Reportajların
azalmasının bir
neçə səbəbi var
"İlk növbədə
elm və texnikanın inkişafı nəticəsində
jurnalistlər daha rahat iş şəraitinə
üstünlük verirlər"
"İnternet medianın inkişafı sayəsində
onlayn xəbərçilik - xəbəri hamıdan tez oxucuya
çatdırma şakəri reportajların və
araşdırma jurnalistikasının arxaya keçməsi ilə
nəticələndi"
(əvvəli ötən sayımızda)
Ölkə mətbuatının inkişaf
etdirilməsi istiqamətində çoxsaylı addımlar
atılsa da, bir sıra çatışmazlıqların
olduğu iddia edilir. Xüsusən də mediada reportaj
janrında yazılara az rast gəlinməsi kimi iradlar həm
ekspertlər, həm də oxucular tərəfindən tez-tez
tutulur. Jurnalistikada reportajın öz yeri və çəkisi
olduğu qeyd olunur. Sözsüz ki, medianın ən
maraqlı və oxunaqlı sahələrindən biri reportaj
janrıdır. Bu janrın əsas vəzifəsi baş verən
ictimai əhəmiyyətli, əlamətdar, tipik, bir çox
hallarda qeyri-adi hadisəni obrazlı şəkildə
canlandırmaq və oxucuya təqdim etməkdir. Reportajda sanki
oxucuların özləri də baş verənləri
yaxından seyr edir və hadisənin canlı
iştirakçısına çevrilir. Ona görə də
əsl reportajlar cəmiyyətdə böyük rezonans
doğuran, ictimai maraq kəsb edən məqamlarla zəngin
hadisələrə həsr edilir. Müxbirlər öz
reportajlarında hadisə yerindən qaynar xəbərlər
çatdırdıqlarına görə, reportaj jurnalistika
janrı kimi müəllifdən şəxsi münasibət tələb
edir.
Reportaj şahidin vacib və aktual hadisə barədə
öz hekayəsinə çevrilir. Çünki reportaj sadəcə
faktların sadalanması deyil, həmçinin, şəxsi
analiz deməkdir. O baxımdan jurnalist
araşdırmasını həyata keçirən
reportyorlarda bacarıq, təcrübə, səriştə
kimi vacib keyfiyyətlər olmalıdır. Araşdırmaçı
reportyorlar tədqiqatçılıq işini sona
çatdırmaqda inadkar olmalı, müxtəlif maneələr
qarşısında məyus duruma düşməməlidirlər.
Önəmli sənədləri axtarıb tapa bilmə və
onları qoruyub saxlama bacarığı reportyorun diqqət
yetirməli olduğu əsas məqamlardır. Nəzərə
almaq lazımdır ki, sırf elmi araşdırma dar oxucu
kütləsinə, jurnalistin apardığı
araşdırma isə geniş oxucu auditoriyasına
ünvanlanır və bu səbəbdən sonuncunun təsir
dairəsi daha geniş olur. Media ekspertləri reportaj
janrının önəmli olduğunu vurğulasalar da,
ölkəmizdə bu sahənin inkişafdan geri
qaldığını düşünürlər. Onların
fikrincə, dünya ölkələri ilə müqayisədə
Azərbaycan mətbuatında peşəkar reportyorların
sayı çox azdır.
Yaxşı yazını və yaxşı
müəllifi hər zaman və hər yerdə oxuyurlar
Jurnalist, tarix üzrə fəlsəfə
doktoru Cavid İsmayıl mətbuatda reportajların
sayının əvvəlki illərlə müqayisədə
kəskin şəkildə azalması fikri ilə
razılaşdığını deyib. Bunun da bir çox səbəbləri
olduğunu vurğulayan həmkarımız hesab edir ki, ilk
növbədə elm və texnikanın inkişafı nəticəsində
jurnalistlər daha rahat iş şəraitinə
üstünlük verirlər:
"Sovet dövründə və
müstəqilliyin ilk illərində hər redaksiyada iki
telefon olardı: biri baş redaktorun otağında, biri də
redaksiyanın ümumi istifadəsi üçün. 90-cı
illərin sonunda redaksiyalarda telefonların sayının
artması yeni anlayışı - telefon jurnalistikasını
doğurdu. İndi isə telefon jurnalistikasını internet
jurnalistikası əvəzləyib. Artıq bir çox
ictimai-siyasi xadimlərin sosial şəbəkələrdə
hesabları var və onlar əvvəlki illərdən fərqli
olaraq, daha əlçatmaz deyillər. İnternet sayəsində
onların hansı ölkədə yaşamasının da əhəmiyyəti
qalmayıb.
İkinci səbəb odur ki,
internet medianın inkişafı sayəsində onlayn xəbərçilik
- xəbəri hamıdan tez oxucuya çatdırma şakəri
reportajların və araşdırma jurnalistikasının
arxaya keçməsi ilə nəticələndi.
Üçüncü amil isə media
azadlığının səviyyəsi ilə əlaqələndirilməlidir.
Dördüncü səbəb oxucuların da tənbəlləşməsi
və irihəcmli yazıları oxumağa meyilli
olmamasıdır. Bununla belə, pessimizmə də əsas
yoxdur. Yaxşı yazını və yaxşı müəllifi
hər zaman və hər yerdə oxuyurlar”.
Getməlisən, çəkməlisən,
insanları danışdırmalısan, bir neçə
saatını itirməlisən
"Yeni Müsavat” qəzetinin əməkdaşı,
jurnalist Sevinc Telmanqızının fikrincə, normal halda
reportaj jurnalistin ən sevimli janrı olmalıdır:
"Balıq dənizdə
nə qədər azaddırsa, jurnalist də reportajda o qədər
azaddır. Müşahidələrini yazırsan, insanlarla
danışırsan, təsvir vasitələrindən bol-bol
istifadə edirsən, həcmlə bağlı ciddi məhdudiyyətin
olmur. Amma haqlısınız ki, son illər bu janr əvvəlki
qədər populyar deyil, jurnalistlər üçün favorit
deyil. Bunun bir neçə səbəbi var. Birincisi, indi
reportaj yazılarını videoreportajlar daha çox əvəzləyib.
Qəzetlərin sayı saytlara uduzur. Saytda isə
videoreportajlara daha çox üstünlük verilir. 5-6
cümləlik giriş, üstəgəl, videoreportaj.
İkincisi, oxucuların iri yazı, müsahibə
oxumağa səbri, təhəmmülü qalmayıb. Dəfələrlə fikir vermişəm, bəzən
videomüsahibəni, reportajı da qabağa
"sürüşdürərək”, dəqiqə-dəqiqə
qabağa atladaraq izləyirlər. Üçüncü səbəb
reportaj janrının da ən azı araşdırma qədər
əziyyətli janr olmasıdır. Getməlisən,
çəkməlisən, insanları
danışdırmalısan, bir neçə saatını
itirməlisən. Bunun qiymətləndirilməsi yüksək
olmayanda, bu sayaq yazılara özəl qonorar yazılmayanda
jurnalist də reportaja çox da meyl etmir.
Düşünür ki, onun əvəzinə iki-üç
rəy yazısı, ya da tərcümə yazısı
hazırlayıb, yerimdən tərpənmərəm. Məncə,
əsas səbəbi də sona saxladıq. Artıq jurnalistlərin
azadlığı da əvvəlki illərdəki kimi deyil.
Mövzuların, bölgələrin sayı məhdudlaşdıqca,
ordan reportaj hazırlama təşəbbüsü də
minimallaşır. Jurnalist reportaj mövzuları
düşünəndə çox yerdən çəkilmiş
çəpərlər görür. Bu da onu həvəsdən
salır. Beləcə, reportaj janrı da araşdırma kimi
Azərbaycan mediasının tozlu qatlarına enir.
Mediamız oxucu marağına uyğun, zəruri
reportajları təqdim edir
"Axar.az” saytının baş redaktoru Anar
Niftəliyev isə jurnalistlərin reportajdan qaçması
kimi fikirlərlə razı deyil. Onun sözlərinə
görə, zərurət olduqda hazırlayırlar:
"Digər tərəfdən,
onlayn media tirajı da, oxucu marağını da dərhal hiss
edir. Oxucu indi çevik, isti və qısa xəbərlər
istəyir. Özünüz bir qısaca araşdırma
aparın, görün, reportajların oxucu auditoriyası nə
qədərdir? Yəni reportajların indiki kəmiyyət səviyyəsini
normal hesab edirəm. Mediamız oxucu marağına uyğun, zəruri
reportajları təqdim edir”.
Yaxşı baş redaktor üçün
reportyor yetişdirmək onun borcu olmalıdı, amma
yetişdirmilər
Jurnalist Səbuhi Məmmədli isə
reportyorluq və reportajı jurnalistikamızın ən
ağrılı yeri hesab edir:
"Mən tez-tez bunu təkrarlayıram; Azərbaycanda
jurnalist, ələlxüsus da reportyor qıtlığı
var. Mən diqqətli oxucuyam. 90-cı illərdə
jurnalistikaya gələnlərin hamısı reportyorluqdan
başlayıb. Əslində indiki jurnalistikanın özü
də doxsanların uşaqlarının çiynindədir. Bəli,
jurnalistlər reportajdan qaçırlar. Amma reportajdan ona
görə qaçmırlar ki, bacarmazlar.
Yaxşı baş redaktor üçün
reportyor yetişdirmək onun borcu olmalıdı, amma
yetişdirmirlər. Əllərinin altındakı material
"kopi-paste" etməyə yarayırsa, niyə özlərinə
əziyyət versinlər ki? Bir yandan kabinet jurnalistikası, digər
yandan da tənbəllik buna şərait yaradır. Təvazökarlıqdan
uzaq, ömründə bir yazı yazmamış coğrafiya
müəllimi olan qızdan ölkənin ən yaxşı
reportyorlarından birini yetişdirmişik. Söhbət Lent.az-ın keçmiş əməkdaşı
Ləman Mustafaqızından gedir. Çox
təəssüf ki, indi başqa sahədədir. Daha bir neçə adamın da adını çəkə
bilərəm. Yaxşı reportaj həm əziyyət,
həm maddi vəsait tələb edir və ən əsası
da istedad. O istedadı üzə çıxarmaq isə
baş redaktorun işidir”. Reportaja həmişə
tələbat olduğunu vurğulayan S.Məmmədli deyib ki,
elə yaxşı reportyora da tələbat var. Çünki
bu janr jurnalistikanın ən maraqlı və oxunaqlı
janrıdır.
Biz yenidən
reportajlar dövrünə qayıdırıq
Sosial
Media Mərkəzinin direktoru Azər Niftiyevin sözlərinə
görə, mətbuat da cəmiyyətin bir hissəsidir və
bu səbəbdən öz fəaliyyətini dövrün tələbləri
ilə ayaqlaşdırmalıdır:
"Çap nəşrləri
populyar olduğu dövrlərdə reportajlara, müsahibələrə
və daha çox cəmiyyəti maarifləndirən
yazılara üstünlük verilirdi. Çünki cəmiyyətdə
kitab oxumaq ənənəsi var idi və yazılı nəşrlərə
daha çox maarifləndirici baxımdan yanaşırdılar.
"Yeni Müsavat”, "Şərq” və digər gündəlik
qəzetlər bu istiqamətdə böyük işlər
görüblər. Yazılı media öz yerini onlayn mediaya
verəndən sonra oxucular çevik xəbərlərə
üstünlük verməyə başladılar. Burada da əsas
səbəb insanların internet üzərindən
informasiyaları çevik əldə etmək vərdişləri
ilə bağlı idi.
Bu səbəbdən daha çox operativ xəbərlərə
üstünlük verilməyə başlandı. Hesab edirəm
ki, kənardan jurnalistləri yerli-yersiz ittiham etmək əvəzinə,
bu iddiada olan adamlar vəziyyəti dərindən araşdırsalar,
daha yaxşı olar”.
"Yeni trendlər qələm
adamlarını yenidən əvvəlki ənənələrə
qaytarır” deyən Azər Niftiyev söylədi ki, internet
üzərindən video xəbərlərə maraq artıb və
bu, özü-özlüyündə yeni yanaşma tərzini
şərtləndirir:
"Müşahidə
etsək görərik ki, qloballaşan dünyamızda
pisxoloji elementlər sürətlə dəyişir və bu
amil əsas informasiya daşıyıcısı olaraq
medianın da fəaliyyətinə təsirsiz
ötüşmür.
Son dövrlər video xəbərlər
daha çox populyarlıq qazanır və insanlar daha rahat
formada, qısa və səsli informasiya
istelahkçısına çevrilirlər. Bu səbəbdən
televiziya üslubu mətbuat orqanlarının da fəaliyyətinə
nüfuz edir. Yəni qarşıdakı dönəmdə
media orqanları öz fəaliyyətində eynilə
televiziya və radiolarda olduğu kimi, həm çevik xəbər
yaymaq, həm də maarifəndirmək missiyasını üzərinə
götürməlidir. Bu o deməkdir ki, biz yenidən
reportajlar dövrünə qayıdırıq. Unutmayaq ki,
ölkədə əksər media quruluşları kommersiya
qurumlarıdır və öz fəaliyyətində bazar
maraqlarını öndə tutacaqlar”.
Şəymən
Şərq.-
2019.- 21 fevral.- S.11