Reportaj mətbuatın ürəyidir
Bu janrda yazılan məqalələr
canlı, hadisənin içindən verilən xəbər deməkdir
Yaxşı reportaj üçün
istedadlı və bacarıqlı reportyorlar olmalıdır ki,
bizim mediada belə jurnalistlər var
(əvvəli ötən sayımızda)
Ölkə mətbuatının inkişaf
etdirilməsi istiqamətində çoxsaylı addımlar
atılsa da, bir sıra çatışmazlıqların
olduğu iddia edilir. Xüsusən də mediada reportaj
janrında yazılara az rast gəlinməsi kimi iradlar həm
ekspertlər, həm də oxucular tərəfindən tez-tez
tutulur. Jurnalistikada reportajın öz yeri və çəkisi
olduğu qeyd olunur. Sözsüz ki, medianın ən
maraqlı və oxunaqlı sahələrindən biri reportaj
janrıdır. Bu janrın əsas vəzifəsi baş verən
ictimai əhəmiyyətli, əlamətdar, tipik, bir çox
hallarda qeyri-adi hadisəni obrazlı şəkildə
canlandırmaq və oxucuya təqdim etməkdir. Reportajda sanki
oxucuların özləri də baş verənləri
yaxından seyr edir və hadisənin canlı iştirakçısına
çevrilir. Ona görə də əsl reportajlar cəmiyyətdə
böyük rezonans doğuran, ictimai maraq kəsb edən məqamlarla
zəngin hadisələrə həsr edilir. Müxbirlər
öz reportajlarında hadisə yerindən qaynar xəbərlər
çatdırdıqlarına görə, reportaj jurnalistika janrı
kimi müəllifdən şəxsi münasibət tələb
edir.
Reportyorluq mediamızın ürəyi
olmalıdır
Tanınmış tədqiqatçı-jurnalist,
media və sosial sahə üzrə ekspert, Azərbaycan
İnformasiya Mərkəzinin rəhbəri və
"www.azim.az” internet portalının baş redaktoru Təbriz
Vəfalı bildirir ki, reportaj janrı ölkə mətbuatında
ən maraqlı və çətin janrdır. Reportaj dedikdə,
hər hansı bir mövzu, hadisə və ya ərazi ilə
bağlı canlı, necə deyərlər, isti-isti xəbərlər
vermək başa düşülür: "Reportaj
hazırlayanları reportyor kimi də qələmə vermək
olar. Reportyorluq elektron və yazılı KİV-lər, eləcə
də tele və radiokanallar, həmçinin internet
televiziyaları üçün fərqli formalarda
özünü büruzə verir. Məsələn, qəzetlərdə
reportajlar yalnız şəkillərlə və məlumatlarla
zəngin olur. Xəbər portallarında reportajlar fotoşəkillər,
məlumatlar və videolar vasitəsilə təqdim edilir. Telekanallarda və
internet televiziyalarında canlı yayım və ya
videosüjetlər formasında reportajlar hazırlanır. Radiokanallarda
isə sadəcə xəbərlərlə zəngin
reportajlar translyasiya olunur. Amma əsas məsələ
reportajın hansı formada hazırlanmasından deyil, onun
ictimaiyyətdə hansı rəyi formalaşdırması, eləcə
də təqdim olunmuş reportajın mahiyyətinin nə qədər
önəm və əhəmiyyət kəsb etməsidir.
Bu məsələyə aydınlıq gətirmək
üçün Azərbaycan mətbuatının
keçmişinə, tarixinə nəzər salmaq
lazımdır.
Belə ki, tarixə gömülmüş
keçmiş SSRİ dövründə digər sovet
respublikalarında olduğu kimi Azərbaycan SSR-də də
reportaj məsələsinə xüsusi diqqət yetirilirdi. Problemlər və
onların həlli, eləcə də hər hansı bir sahədəki
yeniliklə bağlı reportajların hazırlanması,
onların cəmiyyətə və ictimaiyyətə təqdim
olunması ciddi nəzarət altında saxlanılırdı.
Çünki sovet psixologiyasının və
Kommunist Partiyasının ideyalarının əleyhinə
olan, cəmiyyətdə çaşqınlıq yaradan və
qeyri-rəsmi məlumatlarla zəngin reportajların hazırlanması
qeyri-mümkün idi. Üstəlik, sovetlər
dönəmində təbliğat-təşviqat işlərinə
böyük üstünlük verildiyi üçün
reportajlar da bu istiqamətdə hazırlanırdı. Məsələn, pambıqçılıqla,
taxılçılıqla və digər kənd təsərrüfatı
sahələri ilə bağlı hazırlanmış reportajlarda
mütləq Azərbaycan SSR Mərkəzi Komitəsi tərəfindən
təsdiqlənmiş beşillik planların əsas məqsədləri,
mahiyyəti öz əksini tapmalı idi. Əks
halda hazırlanmış reportajların Bakıda və
regionlarda fəaliyyət göstərən respublika, rayon və
şəhər əhəmiyyətli qəzetlərdə dərcinə,
eləcə də telekanallarda və radiolarda yayımına qəti
şəkildə icazə verilmirdi.
Üstəlik, SSRİ dövründə reportaj yazmaq
qabiliyyəti olanlara xüsusi təlimlər keçirilirdi,
onlara dövlət siyasəti, reportajların
hazırlanmasında hansı qaydalara əməl edilməsi və
s. öyrədilirdi. Həmin zamanlarda hər kəs reportyorluq
edə, reportaj yaza bilməzdi. Buna həm
redaksiyaların rəhbərlikləri, həm də yerli
icraiyyə komitələri, yəni indiki icra hakimiyyətləri
icazə vermirdilər”.
Ekspert
xatırladır ki, SSRİ süquta uğradıqdan sonra
müstəqilliyini elan etmiş Azərbaycanda həm sovetlər
dönəmindən, həm də yeni yaranmış qəzetlərdə,
tele və radiokanallarda təqdim olunan reportajlarda fərqlilik
özünü büruzə verdi. Belə
ki, Sovet İttifaqı dövründə mövcud olmuş nəzarət
sistemi və inzibati qaydalar öz mahiyyətini və əhəmiyyətini
itirdiyindən müstəqil Azərbaycanın mediasında
müəyyən qədər sərbəstlik yarandı:
"Həmin dövrlərdə təqdim olunan
reportajlarda qeyri-rəsmi məlumatlara, şantaj xarakterli
açıqlamalara, hətta «kollaj» şəkillərə belə
yer verildi. Bütün bunlar isə həm cəmiyyətdə
birmənalı qarşılanmadı, həm də ictimaiyyətdə
müəyyən qədər çaşqınlıq
yaratdı. Reportajlarda göstərilən əksər
şəkillərin və məlumatların gerçək,
yaxud yalan olduğunu üzə çıxartmaq kifayət qədər
müşkül məsələyə, ciddi problemə
çevrildi. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev xalqın tələbi və
təkidi ilə yenidən Azərbaycan hakimiyyətinə
qayıtdıqdan sonra bu sahədə ciddi tədbirlərin
görülməsinə başlanıldı. Azərbaycanda insan hüquq və azadlıqlarının
qorunması barədə, informasiya və KİV haqqında, eləcə
də digər sahələrdə qanunvericilik bazası ilbəil
təkmilləşdirildi.
Bununla da reportajların hazırlanmasında və təqdimatında
sərbəstlik yarandı. Maraqlı və
xoşagəlməz faktlardan biri də o idi ki, bəzi qəzetlərdə
ictimaiyyətə təqdim olunmuş xəbərlər və
reportajlar həqiqətəuyğun olmadığı
üçün redaksiyalar ya təkzib verirdilər, ya da məmurlarla
və vətəndaşlarla məhkəmə çəkişmələrinə
cəlb olunurdular. Çünki bəzi
reportajlarda kimlərinsə şərəf və ləyaqətini
alçaltmağa, onların ictimai nüfuzlarına xələl
gətirməyə, bəzən də şantaj yolu ilə
maddi dəstək qazanmağa və rüşvət almağa
köklənmiş fikirlər və şəkillər yer
alırdı. Təbii ki, bütün
bunlar insanların hüquq və azadlıqlarının
qorunmasına ciddi zərbə vururdu. Ancaq
bununla belə hər kəs qanun çərçivəsində
cavabdehlik və məsuliyyət daşıdığı
üçün günahkarlar cəzasız qalmırdı”.
Mərkəz
rəhbəri qeyd edir ki, həm ulu öndər Heydər
Əliyevin, həm də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə
respublikamızda söz, mətbuat və informasiya
azadlığının təminatı sahəsində
çoxsaylı uğurların qazanılması, insanların
hüquq və azadlıqlarının müdafiəsi sahəsində
mükəmməl qanunvericilik bazasının
formalaşdırılması, həmçinin "KİV
haqqında” və "İnformasiya azadlığı
haqqında” qanunların təkmilləşdirilməsi
reportajların hazırlanmasında müstəqilliyin qorunub
saxlanılmasına gətirib çıxardı:
"Yəni elektron və yazılı KİV-lərdə
reportajların hazırlanmasında məhdudiyyətlər
aradan qaldırıldığı üçün jurnalistlər,
reportyorlar reportajları məhz redaksiya rəhbərliklərinin
tələbləri və təklifləri əsasında
hazırlamağa başladılar. Düzdür, bəzi
reportajlarda qanunsuzluqlara, nöqsanlara, şantaj və təhqirlərə
yol verilsə də, problemlərin həlli üçün
hüquqi addımların atılması və ictimaiyyətdə
çaşqınlığın yaranmasının
qarşısının alınması baş tutdu. Ancaq bununla belə, reportajların
hazırlanmasında və reportyorluqda sui-istifadə
hallarına hələ də yol verilir”.
Baş redaktor deyir ki, Azərbaycandakı qəzetlərdə
və xəbər portallarında çalışan əksər
jurnalistlər özlərini reportyor kimi təqdim edirlər. Ancaq onların
hazırladıqları bəzi məqalələrin reportajlara
heç bir aidiyyəti yoxdur:
"Ölkə mediasında reportajların
hazırlanması məsələsində ciddi fikir
ayrılığı, təzadlar mövcuddur. Bəzi həmkarlarım
düşünürlər ki, reportajda mütləq bəzi
problemlər qabardılmalı və müvafiq qurumların
mövqeləri öyrənilməlidir. Məsələn,
Bakıdakı və ya regionlardakı hər hansı bir kənd,
qəsəbə və ya digər yaşayış obyekti ilə
bağlı reportajın hazırlanması üçün məhz
yerli sakinlərdən onları narahat edən məsələlər
və problemlər barədə açıqlamalar almaq, kənd
və ya qəsəbə icra nümayəndəliyindən,
yerli bələdiyyədə, rayon və ya şəhər
icra hakimiyyətindən mövqe öyrənmək
lazımdır. Mən bu fikrin
yanlış olduğunu qəti şəkildə bildirirəm.
Çünki yuxarıda qeyd etdiyim reportaj
canlı, yəni qaynar xəbər olmalıdır. Mən uzun illər reportaj hazırladığım
üçün bu sahədəki zəngin təcrübəmə
əsaslanaraq bildirirəm ki, əksər reportajlarda kimlərinsə
mövqeyini öyrənməyə və açıqlama
almağa ehtiyac yoxdur. Məsələn, hər
hansı bir parkın bərbad vəziyyəti ilə
bağlı reportaj hazırlanarkən ordakı neqativ hallar
haqqında məlumatlar hazırlamaq və şəkillər
çəkmək kifayət edir. Əgər nəzarətsizlik
və baxımsızlıq ucbatından hər hansı bir
parkda ağaclar kortəbii böyüyübsə, onların
qol-budaqları şaxələnibsə, parkın ərazisi
zibillənibsə, otlar quruyubsa, ərazi cəngəlliyə
çevrilibsə, işıqlandırma sistemi sıradan
çıxıbsa, skamyalar və fəvvarələrin
qurğuları sındırılıbsa, həmçinin digər
neqativ hallar varsa, onların şəkillərini çəkmək
və problemlər barədə yazmaq kifayət edir. Çünki görünən kəndə bələdçi
lazım olmadığı üçün öz gözlərimizlə
gördüklərimizə vətəndaşların, yerli
sakinlərin və müvafiq qurumların mövqelərini
öyrənmək və onları reportajda təqdim etməyə
lüzum yoxdur. Vətəndaşlardan
alınan açıqlamaları, reportajda təqdim olunmuş
neqativ hallar barədə rəsmi qurumların mövqelərini
isə reportaja dəxli olmayan məqalə formasında təqdim
etmək olar. Hətta bəzi həmkarlarım
ərazilərə getmədən vətəndaşların
şikayət, ərizə və müraciətləri, eləcə
də eşitdikləri və əldə etdikləri məlumatlar
əsasında hazırladıqları məqalələri
reportaj kimi təqdim etməyə çalışırlar.
Bu da çox gülünc iddiadır”.Tədqiqatçı-jurnalist
qeyd edir ki, hər oxuyan Molla Pənah Vaqif olmadığı
kimi hər jurnalist də reportyor ola,
reportaj hazırlaya bilməz. Bunun üçün istedad,
qabiliyyət, bacarıq, savad və peşəkarlıq
lazımdır: "Bu günə qədər
yazdığım reportajlarımdan xəbərdar olan həmkarlarımın
əksəriyyəti həmişə məni zarafatla kəşfiyyatçı,
çekist kimi qələmə verirlər. Əslində
əsl və peşəkar reportajın hazırlanması
üçün elə kəşfiyyatçı olmaq
lazımdır. Yəni hər şeyə
diqqət yetirmək gərəkdir. İtigözlü
olmalısan ki, xırda detallar belə nəzərindən
yayınmasın. Sosial sahələri əhatə
edən mövzular üzrə, məsələn, hər
hansı bir kənddən, qəsəbədən və ya digər
yaşayış obyektindən reportaj hazırlamaq istəyirsənsə,
mütləq kommunal sahələr, yol təsərrüfatı
və digər məsələlər barədə məlumatlı
olmalısan ki, məlumatsızlıq üzündən bəzi
qanuni şeylər səndə yanlışlıq
yaratmasın və təqdim edəcəyin məqalə
ictimaiyyətdə çaşqınlıq doğurmasın.
Əgər jurnalistlər yuxarıda
sadaladığım keyfiyyətlərə malik deyillərsə,
onlar tərəfindən hazırlanan məqalələrdən
reportaj olmaz”.
Təbriz Vəfalı xatırladır ki, Qərb ölkələrində,
xüsusilə də qardaş Türkiyə Cümhuriyyətində
reportyorluq, reportaj janrına müraciət edənlər
"medianın ürəyi” kimi qəbul edilir. Çünki sözügedən
ölkələrdə reportajlar əhalinin maarifləndirilməsində
və həqiqətlərin üzə
çıxarılmasında çox böyük və əhəmiyyətli
rol oynayır: "Azərbaycanda isə reportaja və
reportyorluğa üstünlük verən yazılı və
elektron KİV-lər azdır. Daha açıq
demək gərəkdirsə, reportyorlarımızın
sayı barmaqla sayılacaq qədərdir. Bunun
birinci səbəbi odur ki, redaksiyaların əksər baş
redaktorları reportajlara yüksək məbləğdə
qonorar və ya mükafat vermək istəmirlər. Bəzi
jurnalistlər konkret məbləğdə maaş
aldıqları üçün reportaj yazmağa meyl göstərmirlər
və daha çox oturaq fəaliyyətə, yəni
redaksiyalarda işləməyə üstünlük verirlər.
İkinci səbəb budur ki, jurnalistlərimizin
böyük əksəriyyətinin reportyorluq, onun vəzifə,
səlahiyyət və öhdəlikləri barədə, eləcə
də reportajın hansı formada və necə
hazırlanması barədə məlumatlar yoxdur.
Üçüncü səbəb isə odur ki, əksər
jurnalistlər, xüsusilə də konkret maaş
alanlar vaxtlarını "öldürmək”
üçün reportaj hazırlamaq fikrinə
düşürlər və onların hazırladıqları
sadəcə xəbər və ya fotoxəbər olur. Ona görə də problemlərin həlli
üçün bəzi təkliflər vermək istəyirəm.
Belə ki, ilkin mərhələdə
yazılı və elektron KİV-lərin redaksiyalarında
reportyorluq və reportajın hazırlanması qaydaları, eləcə
də hüquqi məsələlər barədə maarifləndirmə
işləri aparılmalıdır.
Bu məsələdə
Bakı Dövlət Universitetinin və digər ali məktəblərin
jurnalistika fakültəsinin müəllimlərindən, eləcə
də reportaj hazırlamaq sahəsində təcrübəsi
olan jurnalistlərdən ibarət komanda hazırlamaq,
onların vasitəsilə seminarlar, təlimlər və
kurslar təşkil etmək olar. İkinci mərhələdə
baş redaktorlara reportajların respublika səviyyəsində
əhəmiyyəti və mahiyyəti izah edilməlidir ki,
onlar reportajlara yüksək qonorar və ya mükafat
yazsınlar. Üçüncü mərhələdə
isə reportaj janrında özlərini sınamaq istəyən
jurnalistlərin seçimi üçün redaksiyalarda konkret
tələblər müəyyənləşdirilməlidir.
Yəni reportaja eyni jurnalist göndərilməlidir.
Əks halda reportaja hər dəfə
ayrı-ayrı jurnalistin göndərilməsi işin keyfiyyətinə
mənfi təsir göstərəcək. Əgər
media qurumları və baş redaktorlar təkliflərimi nəzərə
almasalar, Azərbaycanda reportyorluq kortəbii şəkildə
formalaşacaq və bu da mətbuatın gələcək
inkişafına ciddi zərbə vuracaq”.
Yeganə Bayramova
Şərqş-
2019.- 22 fevral.- S.11