"Bu mənimçün ölümdən
ağır olar"
Elə sənətçilər var ki,
onları 7-dən 77-yə sevirlər. Elə bugünkü
müsahibimiz də ömrünün yarısından
çoxunu səhnədə olub. Necə deyərlər, 7-dən
77-yə onu tanıyanlar, sevənlər var. Bəzən bir
mahnısını yada salmaq yetərlidir ki, adı hörmətlə
çəkilsin. Söhbət «Ana»
mahnısı ilə könülləri fəth edən,
sevgilisinə namə göndərmək üçün
quşlara üz tutub, "Ay uçan quşlar, bir qanad
çalın, yar gələn yola bir səfər salın»
deyib sevən ürəklərə məlhəm olan
Baloğlan Əşrəfovdan gedir. Azərbaycanın
Əməkdar artisti «Şərq"ə müsahibəsində
maraqlı açıqlamalar verdi, tamaşaçı
sevgisinin sirlərini açdı.
- Siz ötən əsrdən səhnədəsiz.
20-ci əsrin səhnəsi, tamaşaçısı ilə
bugünkü arasında fərq nə qədər
böyükdü? Elə bir dönəmdə sənətə
gəldiniz ki, efirə çıxmaq heç də asan
deyildi.
- Mən tam səmimiyyətimlə deyirəm,
ozamankı səhnə ilə bu günün səhnəsi
arasında böyük fərq var. O dönəmlər oxumaq
da təbii idi, musiqiçilərin ifası da təbii idi.
Konsertlərdə min cür hoqqabazlıq etmirdilər. O
zamanlar istər musiqiçi, istər müğənni çətinlik
çəkirdi, məsuliyyət hiss edirdi, birdən
mahnının sözləri unudular, xaric nəfəs səslənər.
Ona görə də məşqlər
aparılırdı. İndi maşallah, sənin yerinə
aparat da oxuya bilir, səsinin qüsuru da, səsinin tembrini də
texnika gücünə tənzimləmək olur. Əvvəllərlə
müqayisədə indi oxumaq çox-çox asandı. Biz
bir mahnını lentə aldırmaq üçün uzun
müddət məşq edirdik ki, lentə aldıran
ifada qüsur olmasın.
O mahnı lentə alındıqdan sonra onu
düzəltmək mümkün deyildi. İndi mahnının
yarısını bu gün yaz, yarısını sabah. Səsində
qüsur varsa, onu aradan qaldırmaq üçün bir düymə
bəs edir, səsinin tembrini istədiyin kimi düzəldir.
Əvvəlki illərdə səhnəyə gəlmək cəsarət,
istedad, məsuliyyət tələb edirdi. Nə bilim vallah, mən
rəhmətlik İslam Rzayevlə bütün Azərbaycanı
qarış-qarış gəzmişik. Mahnıları məşqsiz
ifa etmirdik. Allah eləməsin bir xaric oxuyaydıq. İndi
problem yoxdu. İndiki müğənnilərin 99 faizi konsertində
fonoqram oxuyur. Bu gün konsertdə canlı ifa edən
müğənninin adını çəkməyə
çətinlik çəkərsiz.
- Siz bu gün də toylara belə gedərkən
fonaqramdan istifadə etmirsiz, canlı ifaya üstünlük
verirsiz.
- İnanın Allaha, mən fonoqram oxumuram, bunu
adıma yaraşdırmıram. Hərdən mənə deyirlər
ki, sən də gəl yarım saat fonoqramla oxu, deyirəm yox
qardaş, mən illərlə qazandığım hörməti
itirə bilmərəm. Mən toylara da öz musiqiçilərimlə
gedirəm, çünki onlarla məşqlər edirəm,
canlı ifalar etdiyim üçün bu vacibdi. Yarım saat
toya gedib fonoqramla pul qazanmağa nə var ki?
Mən toylara 9-10 musiqiçi aparıram,
aparaturaları gətirdirəm ki, canlı, keyfiyyətli ifa təqdim
edə bilim. Məndən xahiş belə edirlər ki,
Baloğlan müəllim, toydasız, bir mahnınızı
fonoqramla təqdim edin. Deyirəm utanaram camaatın
qabağında fonoqramla oxuyum. Yaşımın bu vaxtında
camaatı özümə güldürmə bilmərəm.
Desinlər ki, sən də qoşuldun fonoqram oxuyanlara. Bu mənimçün
ölümdən ağır olar.
- Siz Azərbaycan səhnəsinin keçid
dönəmini də görənlərdənsiz. Yəni sovetlər
dönəmindəki səhnə qaydaları, o vaxtın
stereotipləri ilə müasir səhnənin istəkləri
arasında fərq özünü göstərdi. Elə sənətkarlar
oldu ki, elə sovet dönəmində qaldı, müasir səhnəyə,
müasir tamaşaçıya uyğunlaşa bilmədi. Siz
bunu bacardınız, o körpüdən keçə bildiniz.
- (Gülür) Həqiqətən mən
xoşbəxt sənətçiyəm. Mən səhnəyə
gəldiyim gündən bu vaxta qədər seviblər, sevirlər.
Bunu təkəbbür kimi qəbul etməsinlər. Mən
tamaşaçı sevgisini bu gün də görməsəm
susardım. Qaldı bu illər ərzində
tamaşaçı sevgisini qazana bilmək, o sevgini itirməmək
üçün mütləq çalışmaq,
yaradıcılıq axtarışında olmaq lazımdı.
Bir mahnının ucundan tutub getməmək. Hər dəfə
yeni bir mahnı, yeni bir ifa təqdim etmək lazımdı. Hərdən
mənə zarafatla deyirlər ki, Baloğlan 7-dən 77-yə
hamının müğənnisi olub. Məndən bu
yaşımda da yeni mahnılar istəyirlər. Bu
yaxınlarda yeni bir mahnım səslənəcək - «İstəmirəm
gedəsən».
Mən kifayətlənməyimi sevmirəm.
Deyim ki, daha yetərincə mahnı oxumuşam, bəsdi. Bu,
düzgün yanaşma deyil. Nə qədər ki, səhnədəsən,
tamaşaçının maraq dairəsinə uyğun
mahnılar ifa etməlisən. Müğənninin yaşı
olmur. Dünya miqyasında da elə yaşlı müğənnilər
var ki, onlara hər yaşda maraq olub. Sənətçi daim
gündəmdə qalmaq üçün yeniliklər etməyə
çalışmalıdır. Mən bu illər ərzində
həmişə çalışmışam yeni mahnı ifa
edim. Mənim mahnılarım Azərbaycanı, Rusiyanı
qarış-qarış gəzib. Bütün müğənnilər
mənim repertuarımdan toylarda istifadə edib. Hətta 20 il əvvəl
oxuduğum mahnılar var ki, indiki müğənnilər ona
yenidən müraciət edib, yeni aranjimanda oxuyur. Mən buna
sevinirəm. Çünki oxuyanda deyirlər ki, Baloğlan
müəllimin mahnısıdı. Mən də bundan ilham
alıram. Qaldı yenə yaş məsələsinə, mən
oxuyanda 20 yaşlı Baloğlanam. İndi bəlkə
görünüşdə bir az dəyişmişəm, amma
ruhum 20 yaşındadı.
- Yaşa toxundunuz. Cavan ikən yəqin ki,
xanım fanatlarınız çox olub, sizə eşq elan edənlər
olurdu?
- Mən indi də qoca deyiləm
(gülür) sənə qurban, elə indi də mənə
sevgisini bildirənlər az deyil (red - bu məqamı
Baloğlan müəllim muğam şəklində
zümzümə edərək dilə gətirdi), o sevgini bu
gün də dilə gətirənlər olur. Sevilən
müğənninin yaş faktoru olmur, onun yaşı gözə
görünmür. Ay sənə qurban olum, əgər sənin
səsində şirinlik yoxdusa, sən xalqın sevgisini qazana
bilmədinsə, 30 yaşında da müğənni olaraq
qoca görünərsən. Bu, həyatın gerçəkliydir.
Müğənninin sevilməsində istedadı rol
oynayır, yaş faktoru önəm daşımır. Mənim
qədər Azərbaycanda sevilən kişi müğənnisi
az olub. Bugünkü nəslin kişi müğənniləri
belə mənim qədər sevilməyiblər. Bunu inanın
cəsarətlə deyirəm.
- O vaxtlar ən baha qiymətə gedən, ən
varlı müğənnilərdən biri siz idiniz. İndi
necə dolanırsız?
- Sizə bir söz deyim. Bu gün təkcə
Baloğlan müəllimin qazancı azalmayıb. Bütün gözəl
müğənnilərin toy bazarı zəifdi. O problemin səbəbləri
var. Vaxtilə Azərbaycanın bölgələrində olan
toylar ki var idi, indi köçüb Rusiyada edirlər.
İnanın səmimiyyətimə, olanı deyirəm.
Rusiyada toya gedirəm, görürəm ki, bir kəndin az qala
hamısı Rusiyaya köçüb.
Əvvəllər kənddə olan toylarda
gördüyüm adamlar hamısı Rusiyada məskunlaşıb.
Balaca uşaqdan böyüyə qədər hamı orda
yaşayır, orda toy edir. Maraqlanmışam,
deyirlər ki, biz ildə bir dəfə kəndə gedirik ya
yox, ölümüz də burda basdırılır, toyumuz da
burda olur, qəbiristanlığımız da burdadı. Yəni
demək istədiyim odur ki, əvvəllər bölgələrdə
o qədər ki, toylara dəvət alardıq, indi o
toylar Rusiyada olur, imkanları çatanda xarici müğənniləri
də toya dəvət edirlər, yəni toy təkcə mənim
üçün azalmayıb. Bütün müğənnilərin
toy bazarı əvvəlkindən zəifdir.
- İdarə etdiyiniz toylara yarım saata baha gələn
müğənnilər də olur. Bəziləri lap ulduz xəstəsi
olub, gələndə də əda ilə məclisə daxil
olur. Sizə də əda sərgiləyənlər olurmu?
- Mən ömrümün yarısından
çoxunu səhnədə, məclislərdə olmuşam.
Həmişə də müğənnilərdən
özümə hörmət görmüşəm. İndiki
o ulduzlar ki var, onlar da məni toyda, məclisdə görəndə
hörmətlə salamlayırlar. Bir də o hörməti
qazanmaq lazımdı. Toya qonaq gələn müğənniyə
həmişə şərait yaratmışam ki, ifasını
təqdim etsin. Bunu da onlar dəyərləndiriblər.
- Bəs sizə təsir etmir ki, yarım saata gələn
müğənni sizin bütün toy qonorarınızdan
artıq pul alıb gedir?
- Əvvəllər təsir edirdi. Nə gizlədim?
Pis olurdum, qısqanclıqla yanaşırdım. Deyirdim ki, bax, mən canlı ifa edirəm, bu gəlib
disk qoyub 15 dəqiqə oxuyub getdi, aldığı mənim
qonorarımdan iki dəfə çoxdu. İndi deyirəm ki,
belə əcəb edir o müğənni, bacarana can qurban.
Əcəb də edir o toy yiyəsindən o pulu alır.
Olmasaydı cahanda maymaqlar, yəqin ki, ac qalardı sarsaqlar. Lap
yaxşı da edir yarım saata o pulu tələb edir.
Ağlı olan verməsin. Elə toy olub ki, müğənni
yarım saat toy danışıb, 15 dəqiqə oxuyub gedib.
Deyirəm qardaş nə qədər oxudun, deyir Baloğlan
müəllim, toy yiyəsi bilmədi ki, 15 dəqiqə oxudum,
gəldim göründüm gedirəm, məni yola salsın.
Toy sahibi bundan narahat deyilsə, mən niyə narahat olum?
Tahirə Məmmədqızı
Şərq.- 2019.- 13 iyun.- S.13