"Kim deyə bilər ki, Ramiz
Rövşən şair deyil?!"
Əsəd Cahangir: "Ölkədə kimin əsl
şair, yazıçı olduğu aşağı-yuxarı
bəllidir"
"Turalın fikirləriylə tamamilə
razıyam. Sosial şəbəkələr, feysbuk,
yanlış olaraq belə bir rəy formalaşdırıb ki,
əgər fikrimi ictimaiyyətə çatdıra bilirəmsə,
deməli, yazıçıyam"
"Ədəbiyyatda əsas meyar yenilikdir. Sən
ədəbiyyata yenilik gətirmisənsə, buyur, ədəbiyyat
cameəsinə, gətirməmisənsə, özündən
əvvəl deyilənləri təkrarlayırsansa, bu,
artıq ədəbiyyat deyil"
Ədəbiyyatımızın bugünkü
durumu mənə yetim quzunu xatırladır. Kənd
uşağıyam, kənddə böyüyənlər
görüb, anasız quzuların boynu bükük
qalmağını
Qan
Turalı sosial şəbəkədə status yazıb:
«Artıq ədəbiyyat çevrəsi ikrah
doğurmağa başlayıb. Konkret ad çəkmək
istəmirəm, onda jurnalistlər başlayacaq dava salmağa,
bununla da demək istədiklərim uçub havaya gedəcək.
Bu qədər çox yazıçı,
şair olmamalı idi. Bir tərəfdən AYB
qapıları açdı, bir tərəfdən mətbuat,
tv-lər... Ən güclü zərbəni isə
sosial media vurdu. Ölkədə kitab
bazarı yoxdu, nəşriyyat sistemi yoxdu. Bütün
bunlar olmayanda hamı özünə yazıçı deyir,
şair deyir. Mizan itir, məzhəb
qarışır, tərəzi sınır. Yüzlərlə yazar var, amma hər ildə cəmi
1-2 oxunası kitab ortaya çıxır. Və bu xaosda
oxucu nə etsin, hamını bir-bir oxuyub qərar versin?! Bu belə
olmamalı idi...»
Qan Turalının bu paylaşımı növbəti ədəbiyyat
müzakirəsini alovlandırdı. Rəylər ard-arda gəlməyə
başladı. Çoxu da həmrəylik.
Bir-ikisini xatırladaq.
Rumiyyə
Miraslan: Hamısı işsizlikdəndi. Bir baltaya belə, sap ola bilməyənlər yazıçı,
şair olub.
Mahir Dərviş
İnsannamə: İnsan özü ədəbiyyata
dönüb, özü bir kitab olmadısa, nə yazır
yazsın, mənası olmaz. İndiki ədəbiyyat
ancaq qışqırıq salıb hay-küy qoparır ki, mən
də varam. Amma yoxdur.
Susmuş ədəbiyyat öz sükutunu nə vaxtsa
pozacaq həzinliklə, hikmətlə, sakitcə. Qışqıranlar
onda lal olacaq, qaçacaq.
Qızılgül
Abdinova: Mən daha heç kimin xətrinə dəymirəm.
Bilmirəm axı kim-kimdir…
Elbrus
Quliyev: Təzə Layk (like) ədəbiyyatı gəlir.
Salam
Salamzadə: İndi hamı oxuyub deyəcək
"doğrudur", amma heç kim
özünə aid etməyəcək
Günay
Bağırova: Təkcə ədəbiyyat sahəsində
deyil bu, vallah, incəsənətin də zibilini
çıxarıblar. Bax, elə mən
yazıq tələbə, bir ton gənc rəssam var, minlərlə,
hamısı istedadsız, hamısı da bir-birini tərifləyir,
bilmirəm kimə baxım, kimdən öyrənim,
haça-paça qalmışam istedadla piyar arasında.
Sərgilərə də gedirsən, biri
beşinə dəyməz, beşi də birinə. Soruşanda da ''sən cahilsən, sən odunsan, hiss
eləyə bilmirsən".
İradə
Sadıxova: Hər bir sahədə bu belə olmamalı idi.
Şahbaz
Xuduoğlu: Bir vaxtlar sizlər üçün də belə
yazırdılar. Biz də onda sizləri
müdafiə edirdik. Buna görə
çoxluqda qorxu yoxdur. Qorxu
azlıqdadır. Təklikdə. Tək olan insan, yazıçı, rəhbər
çox tez əzazil, azman olur.
Azad Qaradərili:
Hər zaman belə olub. Sonra təbii seçmə,
zaman məsələni çözüb. Hər
dalğadan beş-altı imza qalıb. Bu
da belə olacaq.
İlqar
Rəsul: Hamı hər şeyin eninə-boyuna dadını
çıxarandan sonra ona yuxarıdan baxıb qiymət verir. Ədəbiyyat bütün dünyada belədi.
Hər şey də (nəşriyyat,
satış və s.) bu çoxluğun, pərakəndəliyin
hesabına formalaşır. Sosial şəbəkə və
media olmasaydı, yazıçıların çoxunu
heç kim tanımazdı. Hələ
orasını demirəm ki, sünnət xarakterli təqdimat mərasimləri
məhz sosial şəbəkələrin hesabına hətta
üzdə olan sayılan yazıçıları da
az-çox nəşriyyatın borcundan çıxardıb.
Yəni mən təbii yanaşmanın tərəfdarıyam.
Alpay
Tural: Məsələ burasındadır ki, güclü ədəbiyyat
ənənəsi və oturuşmuş nəşriyyat sistemi
olan Fransada da bu belədir: yəni yazan çoxdur. Amma onlardan neçəsi nə dərəcədə
oxunur, bunu bilmirəm.
Qan
Turalı özü də bunu yazır:
Rejissor
dostumla söhbətim;
- Bizdə
dəhşətdir e… Adobe Premieri bilən
hamı özünü rejissor sayır.
- Bizdə
də "Word"ü bilən hər adam
özünə yazıçı deyir…
Bəli, belə bir mənzərə ilə
qarşı-qarşıyayıq. Yazıçı, şairlərin
sürətli artışı bir yana, hələ kitab
adlarına baxın – «oxuma məni», «açar olmayan qapı»,
«pozğun», «alçaq», «əclaf»… Bu mənzərəyə
ədəbi tənqidçi nə deyir?
Ədəbi tənqidçi Əsəd Cahangirlə
söhbətimiz bu mövzuda oldu.
-
Turalın fikirləriylə tamamilə razıyam. Sosial şəbəkələr, feysbuk,
yanlış olaraq belə bir rəy formalaşdırıb ki,
əgər fikrimi ictimaiyyətə çatdıra bilirəmsə,
deməli, yazıçıyam. Özlərini
yazıçı, şair kimi təqdim edirlər, halbuki
ortada bədii yaradıcılıq yoxdur.
Bədii yaradıcılıq olmayan yerdə ədəbiyyatdan
danışmaq anarxiyadan danışmaqla eynidir. Mən illər
öncə Azərbaycan Yazıçılar Birliyi üzvlərinin
attestasiyadan keçirilməsini təklif etmişdim.
AYB-nin 2000 üzvü var. 2000 nəfər vəsiqə
alır, sonra təqaüd tələb edirlər, kitab təqdimatı
tələb edirlər. Attestasiya keçirilsin,
yazıçı, şair olmayanlar kənarlaşdırılsın.
- «Yazıçı-şairlər»in bu qədər
çoxalmasında hamı və hər kəs
günahkardımı?
-
«Yazıçı və şairlər»in artmasında bizim
hamımızın payı var. Hamımız bura nəsə
bir pay qatırıq, sonra da mücərrəd ittihamlar edirik
ki, yazıçı-şair çoxdu, hamı
özünü yazıçı, şair sayır və
sair. Bu işin bu həddə gəlib
çatmasında tək AYB günahkar deyil. Sayt rəhbərləri, mətbuat da diqqətli
olmalıdır.
Oxucu
zövqü aşağı ola bilər. Üzünü görmədiyim adamların
kitablarını oxuyub bəyəndiyim olub. Oxucu zövqünə enmək yox, o zövqü
yüksəltmək lazımdır.
Qeyri-məşhur olanlar, «tanımadıqlarımız» bəlkə
kənara çıxsa, daha yaxşı təmsil edəcək
Azərbaycan ədəbiyyatını. Amma bu gün
kimlər təmsil edir? Açıq
danışaq, özlərini hakimiyyətə yaxın sayanlar
və bir də işbazlar. Onlar daha
çox təbliğ olunur xaricdə və dərd
burasındadı ki, Azərbaycan ədəbiyyatı
haqqında yanlış fikir formalaşdırırlar. Etiraf edirəm, AYB də lazımi sərtlik
nümayiş etdirmir.
-
Attestasiyanı necə keçirəcəksiz, hansı meyarla?
- 5-10 nəfərdən
ibarət komissiya yaradılmalıdı, AYB üzvlüyünə
kimlərin layiq olub-olmadığı bilinməlidir. Hardasa 200 nəfər qalsın AYB
üzvlüyündə. Belə olsa AYB-nin
də nüfuzu artar, ora üzv olmaq da prestij sayılar. Bir var 2000 nəfərin problemi ilə məşğul
olasan. Bir var 200 nəfərin. Təsəvvür edin, AYB-nin 2000 üzvü var və
hər kəsə Prezident təqaüdü verilir. Bir dəfə
təqaüd alan bir də 30 ildən sonra
təqaüd ala bilir. Bu, dəhşətdir.
- Deyirsiz,
AYB üzvləri həddən artıq çoxdu?
- 10
milyonluq əhalisi olan ölkədə yaradıcı təşkilatın
2000 üzvünün olması, yumşaq deyim, normal deyil. Rusiya 100 milyonluq ölkədir. Yazıçılar
Birliyinin cəmi 3000 üzvü var. Məncə, Rusiyadan sonra ən
çox üzvü olan Yazıçılar Birliyi Azərbaycandır.
İnanmıram ki, post-sovet məkanının
başqa hansısa ölkəsində yazıçılar
birliklərinin bizimki qədər üzvü olsun. Ziyanın yarısından qayıtmaq da xeyirdi. Çünki bu vəziyyətdən əsl ədəbiyyat
adamları ziyan çəkir.
- Axı,
meyar nə olacaq? Kimsə iddia edə bilər ki, kitabların
nəşr olunub, oxucularım var, məni sevirlər, izləyicilərim,
instaqram hesabım…
- Əsas meyar keyfiyyətdir. Kim deyə bilər ki,
Ramiz Rövşən şair deyil?!
Yəni ölkədə kimin əsl şair,
yazıçı olduğu aşağı-yuxarı bəllidir
də.
- Deyirsiz,
200 nəfər qalsın AYB-də. Bunun 100-ü
siz deyən kimi olsun, hamının iki əl
qaldırdığı tanınmışlar, sevilənlər.
Bəs yerdə qalan 100-ü necə seçəcəksiz?
O keyfiyyət hansı meyarla ölçüləcək? Sizin
bəyənmədiyiniz bir hekayə, yaxud şeir başqa
birisinin xoşuna gələ bilər axı…
- Keyfiyyət
meyarı bəllidir. Ədəbiyyatda əsas
meyar yenilikdir.
Sən ədəbiyyata yenilik gətirmisənsə,
buyur, ədəbiyyat cameəsinə, gətirməmisənsə,
özündən əvvəl deyilənləri təkrarlayırsansa,
bu, artıq ədəbiyyat deyil. Məsələn,
Salam Sarvanın bir-iki kitabı nəşr oluna, ya
olunmayadı. Son 20 ildə mən
Salamın yeni şeirlərini oxumamışam. Amma Salam
şairdi! Attestasiyada yaş, cins, mövqe…
müxtəlif kriteriyalar əsas alınacaq.
Bayaq kitab adları sadaladınız, «Oxuma məni»… tipli. Bu ifadə
artıq işlənib. İkincisi, bu ad
aşkar şəkildə «oxu məni» deməkdir də.
Burda nə yenilik ola bilər? Biri
kitabının adını «pozğun» qoyur, biri «qapı»,
«açar»… Bu tip adlar şəxsən məndə ikrah
doğurur.
- Oxucu cəlb
etmək üçün seçirlər bu adları, yoxsa elə
bu düşüncənin sahibidirlər?
- Cəlb etmək üçün edirlər.
Bu yola əl atmaq zorundadırlar. Sosial şəbəkədə
o qədər özünü yazıçı-şair elan
edən var ki! Seçilmək üçün nəsə
düşünmək lazımdı. Və nə edirlər,
oxucunun duyğularına hücum çəkirlər. Oxucunun
duyğu orqanları da kütləşib artıq. Tələbə
vaxtı, yeni nəşr olunan kitabları alıb oxuyurdum,
çörək pulumu, nahar pulumu kitablara verirdim. İndi həftədə
azı 100 kitab nəşr olunur. Onun hamısını necə
ala bilərsən?
Ona görə də bəziləri müxtəlif
üsullara əl atırlar ki, oxunsunlar. Anlamırlar ki, ədəbiyyat
adamı deyilsənsə, onsuz da səni oxumayacaqlar.
Uzaqbaşı 1 ay davam edəcək, oxucunu 1 ay aldada biləcəksən.
Sonu yoxdu, onsuz da. Problem bundadı ki, adam
özü də başa düşür ədəbiyyat onun
yeri deyil, amma tərk etmir buranı. İllər keçir
axı. Bu illər ərzində o adam daha səmərəli
işlə məşğul ola bilərdi. Özünü
başqa sahədə realizə edə bilərdi. Amma illərini
itirir. Özünə qarşı da qıcıq yaranır,
ailə problemləri ortaya çıxır. Deyəndə ədəbiyyat
sənin yerin deyil, xətrinə dəyir, başlayır səni
təhqir etməyə, ədavət aparmağa.
Sonda Əsəd Cahangir Azərbaycan ədəbiyyatının
hazırkı durumunu «yetim quzuya» bənzətdiyini dedi:
- Ədəbiyyatımızın durumu ürəkaçan
deyil. Və ədəbiyyatı yönləndirəcək
çox güclü ələ ehtiyac var. Ədəbiyyatımızın
bugünkü durumu mənə yetim quzunu xatırladır. Kənd uşağıyam, kənddə böyüyənlər
görüb, anasız quzuların boynu bükük
qalmağını. Sürü qayıdanda yetim quzu gah bu, gah
o biri ana qoyunun altına cumur, əmmək istəyir, ana da
balası deyil deyə, qəbul eləmir. Axırı,
yetim quzu çəkilir bir kənara, boynunu büküb
dayanır. Bizim ədəbiyyatımızın durumu hazırda
belədir. Bizim də ədəbiyyatımız hələ
ki, aid olmayan ünvanlara baş vurmaqdadı. Bir gün də
yorulub dayanacaq.
Məlahət Rzayeva
Şərq.- 2019.- 8
iyun.- S.7.