Akademik Musiqili Teatrın müsabiqəsinin nəticələri
məlum olub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında istedadlı gənclərin üzə çıxarılması və işə qəbulu ilə bağlı müsabiqənin ilk seçim turu keçirilib.
Sənət
ocağının mətbuat xidmətindən Axşam.az-a
bildirilib ki, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərliyi
ilə iki gün davam edən bu müsabiqədə 60-dək
iddiaçı öz vokal imkanlarını və artistlik məharətlərini
nümayiş etdirməyə çalışıb.
Teatrın
xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb
olunması məqsədilə aparılan seçimin yekununda
Şəfiqə Məmmədova nəticələri elan edərək
yeni istedadların üzə çıxarılmasında belə
müsabiqələrin əhəmiyyətini vurğulayıb və
bununla yanaşı, onu narahat edən bəzi məsələlərə
də ciddi iradlarını bildirib:
“Təəssüf edirəm ki, müsabiqəyə qatılan gənclər hələ də Akademik Musiqili Teatrın bu gözəl təşəbbüsünün əhəmiyyətini və gənclər üçün yaratdığı şəraiti yetərincə dəyərləndirmək iqtidarında deyillər. Əslində bu müsabiqənin məqsəd və tələblərinə uyğun olaraq teatra yeni, istedadlı, gözəl vokal imkanları, xoşagələn görkəmi və təbii ki, ilk növbədə səlis danışıq qabiliyyəti olan gənclər müraciət etməli idi. Lakin cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmirlər. İki gün ardıcıl davam edən bu turda 60-a yaxın iştirakçı arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az da olsa cavab verdilər. Əminəm ki, onlar gələcəkdə bu teatrın səhnəsində maraqlı rolları ilə tamaşaçıların diqqətini cəlb edə biləcəklər. Xor truppasına Orxan Mirzəyev və Tural Məsimov, orkestr heyətinə - Səid Seyidov, Hüseyn Həsənov (qaboy ifaçıları) və Bahadur Rzayev və Turanə Novruzova (skripka ifaçıları) seçildilər. Mən bu müsabiqəni növbəti illərin seçimləri üçün yaxşı bir başlanğıc hesab edirəm. Biz “akademik” teatr statusu almış, gələn il 110 yaşını qeyd edəcəyimiz qocaman, zəngin və maraqlı yaradıcılıq bioqrafiyası, həyat tarixçəsi olan bir sənət məbədində işləmək üçün daha çevik, daha maraqlı, güclü səsi, vokal imkanları, artistlik qabiliyyəti olan gənclərin sorağındayıq”.
Teatrın direktoru, Əməkdar
incəsənət xadimi Əliqismət Lalayev də Şəfiqə Məmmədovanın
səsləndirdiyi təklif və iradlarla
həmrəy olduğunu bildirərək deyib: “Biz artıq 5-ci ildir ki, bu
müsabiqəni keçiririk. Sənəd
verən gənclərin çoxu nəinki
bizim, heç digər
teatrların da işinə yaramır. Ümidvaram ki, budəfəki
seçimimizdə də yanılmadıq. Belə müsabiqələr
təkcə teatr aləminə deyil, mədəniyyət və incəsənətimizin
gələcək inkişafına çox
böyük təkan verəcək”.
Şərq.-2019.- 23 iyul.- S.13.