“Hər kəs  Xocalı ilə  bağlı iş  görməlidir”

 

Flora Qasımova: "Biz gözləməməliyik ki, görək dövlət səviyyəsində nə kimi işlər həyata keçirilir"

"Hər birimiz Xocalının tanıdılması və erməni quldurlarının ifşa olunması və haqq-ədalət məhkəməsi qarşısına çıxarılması üçün bacardığımız işi görməliyik"

Əsrin faciəsi – Xocalı soyqırımından bizi 27 il ayırır. Bu illər ərzində yaramızın qanı bir an belə dayanmayıb. Xocalı faciəsi qurbanlarının xatirəsi hər il fevralın 26-sı bütün dünya azərbaycanlıları və türk dünyası tərəfindən anılır. Bu il də Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı dövlət səviyyəsində tədbirlər planı artıq təsdiqlənib. Və fevralın 26-sı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə əhalisi Xocalı qurbanlarının xatirəsinə ucaldılmış «Ana fəryadı» abidəsinə yürüş edəcək.

Xocalı soyqırımı barədə faktlar özü danışır. Faktlar sübut edir ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda həmçinin mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib ("Xocalının işğalına dair istintaq materiallarından").Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.

Belə ağrılı bir vaxtda Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova ilə o günlərə qayıtmaq istədik. Nə qədər çətin olsa da, Flora xanım bizimlə söhbətə razılaşdı:- Mənim üçün bu, çox ağrılı bir mövzudur. Nə qədər danışsaq da, desək də, üzərindən illər keçməsinə baxmayaraq 26 fevral gecəsi xalqımızın başına gətirilən müsibət heç vaxt yaddaşlardan silinməyəcək. Əksinə, illər keçdikcə, bizdə düşmənə nifrət hissini daha da artıracaq. Mən sadəcə, bir məsələni xüsusi vurğulamalıyam ki, Xocalı soyqırımının tanıdılması ilə bağlı son illərdə həqiqətən də böyük işlər görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə intensiv tədbirlər həyata keçirilib. Dünyanın 10-dan çox ölkəsi, ABŞ-ın 25 ştatı Xocalı soyqırımını tanıyıb. İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb və Ermənistanla bütün əlaqələrin kəsilməsi təklifi ilə çıxış edib. Əlbəttə ki, bütün bu işlərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın da aktivliyi rol oynayır. Amma təəssüf edirəm ki, diaspora məsələsində hələ də təşkilatlanma zəifdir, fəaliyyətdə ləngimələr hiss edilir. Fəallıq istənilən səviyyədə deyil. Biz unutmamalıyıq ki, Ermənistanın arxasında dayanan güclər var. Bunu heç vaxt nəzərdən qaçırmamalı və işimizi bu reallığa uyğun daha da möhkəm qurmalıyıq.

 

- Flora xanım, hər il Xocalı faciəsinin ildönümündə soyqırımı həyata keçirən cinayətkarların adları çəkilir, lakin onlar bu gün də azadlıqdadır, sərbəst gəzirlər…- Bəli, Xocalı soyqırımını törədənlərin heç biri cəzasını almayıb. Azərbaycan xalqı bir əsrdə 3 dəfə soyqırıma məruz qalıb. Deportasiyanın özü də soyqırımdır. Amma yavaş hərəkət edən, gizli soyqırım. İnsanları ata yurdundan didərgin salmaq, deportasiya etmək, tamam fərqli bir coğrafi əraziyə, iqlim şərtləri fərqli olan yerə sürgün etmək, bilirsiniz insanlara necə ağır təsir edir?! Qərbi Azərbaycan torpaqlarından deportasiya edilən soydaşlarımız da məhz azərbaycanlı olduqlarına görə deportasiya edilmişdi, Xocalıda qətlə yetirilənlər də məhz azərbaycanlı olduqlarına görə soyqırıma məruz qaldılar. Bir gecədə bir şəhərin əhalisi soyqırım edildi. Bu, tək bir xalqa qarşı cinayət, bir xalqa qarşı soyqırım deyil, ümumbəşəri cinayət və bəşəri soyqırımdır. Amma bir erməni də cəzalanmayıb bu vəhşiliklərinə görə.Azərbaycan dövləti cinayəti təsdiqləyib, cinayətkarların kimliyini göstərib. Bəs beynəlxalq hüquq hara baxır? Beynəlxalq insan haqları məhkəməsinin səsi niyə çıxmır? Beynəlxalq məhkəmələr özləri müstəqil şəkildə Xocalı faciəsini araşdırmalıydı və cinayətkarları hakim qarşısına çıxarmalıydı. 1918-ci il mart soyqırımlarına görə, Azərbaycan Xalq Cümhuriyyəti zamanında istintaq komissiyası yaradılmışdı. Lakin Cümhuriyyət süqut etdi və komissiyanın işi yarımçıq qaldı. 1992-ci ildə də Xocalı faciəsi ilə bağlı istintaq qrupu yaradılmışdı. Lakin yenə onun da işi yarımçıq qaldı. Erməni cəlladlarının cinayətini sübut etmək üçün xüsusi araşdırmaya ehtiyac da yoxdur. Onlar özləri, öz dilləri ilə cinayətləri barədə danışırlar. Zori Balayanın kitabı buna sübutdur. Serj Sarkisyan öz dili ilə deyib ki, «Azərbaycanlılar elə bilirdi, dinc əhaliyə toxunmayacağıq…» Erməni «ziyalı»larının, dövlət adamlarının, hərbçilərinin öz dedikləri cinayətlərini təsdiq edir.

- Flora xanım, Xocalı faciəsi mərhum komandir Şirin Mirzəyevə sözsüz ki, ifadə olunmayacaq dərəcədə ağır təsir edibmiş. Sizinlə bu barədə nəsə danışmışdımı?

- Şirin Mirzəyev Daxili Qoşunların zabiti idi. Peşəkar hərbçi idi. Xocalı faciəsindən əvvəl Ermənistanda o zaman batalyon komandiri olan Ohanyan Xocalı ətrafında hərbi təlim keçirmiş. Şirin Mirzəyev Bakıya xəbər göndərmişdi ki, təlim keçən ruslar deyil, Seyran Ohanyandır. Bununla Şirin Mirzəyev yaxınlaşmaqda olan təhlükəni görmüşdü. Hərbi texnika, hərbi qüvvənin artırılması ilə bağlı Müdafiə Nazirliyinə qədər teleqramlar vurubmuş. Sonra o, mənə bu teleqramların surətini göstərdi. Soyqırımdan sonra, mart ayının sonunda Şirin Mirzəyev Bakıya gəlmişdi, mən ona dedim ki, hamınız şəhid olsanız da, qadınları, qız-gəlini, uşaqları xilas etməliydiniz. Belə demişdim, amma başa düşürdüm ki, əmr olmasa, komandanlığın göstərişi, tapşırığı olmadan Şirin Mirzəyev təkbaşına hərəkət edə bilməzdi. O da, o zaman Ağdamda döyüşən igid oğullarımız da bacardıqları qədər faciəni önləməyə çalışmışdılar. Həmin vaxt gərək Müdafiə Nazirliyinin rəsmiləri Qarabağda olaydı. Amma vahid komandanlıq yox idi. Yerli özünümüdafiə batalyonları əhalini xilas etməyə çalışırdı. Həmin vaxt Şirin Mirzəyev Ağdərə istiqamətində dinc əhalinin müdafiəsini həyata keçirirdi. Əhali Ağdərə zonasından itkisiz çıxarılmışdı. Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçıvanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi… O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edirdi. O zaman Ağdamdan döyüşçülər, yerli camaat yığılıb Xocalını xilas etmək istəyiblər. Belə cəhdlər vardı. Amma yenə deyirəm ki, vahid komandanlığın olmaması, Müdafiə Nazirliyində naşı adamların əyləşməsi, hərbi texnikanın çatışmazlığı səbəbindən faciənin qarşısı alına bilmədi.

- Sizcə, Xocalı soyqırımını dünyaya tanıtmaq üçün hansı işlər görülməlidir?

- Azərbaycan dövləti, Prezident İlham Əliyevin timsalında, həmçinin Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində mühüm işlər görür, layihələr həyata keçirilir. İnternet resursları üzərindən də «Xocalıya ədalət» kampaniyası aparılır, petisiyalar təşkil edilir. Gərək hər bir azərbaycanlı bu işdə fəal olsun. Biz gözləməməliyik ki, görək dövlət səviyyəsində nə kimi işlər həyata keçirilir. Hər birimiz Xocalının tanıdılması və erməni quldurlarının ifşa olunması və haqq-ədalət məhkəməsi qarşısına çıxarılması üçün bacardığımız işi görməliyik. Hansısa xarici ölkəyə səfər edən, istər məmur olsun, rəsmi şəxs, yaxud Azərbaycanın bir vətəndaşı özümüzlə Xocalı həqiqətlərinin əks olunduğu kitabları, diskləri, müxtəlif çap məhsullarını aparmalıyıq və tanış olduğumuz hər kəsə, iştirak etdiyimiz hər tədbirdə bunları təqdim etməliyik. Xocalıda qətlə yetirilmiş soydaşlarımızın ruhu bizdən bunu gözləyir.

 

Məlahət Rzayeva

Şərq.- 2019.- 23 fevral.- S.8.