Jurnalistikaya giriş
asandır, amma jurnalist olmaq çətin...
Ekspertlərin
əksəriyyəti artıq qabiliyyət imtahanlarının
da özünü doğrultmadığını iddia edirlər
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
mediamıza yeni nəfəs gətirmək vəzifəsini
davam etdirir. Deyə bilərsiz ki, jurnalistika fakültəsinin
işi jurnalist ixtisasına yiyələnmiş kadrlar
hazırlamaqdır. Doğru. Amma bir var, sadəcə, ixtisasa yiyələnən,
bir də var, jurnalist kimi yetişən kadrlar.
Dövrümüzdə
məhz dövrün tələblərinə cavab verən
ixtisaslı kadrların yetişdirilməsi isə elə də
asan iş deyil. Nəzəriyyəni öyrəndik,
bəli, bəs praktika? Hər kəsə
bəllidir ki, praktikasız yetişkin kadr kimi üzə
çıxmaq mümkün deyil. Jurnalistika
fakültəsini əla qiymətlərlə bitirib, hətta
müəllimlərinin sevimlisi olan tələbələr var
ki, jurnalistikada özlərini tapa bilməyib. Bu elə bir sahədir ki, çalışdıqca
püxtələşirsən, peşəkarlaşırsan.
Nəzəriyyəni praktikada uğurla tətbiq
edənlər peşəkar jurnalist kimi özünü təsdiqləyir.
Son illərdə
jurnalistikaya qəbulda qabiliyyət imtahanının tətbiq
edilməsinin səbəbi kimi test imtahanlarında müəyyən
bal toplamış abituriyentlərin
başqa fakültələrə qəbul olunmadıqda «əlacsız»
qalıb jurnalistikanı seçdikləri göstərilirdi. Deyirdilər ki, qabiliyyət imtahanı olarsa, kimin
yazı qabiliyyətinin, jurnalistikaya marağının
olduğu bilinəcək və bu abituriyentlər gələcəkdə
seçdikləri ixtisası daha yaxşı mənimsəyəcək
və bu ixtisas üzrə ürəklə, sevərək təhsil
alacaqlar. Amma təcrübə artıq bunu
göstərir ki, qabiliyyət imtahanı heç də hər
zaman işə yaramır. Bir yazı, yaxud
abituriyentlə aparılan bir neçə dəqiqəlik
söhbət insanın jurnalistikaya nə dərəcədə
maraqlı olduğunu, bu ixtisasa sevərək və
könüllü seçərək gəlmək istədiyini
aydınlaşdırmaq üçün kifayət etmir. Abituriyent qabiliyyət imtahanında yaxşı bir
yazı, tələblərə cavab verən esse və sairə
yaza bilər. Jurnalistika haqqında hansısa məlumatlara malik
ola bilər. Amma bu abituriyentin gələcəkdə
peşəkar jurnalist olacağına, öz ixtisasına
uyğun çalışacağına kimsə təminat verə
bilməz.
Cəmiyyətə
peşəkarlar lazımdır
Dünyanın hazırkı durumunda ölkəmizə
peşəkar media adamları çox lazımdır. Torpaqları
işğal altında olan, münaqişə və müharibə
şəraitində yaşayan Azərbaycanın həqiqətini
dünya ölkələrinə və vətəndaşlarına
çatdıracaq peşəkar jurnalistlərə ehtiyacı
var. Bəli, bu gün mediamızda peşəkarlar var və hətta
yetərincədir, deyə bilirik. Bəs sabah
necə olacaq? Bu günün tələbəsi sabah
ölkəmizin haqq səsini dünyaya yaya biləcək səviyyədə
peşəkar kadr kimi yetişə biləcəkmi?
BDU-nun Jurnalistika fakültəsində bakalavr səviyyəsi
üzrə keçirilmiş buraxılış işlərinin
müdafiəsi fakültəni bitirən tələbələrin
ixtisasa yiyələndiyini göstərdi. Bunu xüsusi
qeyd etmək istəyirik ki, buraxılış işlərinin
məzmunu müasir medianın tələblərinə uyğun
seçilmişdi. Məsələn, «Blogerlik vətəndaş
jurnalistikasının yeni formatı kimi», «Marketinq, neyromarketinq
və media», «Humanitar hüquq və silahlı münaqişələrin
«Vaşinqton rost» və «Dailu Telegraph» qəzetlərində
işıqlandırılması problemi", «TV-də tematik
verilişlərin strukturu (siyasət, sosium, kriminal)» və sair
oxşar məzmunlu buraxılış işləri jurnalistika
fakültəsinin müasir dövrün tələblərinə
cavab verəcək səviyyədə kadr hazırlamaq
iqtidarında olduğunu göstərirdi.
Bir halda ki, tələbələr jurnalistikanın sirlərinə
yiyələnmək və müasir dövr mediasının tələblərinə
uyğun peşəkarlıqlarını artırmaq
üçün 4 illik uzun bir yol keçirlər, qabiliyyət
imtahanı nəyi dəyişir?
Cahangir Məmmədli:
«Qabiliyyət imtahanının qaydaları ya dəyişməlidir,
ya da…»
Qeyd edək ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət
imtahanının tətbiqi ilə bağlı fikirlər
müxtəlifdir. Qabiliyyət imtahanlarını
lazımlı, gərəkli hesab edənlər də var, bunun
lüzumsuz olduğu fikrini irəli sürənlər də.
Amma Azərbaycanda müasir jurnalistika məktəbinin
yaradıcısı və peşəkarları sayılanlar
qabiliyyət imtahanlarının gərəksiz olması üzərində
dayanır.
Bakı
Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müdiri, professor
Cahangir Məmmədli bu fikirdədir ki, jurnalistika ixtisasına qəbul
prosesində həyata keçirilən qabiliyyət
imtahanından az sayda abituriyentin keçməsi bu vasitənin
özünü doğrultmadığını göstərir:
- Biz
hamımız cəhd göstərdik ki, jurnalistika fakültəsinə
qabiliyyət imtahanları tətbiq olunsun. Əslində,
yaradıcılıq tələb edən ixtisas olduğuna
görə qabiliyyət imtahanı lazımdır. Ötən
il qabiliyyət imtahanından az sayda
abituriyentin keçməsinin təsadüf olduğunu hesab
etdim. Amma vəziyyət təkrarlandıqda və
eyni vəziyyət təkrar yaşandıqda bu halın təsadüf
olmadığını düşündüm. Əgər
fakültəyə qabiliyyət imtahanı ilə bağlı
iki il eyni problem yaranırsa, deməli,
prosesdə nöqsanlar var. Nöqsanlardan ən
başlıcası imtahan götürən adamların pedaqoji
peşəkarlığının olmamasıdır.
İmtahan götürən insanlar jurnalistikaya həvəslə
gələn abituriyentlərdən çox yüksək, az qala özlərinin səviyyəsində
peşəkarlıq tələb edirlər. Bu fikri ötən
il səsləndirdiyimiz üçün elə
bilirdik ki, Dövlət İmtahan Mərkəzi imtahan prosesində
müəyyən dərəcədə dəyişiklik edəcək.
Ərizə verən və qabiliyyət
imtahanından keçmək arzusunda olanların böyük
hissəsi yenə keçmədi. Bu o deməkdir
ki, qabiliyyət imtahanı özünü doğrultmur.
Professor
Dövlət İmtahan Mərkəzi Direktorlar
Şurasının sədri Məleykə Abbaszadənin
"qabiliyyət imtahanı olacağı halda fakültəyə
bilikləri zəif olan abituriyentlər gələcəklər"
fikrinin özünü doğrultduğunu vurğulayıb:
- Həqiqətən
də aşağı bal yığan
abituriyentlər jurnalistikaya gəldilər. Onların
ümumi dünyagörüşü, bilik səviyyəsi bizi
təmin etmədi. Bu hal narahatlıq
yaradır. Jurnalistika fakültəsində
dərs deyən bir müəllim kimi bunun şahidiyəm.
İstərdim ki, qaydaların üzərində
yenidən işlənsin, yeni qaydalar müəyyənləşdirilsin.
Əgər mümkün deyilsə, növbəti
ildən qabiliyyət imtahanı tamamilə
götürülsün.
«Jurnalistika
xüsusi qabiliyyət tələb edən sahədir»
Jurnalist
Nigar Məhərrəmova isə hesab edir ki, jurnalistika da
yaradıcı sahədir və aktyorluq, bəstəkarlıq,
rəssamlıq və digər qabiliyyət tələb edən
sənət sahələri kimi burada da yaradıcı şəxsdən
xüsusi qabiliyyət tələb olunur:
-
Jurnalistika fakültəsinə daxil olmaq istəyən
abituriyentlərdən xüsusi qabiliyyət tələb
olunmalıdırmı?
Hazırda bir sıra universitetlərdə fəaliyyət
göstərən jurnalistika fakültələrinə nəzər
salaq. Qapını açıb içəri daxil oluruq.
Bu zaman qarşımıza 20, 40, 60 nəfərdən
ibarət böyük bir auditoriya çıxır. Kim bu ixtisası könüllü olaraq seçib
sualını verdikdə isə acınacaqlı bir faktla
rastlaşırıq. Bu böyüklükdə olan
auditoriyada qalxan əllər barmaqla sayılası qədər
olur: 7, 8, 10. Sözsüz ki, bu ixtisasa qəbul olunmaq
üçün qabiliyyət imtahanı keçirilsəydi,
bu acınacaqlı halın qarşısı alınardı.
O zaman bu fakültədə ixtisaslı və
könüllü olaraq bu peşəni seçən gənclər
oxuyardı.
İxtisas seçimi zamanı hər bir abituriyent 8
ixtisası kodlaşdırır. Öncəki iki
sırada hər kəs ən çox arzuladığı
istiqaməti qeyd edir. Həmin yerlərə qəbul ola bilməyən tələbələr
beşinci, altıncı, yaxud da ən son sıralarda
kodlaşdırdıqları fakültələrə
düşürlər.
Jurnalistika bütün dövrlər üçün məsuliyyətli
peşədir.
Lakin bu ixtisası arzulamayıb, «əsas odur ki, hansısa ali məktəbə daxil olum, bir ilim boş
keçməsin, zaman itirməyim» prinsipi ilə qəbul
olunanlar az deyil.
Həqiqətən jurnalistikanı özünə
peşə seçmiş tələbə kimi mən də
qabiliyyət imtahanının keçirilməsinin tərəfdarıyam. Təsəvvür
edək ki, rəssam deyib adlandırdığımız birisi
əlində fırça tutmağı bacarmır. Yaxud bəstəkar olmaq istəyən şəxsin
notlardan xəbəri yoxdur. O zaman onların hansı
birisindən peşəkar sənətkar çıxa bilər?
Hansı birisini sevərək əsərlərinə
baxıb zövq almaq olar?
Jurnalist də eləcə. O da yaradıcı şəxs
olduğundan onun qabiliyyəti, bacarığı, baş verən
hadisələr haqda düzgün mülahizələri, şərhləri,
icmalları böyük önəm kəsb edir. Hər kəs Azərbaycanda və xaricdə baş
verən gerçəklikləri biz jurnalistlərin dilindən
və qələmindən süzülən sözlərlə
alır. Bu mənada jurnalistdən xəbəri
hazırlayarkən yüksək peşəkarlıq,
ixtisası mənimsəməklə yanaşı, insanları
inandıra bilmək bacarığı da tələb olunur.
Zeynal Məmmədli:
«Jurnalistikada əsas ünsiyyət yaratmaq
bacarığıdır»
BDU-nun
Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli
isə qabiliyyət
imtahanının keçirilməsini önəmsiz hesab edir:
- Mən
bunun əleyhinəyəm. 17 yaşında olan
bir gənc nəyi dərk edir ki, nəsə bir şey də
yazsın. Jurnalist yazıçıdan fərqli
olaraq yalnız həqiqətləri yazmağı
bacarmalıdır. Əvvəllər
qabiliyyət imtahanında hər hansı bir mövzuda inşa
verilirdi. Məgər inşanı yazmaq
qabiliyyəti olmaq deməkdir? Qabiliyyət
imtahanının önəmsizliyini qeyd edən müsahibimiz
bunun əvəzində gənclərin psixoloji testdən keçirilməsini
önəmli hesab edir: «İstedadlı gəncləri
yetişdirmək üçün öncə onları
psixoloji testdən keçirmək lazımdır. Bu zaman uyğun situasiyalar yaradılmalıdır.
Məsələn, hansısa nömrəni
yığıb dəstəyi həmin gəncə uzatmaq və
bununla da onun tanımadığı şəxslərlə
necə ünsiyyətə girmək məharətini yoxlamaq.
Yaxud da baş verən ən son olayın o şəxs
tərəfindən hansı sürətlə
axtarıldığını yoxlamaq.
Z.Məmmədli
bu fakültəyə daxil olmaq istəyənlərin ünsiyyətcil
və sağlam psixikaya malik olmasını xüsusilə
vurğuladı:
-
Keçirilən psixoloji testlə həmin gəncdə bu
keyfiyyətlərin olub-olmadığını, həmçinin
də onun müşahidə qabiliyyətini yoxlamaq olar.
Fikir müxtəlifliyinə baxmayaraq, bir məsələdə
mövqelərimiz üst-üstə düşür ki,
jurnalistika ixtisasını seçmək üçün
yalnız test imtahanları ilə kifayətlənmək olmaz.
Məlahət Rzayeva
Şərq.- 2019.- 2
iyul.- S.11