Mustafa Vəkillinin publisistikası
Ömrünü Azərbaycan Xalq
Cümhuriyyətinin qurulmasına və istiqlal mübarizəsinə
həsr edən Mustafa Vəkillinin mühacirət mətbuatında
xeyli sayda publisistik yazıları, məqalələri
çap olunub.
1920-ci il 28 aprel işğalından sonra
Türkiyədə, Polşada, Almaniyada, İsveçrədə
mühacirət ömrü yaşayan M.Vəkilli 1896-cı ildə
Qazax mahalının Salahlı kəndində doğulub, əmisi
Məmmədrza Vəkilovun köməyi ilə təhsilini
Bakıda alıb. 1912-ci ildə Bakı
gimnaziyasını qızıl medalla bitirən M.Vəkilli
sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsini
bitirib Vətənə qayıdıb. 1917-ci
ildən etibarən o, "Müsavat” Partiyasının
sıralarına qatılıb, bu partiyanın Mərkəzi
Komitəsinə üzv seçilib.
Zaqafqaziya Komissarlığında
çalışıb, Milli Müsəlman
Şurasının üzvü olub. 1918-ci ildən etibarən
Azərbaycan Xalq Cümhuriyyəti parlamentində
"Müsavat” fraksiyasının üzvü kimi maliyyə-büdcə
komissiyasına rəhbərlik edib. 1920-ci
ilin fevralında Azərbaycan Cümhuriyyətinin sonuncu daxili
işlər naziri təyin edilib. 1965-ci ildə
Ankarada vəfat edib.
M.Vəkilli
milli məfkurə daşıyıcısı olaraq mühacirət
mətbuatının formalaşmasında da kifayət qədər
əməyi var. Onun "Yeni Qafqaziya”, "Odlu Yurd”, "Azəri
Türk”, "Mücahid” dərgilərində xeyli sayda
publisist yazıları, siyasi təhlilləri işıq
üzü görüb. Həmin yazıların
bir qismini bu sayımızdan etibarən "Şərq”in
oxucularına təqdim edirik.
Akif
Aşırlı
Parisdə
bir məzar
Köhnə nəslimizin qiymətli vətənpərvərlərindən
Hacıbəyli Ceyhun bəyi də itirdik.
Üç ay əvvəl Münhen hava limanında
qucaqlaşıb vidalaşdığımız vaxt onun bir aya
qədər qısa zaman içində aramızdan qəfil və
əbədiyyən ayrılacağını heç
düşünərdikmi?
Əcəl, amansız əcəl heç fərman dinlərmi? Paris qəbiristanlığında
bir xeyli vətəncüda azərbaycanlının məzarı
var. Milli istiqlal və dirçəliş hərəkatımızın
ilk imanlı öndərlərindən böyük dövlət
adamı Əlimərdan bəy Topçubaşının məzarı.
Yanındakı həyat yoldaşı Pəri xanımın və
oğlu Rəşidin məzarları...
Bir az o tərəfdə Əkbərağa
Şeyxülislam yatır. Yurdunun qurtuluşu
uğrunda gənc yaşlarından bir çox məşəqqətlərə
sinə gərən, cəfakeş idealist Əkbərağa.
Yetər,
daha bəsdir artıq, biz burada uzaq ellərdə yatan qərib
ölənlərimizin bir-bir məzar daşlarını
oxuduğumuz - hüzün, ağrı-acı duyur qəlbimiz,
yaralı qəlbimiz...
Nə yazıq ki, bütün türk ellərinin xalq nəğmələrində
nədənsə ən çox qürbət tərənnüm
edilir, bu nəğmələrin əsas motivini təşkil
edir bunlar. Həqiqətən
də, türklərin bu qürbət acısını dilə
gətirən türküləri çox ağırdır
çox...
Baxın,
nə deyir Azərbaycan xalq şairi:
Uludur, ulu
dağlar,
Çeşməli
sulu dağlar.
Burda bir qərib
ölmüş,
Göy kişnər, bulud ağlar.
Rəhmətlik Ceyhun bəy bu gənc yaşlarından
milli savaşın sıralarına qatılıb və
ömrünün sonlarına qədər də bu yolun
yolçusu olub.
O
dövrdə də milli işlərdən və dərdlərdən
uzaq duran, şəxsi maraq və mənfəətlərini hər
şeydən üstün tutan, öz rahatlığından
başqa bir şey düşünməyən nə qədər
səfeh ruhlu münəvvərlərimiz var. Belə
düşüncəli insanlarımız bu gün də yoxmu?
Ceyhun bəy
1891-ci ildə Qarabağda, Şuşa
şəhərində doğulmuş, orta məktəbi orda
bitirdikdən sonra da Sarbonda və Paris Siyasi Elmlər Məktəbində
ali təhsil alıb. Rus inqilabından sonra
1917-ci ildə Ceyhun bəy Bakıda milli hərəkata
qatılıb, mətbuat aləmində fəaliyyət
göstərib. "Kaspi”, "İrşad” və "Tərəqqi”
qəzetlərində, dövrün digər ciddi mətbuat
orqanlarında C.Dağıstani imzasıyla
çıxış edir, məqalələri dərc olunurdu.
Daha sonra o, hökumətimizin "Azərbaycan”
qəzetində baş redaktor oldu.
1919-cu ildə
Azərbaycan hökumətinin Paris Sülh konfransına
göndərdiyi nümayəndə heyətinə Ceyhun bəy
də daxil edilir və o tarixdən bu yana
Avropada yaşayır, yurduna dönməyir. Neçə
illərdir ki, qurtuluşunu həsrətlə gözlədiyi
Vətənini bir daha görmədən qürbət ellərdə
bu fani dünyadan gözüaçıq ayrılır.
40 ildir ki, rəhmətlik Ceyhun bəy xaricdəki milli
işlərimizlə durmadan
çalışıb-çabalayırdı. Parisdə
yaşadığı müddətdə "Le Figaro”, "La
Revue”, "Le Jurnal Asiafic” adlı fransızca qəzet və dərgilərdə
mərhumun zaman-zaman yazıları çıxırdı.
Təbiət
etibarı ilə Ceyhun bəy çox sadə, göstəriş
və sifarişlərdən xoşlanmayan həssas bir adam idi.
Münhendə ilk görüşlərimizdə onu xeyli
üzüntülü və kefsiz gördüm. Səbəbini
soruşdum. "Heç sormayın” - dedi: "Sizdən
4-5 gün əvvəl burada bir toplantıda bizim azərbaycanlılardan
"filan bir şəxs”in heç gözləmədiyim
ağır, çirkin hücumuna məruz qaldım. Toplantını tərk etməyə məcbur oldum.
Otelə gəldikdə birdən fənalaşdım.
Dostlarımız İslam bəy və Məcid
bəy həkim çağırdılar. Doktor
infarkt keçirdiyimi və 2-3 gün heç bir hərəkət
etməməyimi ciddi tapşırdı. İndi,
şükür bir az yaxşıyam”.
Bu hadisəni
xatırlayarkən hələ də bu ağrının təsir
altında olduğu hiss edilirdi. Təskinlik verməyə
çalışdım:
- "
Ceyhun bəy, belə şeylərə çox da əhəmiyyət
verməyin” - dedim və əlavə etdim: "Bu hər
şeydən əvvəl tərbiyə, siyasi-ictimai əxlaq məsələsidir.
Nə edəsən, bəzən bizdə də
hər yerdə olduğu kimi sözünü və yerini bilməyənlər
olur”.
Şübhəsiz ki, Ceyhun bəy kimi böyük həyat
məktəbi keçən dəyərli bir vətənpərvərə
qarşı bu münasibət aşağılıq əlamətidir. Ortada
zaman-zaman siyasət, yoxsa başqa bir məslək həyata
keçirən yalançı pəhləvanlar vardı.
İndi bu insanlardan biri Ceyhun bəyə
haqsızlıq etmişdi. Bir ay sonra Parisdə
ikinci ürək krizisi Ceyhun bəyi bizlərdən alıb
apardı.
Düşünürəm,
əcəba indi bu adam etdiyi bu
üzüntülü hərəkətindən vicdan əzabı
duyurmu? Yoxsa, məsləyindən dolayı burada
mərhuma mərsiyə oxuyacaq?
Əziz Ceyhun bəyə Haqdan qəni-qəni rəhmət
diləyir, bütün milləti qardaşlarımıza da
başınız sağ olsun deyirəm.
Əkbərağa
Şeyxülislamzadə
Böyük bir təəssüflə öyrəndiyimizə
görə, Azərbaycanın keçmiş siyasət
adamlarından Əkbərağa Şeyxülislamzadə mart
ayında Parisdə vəfat edib. Mərhum Azərbaycanın
köklü, tanınmış bir ailəsinə mənsub
idi, İrəvanda doğulub. Peterburq
politexnikumunu bitirmişdi. İxtisasca
mühəndisdir. Ana dilindən başqa
rusca və fransızcanı çox yaxşı bilirdi.
Gənc yaşlarında siyasi həyata
atılan rəhmətlik Əkbərağa ömrünün
sonuna qədər çox sevdiyi vətəni Azərbaycanın
milli, siyasi davaları ilə durmadan illərlə
uğraşdı.
Rus inqilabından sonra Tiflisdə qurulan
üç Qafqaziya millətindən təşkil olunan
parlamentdə, seymdə Əkbərağa millət vəkillərindən
biri idi. Bu dövr Əkbərağanın ən hərarətli,
siyasi fəaliyyəti dövrüdür.
Daha sonra Əkbərağa siyasi fəaliyyətini
Azərbaycan Milli Məclisində millət vəkili olaraq davam
etdirdi. Bu sırada Birinci Dünya müharibəsindən
sonra böyük dövlətlərin Versalda təşkil
etdikləri Sülh konfransında Azərbaycan nümayəndə
heyətinin göndərilməsi qərarlaşdırıldı.
Yeni qurulan Azərbaycan Cümhuriyyətinin böyük
dövlətlər tərəfindən rəsmən
toplanmasını təmin etmək üçün mərhum
Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə
Parisə göndərilən nümayəndə heyətində
Ələkbərağa da üzv olaraq seçildi.
O zamanlardan bəri Əkbərağa Parisdə
yaşamaqdaydı. 42 ildir ki, Əkbərağa xaricdəki Azərbaycan
təşkilatlarının qurulması uğrunda
çalışmalarda ta ölüm döşəyinə
düşənədək aktiv iştirak edib. Rəhmətliyin
xəstəliyi çox uzun sürdü və bütün cəhdlərə
baxmayaraq təəssüf ki, mübtəla olduğu xəstəlikdən
qurtara bilmədi.
Bu qiymətli dostumuz gözüaçıq
getdi bu fani dünyadan. Vətəni görmədən getdi.
Son zamanlar mərhumun maddi sıxıntısı çox olub
və bu idealist, fədakar Azərbaycan patriotu maddi çətinlik
içində ölüb.
Son illərdə qürbət ellərdə
bir-bir dünyasını dəyişən Azərbaycanın əski
siyasət və dövlət adamlarının hamısı da
bu dünyadan beləcə yoxsulluq, kasıblıq içində
köç edib gedib.
Əkbərağa
Şeyxülislamzadənin cənazə törənində
Parisdəki bütün azərbaycanlılardan başqa Quzey
Qafqaziya, İdil-Ural, Türküstan, Gürcüstan, Ermənistan,
Ukrayna və sair kimi əsir millətlərin Fransadakı
siyasi təşkilatlarına mənsub heyətlər də
iştirak edib.
Mərhumun ailəsinə və bütün
mücadilə dostlarımıza bu böyük itkidən
dolayı başsağlığı verir, dünyasını
dəyişən əzizimizə də Cənabi Haqqdan rəhmət
diləyirik.
(Davamı var)
Məqalə Azərbaycan
Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə hazırlanıb
Aşırlı
Akif
Şərq.-
2019.- 29 avqust.- S.6.