Bir neçə sahədə veriliş boşluğu
var
İxtisaslaşmış
telekanalların yaradılması bu boşluqları doldura
bilər
Müşfiq
Ələsgərli: "Bu dəqiqə uşaqlar və yetkinlik
yaşına çatmamışlarla bağlı xüsusi
proqramların, həmin kanallarda maarifləndirici,
tərbiyəedici mövzularla bağlı verilişlərin
yayımlanması lazımdır"
Azər
Həsrət: "Təhsil kanalının ümumi
səviyyədə yayımlanması müsbət hal
olardı"
(...əvvəli
ötən sayımızda)
Müasir
media sisteminin ən çevik qollarından biri televiziya
kanallarıdır. Bu gün televiziya adi məişət
cihazı deyil, həyatımızın ayrılmaz hissəsi,
əsas məlumat mənbəyimiz, həmsöhbətimizdir.
Televiziya həm də insanın düşüncə
baxımından genişlənməsi, dünya ilə
təması, yaşadığı cəmiyyəti
yaxından görməsi, ətrafında gedən prosesləri
duyması və ən başlıcası özünü
dərk etməsidir. Deməli, televiziya, onun kommunikativliyi
və verdiyi məhsul o dərəcədə
mükəmməl olmalıdır ki,
tamaşaçının qavrayışı təhrif olunmasın,
insanın psixikasında və davranışında
yanlışlıqlar yaranmasın. Televiziyalar eyni zamanda
insanların həyatına, cəmiyyətə
ağlasığmaz yeniliklər də gətirib. İlk
növbədə kütləvi informasiya vasitələri
sisteminin müstəqil bir sahəsinə çevrilən
televiziya jurnalistikanın təsirini və miqyasını
genişləndirdi. Adamlar qəzetdə oxuyub, radioda
eşitdiklərini ekranda seyr etməklə "yüz
dəfə eşitməkdənsə, bir dəfə
görmək yaxşıdır” məsəlinin
doğruluğuna bir daha əmin oldular. Son illərdə
isə ölkəmizdə yeni televiziya kanallarının
ixtisaslaşmış şəkildə fəaliyyət
göstərməsini müşahidə edirik. Bu
günlərdə Milli Televiziya və Radio Şurasının
(MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də
Azərbaycanda ixtisaslaşmış televiziya
kanallarının açılmasının özünü
doğrultduğunu deyib. Onun sözlərinə görə,
xüsusən mədəniyyət kanalının, idman
kanalının və xəbər kanallarının
açılması teleradio məkanına yeni bir nəfəs
gətirdi:
"Biz bunu artıq hiss
edirik. Ona görə də bu tipli
kanalların, xüsusən də xəbər
kanallarının açılmasında maraqlıyıq. İndiki dövrdə informasiya
cəmiyyətində xəbər kanallarının, müasir
maddi-texniki bazaya malik və informasiya texnologiyalarının
üstünlüklərindən istifadə edən kanalların
açılmasında maraqlıyıq”. Bəs, hazırda Azərbaycanın televiziya
məkanında başqa hansı ixtisaslaşmış
kanalların yaradılmasına ehtiyac var? Ekspertlər ölkəmizdə xəbər və
idman kanallarının fəaliyyətini
qənaətbəxş hesab edirlər. Onların fikrincə, daha çox izlənilən
kanallardan biri də məhz idmanla bağlıdır.
Azərbaycan Mətbuat
Şurasının sədr müavini, Jurnalist Həmkarlar
İttifaqının sədri Müşfiq Ələsgərli
bildirib ki, yalnız ixtisaslaşmış televiziya yox,
ümumiyyətlə, ixtisaslaşmış KİV
qurumları dünya praktikasında mövcuddur. Ekspertin
sözlərinə görə, ixtisaslaşmış KİV
qurumları hər zaman müsbət effekt verib:
"Çünki
daha təkmil, elmi və hərtərəfli yanaşma ilə
bir sahəni əhatə etmək yaxşı
nəticələnir. Düzdür,
ümumi problemlərə yanaşan KİV-lər də
mövcuddur. Lakin dünya
praktikasında ixtisaslaşmış sahə KİV-lərinin
də mövcudluğu bir həqiqətdir. Dünyanın inkişaf etmiş
ölkələrinə baxsaq görərik ki, hava proqnozu
verən təkmil və ixtisaslaşmış televiziyalar var.
Onların işi gecə və gündüz hava proqnozları
verməkdir. Belə kanallar ekologiya
ilə bağlı baş verən bütün
hadisələr barədə məlumat verirlər, eyni zamanda
müəyyən maarifləndirmə işləri də
aparırlar. Həmçinin
ayrı-ayrı ölkələrdə parlament üzrə
ixtisaslaşmış KİV qurumu var. Bu qurum daim
parlamentlə bağlı olan hadisələrdən məlumat
verir. Kriminal üzrə
ixtisaslaşmış telekanallar da mövcuddur. Bu baxımdan insanların zövqünə, maraq
dairəsinə görə ixtisaslaşmış kanallar
yaradılsa, daha yaxşı olar”.
M.Ələsgərli
ölkəmizdə də ixtisaslaşmış kanalların
yaradılması yönündə addımlar
atıldığını deyib:
"Məsələn,
idman və mədəniyyətlə bağlı kanalları
qeyd edə bilərik. Düşünürəm ki,
Azərbaycanda belə kanalların fəaliyyət
göstərməsi yaxşı haldır. Amma görülən işlərin tamamlanması
ilə bağlı sual ortaya çıxır. Fikrimcə, bu sahədə işlər
tamamlanmayıb. Yalnız
mədəniyyət və idman telekanallarının
fəaliyyəti ilə bağlı işlərin bitdiyini hesab
etmək düzgün olmazdı. Çünki
əlavə ixtisaslaşmış kanalların olması
vacibdir. Ölkəmizdə uşaq
və gənclər üçün xüsusi kanalların
yaradılmasına ehtiyac var. Bu dəqiqə uşaqlar və
yetkinlik yaşına çatmamışlarla bağlı
xüsusi proqramların, həmin kanallarda maarifləndirici,
tərbiyəedici mövzularla bağlı verilişlərin
yayımlanması lazımdır. Ümumi
yayımlı kanallarda bu ehtiyacı ödəmək bir az çətin məsələdir,
hətta bu, problem də yarada bilir. Məsələn,
hansısa televiziyanın özü konversiya qurumudur və
bəzən onlar uşaqlar üçün elə reklam
çarxları verirlər ki, bütün bunlar onların
psixologiyasına ziddir. Ona görə də
yaxşı olardı ki, uşaqlarla bağlı
proqramların verilməsində ixtisaslaşmış bir qurum
fəaliyyət göstərsin.Bir çox xarici
ölkələrdə olduğu kimi, qanunverici orqanla
bağlı yayımların olması, əhalinin
maarifləndirilməsi yaxşı olardı.Həmçinin
cəmiyyət üçün əhəmiyyətli olan bir
çox məsələlərlə bağlı
ixtisaslaşmış kanalların da fəaliyyəti
müsbət haldır. Yəni bütün
bunların heç bir ziyanı yoxdur. Ölkəmizdə
prosesə başlanılıb. Fikrimcə,
bu proseslər davam etdirilməlidir. Biz
hələ ilkin mərhələdəyik. Bu sahədə müəyyən
təkmilləşmə olmalıdır və sonra
qiymətləndirmə yerinə yetirilməlidir”.
Mətbuat
Şurasının İdarə Heyətinin üzvü,
Əməkdar jurnalist Azər Həsrət Azərbaycanda daha
çox təhsil kanallarının fəaliyyətə
başlamasına ehtiyac olduğunu bildirdi:
"Nəzərə
alsaq ki, Azərbaycan uzun müddətdir ki, yeni təhsil
sisteminə keçir və bu keçid yekunlaşmaq
üzərdir. Lakin istənilən halda təhsil sistemi
yeniliklərlə zəngindir. Bu
baxımdan təhsil kanalının ümumi
səviyyədə yayımlanması müsbət hal
olardı. Əlbəttə,
uşaqlarla bağlı kanallar da var. Amma bu kanalların da
yayım imkanlarının bir qədər
genişləndirilməsinə ehtiyac var. Xüsusən də
uşaqlara təqim olunacaq verilişlərin, filmlərin
məhz milli istehsal olması zəruridir. Xarici istehsal olan cizgi filmləri təqdim olunur və
təbii ki, bütün bunlar uşaqlarımızın
başqa yöndə formalaşmasına təsir edə
bilər”.
Ekspertin
sözlərinə görə, həqiqətən də
ixtisaslaşmış televiziya kanalları özünü
doğruldur: "Mən cəmiyyət içində çox
oluram və insanlarla müzakirə edirəm. Görürəm ki, idman kanalı ilə
bağlı həmişə xoş sözlər deyilir və
bu kanalın tamaşaçıları çoxdur. Sırf idman tamaşaçıları həmin
kanalları davamlı şəkildə izləyirlər və
biri-birlərinə məlumat ötürürlər ki, filan
saatda filan veriliş olacaq.Eləcə də
mədəniyyət kanalı ilə bağlı deyilən
fikirlər müsbətdir və sevindiricidir. Çünki mədəniyyət kanalının
fəaliyyətə başlaması həm də kəskin
rəqabət şəraitində televiziya və radio
kanallarımızın milli mədəniyyətimizə,
musiqimizə arxa çevrilməsi fonunda çox
gərəklidir. Fikir versək
görərik ki, televiziya və radio kanallarımız
Azərbaycan musiqisinin demək olar ki,
sıxışdırılıb çıxarılması
ilə məşğuldurlar. Hətta
çox təəssüfləndirici haldır ki, bu prosesdə
bizim ümid etdiyimiz, bel bağladığımız kanallar
da iştirak edirlər. Özü
də acınacaqlı şəkildə bildirirlər ki, biz
tamaşaçı cəlb etmək baxımından bunu
etməyə məcburuq. Əslinə
qalanda isə tamaşaçını və dinləyicini
başqa üsullarla cəlb etmək mümkündür. Yəni biz auditoriyanın üzərinə
işləyə və onları milli ruhda formalaşdıra
bilərik. Ona görə də bu
boşluğun yaranmaması, milli musiqinin və
mədəniyyətin qorunması üçün
mədəniyyət kanalı böyük işlər
görür”.
Xəbər
kanallarına gəlincə, A.Həsrət bildirib ki, istər
dövlət, istərsə də qeyri-dövlət televiziya
kanallarımız universal tərkiblidir:
"Yəni televiziya kanallarımız müxtəlif mövzulardan bəhs edərək qarışıq formada fəaliyyət göstərirlər. Bu situasiyada da konkret xəbər
kanalı olaraq "REAL TV”-ni görürəm. Düzdür, bu kanal ölkəmizdə geniş
formada yayımlanmır. Amma istərdim
ki, "REAL TV” bütün ölkəmizdə əlçatan
olsun.Həqiqətən də bu kanalın özünü
doğrultduğunu düşünürəm. Çünki
"REAL TV” operativ xəbərçilikdə özü
sözünü deyir, eyni zamanda təhlillər aparır, ayrı-ayrı
ixtisaslaşmış kadrların rəylərinin
cəmiyyətə çatdırılması, baş
verənlərə anında reaksiya verilməsi
baxımından müəyyən boşluğu doldurur.Ona
görə də MTRŞ-nin ixtisaslaşmış televiziya
kanalları ilə bağlı dediklərinə haqq
qazandırıram və düşünürəm ki, bu
sahədə fəaliyyəti bir qədər
genişləndirmək, digər boş sahələrdə
də çatışmayan məsələləri həll
etmək lazımdır.
Ümumilikdə isə
təbiət, ovçuluq və s. sahələrlə
bağlı əlavə kanalların yaradılması
yerinə düşərdi. Çünki
xüsusən siyasi polemikalardan yorulmuş insanlar
izləməyə alternativ efir axtarırlar. Təəssüflər olsun ki, biz bu efiri xarici
ölkələrin kanallarında tapırıq. Halbuki, ixtisaslaşmış bir kanalımız olsa,
çox geniş tamaşaçı kütləsi də bu
kanallara maraq göstərər”.
(davamı
olacaq...)
Yeganə
Bayramova
Şərq.-
2019.- 26 fevral.- S.11.