Kəngər, Qıvraq, Ordu günü
Ordu günündə şəhid olan qəhrəman
Əhməd Mehbalıyevin xatirəsinə
E.Qaraxanlı
Bəşəriyyət
tarixində ordunun nə vaxt yaradıldığını
heç kim bilmir. Bu barədə kim nə söyləsə
də, bütün deyilənlər mifologiyanın
mövzusudur. Bizim bildiyimiz odur ki, nə qədər ki, insan cəmiyyəti
var, həmişə ordu da lazım olacaq. Biz türklərdə
ordu günüylə bağlı artıq
daşlaşmış bir tarix var- bu Çin mənbələrində
Hun nu adlandırılan və Mode hakan tərəfindən
miladdan öncə 209-cu ildə elan edilən dövlətin
qurulma tarixidir. Modenin (biz ona Mete də deyirik) qurduğu
dövlət məhz ordu dövlətiydi. Yəni bütün
xalq bir orduydu. Ordu termini də elə zamandan qalıb, mərkəzdə
xan çadırı- Orda qurulurdu, onun ətrafında isə
bütün El. Cəmi millət bir ordu- bax budur türk adlanan
bir qövmün mahiyyəti, əgər elə deyilsə demək
onlar həqiqi türk deyil...
İndi bu gün mən, Ordu günündə
doğulan şair, iyun ayının 26-da, Azərbaycan
Respublikasının ordu günündə həmin tarixi
xatırlayıram. İnternetdə bir qəhrəman barədə
oxuduğum informasiya içimdə bir təlatüm yaratdı
– Kəngərlilər nəslindən olan Qıvraqlı
tankçı zabit Əhməd Mehbalıyev 1993-cü ildə,
iyunun 26-da Ağdamın Qızıl Kəngərli kəndində
şəhid olub. Bu informasiya düşnücəmi çox əskilərə
apardı, Kanqlıların formalaşdığı zamanlara.
O zamanlar, Mete xanın (böyük tarixçı Rəşidəddin
onu Oğuz xan kimi təqdim edir) ətrafinda toplaşan
tayfalardan biri də Kanqlılar adlanırdı. Bu ad onlara mahir
araba ustaları olduqlarına görə verilmişdi və bu
araba ustaları həm də mahir
döyüşçüydülər. Kanq qədim türkcədə
dörd təkərli araba deməkdir. Bu arabalar, uzun əsrlər
boyunca hərb tarixinin gedişini dəyişdilər. Müxtəlif
türk xaqanlıqlarının tərkibində fəaliyyət
göstərən mobil kanq dəstələri, orduların
Avrasiyanın nəhayətsiz ərazilərində
böyük məsafələri surətli bir
atılışla qət etməsində böyük rol
oynadılar. Kanq dəstələri o zamanın bir növ
motorlaşdırılmış hərbi hissələri idi.
Onlar özlərində müxtəlif türk
tayfalarını birləşdirirdir. Hunlar, Göy türklər,
Xəzərlər, Səcuqlar, Kayılar, peçeneqlər -
türklərin qurduğu saysız-hesabsız dövlətlərin
tarixində Kanqlıların adı keçir. Hər tayfa
birliyi bu sözü öz ləhcəsinə uyğun
adlandırırdı - Kanlı, Kanqlı, Kəngərli,
Kangüy, Kanqeres...Müəyyən zamandan sonra Böyük
çölün geniş ərazilərinə
yayılmış, özündə müxtəlif
tayfaları birləşdirən Kanglı dəstələri,
fərqlənmək üçün
başçıların arabasının çadırına
uyğun adlandırılmağa başladı - ağ
kanlı, qara kanlı, qızıl kanlı, sarı kanlı və
s. Çingiz xanədanı da, xanların
çadırının rənginə uyğun olaraq Ağ
orda, Mavi orda, Qızıl orda kimi ərazılərə
bölünürdü.
Bu gün bütün Avrasiya
coğrafiyasında Kanqlıların izlərinə rast gəlmək
olar. Çin, Orta Asiya, Qazaxstan, İran, Azərbaycan,
Türkiyə, Rusiya, Ukrayna, Macarıstan, Bolqarıstan-saymaqla
bitməz. Kanglılar bu günkü Qazax millətinin əsasını
təşkil edən tayfalardan biridir. Onların geniş məskunlaşdığı
ərazilərdən biri də Azərbaycandır. Azərbaycanın
demək olar ki, bütün bölgələrində
Kanqlıların izlərinə rast gəlirik. Bizdə
onları daha çox Kəngərli adlandırırlar. Və
mən Kanqlılardan olan Əhməd Mebalıyev haqqında
informasiyanı oxuyanda bu tarix düşdü yadıma. Taleyin
qəziyyəsinə bax, Kanqlı Əhməd Mehbalıyevin
qızıl qanı, ordu günündə Qızıl
Kanqlı (Qızıl Kəngərli) torpağını
suvardı. Bu gün Azərbaycan xalqının öz Ordu
gününü, Elxan Zal sevərlərin mənim doğum
günümü rahat qutlaması üçün
canını verdi və Tanrıdağa, Ulular
uçmağında əbədi mənzilinə yollandı.
Bir türk kimi, bir kanqlı kimi, bir qəhrəman kimi. Qəhrəmanlıq
isə göydən gəlmir, gendən gəlir, qandan gəlir...
Mən onun doğuldu Qıvraq kəndinə ilk
gedişimi xatırlayıram.
Bu gün Naxçıvan Muxtar
Respublikasının Kəngərli rayonunun mərkəzi olan
Qıvraq o zamanlır İliç rayonunun (indiki Şərur)
kənd idi və orada Sovet ordusunun moto-atıcı hərbi
hissəsi yerləşirdi. Kiçik qardaşım
Rövşən öz əmək fəaliyyətinə həmin
hərbi hissənin klub müdiri kimi başlamışdı.
Bu klub dəbdəbəsinə görə respublikanın əksər
rayonlarındakı mədəniyyət evlərindən
heç də geri qalmırdi və hərbi hissənin də,
Qıvrağın da, mədəni həyatında önəmli
rol oynayırdı. Qıvraq camatı, genlərində
Kanqlıların əzəmətini daşıyan bu insanlar hərb
işinə qandan bağlı idilər. Kəndin dəliqanlılarının
böyük hissəsi orduda çavuş kimi xidmət edirdi.
Xidmət etməyənlər də daxilən orduya
bağlı idilər. Kanqlıydılar axı. Bütün
türk impriyalarının tank qoşunlarının varisləri.
Maraqlıdır ki, kanq türkcədə araba, tank ingiliscədə
çən, böyük qab mənasını verir. Bəlkə
də bu hərbi hissənin Qıvraqda yerləşməsi
heç də təsadüfi deyildi, bu hərbi hissənin
varlığı Naxçıvanın ermənı hucumundan
qorunmasında əhəmiyyətli rol oynad. Mən həmişə
demişəm, dünən, bu gün, gələcək yoxdur,
bunlar həmişə iç-içədir.
Bu iç-içə tarixin bir günündə
mən Qıvrağa gəldim. Oradakı hərdi hissə ilk
gördüyüm hərbi hissə olmasa da, buna qədər mən
Naxçıvanın Əliabad kəndində yerləşən
hərbi hissədə iki aylıq təlimlərdə
olmuşdum, ora ilk gördüyüm andan çox xoşuma gəldi.
Qıvraq polku bir rus hərbi hissəsi olsa da, orada bir türk
huhu hiss elədim. Qardaşım Rövşən klub
müdiri gələndən hərbi hissədə Qıvraq
camaatı üçün davalı kinolar seansları təşkil
etmişdi. Ona qədər belə şeylər
olmamışdı, 1984-85-cı illər idi, amma
Qıvrağın genetik ruhu bunu qəbul elədi, yəqin ki,
Rövşənin ana babasının (həm də mənim)
Kanqlı olması burada öz sözünü dedi. Onlar kənd
sakini İsfəndiyar kişi ilə hərbi hissənin
klubunda davalı kinolar seanslarına başladılar. Filmlərə
baxmağa əsgərlərlə bərabər kənd
cavanları da gəlirdilər. Kanqlıların varisləri,
ruh döyüşçüləri. Qəribəsi nədir,
İsfəndiyar kişi tariximizin ən mistik qəhrəmanlarından
olan Əhməd Mehbalıyevin yaxın qohumu idi.
Mistika ondan ibarərdir ki, Kanqlı balası
tankda Qızıl kəngərli kəndində Ordu
günüdə şəhid olmuşdu. Buna görə, hələ
o zamandan qəhrəman Əhmədi də, qardaşı Faiqi
də, onun yaxın qohumlarını da yaxından tanımaq
imkanım olmuşdu. Rəhmətlik Faiqlə Rövşən
sonralar MTN sistemində də bir yerdə işlədilər.
Onun digər qardaşı Səttar Meybalıyevi çox sonralar
tanıdım və türk dünyasında nə qədər
əhəmiyyətli bir insan olduğunu gördüm. Yəni
mən bu kəndi, bu camatı tanıyıram. Bu insanların
içini bilirəm. Bunlar Kəngərlidir, savaşı genlərində
daşıyan adamlardır, canları savaşa
bağlıdır, türk törəsinə
bağlıdır. Vətən, millət, savaş eşqi
onların canına ana südüylə hopub. Mən bunu elə-belə
demirəm, gördüklərimi, duyduqlarımı deyirəm.
İllər sonra, Qarabağ savaşı başlayanda, bizim
Tovuz rayonu çox pis vəziyyətə
düşmüşdü. Ermənilər hucum edirdi, Tovuzda isə
heç polislərin də tapançadan başqa silahları
yox idi. Rayonda silah almaq adına yığılan pullar
müammalı şəkildə yoxa
çıxmışdı. Təşviş və
şübhələr təlatümündə
çırpınan insanlar çox yerlərdə olduğu
kimi, çarəni qaçmaqda axtarırdılar. Bax onda,
Qıvraq düşdü yadıma. Qardaşım hələ
də Naxçıvandaydı. Rayonda böyük
çaxnaşma varıydı, o zaman dostluq elədiyim Qara
Tofiqə dedim ki, biz Naxçıvana getsək vəziyyətdən
çıxa bilərik.
Düşüncələrimizi gedib rayonun rəhbərinə
bildirdik, razılaşdı əlbəttə, heç
ayrı yol da yox idi, camaat arasında artıq isterika
başlamışdı. Silahsız türk, araqsız erməni
kimidir. Nə isə...Yollandıq Naxçıvana. Əlbəttə,
Naxçıvanda ən çox söykənəyəcimiz
yer Qıvraq idi. Sədərək döyüşlərində
göstərdiyi fəaliyyətlər qardaşıma da
Qıvraqlılar arasında böyük nüfuz
qazandırmışdı. Biz gedəndə, Rövşən
artıq Naxçıvanda işləməyinə baxmayaraq,
Qıvraqda böyük coşqu ilə qarşılandıq.
Onda gördüm ki, Qıvraqlılar qəhrəmanları
sevir. Amma əsl qəhrəman elə özləridir. Bilmirəm,
haradan tapdılar, yerdən gəldi, göydən gəldi, bizə
lazım olan silah gəldi. Tovuzlu oğlanları pulunu yediyi
silahların əvəzini Qıvraqlı oğlanlar verdi. Və
mən Elxan Zal Qaraxanlı olaraq, bütün türk
dünyası adına onlara təşəkkür edirəm. Bəlkə
də onlar olmasa, mənim doğulduğum Tovuz rayonunu çox
çətin aqibət gözləyərdi. Hə bilim
halımız necə olacaqdı...Şükürlər olsun
ki, Tanrının inayəti ilə hər şey yaxşı
qurtardı. Kəngərli övladları araba göndərə
bilməsə də, Kalaşnikov avtomatları göndərə
bildi. Sonralar onlar Naxçıvan - Gəncə reysi ilə bir
BMP-də göndərdilər, o zaman bu məni təəccübləndirsə
də, indi artıq təəccübləndirmir. Kanq tank
göndərər Tausa, bank göndərməz. Mən, 2019-cu
ildə, Bakıda, qanımı axıtdıqım ölkədə,
kirayədə qaldığım evdə, iyunun 26-da, Ordu
günündə əbəs yerə Kanqlı balasını
düşünmürəm. Onunla qohum da ola bilərik, olmaya
da bilərik, amma o qəhrəmandır şübhəsiz.
Özü də, onun qəhrəmanlığı genlərində
olsa da, bu kitabı böyük Tanrı özü yazıb.
Əhməd Mehbalılıyev, Elxan Zal Qaraxanlının
doğulduğu gün Tanrı dərgahına yollanan
böyük qəhrəman.
Sən Göy türklər, Çingizilər,
Səlcuqlar, Osmanlılar kimi xanədanları qurmuş bir
xalqın evladısan. Qürur duyuram səninlə qəhrəmanın.
Tanrımızın sevimli bəndəsi. Əlbəttə sənsiz
də Qarabağdakı savaş müəyyən bir şəkil
alacaqdı. Amma sən bu müharibəyə hələ
ölkəmizdə kimsənin fəfm eləmədi bir şəkil
verdin. Sən, 1993-cü ilin 26 iyunununda Qızıl Kəngərli
torpağında qızıl qanınla suvardığın
torpağın yaddaş kitabına öz adınla yazdın
bir daha - Göy çökməsə, Yer batmasa Türk
törəsi pozulmaz. Ulu Tanrı kanqları tanklara çevirdi,
səni bu tanklara rəhbər qoydu və sən öz hünərinlə
pozulmaz bir irs qoydun bu Vətən gəncliyinə.
Tankçı qardaşım, biz kanqlarla Hun qurduq, Göy
türk qurduq, Çingiz Qurduq, Səlcuq qurduq, Səfəvi
qurduq, Osmanlı qurduq, İndi də Azərbaycan qururuq.
Torpağı qəhrəmanların qızıl qanı ilə
suvarılan ərazilərə Vətən deyilər. Sən
Kəngərlilərdən olan olan Əhməd Mehbalıyev,
ordu günündə, Vətən yolunda tanrı dərgahına
yollandın ki, həmin gündə doğulan yaşasınlar
və Tanrını vəsf edə bilsinlər. Axı sən
Tanrıdağda ölməzlər məkanındasan artıq.
Türk qəhrəmanlarının əbədiyyət
qazandığı cənnətdə. Yanında elə ərlər
dayanıb ki, adları yer-göy titrədib. Heç bilmirəm
kimin adını çəkim. Məsələn peyğəmbərin
merac zamanı qırx ərəni ilə dərgahda dayanan
Satuk Buğra xan. Yəqin ki, nə zamansa orada, Ulular
uçmağında bir gün görüşəcəyik səninlə.
Sən deyəcəksəksən ki, ölümün xeyir
Elxan, mən də deyəyəcəyəm ölümə qənşər
Əhməd. Biz qonaq yaşadıq Yer kürəsində, indi
sakiniyik əbədiyyətin.
Elxan Qaraxanl
Şərq.-
2019.- 4 iyul.- S.12