"Təsəvvür edə bilirsinizmi
insan ac qaldığına görə ölür"
Qərara aldıq ki, son üç yüz ildə
insan düşüncələrində gedən dəyişiklikləri
izləmək məqsədilə Volterin məşhur “Kandid və
optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən
sualları Azərbaycanın tanınan simalarına
ünvanlayaq.
Müsahibimiz "Şərq"
qəzetinin redaktoru Ayyət Əhməddir.
- Ürəyimizə yiyəlik
edən, ruhumuzu qaplayan şeyin nə olduğunu bildirən
sevgi mənə bircə öpüş
bağışlamışdı, ancaq bunun
qarşılığında mən 20 təpik yemişdim. Belə
gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr
doğurur və siz bərk sevirsiz yoxsa, necə?
- Sevgi bilə-bilə
özünü bir anda görüb, məftun olduğun birindən
asılı vəziyyətə salmaqdır, məncə. Bu mənada
sevgi həm də bir az sərbəstliyini və xarakterini itirməkdi.
Bərk sevən insan bəzən prinsiplərinə xəyanət
etmək məcburiyyətində qalır. Yəni, sevgi də
qurban tələb edir. Möhkəm sevən adam çox
hallarda özünü müti , mötədil və kölə
vəziyyətinə salır. Bəzən kimliyini itirir. Bu dəmdə
şairin bir misrası yerinə düşür: “Mən ki,
kölən idim, kölən əlində”. Doğrudan da bərk
sevmək, sevgidə həddən ziyadə səmimi və
dürüst olmaq insanı kölə vəziyyətinə
sala bilər və bilir də.
Saf, pak sevgiyə görə,
kiminsə təpiyini də, silləsini də “yemək” olar. Fəqət,
əsas odur ki, səni sevgi sillə , təpik
yağışına tutmasın. Bax, bunun acısı söz
yarası kimi dözülməz olur. Göz yaşı kimi
duru, ana südü qədər halal, söz qədər uca
sevginin göbəyi göydə kəsilir, zənnimcə.
Xub, belə sentimental və günəş kimi ləkə
götürməyən inci - sevgi niyə iyrənc nəticələr
doğurur ? Bunun günahını niyə
sevgidə axtaraq ki ? !Sevgi bizim iç
dünyamızın zahirimizdəki inikasıdır.
Canımızdakı sevgi yaralarının günahını
özümüzdə axtarmalıyıq. Şair yaxşı
deyib: “Hər kim ki, yüz yaşamır günah onun
özündədir”. Baxın, əksəriyyət
sevgini həmişə bahar ətrində, göyün ənginliklərində,
kəhkəşanda, çiçəklərin qoxusunda,
bülbüllərin cəhcəhinə
bürünmüş bir yaz səhərində, günəşin
doğmağında, narın yaz yağışında, bir
“sabah kahvaltısı”nda , özünü qayalara
çırparaq parçalanan çoşğun
dalğaların damlalarında, üstünə səhər
şeyi düşmüş qızılgüldə
axtarır və ya sevgini orada görür. Sevgi
o məkan və məqamlarda doğulur, bəlkə də. O məsum,
tifil, isti, həlim sevginin çiskinli payız
yağışını, qılınc kimi kəsib keçən
qış soyuğunu, çovğununu, sərt
üzünü ağlımıza belə gətirmirik, gətirmək
istəmirik. Faciəmiz də elə buradan
başlayır. Məhz ona görə də sevən gənclər
ilk aylarda bir-birinə şeir yazırlar. Artıq üstlərinə
yorğan kimi örtülmüş həsrətə son qoyub,
vüsala qovuşub, ocaq çatıb, ailə qurduqdan sonra
şeirdən imtina edib, nəsr yazmağa başlayırlar. Nəsrdə
isə qayğı, iztirab və ağrılar süzülür
qara qələmin ucundan ağ kağıza. Və bəzən
bu nəsr onlar üçün məşum nəticələr
doğurur. Bu sevgi bir anın içərisində nifrətə
çevrilir. 13 il sevgili olub, “can deyib, can eşidənlər”in
evləndikdən 13 ay sonra “qan deyib, qan eşitmələrinin”
az şahidi olmamışıq. Sevginin payız
üzünü düşünmürsənsə, o üzə
hazır olmursansa, sevgini yalnız çiçəklərin
doğulmasında və ya şair demiş “Hələ əl
dəyməmiş dodaqlarda” axtarırsansa, deməli , o sevgini
ağlınla yox, hissinlə yaşayırsan. Hisslər də,
adamı çox vaxt yarıyolda buraxır. Sevginin payız fəslini
daha çox göz önünə almaq lazımdır ki, əfkarına
çatandan sonra o sevginin ahəngini, nəbzini, ürək
döyüntülərini qoruya biləsən. Sevgini bəzən
elə etibarsız hala gətiririk ki... Bəli,
biz özümüz. 31 dekabr 2012-ci il, qarlı, sazaxlı bir
qış günündəçiynində silah səngərdə
dayanıb, eyni anda işğaldakı torpaqlarımızın
və sevdiyinin xiffətini çəkən əsgərə
sevgilisinin “məni başqasına verdilər” deməsi qədər
rəzil edirik sevgini. Sevgini bəzən bətnindəki
dölü abort etdirən qadın qədər
vicdansızlaşdırırıq. Açığı, bu
da təxərrüş doğurur və amansız hadisələrə
qucaq açır. Sevgini bəzən nifrətlə
yanaşı addımlamağa məcbur edirik.
Yəni, şairin təbirincə desək:
Nə gedə
bilirik goru başından,
Nə
tuta bilirik çıraq sevgiyə...
Elə
olan halda da sevgi nifrətlə həm rəng olmasa da, həm
xasiyyət ola bilir. Sevgi həmişə
xəfif qalmır. Onun da sərt
üzü, çovğunu, qışı, qarı, ayazı
şaxtası var. Sevgini ayazda, qarda, şaxtada axtarmaq
lazımdır. Bir sözlə, hər
yoxuşun bir çökəkliyi olur.
Ona
görə şair ərz edir:
Ən
çox qışda sevdim səni
Ayazda,
qarda sevdim...
Sevgi dumduru su kimi doğulur, amma sonradan ona müəyyən
inqridientlər qatılır. Bax, o qatqılar
bir-birini tamamlamayanda sevgi zəhərlənmə verir.
Bütün körpələr məsum doğulur, amma hamı
böyüyəndə məsum qala bilirmi ?
Əlbəttə, xeyr !
Sevgi bal arısı kimidir, onu bəsləsən,
tumarlasan, dadı damağında qalacaq bəhrə verir, lakin
onu incitsən, üzsən, qırsan, yorsan səni sancacaq. Və özü də sancandan bir neçə saat
sonra gözlərini bu həyata əbədi yumacaq. Ona görə, sevgi bütün incəliklərin, nəcibliklərin,
eleqansların, fövqündədayanır, məncə.
Əlqərəz, sevgi çiçəkdi, o
odun olmaq istəmir, odun olmaqdansa, solub ölməyi seçir.
Onun gözdən itməsi isə sənə
ölümdən də betərini yaşadır. Ömrünə, həyatına qış fəslinin
ən sərt küləyini əsdirir. Səni
buza döndərir, bir küncə sığınıb, dizlərini
sinənə yığıb, qanı qaçmış əllərinə
“hu”edib isti nəfəs verəcəyin qədər
üşüdür. Ondan sonrakişisən di, gəl
yaşa... Sevgi özündən müştəbehləri
heç zaman sevmir. O dərin və mürəkkəb
olduğu qədər də sadə, adi və mütəvazidir.
Sevginin tərifini belə verərdim: Sevgi illər boyu ürəklərdə
göyərən arzuların bir gün bir üzük vasitəsilə
bir barmağa axıb dolmasıdır”.
- Sevgi
öldürməyə qadirdir?
-
Köksünə sevgi doldusa, bircə çıxış
yolun var: sevməlisən ! Sevgi bəzən
ağrıyan diş kimidir,çıxarmasan
rahatlana bilmirsən. Sevgi belədir. Çıxacaq qanı damarda saxlaya bilmədiyimiz
kimi, sevgini də ürəkdə boğub saxlaya bilmərik.
O ali və ümdə hiss qəlbinizə hakim kəsildisə,
sevin ! Amma unutmayın ki, sevgi hər iki tərəfin
təmannasız istəyi zamanı daha ali
və sarsılmaz olur. Təktərəfli sevib,
özünü sevginin quluna çevirmək qan verən
sağalmaz yara kimi həmişə insanı incidir. Şübhəsiz, sevgi qana işləyərsə,
öldürməyə qadir olur. Bunun
çoxsaylı nümunələri var. Amma ümumən,
sevgi ölümə təşnə deyil. Psixologiya elmi
insanı temperament və xarakterinə görə, 4 kateqoriyaya
bölür: sanqvinik, fleqmatik, melanxolik, xolerik. Bəli,
sevgi melanxolik insanları dərhal öldürə bilir.
Çünki melanxoliklər sevgini bəzən
dərd və ya yük kimi yaşayırlar. Nəinki, sevgiyə, hətta özlərinə belə
inanmırlar. Ən xırda problemi özlərinə elə
böyük yük edirlər ki... Bax belə
insanlar bircə dəfə sevginin sərt üzünü
görəndə artıq onun aciz qurbanına çevrilirlər.
onların ən böyük
üstünlükləri odur ki, canlarına qıyırlar,
amma sevgilərinə yox ! Amma sanqviniklərdə
tam əksini müşahidə edirik. Onlar
üçün həyat rəngarəndi, həmişə
davam edir, həmişə yenilənir. Sanqviniklər
sevgiyə ağac budağı kimi yanaşır çox vaxt.
Onlar bu sevgidən o sevgiyə asanlıqla qona
bilirlər. Bu xarakterli insanlar həyatlarını
fransızsayağı- doya-doya- yaşayırlar. Fleqmatiklər də sevəndə olduqcamöhkəm
sevirlər, lakin çox soyuqqanlıdırlar. Bir addımlarını 100 yox, milyon dəfə
ölçüb, sonra biçirlər. Sevgi
onları öldürə bilmir. Xoleriklər
isə inadkardılar, başlatdıqları işi
yarımçıq buraxmırlar, tez hiddətlənirlər,
amma sevgi ilə bağlı problemləri yarandıqda məsələni
intiharsız, ölümsüz tənzimləyə bilirlər.
Sevginin öldürməsi və ya öldürə
bilməməsi xarakterdən asılıdır. Bu, bir az iradəlilik və iradəsizlik məsələsidir.
-
Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə
bilər. Bizim azadlığımız
qıraqdan gəlib çıxmır, bunun üçün gərək
istək olsun. Azadlıq sadəcə istəkləmi
törəyir?
-
Azadlıq amilinə həmişə şərti və nisbi
bir anlayış kimi yanaşmışam. Azadlıq
beyin, düşüncə, şüur işlədikcə,
daha dərinə və uzağa gedə bilən bir dəyərdir.
Azadlığın üfüqləri o qədər geniş və
açıqdır ki... Bu mənada hesab eləmirəm
ki, mütləq bir azadlıq var. Dünyanın heç bir
ölkəsində azad insan yoxdur. Məsələn,
hər kəs nə vaxtsa öləcəyini bilir və
özü etiraf etməsə belə, bundan daim qorxur,
hürkür. Təkcə bu fakt insanın
azad olmadığını göstərir. Insan həmişə kimdənsə, nədənsə,
asılıdır. Razılaşıram
ki, sərbəstinsanlar var. Sərbəstliklə
azadlığı qarışdırmaq olmaz. Bunlar ayrı-ayrı məsələlərdir.
Sərbəstliklə, biveclik və
özbaşınalığın isə sərhədləri
arasındakı məsafə 10 santimetrə qədərdir.
Bu sərhədləri də identifikasiya edə
bilməyəndə kanallar qarışır və anarxiya
yaranır. Volterin “Bizim
azadlığımız qıraqdan gəlib
çıxmır, bunun üçün gərək istək
olsun” fikrinə qoy, elə fransız atalar sözünün
gözü ilə baxaq. Fransızlar deyir “Pouvoir c’est
vouloir, vouloir, c’est pouvoir”(istəmək
bacarmaqdı, bacarmaq da istəmək ) Görünür, bu
atalar sözü məhz elə Volterin dönəmində
yaranıb. Doğrudur, istəkdən çox
şey asılıdır, amma hər şey istəkdən
asılı olmur axı. Hər şey istəməklə
reallaşsa idi, yaşamağa nə vardı ki... İstədiyimiz hər şeyi bacararıqsa və
ya bacardığımız hər şeyi istəyə biləriksə,
onda dünyada problemlər, qarşıdırmalar, silahlı
toqquşmalar, qarğınlar, qətliamlar olmazdı. Məsələn,
Qi dö Mopassan da Fransada Eyfel qülləsinin tikilməsini istəmirdi.
O və başqa 300 nəfər ziyalı bunun inşasına
qarşı idi. Onu dəmir yığını
adlandırırdılar. Onların da istəyi Eyfel
qülləsinin tikilməməsinə nail olmaq idi. Bu istəklərinə
çatmağı bacardılarmı ? Xeyr. Hətta Mopasan Fransa hökumətinə
məktuba qədər yazdı. Deməli,bütün
bacarmaqlar, istəmək, bütün istəməklər isə
bacarmaq deyil. Volterdən fərqli olaraq Mopassan
bunu daha dəqiq dərk etmişdi. Eyfel
qülləsini görməsin deyə, gedib onun birinci mərtəbəsindəki
kafedə oturub yemək yeyərmiş, ara-sıra da
yazı-pozu işlərini görərmiş. Ona görə də hər şey istəklə
olmur. İstəklə bütün niyyətlərə
müyəssər olmaq heç də, hər zaman
mümkün olmur. Buna mühit mane olur.
- Kandid
yeni dünyaya gedir. Orada hər şey bizim bu
köhnə dünyadakından yaxşı olmalıdır.
Mənə elə gəlir, bu yeni
dünyanın dənizləri də Avropanın dənizlərindən
yaxşıdır. Bəs haradadır, o
yeni dünya?
- Mən
elə bilirəm ki, yeni dünyanı hər kəsin
özü kəşf etməlidir. Özüdə
bu yenidünya hər gün bir pəncərədən digərinə
keçməklə məkanını və zamanını dəyişməlidir.
Məni xoşbəxt edən, həyata sıx
tellərlə bağlayan odur ki, özümü yeknəsək
dünyadan, həyatdan uzaqlaşdırmağı bacarıram.
Məsələn, mənim üçün yeni
dünya hər işdən evə gələndə
mağazadan qızımın daha çox sevdiyi
şirniyyatları seçməkdir. Bilirəm
ki, o bu şirniyyatları görəndə sevinci göyə
dirək olacaq. Mənim üçün yeni dünya
qapı döyüləndə qızımın “Ayyətdi ?” deyə soruşub “Hə,
qızım, mənəm” cavabını alandan sonra
atılıb-düşməsidir. Məni
görcək boynuma sarılmasıdır. Onunla
oynadığım gizlən qaçdır. “Həkim qızım, məni yoxla” deyəndə
oyuncaq tibb çantasını çıxarıb, mənə
nəfəs verməsidir. Mənsiz yatmamasıdır.
“Ayyət ürəyimdi” deməsidir. Bu sadaladıqlarımın hər biri məni hər
gün yeni və fərqli bir dünyaya aparır. Bəzən yeni dünyamı hansısa yazıya
qoyduğum çəkici və yaradıcı bir
başlıqda tapıram. Yeni
dünyamı tələbələrimin əhval-ruhiyyəsində,
aralarındakı fikir mübadiləsində tapıram.
Birdə görürsən yeni dünyamı fransız dilinə
tərcümə etdiyim bir şeirin ən sadə bir
misrasında iliş qalıb, Moşu kimi
“xoşbaxlıq-xoşbaxlıq” deyə-deyə gəzməyimdə
tapıram.Yeni dünyanı bizə heç kim
yaratmayacaq. Kim buna inanırsa, onun
düşüncəsinin yerində olması şübhə
doğurur. Yeni dünyanı insan
özü yaratmalıdır. Insan həm də
öz həyatının memarı olmalıdır. Həyatını, dünyanı elə inşa etməlisən
ki, ən azı orada yaşamaq sənə istibdad, məşəqqət
göstərməsin. Əksinə, zövq və
entuziazm versin. Kimsə öz yeni dünyasını qura bilmirsə,
o adam melanxolikdir və o melanxoliyanı dərisində
yaşadır. Bu cür adamlar adətən,
natamam olurlar. Cəmiyyətdə özlərinə
yer tapa bilmirlər. Belə olan halda isə
ya canlarına qəsd edirlər, ya da bizim bəzi gənc
şair və yazıçılarımız kimi sosial şəbəkələrdə
təlxəklik edərək natamamlıq və
yarımçıqlıq sindromlarını nümayiş
etdirirlər. Yəni yeni dünya
insanın öz beynində olmalıdır. Beynin monotondursa, yaxşı
çalışmırsa, innovativ quruluşlara qapı
açmırsa, artıq o yeni dünya da kəşf edə
bilməyəcək. Məsələn,
yaxşı şeir özündən sonra yaxşı bir
şeirin doğulmasına rəvac verir. Yeni
və kreativ düşüncədə elədir. Amma yeni düşüncəni və dünyanı qəbul
etməyənlərin həyatı yalnız küydə ibarət
olur. Və o adam heç vaxt səs
ola bilmir. Mən özüm üçün
yaratdığım yeni dünyadamda palitranın pozulmasına
imkan vermirəm. Yeni dünyamda saatın əqrəblərini
ailəmin, qızımın, şeir tərcümələrimin,
yazılarımın üzərində qurururam. Bu məni çox xoşbəxt edir.
- Yer
üzündəki bütün sərvətlər
hamınındır, hamı bunlardan bərabər yararlanmaq
haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?
- Məncə,
Volter indi yaşasaydı, bu cümlələri heç
yazmazdı. Qoy, ruhu inciməsin bizdən,amma
onların öz patronlarını özlərinə
qarşı işlədəcəm. Fransanın milli devizi “la liberté
» (azadlıq), “l‘egalité “(bərabərlik) et “la
fraternité”(qardaşlıq)dur. Bu
gün Fransa bu devizlərə əməl edirmi
? Xeyr ! Demokratiyanın
beşiyi sayılan, qədim və zəngin mədəniyyəti
olan bir ölkədə “sarı jilet”lilər öz
qardaşları olan polislər tərəfindən ən
amansız işgəncələrə məruz qalır.
Bir ölkənin daxilində , eyni qan və
candan olan qardaşlar arasında qardaşlıq, bərabərlik
yoxdursa, bu bərabərliyi daha böyük maştabda axtarmaq
sadəlövhlük və əbləhlik olardı. Dünyada bərabərlik olsaydı, Suriya və digər
münaqişə bölgələrində insanlar acından
ölməzdilər. Təsəvvür edə
bilirsinizmi insan ac qaldığına görə ölür.
Bu cümləni duyub, dərk edəndə beyin
“error” verir. Dünyanın hansı ədalətindən danışaq ? 20 faiz
torpağımız işğal altındadır, 1 milyondan
artıq qaçqın və məcburi
köçkünümüz var. Tarixi abidələrimizi erməni
vandallar məhv edib. Volterin də
doğulub, boya başa çatdığı ölkə bu vəhşəti
törədənləri keçmişdə də dəstəkləyib,
indi də dəstəkləyir. Buna
dünya birliyi də susur. Volter hansı düyəvi və
bəşəri bərabərlikdən danışır
? Dünyanın ədaləti budur: gücün və
pulun varsa, ədalətdə səndədi, sərvətdə,
reputasiya da...Şairin “Ədalət cibində pul olandadır”
misrasını yüngül korrektə ilə belə vermək
olar: “Ədalət qolunda güc olandadır” Məncə,
güclü və haqsızın yanında durub, haqlı
görünməkdənsə, gücsüz, lakin haqlı
olanın yanında dayanıb, haqsız görünmək daha
şərəfli işdir. Əsas odur ki,
haqlının və haqqın yanında olasan. Amma dəqiq bilirəm ki, dünya haqqın deyil,
gücün yanındadır. Və bu ədalətsiz,
zorakı, anti-demkratik yanaşma ovqatımı ciddi şəkildə
təlx edir.
-
Yaşam sevgisi deyilən şey bizim ən gülünc
gücsüzlüyümüzdür. Axı,
sonunda torpağa düşəcək ağır bir
yükü çiynində daşımağın nə
anlamı var? Bu öz varlığından
utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq
yaşamaqdansa, ölüm yaxşı deyilmi?
- Buna da
franszıların bir atalar sözü ilə cavab verim. “La vie
passe il ne nous reste qu les traces” (Həyat keçir bizə
yalnız izlər qalır) Bir az alt qata ensək
görərik ki, bu atalar sözü insanı həyatdan
zövq almağa, sevdiklərindən qopmamağa və həyatını
yelə verməməyə çağırır. Yəni sənə
bəxş edilən o ömrü elə yaşamalısan ki,özündən sonra iz qoya biləsən. Elə iz ki, o iz səni unutdurmasın və səni
ölümsüz etsin. Fərz edək ki,
hamı Volterin dediyi kimi edir. Dünyaya gəlir,
böyüyür özünü qanan, həyatı dərk
edən vaxt “Mən heç nəyə və heç kimə
lazım deyiləm “deyir və özünün
öldürür. Bu çox ziyanlı
düşüncədir. Əlbəttə,
həyat fanidir, bu dünyada hamımız qonağıq, bir
gün hamının yüyürüyü yırğalanacaq.
Amma məsələ o ki, biz
özümüzü öldürməyə deyil, ortaya
qoyduğumuz və ya qoyacağımız faydalı işlərlə
özümüzü ölümsüzləşdirməyə
çalışmalyıq. Onsuzda
ölümdən qurtuluş, qaçış yoxdur. Bir gün cənabi əzrayıl xırtdəyimizə
çöküb bizi haqlayacaq. Amma bu
ömrü elə yaşamalyıq, elə nəsnələr,
əməllər, işlər qoyub getməliyik onlar bizi daim qəlblərdə
və beyinlərdə yaşatsın. Özümüzü
yalnız doğum tarixi olan şəxsiyyətə çevirməyi
bacarmalıyıq. Son aylar ölüm barədə
çox düşünürəm. Onu
anlamağa çalışıram. Onunla
üz-üzə qalacağım və pəncəsi altına
düşəcəyim son günümü
düşünürəm. “Bu gün necə olacaq, ora varmı ? varsa, haradadır
, necədi ? doğrudan da qara paltarlı
qadın kirimədikcə, qəbrim damacaqmı ?”
suallarının cavabsız qalması məni çox yorur. Beynim “bəlkələr” qəbiristanlığıdır.
Vaqif Səmədoğlunun təbirincə desək,
təəssüf edirəm ki, öləndən sonra
ölümün nə olduğunu heç kimə anlada bilməyəcəm.
Yanımda heç mobil telefon da olmayacaq ki, məlumat
verim. Adamı bircə bu yandırır.
Yəni ölüm həmişə var, bizi həmişə
təqib və təftiş edir. Həyat
isə insana bir dəfə verilir. Onu
yaşayıb, dadını çıxarmalısan. Mütləq və mütləq bizə bu həyatda
qalan buraxdığımız xoşməramlı izlər
qalacaq. O izləri buraxmaq gərəkir ki, ölüm
bizi unutdura bilməsin. Biz də ölümdən
intiqamımızı bu cür almış olarıq.Bu
ömrü elə yaşamaq gərəkir ki, evdən deyil,
eldən gedən adam olasan.Axı
ölüm yox olma deyil, qəfl gözlərdən qeybə
çəkilmədir.
-
Başqalarının gözəllik tapdığı yerdə
əyər və əskiklik axtarmağın adı və
dadı nədir?
- Adı nihilizm və eqoizm , dadını bilmirəm,
amma güman kimi ağı dadar. Bu, çöhərisindən
nur, təbəssüm yağan, gözəl gözlü bir
xanımın gözlərinə linza taxıb, sir-sifətini
silikona tutub, özünü bədheybət vəziyyətə
salması kimi bir şeydir. Doğrudur,mütləq gözəllik
də yoxdur. Bəzən hər hansısa bir gözəllikdə
də tənqid etməli nələrsə ortaya
çıxır. Söhbət sağlam və qərəzsiz
tənqiddən gedir. Sağlam tənqid və mühakimə tərəqqiyə
aparır. Amma hər şeyi top-tüfənglə
qarşılayan adamlar ,sadəcə, qərəzli, eqosuna
yenik düşən adamlardır. Rəhmətliklərdən
biri deyib: “Sən nə çalırsan çal
mən heyvagülü oyanaycam”. İndi beləsinə nə ərz
edirsən et, nə təlqin edirsən elə, nə
aşılayırsan aşıla yenə də öz
havalarını çalıb oynayacaqlar . Belə adamları sərbəst
buraxmaq lazımdır , onsuzda sonda öz eqoları öz evlərini
yıxacaq. Bu cür nihilistlər heç vaxt uğur da
qazana bilmirlər. Gözəlliyə, gözəllik deməyi
bacarmalıyıq artıq.Bu kimisə təqlid və təkrar
etmək deyil.
Görəsən, niyə faciələrə
maraqlı tamaşa edirsən və faciələri oxuyanda
çox maraqsız olur?
- Ola bilər ki, görüntüdə
emosiyalar, hisslər, jest və mimikalar açıq-aydın
görünür deyə, insan faciəni, o faciəni
yaşayanın hiss və həyəcanını daha
yaxşı anlayır. Yazı isə təhtəlşüurda
bu efffekti yarada bilmir, bəlkə də...
- İnsanların bəziləri bütün
çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük,
yaxşılıq itirən, qorxaq, fanatik, iki üzlü
olmuşlar?
- Dünya belə gəlib, belə də gedir.
Heç düzələn də deyil !
Hazırladı:
Tural İsmayılov
Şərq.- 2019.- 2
iyul.- S.10