluqlarını mənimlə davam etdirirlər. Sənət aləminə gəlincə, orda da çox deyil, bəzi aktyorlar var ki, əlaqəmiz qalıb, hərdən hal-əhval tuturuq. Atam sağlığında elə insan olub ki, kimsənin qəlbini qırmayıb. İmkanı çatdığı qədər yaxşılıq edib. Vaxtilə etdiyi yaxşılıqlardan bu gün mən bəhrələnirəm hətta. Yəni elə insanlar olub ki, atam onlara zamanında əl tutub, sonralar onlar mənə dəstək oldular. Elə insan olub ki, həyatda atamı bircə dəfə belə görməyib, yəni canlı ünsiyyəti olmayıb, sadəcə biləndə ki, Telman Adıgözəlovun oğluyam, mənə kömək edib. Yəni atam yoxluğunda belə adı ilə mənə dəstək olur.

- Evinizdə balaca Telman böyüyür. Bir gün səhnəyə balaca Telman Adıgözəlov gələ bilərmi?

- Atam mənim sənətə gəlməyimə çalışmayıb. Yəni seçimi mənə buraxdı. İstəsəydi, sənətə gəlməyimə çalışardı. Elə bir sənətkarın övladı üçün qapılar daha rahat açıla bilərdi. Amma atam mənim seçimimə təsir etməyə, məni səhnəyə yönəltməyə çalışmadı. Bəlkə heç bunu istəmirdi, çünki sənətin çətinliklərini görən insan olub. Əgər oğlum Telman babasının yolunu davam etmək istəsə, təbii ki, etiraz etmərəm. Əksinə, çox sevinərəm.

- Adətən istedad kiçik yaşlarından özünü büruzə verir. Balaca Telmanda sənətə maraq, istedad hiss etmisiz?

- Səmimi deyim ki, hərdən uşaqları teatra aparanda bunu hiss edirəm. Atamın tələbəsi var, Kukla Teatrının aktyoru Cavid. Onun tamaşalarına Telmanı aparıram. Kukla Teatrının səhnəsinə baxışı belə fərqli olur. Teatrdan gələndən sonra evdə eyni gördüklərini təkrarlamağa çalışır. Deyir, oturun sizə teatr göstərim. Yəni 4 yaşı var, amma Kukla Teatrında səhnədə görürsə, onu evdə bizə təqdim edir. Əslində hiss olunur ki, səhnəyə marağı var. Amma qismət. Əgər sənətə gəlmək istəsə, babasının yolunu davam etmək arzusu olsa, mən ancaq sevinib qürurlana bilərəm ki, atamın yolunu davam edən nəvə böyütmüşəm.

 

 Tahirə Məmmədqızı

Şərq.- 2019.- 21 fevral.- S.7.