İdman jurnalistikası
önəmlidir
Xüsusən telekanallar mətbuatın
bu sahəsinə diqqəti gücləndirməlidir
Elşən
Məmmədov: "İdman jurnalistikasının zəifliyinin
bir səbəbi də əksər ictimai-siyasi KİV, hətta
telekanal rəhbərlərinin idmana ciddi
yanaşmamasıdır"
1924-cü
il iyulun 2-də Paris Yay Olimpiya Oyunları
zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası təsis
olunub. 29 milli assosiasiyanın iştirakı ilə
qurumun ilk konqresi keçirilib. Ona görə də hər
il iyulun 2-si dünyada İdman
Jurnalistikası Günü kimi qeyd olunur. Hazırda
Assosiasiyanın 4 kontinental qurumunda 130-dan çox dövlətin
milli idman mediası birləşib. 2 iyul
günü idman jurnalistlərinin milli assosiasiyaları təntənəli
yığıncaqlar keçirirlər. Eyni
zamanda idman sahəsində kütləvi informasiya vasitələrinin
ən yaxşı nümayəndələrinə
mükafatlar təqdim edilir. Məlumat üçün
bildirək ki, 2014-cü il aprelin 27-dən
mayın 1-dək Bakıda Beynəlxalq İdman Mətbuatı
Assosiasiyasının 77-ci konqresi keçirilib.
Bakı konqresi təşkilatın 90 illik yubileyi ilə
eyni vaxta təsadüf edib. Yəni beynəlxalq təşkilatın
yubiley mərasimi konqres çərçivəsində
paytaxtımızda təşkil olunub. Ümumiyyətlə,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun fəal
üzvlərindəndir. 2 iyul təkcə
Azərbaycan yox, bütün dünya idman jurnalistləri
üçün rəmzi bir gündür. Ancaq bizdə idman jurnalistlərinin bu əlamətdar
günü onların peşə bayramı şəklində
qeyd edilmir.
Azərbaycanın idman mediasında jurnalistikamızın
digər sahələrində olduğu kimi problemlər olsa da,
ümumən bu sahədə vəziyyətin qənaətbəxş
olduğu söylənilir. İdman
jurnalistikasında kifayət qədər peşəkarların
çalışdığı da vurğulanır. Müəyyən mənada idman
jurnalistikasının cəlbediciliyi də var. Ən
azından beynəlxalq idman jurnalistləri günündə
ölkəmizdə idman yazarlarının yada salınması
müsbət haldır. Azərbaycanda idman
jurnalistikasının durumunu dəyərləndirən ekspertlərin
fikrincə, bu sahənin inkişafı ölkədə
müxtəlif idman sahələrinin populyarlıq qazanması
ilə bağlıdır. Yəni
idmanın tərəqqisi paralel olaraq idman
jurnalistikasının da dirçəlməsinə gətirib
çıxarır. Əgər Azərbaycan
idmanı inkişaf etməzsə, idman mediası da genişlənə
bilməz. İndiyə qədər ölkəmizdə
keçirilən beynəlxalq idman turnirlərinin, o cümlədən
Avropa və İslam Oyunlarının operativ şəkildə
tamaşaçıların və oxucuların nəzərinə
çatdırılmasında idman jurnalistlərinin
böyük əməyi olub. Bir məqamı
da xatırladaq ki, internet saytları meydana çıxana qədər
Azərbaycanda 11 idman qəzeti fəaliyyət göstərib.
Həmin mətbu orqanlarda Azərbaycan və rus
dillərində yazan bir neçə peşəkar idman
jurnalistləri çalışıb. Vaxtı
ilə çox populyar olan nəşrlərin bir çoxu
maddi çatışmazlıq üzündən öz
çapını dayandırmaq məcburiyyətində
qalıb.
Mətbuatın önəmli qollarından sayılan idman
jurnalistikası ayrı-ayrı ölkələrdə
xüsusi sahə kimi inkişaf yolunu tutub. Azərbaycanda
hələlik bununla bağlı müəyyən problemlər
qalmaqdadır. Lakin müəyyən
çatışmazlıqlara rəğmən son dövrlər
Azərbaycan idman mətbuatında tərəqqi hiss
olunmaqdadır. İdmanla bağlı xüsusi qəzetlər,
jurnallar, portallar və TV-lər fəaliyyət göstərir.
İdman jurnalistikası da ayrıca ixtisas kimi tədris
olunur. Yəni əhalinin sayına və
idmanın səviyyəsinə görə kifayət qədər
idman mətbuatı nəşr olunur. Hətta
bəzi ekspertlərin fikrincə, digər jurnalistika sahələri
ilə müqayisədə idman jurnalistikası xeyli öndədir.
«İdmandakı
uğurlar jurnalistikanın inkişafını zərurətə
çevirir»
İdman
Araşdırmalar Mərkəzinin sədri və Sportnet.az
saytının baş redaktoru Elşən Məmmədov hesab
edir ki, idman jurnalistikasının durumunun hansı səviyyədə
olduğunu bilmək üçün məsələyə
bir neçə aspektdən yanaşılmalıdır:
- Azərbaycanda
bu sahə peşəkarlıq və operativlik
baxımından, xarici mətbuatdan çox da geri qalmır. İdman uğurları artdıqca idman
jurnalistikasının da inkişafı zərurəti
yaranır. Bu mənada, son illər Yay Olimpiya Oyunları,
dünya və Avropa çempionatları, Avropa Oyunları,
"Formula 1" kimi mötəbər yarışlarda
iştirak və ya onların Bakıda keçirilməsi bu sahədə
peşəkar jurnalistlərin yetişməsini şərtləndirib.
Amma onlar daha çox maddi dayaqları yüksək
olan telekanallarda və agentliklərdə cəmləşib.
İdman saytları isə daha çox futbol xəbərlərinə
önəm verirlər. Bu isə onların əksəriyyətinin
futbol klublarının reklamları sayəsində fəaliyyət
göstərmələri ilə əlaqədardır. Həmin saytlar istər-istəməz həmin klub və
dolayısı ilə futbolla bağlı xəbərlər,
yazılar yazmaqla məşğul olurlar. Nəticədə
digər növlər üzrə jurnalistlər yetişmir.
«Telekanal
rəhbərlərinin idmana ciddi yanaşmaması da problemdir»
E.Məmmədovun
fikrincə, idman jurnalistikasının zəifliyinin bir səbəbi
də əksər ictimai-siyasi KİV, hətta telekanal rəhbərlərinin
idmana ciddi yanaşmamasıdır:
- Məsələn,
götürək elə mənim uzun müddət
çalışdığım sevimli "Şərq" qəzetini.
Sağ olun ki, idman jurnalistikası mövzusuna diqqət
ayırırsınız.
Məsələn, ATV-nin əməkdaşı İlkin
Fikrətoğlu ilə bağlı olayı xatırlayaq. Onun rəhbərlik
etdiyi idman şöbəsinə ən geniş
tamaşaçı auditoriyasına malik telekanalda axşam xəbərlərindən
sonra 2-3 dəqiqəlik efir verirlər. Bu
efirdə də "Onu tənqid etmə, bunu olmaz" deyə
sədd çəkirlər. Əksər
telekanallarda idman verilişləri yoxdur. Olanları
da aparıb Zaurun, Xoşqədəmin verilişlərindən
sonraya - gecəyarısına salıblar. Yəni
bu ölkədə ucuz şou-biznes adamlarına,
qeyri-intellektual verilişlərə maraq idmandan çoxmu
böyükdür?
İdmana barmaqarası yanaşmaq dövlətin idman
siyasətinə də ziddir. Cənab İlham
Əliyev Azərbaycan prezidenti seçildikdən sonra
bütün vəzifələrindən imtina etdi, yalnız
Milli Olimpiya Komitəsinin rəhbəri kimi qaldı. Əksər federasiyaların prezidentləri isə
dövlət xadimləri, imkanlı təşkilatlardır.
İndi təsəvvür edin; ölkənin rəhbəri
birbaşa idmana, olimpiya hərəkatına rəhbərlik
edir, amma mətbuat idman jurnalistikasının inkişafına
zidd addımlar atır.
«Yaxşı
idman məhsulu təklif edilsə, tamaşaçı ona
baxacaq»
Jurnalist
sual edir «qeyri-peşəkarlar hansı sahədə yoxdur ki?» və cavab da verir:
- Əsas məsələ onları düzgün istiqamətə
yönləndirməkdir. Sən "5-də 5"i irəli çəkirsənsə
və "Futbol saatı"nı gecə saat 12-də efirə
buraxmaqla, özünə "5"
yazdıracağını düşünürsənsə,
idman xəbərlərinin efir dəqiqəsini hansısa
rayonda inəyin əkiz balalaması süjetinə
ayırdığın vaxtdan az edirsənsə, dövlətin
hansı idman siyasətinə dəstək verirsən? Bunun özü idman jurnalistikasının yox,
birbaşa həmin telekanalın rəhbərliyinin qeyri-peşəkarlığı
deməkdir. Bax, bu kimi amillər idman
jurnalistikasının auditoriyasının genişlənməsinə
mane olur. Gərək, idman nailiyyətləri ilə
yanaşı, verilişlərin də sayı çox olsun ki,
ilk növbədə, idmanla maraqlananlar auditoriyası
formalaşsın, sonra isə həmin auditoriya, necə deyərlər,
"əlavə mənbələr axtarışı"na
çıxsın, hər gün qəttəzə idman xəbərləri
oxumağa sayt axtarsın. Daha hərə bir tərəfdə
ağlaşmağa başlamasın.
Digər
tərəfdən, bayaqkı məsələyə
qayıdaq: Nəyə görə bölgələrdə
«Bizimləsən»ə, «Səni axtarıram»a baxa bilirlər,
idmana yox?! Çünki bölgədə digər
məşğuliyyət yoxdur, buna sadəcə məcburdurlar.
Sən onlara yaxşı bir idman məhsulu təqdim
etsən, onu da həvəslə izləyəcəklər.
Bölgələrdə futbol olanda hamı stadionlara
axışırdı, amma indi futbol demək olar ki, Bakıda
cəmləşib, bakılıların isə o qədər əyləncəsi
var ki...
Əslində idman saytlarına maliyyənin
ayrılması məqsədilə AFFA yanında Media Komitəsi
yaradılmışdı. Lakin bu komitə cəmi iki il fəaliyyət göstərə bildi. Səbəb isə daxili çəkişmələr,
qeyri-peşəkar saytların təqdim etdikləri layihələrə
vəsait ayrılması, komitənin öz işini çoxşaxəli
qura bilməməsi oldu. Yaxud KİVDF hər
rüb "Futbol+" qəzetinə vəsait
ayırırdı. Yanvardan həmin vəsait
dayandırılıb. Belə bir şəraitdə
hansı idman jurnalistikasının inkişafından
danışmaq olar? Yenə yaxşı ki, Gənclər
və İdman Nazirliyi, AFFA və klublar hərdən jurnalistləri
səfərlərə aparır, nüfuzlu yarışlarda
iş təcrübəsi qazandırırlar.
«II Avropa
Oyunlarında da jurnalist az idi»
Xatırladaq
ki, bu il iyunun 21-dən 30-na kimi Belarusun
paytaxtı Minskdə II Avropa Oyunları keçirildi. Buna qədərsə Belarus Parlamentində
Oyunların təqdimatı olmuşdu. Oyunlara
maraq böyük olduğundan idman yazarları hər hansı
yeniliyi gözdən qaçırmırdılar. Belarus parlamentindəki tədbir bədən tərbiyəsi
və idmanın inkişafı mövzusunda məlumatlandırma
günü çərçivəsində gerçəkləşmişdi.
Təqdimatda II Avropa Oyunları da daxil olmaqla, 2019-cu ildə
Minskdə keçiriləcək beynəlxalq yarışlara
hazırlıqla bağlı məlumatlar əksini tapıb. Oyunların proqramına
salınan idman növləri, yarışların təqvimi və
məkanları, iştirakçıların akkreditasiyası,
medalların sayı, idmançıların yaşayış
və qidalanması, bilet proqramı, Oyunlar dövründə
nümayəndə heyətləri və azarkeşlərin
ölkəyə vizasız girişi, Oyunlar barədə
ölkədə və xaricdə informasiyaların
yayılması və digər məsələlərdən
danışılıb.
Azərbaycandan da Oyunları izləmək
üçün jurnalist heyəti Minskə akreditə
olunmuşdu. İdman jurnalistikası üzrə peşəkarlaşmış
Elşən Məmmədov da azərbaycanlı jurnalistlər
sırasında Minskdə olub və 2-ci Avropa Oyunlarını
izləyib, informasiya təminatını həyata keçirib.
2-ci Avropa Oyunlarında jurnalistlərə yaradılmış
vəziyyətlə bağlı danışan E.Məmmədov
şəraitin normal olduğunu dedi:
- II Avropa Oyunları heç də pis keçmədi. Belarus
hökuməti mövcud imkanları daxilində əlindən
gələni etdi ki, "Minsk 2019"-da heç bir problem olmasın.
İdmançılar arasında rəqabət səviyyəsi
çox güclü idi. Elə medallarımızın az olmasının bir səbəbi də budur.
Tamaşaçı marağı yarışlardan
çox fan-zonalara idi. Jurnalistlərin sayı o qədər də
çox deyildi. Qonşu Rusiya, Ukrayna, Polşadan jurnalistləri
daha çox gördüm, almaniyalı, gürcüstanlı həmkarlarımızla
rastlaşdım. İş şəraiti normal idi, sadəcə,
Bakıdan fərqli olaraq, demək olar ki, media otağında sudan başqa hər şey pullu idi. Əlbəttə, təəssüratlar çoxdur,
amma qısaca bunları ifadə etmək olar.
Məlahət, Rzayeva
Şərq.- 2019.- 6
iyul.-S.11