Ramiz Göyüşovu
düşünərkən...
Ramiz
Göyüşovun ölməz Səməd
Vurğunsayağı şeir söyləmə, söhbət
etmə manerası, lirik pafosu, şirin avazı var. Hıtta
siyasi çıxışlarında belə o, həmin
maneranı, həmin pafosu, həmin avazı qoruyub saxlayır.
Bu da Ramiz müəllimi dinləyənlərdə onun
söylədiyi nitqə qarşı diqqətli olmağı təlqin
edir. Bax bütün belə keyfiyyətlər həqiqətən
də Allah vergisi dediyimiz bir sərvətdir ki, bu sərvəti
uca Yaradan Ramiz müəllimdən əskik etməmişdir.
Bədii yaradıcılıq elə bir meyyardır ki,
onun izahını, təhlilini vermək mümkün olduğu
qədər də, mümkünsüzdür. Heçdən
var olan şeyin təhlilini biz yalnız
düşündüyümüz və
anladığımız hikmətlərlə əsaslandırır
və müəyyən bir qənaətə gələrək
ortaya çıxarırıq. Ancaq gözəgörünməz
bir vəhhdən doğulan və ya qəfldən peyda olan bir
hissin, duyğunun yaratdığı gerçəklik, gözlə
görünmədiyi kimi, ağlın da dərk etmədiyi bir
varlıqdan zühur edən möcüzədir. Bu
möcüzə insanın dərrakəsində qaynayan hiss,
duyğu bulağından süzülüb gəlir ki, bunu da
yalnız və yalnız kainatın yaradıcılıq
qüdrətinin qanunauyğunluğu kimi dəyərləndirmək
doğrudur.
Bədii yaradıcılıq qəfl peyda olan buluda bənzəyir. Elmə
görə buludlar buxarlanma nəticəsində yaranan su
deposudur. Lakin gördüyümüz kimi
bu su deposu göy üzündə müxtəlif formalarda bir rəsm
tablosu kimi görünür, insanda lirik, romantik ovqat
yaradır. Həmin bulud-tablo göy
üzündə üzür, küləyin səmtinə
görə istiqamət alır, lakin müəyyən bir
prosesdən sonra buludun hamiləlik dövrü başlayır
və bu dövr bitdikdən sonra bulud yağışa, qara,
doluya çevrilir və buxarlandığı istiqamətə
– Yerə doğru dönür. Hisslər və
duyğular da eynən belədir. İnsan
idrakının ağıl deposuna hardansa buxarlanaraq dolur və
hansısa bir prosesdən sonra təxəyyülün
ötürmə imkanları ilə fikir şəklində
beyinə süzülür, oradan da leqallaşır. Ancaq buludların yer kürəsindən buxarlanma nəticəsində
yarandığını bildiyimiz halda, fikrin və ya bədii
yaradıcılığın dərrakə deposuna hardan
buxarlanıb dolduğunu hazırkı insanın anlamaq qüdrəti
yoxdur. Ona görə də biz bu məsələni
yalnız Allah vergisi olaraq qəbullanmaqla kifayətlənirik.
Ancaq Allahın bəxş etdiyi bu verginin hardan və
necə buxarlandığını, eyni zamanda insan dərrakəsinin
deposuna necə dolduğunu bizim anlamaq imkanlarımız
sıfırdır. Bir də ki, bulub öz
məkanına – Yer kürəsinə dönür, bəs bədii
yaradıcılıq buxarlandığı məkana
dönürmü? Bəlkə insanlar,
dünyasını dəyişərkən, məhz heçdən
var olan öz yaradıcılığını, peyda
olduğu mənbəyinə qaytarır. Bu sualın
cavabı yoxdur...
Göy üzünü bulud alarkən, adətən
deyirlər ki, yağacaq. Lakin bəzən belə də deyilir ki, bu bulud erkək
buluddur, yağmayacaq... Erkək bulub, dişi
bulid – nə qədər qəribə və möcüzəvidir,
elə deyilmi? Baxın, qəfl zühur edən
hisslər və duyğular nəticəsində ortaya
çıxan fikirlər də fərqli olur, erkək fikirlər,
hansı ki, yağmayan buludlar kimi mənasızdır və ya
gərəksizdir, belə də deyə bilərik ki,
yağışa çevrilməyən bir görüntü
tipli ovqatdır. Dişi fikirlər, bax bu,
məncə bədii yaradıcılıqdır.
İnsanın düşüncələrində öz hamiləlik
dövrünü yaşayan ovqatın doğduğu fikirlərin
bəzisi yağış misallı, bəzisi dolu və ya qar
misallı...
Bir də, bədii yaradıcılıq elə bir hissin,
duyğunun təzahürüdür ki, heç kəs deyə
bilməz ki, bu hiss konkret olaraq kimdə yarana bilər və ya
kimdə yaranmalı, kimdə yaranmamalıdır. Biz adətən
belə davranırıq ki, məmur olan kəs bədii
yaradıcılıqla məşğul olmamalıdır və
ya elmlə heç bir əlaqəyə girməməlidir və
ya tərsinə, bədii yaradıcılıqla məşğul
olan insan başqa işlə məşğul
olmamalıdır. Bütün bunlar
kökündən yanlış fikirlərdir və bu
münasibət, fikrimcə, bədii yaradıcılığa
malik insanlara qısqanclığın nəticəsidir.
İnsan bir sahəni seçərkən tam olaraq
düşüncəsində haçansa, hansısa prosesin
baş verə biləcəyinə əvvəlcədən necə
əmin ola bilər?..
Bütün
bu sualların cavabı, şeir-sənət yuvasında
doğulmuş, Avey dağının havasını udmuş,
Damcılı bulağın suyundan içmiş, sazın simlərindən
qopan möcüzəvi melodiyalardan, ecazkar avazdan ruh
almış, ixtisasca iqtisadçı olan, qəlbən isə
şair təbiətli, sözün vazehinə yaxşı bələd
olan, tez-tez dolub-boşalan buludlar kimi hər daima bizlərə
öz bədii töhfələrini verən Ramiz
Göyüşovun timsalında öz həqiqətinə
qovuşdu. Və deyərdim ki, hətta bu
qeyri-adilikdir və ürəyəyatımlı
orijinallıqdır. Ramiz
Göyüşovu biz bütün cəhətləri ilə
bütöv bir insan olaraq görürük.
İxtisasının əla bilicisi və digər komponentləri
də özündə mükəmməl cəmləşdirən
və bütün bu keyfiyyətləri ilə xoş təsir
bağışlayan – İnsan... Görkəmli ədəbiyyatşünas
alim Prof.Dr. Rüstəm Kamalın dediyi
kimi, “Həyatımda ilk dəfədir ki, qeyri-filoloqun məqalələr
toplusuna ön söz yazıram. Ramiz
Göyüşov ixtisasca iqtisadçıdı. Amma mənim üşün bu xoş istinaddır.”
Bir də görürsən ki, işinin gərgin
olmasına baxmayaraq Ramiz Göyüşov bir şairin və
ya yazıçının yaradıcılığını
incələyir. Bir baxırsan ki, hansısa bir şeiri
böyük bir məqaləsində təhlil edir. Bütün bunlar onun mükəmməl
düşüncə sahibi olan insan meyyarının ifadəsidir.
Əslində də insan olan varlığın
funksiyası məhz budur. Yəni
özünü hər parametrdən istismar edərək cəmiyyətə
yararlı olmaq.
Mənə
görə idtisadçı Ramiz Göyüşov bir mənalı
şəkildə şairdir!.. Niyə?.. Çünki şeiri bütün vücudu
və ruhu ilə hiss edə bilir. Fərqi yoxdur, o şeir
kimindir – özünün və ya özgənin... Ramiz Göyüşovun yazı və
danışıq manerası, həmçinin adi söhbətlərində
qurduğu cümlələrin poetik ahəngi onun daxili
dünyasının poeziya dolu ovqatından xəbər verir.
Onun yazdığı məqlələrin hər
biri, həm öz elmi bütövlüyü, həm sadə
üslubu ilə yanaşı fəlsəfi dərinliyi, həm
də şairanə manerası ilə ədəbiyyatşünaslıq
elminin ən mükəmməl nümunələridir. Ramiz Göyüşovun dünyasında toplanan bədii
yaradıcılıq buludları istəyəndə
yağışa, istəyəndə qara, istəyəndə
də doluya dönür və yağır. Əsas odur ki, yağır. Lakin
Ramiz Göyüşovun yaradıcılıq deposunda erkək
buludlar sayağı fikirlər heç zaman doğulmur. Ona gərə də bu yağmurdan elə orijinal
nümunələr çıxır ki, onun iqtisadçı
olduğunu tamamilə unudursan. Bəzən
də düşünürsən ki, yazıdakı
ölçü-biçi məhz onun iqtisadçı kimi
düşünə bilməyinin nəticəsidir. Ramiz müəllimin çıxışları da
bir topa buluddan ələnən yağışa bənzəyir,
istər siyasi mövzulu olsun, istər elmi, istər bədii,
istərsə də adicə söhbət tipli, sadə məzmunlu
fikirləri ehtiva etsin. Onun
çıxışlarındakı rabitə, fikir
aydınlığı, məna bütövlüyü,
söhbət açdığı mövzunu lokanik şəkildə
ifadə edə bilmə imkanları, fikrimcə onun
ixtisasının özü ilə bağlıdır. Yəni ixtisası ilə bədii düşüncə
aləminin vəhdəti üzvi şəkildə, elastik
uyğunlaşma təşkil edir. İnsanın
ruhunda özünə rahat yer tutan Ramiz Göyüşov
düşüncə arealı bütün imkanları ilə
istidir, yenidir, orijinaldır.
Onun
kitablarının hər birinin adında bir şair nəfəsinin
ruhu hiss olunur, şeiriyyat var. Daha doğrusu, məşhur
şeirlərin sətirləri onun kitablarının
adını poetik ruhla təmsil edir.
Diqqət
yetirin, 2004-cü ildə çapdan çıxan “Sazla
havalıyam, sözlə dəliyəm”, və ya “Sənsiz”,
“Sən bizim ellərin ruhuna bir bax”, “Bizdə şeir də var
sənət də vardır”...
O,
yazdığı məqalələrin adlarını da elə
müəyyənləşdirir ki, sanki hər biri bir saz
havasıdır, bir dastan adıdır. “Bu dünya durduqca
durasıyam mən”, “Ellər yaşadacaq şair
ömrünü”, “Şuşada görüşmək arzusu
ilə”, “Yurd süvgisi ilə döyünən ürək”,
“Oğuz ruhu daşıyan adam”, “Bir gün olur itirərsiz
Vaqifi”, “Üç rəngli göy qurşağı”,
“Üç Göyəzən – Üç rəssamın
iç dünyası”, “Daş haqqında düşüncələr”,
“Tənha adamın nağılları” və sair... Bu yazıların adlarından onların mövzusunu,
ruhunu və qayəsini dərhal müəyyənləçdirmək
olur. Bu Ramiz Göyüşov üslubudur.
Göyüşovun mövzu dairəsi
genişdir. Yuxarıda da dediyim kimi, bəzən
bir bənd şeirdən aldığı təəssüratla,
böyük bir məqalə yaradır. Bəzən
də hər hansı bir şairin, yazıçının əsərlərini
özünəməxsus qələmlə təhlil edir.
Elmi müstəviyə yüksəldir. Orijinal yanaşma ilə həmin əsərlər
barədə yeni fikirlər ortaya qoyur.
Ramiz müəllim Mikayıl Müşfiqi çox sevir. Bizim onunla bu
barədə dəfələrlə söhbətlərimiz
olub. Hərə dəfə söhbətimizdə
mütləq Müşfiqdən bir neçə şeiri əzbər
söyləyib. Ramiz müəllim hər
hansı bir yazıçıdan və ya şairdən
danışarkən həmin ədiblərin
yaradıcılıqlarından bir nümunə gətirməsə
söhbətini yarımçıq hesab edər. O, bundan
həzz alır. Şairdən söhbət
düşərkən həmin şairin şeirlərindən
mütləq əzbər şöyləyər. Heyran qalırsan Ramiz müəllimlə
yaradıcılıq barədə söhbət edərkən.
Hətta o, sadə söhbətləri belə
poetik üslubda aparır. Təhkiyyələrlə,
təkrirlərlə, bənzətmələrlə söhbəti
dolğunlaşdırır və mütləq mövzuya dair
şeir nümunələri ilə söhbəti bədiiləşdirir,
şirinləşdirir, məzmunlu və rəngarəng edir.
Ramiz
Göyüşov çox insana məxsus olmayan yumşaq təbiəti,
mülayimliyi, xeyirxahlığı, insanpərvərliyi, səxavəti,
sədaqəti, humanist ruhu ilə daima seçilir və hesab
edirəm ki, bu da ona Tanrı tərəfindən verilmiş bədii
yaradıcılıq misallı zəngin mənəvi dəyərdir
və yüksək meyyarlı bir xislətdir ki, o, xeyir
qüvvələrə məxsus olan belə xisləti ilə
daima sevilir və cəmiyyətdə özünə yüksək
yer tutur.
Bax bu xüsusiyyətlərinə görə mən
Ramiz Göyüşovu düşünərkən gəzlərim
önündə mütləq bir saz havası, yaz ətirli
yeni bir şeir, nəhayət bir şair obrazı
canlandırıram. Odur ki, günlərin bir günündə,
bir səhər üzü, (23.07.2019. Saat 09.40)
çoxdandır dolmuş bulud kimi sellənməyə
hazır olan bir yağış misallı, içimdən
sıyrılıb çıxmaq üçün təlaş
edən kiçik bir şeir parçası ilə Ramiz
qardaşımı belə tərənnüm etdim:
Ruhunda saz
havası,
Könlündə
söz havası,
Hər
sazın pərdəsində
Ramizin
öz havası –
Belə
qardaşdı – Ramiz...
“Dilqəmi”ylə
oyandı,
O, “Kərəmi”ylə
yanandı...
“Ruhani”dən
“Cəngi”yə,
“Yurd”
yeriylə calandı –
Belə
qardaşdı – Ramiz...
Təbi təravətlidi,
Qəlbi
xoş niyyətlidi,
Hər kəsə
xeyirxahdı,
Həm də,
səxavətlidi –
Belə
qardaşdı – Ramiz...
Şeirdə
söz davası,
Əyriylə,
düz davası,
Hər
meyyarın üstündə
Ramizin
öz davası –
Belə
qardaşdı – Ramiz...
Təbi
Aveydən gəlir,
Damcılıdan
dirçəlir,
Şeir-söz
məclisində
Səsi ərşə
yüksəlir –
Belə
qardaşdı – Ramiz...
İstəyirsən,
yoxla yüz,
Sözü
bütöv, özü düz!
Məsləki,
əqidəsi,
Amalı
da düz, sözsüz –
Belə
qardaşdı – Ramiz...
O, hər
məclisdə başdı,
Hər
dostuna sirdaşdı,
İftixar
da deyir ki,
O hər
kəsə candaşdı –
Belə
qardaşdı – Ramiz...
Alah nuru
üzündə,
Həyat
eşqi gözündə,
Altmiş
beş nədi ki,
Bundan
sonra yüzü də
Yaşa,
qardaşım – Ramiz
İFTİXAR PİRİYEV
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi.
Şərq.- 2019.- 27
iyul.- S.13