Alim Qasımov qızı ilə dəvət alıb

 

Amerikada «Arpa çayı»nın qala gecəsi keçiriləcək

 

 Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımova ayın bu isti günlərində hələ ki, dincəlməyə vaxtı olmadığını bildirib. «Şərq»ə  açıqlamasında xanəndə bunları söylədi: «Hələ ki, evdəyik. Harada dincələcəyimizə qərar verməmişik. Yəqin yaxın günlərdə dincəlmək üçün istirahət məkanlarından birinə üz tuta bilərik».

 Xanəndə payız aylarında iki böyük qastrol səfərinə gedəcəklərini dilə gətirdi: «Sentyabrda Amerikaya, Los-Ancelesə səfərimiz planlaşdırılıb. İranda bir film çəkilib - «Arpa çayı». O filmin Amerikada qala gecəsi keçiriləcək. Filmdə mənim Alim müəllimin səsindən vokal səsi olaraq istifadə olunub. Filmin təqdimat mərasiminə biz dəvət olunmuşuq».

 Söhbət əsnasında Fərqanə Qasımova onu da qeyd etdi ki, payız aylarında Fransaya da qastrol səfəri nəzərdə tutulub. İlin sonuna qədər isə Fərqanə Qasımovanın solo-konsert layihəsi gözlənilir: «Əslində sənətkar istəyir ki, tez-tez solo-konsert versin. Bunun üçün hazırlıq, maddi vəsait lazımdı. İnşallah çatdıra bilsək, solo-konsert proqramı ilə yekun vura bilərəm».

 Tahirə Məmmədqızı

 

Şərq.- 2019.- 13 iyul.- S.13