Xüsusi sahə üzrə telekanalların olması vacibdir

Azərbaycandakı ixtisaslaşmış televiziyalar özünü doğrulda bilib

(...əvvəli ötən sayımızda)

Müasir media sisteminin ən çevik qollarından biri televiziya kanallarıdır. Bu gün televiziya adi məişət cihazı deyil, həyatımızın ayrılmaz hissəsi, əsas məlumat mənbəyimiz, həmsöhbətimizdir. Televiziya həm də insanın düşüncə baxımından genişlənməsi, dünya ilə təması, yaşadığı cəmiyyəti yaxından görməsi, ətrafında gedən prosesləri duyması və ən başlıcası özünü dərk etməsidir. Deməli, televiziya, onun kommunikativliyi və verdiyi məhsul o dərəcədə mükəmməl olmalıdır ki, tamaşaçının qavrayışı təhrif olunmasın, insanın psixikasında və davranışında yanlışlıqlar yaranmasın. Televiziyalar eyni zamanda insanların həyatına, cəmiyyətə ağlasığmaz yeniliklər də gətirib. İlk növbədə kütləvi informasiya vasitələri sisteminin müstəqil bir sahəsinə çevrilən televiziya jurnalistikanın təsirini və miqyasını genişləndirdi. Adamlar qəzetdə oxuyub, radioda eşitdiklərini ekranda seyr etməklə "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəlinin doğruluğuna bir daha əmin oldular. Son illərdə isə ölkəmizdə yeni televiziya kanallarının ixtisaslaşmış şəkildə fəaliyyət göstərməsini müşahidə edirik. Bu günlərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də Azərbaycanda ixtisaslaşmış televiziya kanallarının açılmasının özünü doğrultduğunu deyib. Onun sözlərinə görə, xüsusən mədəniyyət kanalının, idman kanalının və xəbər kanallarının açılması teleradio məkanına yeni bir nəfəs gətirdi: "Biz bunu artıq hiss edirik.Ona görə də bu tipli kanalların, xüsusən də xəbər kanallarının açılmasında maraqlıyıq. İndiki dövrdə informasiya cəmiyyətində xəbər kanallarının, müasir maddi-texniki bazaya malik və informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanalların açılmasında maraqlıyıq”. Bəs hazırda Azərbaycanın televiziya məkanında başqa hansı ixtisaslaşmış kanalların yaradılmasına ehtiyac var? Ekspertlər ölkəmizdə xəbər və idman kanallarının fəaliyyətini qənaətbəxş hesab edirlər. Onların fikrincə, daha çox izlənilən kanallardan biri də məhz idmanla bağlıdır."İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ixtisaslaşmış kanalların televiziya məkanında xüsusi rola malik olduğunu deyib:

 "Belə kanallar sırf hansısa sahə ilə bağlı xəbərləri özündə ehtiva edir. Məsələn, idman kanalları bu sahədə xəbərlərin əldə olunmasında zəngin baza rolunu oynayır. Bu baxımdan xüsusi olaraq bir sahə üzrə telekanalların fəaliyyəti olduqca müsbət haldır. Fikrimcə, ölkəmizdə iqtisadiyyatla bağlı hansısa ixtisaslaşmış bir kanalın fəaliyyəti yerinə düşərdi. Eyni zamanda uşaq verilişləri ilə bağlı televiziya kanalının olması çox vacibdir. Yəqin ki, gələcəkdə bu məsələlər öz həllini tapacaq. Nuşirəvan müəllimin dediklərində böyük həqiqət var. Dünyanın bir çox inkişaf etmiş ölkələrində, məsələn, qardaş Türkiyədə "TRT” kanalının böyük nüfuzu var.

Bu kanal ixtisaslaşmış şəkildə ayrı-ayrılıqda fəaliyyətini davam etdirir. Xəbər, idman və uşaqlar üçün proqramlar "TRT”-də ixtisaslaşmış formada nümayiş olunur. Düşünürəm ki, ölkəmizdə də bir ad altında, amma müxtəlif sahədə fəaliyyət göstərən kanalların fəaliyyəti uğurlu olardı. Yetər ki, televiziya kanalları zəngin verilişlər hazırlasın və oxucunu öz əhatəsinə toplaya bilsin. Digər tərəfdən isə ixtisaslaşmış kanallarda fəaliyyət göstərən şəxslər də həmin sahəni dərindən bilən peşəkar kadrlar olmalıdır. Bu faktlara əməl olunduğu təqdirdə Azərbaycanda yeni kanalların fəaliyyəti də olduqca qənaətbəxş hesab edilə bilər”.

 

"Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, ixtisaslaşmış televiziya kanalları ilə bərabər ümumi televiziya kanallarının da inkişaf etməsi Azərbaycan mediası üçün əsas istiqamətdir:

 

"Ölkəmizdə həm ixtisaslaşmış, həm də ümumi kanallara hər zaman ehtiyac var. Amma xüsusi televiziya kanallarının inkişafını daha üstün bir istiqamətə çevirmək bir qədər çətindir. Çünki Azərbaycan o qədər də böyük ölkə deyil ki, burada xüsusi televiziya kanallarının sayını hədsiz dərəcədə artırmaqla başqa kanalları nisbətən kölgədə buraxmaq mümkün olsun. Həmçinin xüsusi televiziya kanallarının ətrafına yüz minlərlə tamaşaçı cəlb etmək də bir az çətindir. Əgər Azərbaycan daha böyük bir ölkə olsaydı, təbii ki, ixtisaslaşmış televiziya kanallarının inkişafı üçün daha böyük perspektivlər ola bilərdi.

 

Lakin əsasən Milli Televiziya və Radio Şurasının müəyyən sahələrdə xüsusi televiziya kanallarının açılması strategiyasını müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bundan sonra da bəzi sahələrdə xüsusi kanallara ehtiyac olacaq. Ancaq bunun bir həddi var. Ayrıca olaraq xəbər, idman və mədəniyyət kanalları var. Məsələn, indiki şəraitdə və yaxın gələcəkdə ayrıca olaraq Elm televiziya kanalının fəaliyyəti pis olmazdı. Bu, xüsusilə ölkəmizin həm ictimai, həm də tətbiqi elmlərini təbliğ edən bir televiziya olacaq. Belə kanalın fəaliyyəti eyni zamanda ümummilli əhəmiyyətli də olardı. Elm kanalı üzləşdiyimiz tarixi bilgilərimizin ictimaiyyət üçün natamam olması səbəbindən yaranmış problemləri aradan qaldırmaq, müəyyən boşluğu doldurmaq baxımından böyük işlər görə bilər.

 

Düzünü desəm, xəbər kanallarının ölkədə özünü o qədər də yüksək səviyyədə doğrulda biləcəyini düşünmürəm. Bir xəbər kanalının ayrıca fəaliyyət göstərməsi yetərli ola bilər. Düşünürəm ki, xəbər kanallarının sayının artırılmasına ehtiyac yoxdur. Onsuz da bütün televiziyalar xəbərə yer ayırır və xəbərsiz televiziyanın ictimaiyyət tərəfindən qəbul olunması bir az fərqli təsəvvür olunan perspektivdir. Ona görə də bir xəbər telekanalının olması kifayətdir”.

 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin fikrincə, Azərbaycanda həmişə uğur qazanan ixtisaslaşmış telekanallardan biri də mədəniyyət kanalıdır:

 

"Artıq bir neçə ildir ki, ölkəmizdə ixtisaslaşmış kanalların yaradılması istiqamətində işlər görülür. İdman kanalı artıq həyata vəsiqə qazanıb. Bütün bunlar olduqca sevindirici haldır. Amma düşünürəm ki, ölkəmizdə ixtisaslaşmış kanalların sayı o qədər də çox deyil. Çünki başqa ölkələrə baxanda görürük ki, orada ixtisaslaşmış kanallar olduqca çoxdu. Düşünürəm ki, Azərbaycanda da ixtisaslaşmış kanalların sayı çoxalmalıdır. Xüsusilə bir sahə üzrə kanalların sayı çox olmalıdır ki, rəqabət mühiti formalaşsın. Bu zaman ixtisaslaşmış kanalların daha da inkişafının şahidi olarıq. Məsələn, İdman kanalının sayı birdir və hər birimiz bu kanalı izləyirik. Amma idmanla bağlı televiziya kanalları müxtəlif olmalıdır. Futbolla bağlı xəbərlər və proqramlar bir kanalda, digər idman növləri isə başqa kanallarda verilməlidir. Hesab edirəm ki, bu ixtisaslaşma sona qədər getməlidir”.

 

Y.Məmmədlinin sözlərinə görə, bu gün uşaqlar üçün cizgi filmi kanallarının da yaradılması olduqca vacibdir:

 

"Əksər xarici ölkələrdə uşaqlar üçün kanalların sayı çoxdur. Ölkəmizdə də bu ənənəni davam etdirmək lazımdır. Əsas məsələlərdən biri isə ixtisaslaşmış kanalların özlərinin arasında rəqabətliliyin yaranmasıdır. Məsələn, bizdə İdman kanalı var, amma bu kanalda nə təqdim etsələr, biz ona baxırıq. Lakin bir neçə idman kanalı olsa, daha keyfiyyətli proqramlar ortaya çıxa bilər. Yəni ki, ixtisaslaşmış telekanallar sahəsində daim yeniliklər olmalı, rəqabət mühiti formalaşdırılmalıdır. Bu mühit nümayiş olunan proqramların keyfiyyətinə bilavasitə təsir edəcək, eyni zamanda biz tamaşaçıların da xeyrinə olan bir məsələ olacaq”.

 

Tanınmış teleaparıcı, media eksperti Elçin Əlibəyli ixtisaslaşmış telekanalların yalnız ölkəmizdə yox, artıq bütün dünyada çoxdan trendə çevrildiyini dedi:

 

"Doğrudan da ixtisaslaşmış kanalların öz tamaşaçı kütləsi var. Ölkəmizdə xüsusilə İdman kanalı özünü ixtisaslaşmış şəkildə doğruldub. Amma bu sözü Mədəniyyət kanalı haqqında deyə bilmərəm. Sırf İdman kanalında yayımlanan proqramlar olduqca qənaətbəxşdir. Həqiqətən də idman həvəskarları bu kanallardan çox bəhrələnirlər. Hətta "CBC sport” kanalı bu sahədə kifayət qədər liderliyə malikdir və xeyli sayda tamaşaçı kütləsi var.

 

Mədəniyyət kanalında isə vəziyyət bir qədər mürəkkəbdir. Hesab edirəm ki, yeni rəhbər buraxılan böyük səhvləri aradan qaldıracaq. İlk növbədə bu kanalda ciddi yaradıcı heyət olmalı idi. AZ TV-də yaradıcılıq studiyasının yaradılması isə çox sevindirici haldır. Çünki bu kanalın mədəniyyət sahəsində böyük təcrübəsi var.

 

Bundan sonra Mədəniyyət kanalının yeni sima qazanacağına əminəm”.

Ekspertin sözlərinə görə, uşaqlar və yeniyetmələr, audio-video təqdimatı olan və yalnız serial yayımlayan, şəxsiyyətlərin bioqrafiyasından bəhs edən serialların yayımı ilə məşğul olan kanalların yaradılmasına ehtiyac var: "Eyni zamanda hərbi telekanalın da yaradılması lazımdır. Bundan başqa hobbilərlə bağlı müəyyən kanalların yaradılması da yaxşı olardı. Məsələn, ovçuluq və balıqçılıqla bağlı. Təbii ki, bunlar vacib deyil. Amma belə kanallar ümumi şəkildə də fəaliyyət göstərə bilərlər”.

Yeganə Bayramova

Şərq.- 2019.- 27 fevral.- S.11