Dünya mətbuatı
Xocalı soyqırımını
səhifələrinə daşıdı
Məqalələrdə
Xocalı şəhərində baş vermiş qanlı
cinayət və onun nəticələri haqqında geniş
məlumat verilir
(...
əvvəli ötən sayımızda)
Xocalı soyqırımının
27-ci ildönümü xarici ölkələrin kütləvi
informasiya vasitələri tərəfindən geniş
işıqlandırılıb.
1992-ci
ildə Xocalı soyqırımının baş verdiyi zaman
dünya mətbuatında faciənin
işıqlandırılmasında ən böyük
fəallığı Türkiyə mediası göstərib.
Xocalı
soyqırımı haqqında xəbərlər mahiyyət
etibarilə Türkiyə mətbuatında 2 cür
təzahür edir: hadisənin bütün
gerçəkliklərini ortaya qoyan canlı şahidlərin
gözü ilə və başqa mətbuat
nümunələrindən qaynaqlanan xəbərlər.
Qeyd
edək ki, Xocalı soyqırımının törədilməsindən
əvvəl də erməni vəhşiliyi, cinayətləri
ilə bağlı Türkiyə mediasında informativ
xarakterli məlumatlar gedirdi və məlumatların
içərisində daha çox ölənlərin və
yaralıların sayı barədə statistik
rəqəmlər yer alırdı.
Misir
mətbuatı da insanlığa qarşı törədilən
soyqırıma laqeyd qalmayıb
Azərbaycanın
Misirdəki səfiri Tural Rzayevin Xocalı
soyqırımının 27-ci ildönümü ilə
bağlı məqaləsi Misirin nüfuzlu və geniş
oxucu kütləsinə malik "Əl-Əhram”,
"Əl-Cümhuriyyə”, "Əl-Əxbar”,
"Əl-Düstur”, "Əl-Fəcr”, "Al-Masriyya”,
"Əl-Omah”, "Əl-Balad”, "Qalyubiyanews”,
"Gotnewsnow” və s. qəzetlərində dərc edilib.
Yazıda
Sovet İttifaqı dağıldıqdan sonra
Azərbaycanın müstəqilliyini yenidən bərpa
etməsi ilə torpaqlarının 20 faizinin Ermənistan
tərəfindən işğal olunması, bir milyondan
çox qaçqın və məcburi
köçkünün doğma torpaqlarından didərgin
salınması, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi tarixində baş vermiş
ən qanlı Xocalı soyqırımı barədə
ətraflı məlumat verilib.
1992-ci il
fevralın 26-da SSRİ-nin 366-cı motoatıcı alayının
dəstəyi ilə Ermənistan silahlı
qüvvələri tərəfindən Xocalı
şəhərində soyqırım törədildiyi,
106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc
sakinin amansızcasına qətlə yetirildiyi, 1275
xocalılının əsir alındığı və
150-sinin itkin düşdüyü diqqətinə
çatdırılıb, soyqırımdan əvvəl
baş vermiş hadisələr və həmin faciənin
nəticələri barədə müfəssəl
məlumatlar təqdim edilib.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə toxunan
müəllif BMT Təhlükəsizlik Şurası
tərəfindən münaqişə ilə bağlı
dörd qətnamənin və digər beynəlxalq
təşkilatlar tərəfindən çoxsaylı
qərarların qəbul edildiyini bildirib, lakin onların
Ermənistan tərəfindən icra olunmadığını
vurğulayıb. Ermənistanın təkziblərinə
baxmayaraq, Xocalı soyqırımı haqqında
həqiqətlərin dünyaya yayıldığı və
bir sıra ölkələrin qanunverici orqanları
tərəfindən bu soyqırıma hüquqi və siyasi
qiymətin verildiyi qeyd edilib.
Müəllif
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normalarına,
xüsusən də Azərbaycanın suverenliyinə və
ərazi bütövlüyünə hörmət
əsasında həllinin vacibliyini önə çəkib.
Materialda qeyd olunur ki, Ermənistan məsuliyyətdən boyun
qaçırmamalı, münaqişənin həlli qonşu
dövlətlər arasında yaxşı
əlaqələrin, habelə regionda inkişafın
gələcəyi üçün yeganə ümid
olmalıdır.
Ukrayna
telekanalında Xocalı soyqırımına dair film
nümayiş etdirilib
Ukraynanın
"Pravdatut” televiziya kanalı Heydər Əliyev Fondu
tərəfindən Xocalı soyqırımı barədə
hazırlanmış filmi nümayiş etdirib.
Filmdə
erməni silahlı qüvvələrinin 27 il bundan
öncə 366-cı motoatıcı alayla birgə Xocalı
şəhərində həyata keçirdikləri misli
görünməmiş qətliamlar tarixi faktlarla Ukrayna
ictimaiyyətinin diqqətinə çatdırılıb.
Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən
Vəliyevin məlumatına görə, televiziya kanalı
sənədli filmi fevralın 26-da və 27-də axşam
saatlarında yenidən yayımlayacaq. "Bizim əsas
məqsədimiz ermənilərin zaman-zaman Azərbaycana
qarşı həyata keçirdikləri işğalçılıq
və soyqırım siyasətini kütləvi informasiya
vasitələri ilə dünya ictimaiyyətinə
çatdırmaqdır. Bu baxımdan son illər Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə bütün dünyada
həyata keçirilən "Xocalıya ədalət!”
kampaniyası erməni hiyləgərliyinin və
qəddarlığının ifşa olunmasında
müstəsna rol oynayıb. Biz də
çalışırıq ki, Heydər Əliyev Fondu
tərəfindən hazırlanmış, Qarabağ və
Xocalı həqiqətlərini özündə əks
etdirən filmləri Ukraynanın kütləvi informasiya vasitələrində
nümayiş etdirməklə, üzərimizə
düşən tarixi missiyanı yerinə yetirək”, deyə
fəxri konsul bildirib.
Ukraynanın
LB.ua saytında Azərbaycanın bu ölkədəki
səfiri Azər Xudiyevin Xocalı soyqırımına dair
məqaləsi yayılıb. Müəllif məqalədə
Xocalı faciəsini insanlığa qarşı
törədilən ən qəddar akt adlandırıb. "Bu
günə qədər Ermənistanın ikinci və
üçüncü prezidentləri Robert Koçaryan və
Serj Sarkisyan mülki azərbaycanlılara qarşı hərbi
cinayətlərinə görə
cəzalandırılmayıblar. Baxmayaraq ki, onlar Xocalı
faciəsinin törədilməsini etiraf ediblər,
hələ də cəzasız qalırlar”, - deyə səfir
yazıda vurğulayıb. Müəllif məqalədə
Xocalı soyqırımının bir çox dünya
dövlətləri, beynəlxalq təşkilatlar
tərəfindən tanındığını qeyd edib.
Gürcüstan
KİV-ləri də Xocalı faciəsindən yazıb
Gürcüstanın
nüfuzlu 24news.ge və gaxa.ge informasiya portalları,
Azərbaycan və gürcü dillərində yayımlanan AG
FM radiosu Tbilisidəki 64 nömrəli tam orta
məktəbdə Xocalı faciəsinin 27-ci
ildönümü ilə əlaqədar Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və bu
məktəbin birgə təşkil etdiyi anım
tədbirindən materiallar yayıb. Materiallarda Xocalı
soyqırımı ilə əlaqədar Azərbaycan, rus,
gürcü və digər millətlərin
nümayəndələrinin təhsil aldıqları 64
saylı məktəbdə bu cür tədbirin təşkili
yüksək qiymətləndirilir. Azərbaycan
xalqının şanlı və qanlı tarixi barədə
məlumatların gələcək nəsillərə,
xüsusən də xarici ölkələrdə yaşayan
azərbaycanlılarla yanaşı, digər millətlərin
nümayəndələrinə
çatdırılmasının vacibliyi qeyd olunub.
Rumıniyanın
"Amosnews” xəbər agentliyi Xocalı
soyqırımından yazıb
Rumıniyanın
"Amosnews” xəbər agentliyi AZƏRTAC-ın bu
ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin
Xocalı soyqırımı barədə məqaləsini
yayıb.
Məqalədə
Xocalı soyqırımının Azərbaycan tarixinə
ən dəhşətli və faciəli
səhifələrdən biri kimi daxil olduğu
göstərilib, Ermənistanın ölkəmizə və
xalqımıza qarşı yürüdülən
işğalçılıq və etnik təmizləmə
siyasəti, onun ağır nəticələri barədə
bəhs edilib, soyqırımın insanlığa
sığmayan hərəkət olduğu vurğulanıb.
Bildirilib
ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda erməni silahlı qüvvələri dinc
azərbaycanlılara qarşı misli görünməmiş
soyqırım törədiblər. Erməni silahlı
qüvvələrinin keçmiş SSRİ-nin 366-cı
motoatıcı alayının köməyi ilə Xocalıda
törətdikləri qanlı qırğın
nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla
613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb,
1275 nəfər əsir götürülüb, 150
nəfər itkin düşüb. Müəllif Xocalı
soyqırımının əsl mahiyyətinin üzə
çıxarılmasında və dünya
ictimaiyyətinə çatdırılmasında ümummilli
lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, 1994-cü ilin
fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı
soyqırımına hüquqi-siyasi qiymət verdiyini
bildirib. Vurğulanıb ki, Xocalı
soyqırımını törədənlər cinayət
məsuliyyətinə cəlb olunaraq beynəlxalq
məhkəmə qarşısında cavab verməlidirlər.
Polşalı
publisist Xocalı soyqırımı barədə
məqalə yazıb
Polşanın
"decydent.pl” portalında polyak diplomat, uzun müddət
xaricdə çalışmış jurnalist, publisist Yasek
Pototskinin Xocalı soyqırımı ilə bağlı
məqaləsi yerləşdirilib. Məqalədə
Xocalıda baş vermiş soyqırımın qanlı
nəticələri, dünya ictimaiyyətinin bu
hadisəyə münasibəti və statistik məlumatlar
əksini tapıb. Həmçinin qətliamın şahidi
olmuş xarici KİV nümayəndələrinin bu
hadisələri işıqlandırması və ermənilərin
"quldur” kimi təqdim olunması vurğulanır.
Məqalədə,
həmçinin beynəlxalq ictimaiyyətin Xocalı
soyqırımını tanıması ilə bağlı da
məlumat verilib və qeyd olunub ki, Polşanın
Azərbaycandakı səfirliyi də hər il Xocalı
soyqırımını yad edir və
azərbaycanlıların kədərini
bölüşür.
Litva
mətbuatı Xocalı soyqırımı və "Sonsuz
dəhliz” filmindən yazıb
Litvanın
Mikolas Romeris Universitetində Xocalı soyqırımı
haqqında çəkilmiş "Sonsuz dəhliz” filmi
nümayiş etdirilib. Bu ölkənin Alkast.lt və
Bernardinai.lt xəbər portallarında filmə və
Xocalı soyqırımının 27-ci
ildönümünə həsr olunmuş geniş
məqalələr dərc edilib.
Yazıda
1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı
şəhərində baş vermiş qanlı cinayət
və onun nəticələri haqqında geniş məlumat
verilir. Bildirilir ki, litvalı müəlliflərin lentə
aldığı "Sonsuz dəhliz” sənədli filmi bu
dəhşətli hadisələrə işıq salır.
Vurğulanır ki, həmin filmə baxarkən litvalı
tamaşaçı erməni qəddarlığına izah
tapmaqda çətinlik çəkir. Məqalədə
bildirilib ki, "Sonsuz dəhliz” filmi 1992-ci ilin o
dəhşətli günlərində təsadüfən
Azərbaycanda olmuş litvalı jurnalist Riçard Lapaytisin
şahidi olduğu hadisələr əsasında lentə
alınıb.
"Xalq
Cəbhəsi” qəzetinin baş redaktoru Elçin
Mirzəbəylinin sözlərinə görə, Xocalı
faciəsi ilə bağlı dünya mediasında kifayət
qədər məlumatlar yer alsa da, bütün bunlar bizim
üçün yetərli deyil:
"Biz
Xocalı həqiqətlərinin daha çox
işıqlandırılmasını və soyqırım
olaraq bütün dünya ölkələri
tərəfindən tanınmasının
tərəfdarıyıq. Avropa ölkələrində
də bu istiqamətdə addımlar atılıb,
ayrı-ayrı media orqanlarında Xocalı ilə
bağlı məlumatlar yer alıb”.
Baş
redaktorun sözlərinə görə, Xocalının
təbliğatının yalnız 26 fevralda aparılması
düzgün deyil:
«Belə olan halda
görülən işlərin effekti olmur. Amma
təqdirəlayiq haldır ki, bir neçə ildir ki,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə beynəlxalq
müstəvidə həyata keçirilən "Xocalıya
ədalət” kampaniyası keçirilir. "Xocalıya
ədalət!” təbliğat kampaniyası Xocalı
faciəsinin dünyada soyqırım aktı kimi
tanınmasında mühüm rol oynayır. Hesab edirəm
ki, bu gün Xocalı soyqırımına dünya mediası
tərəfindən diqqətin artırılması məhz bu
kampaniya çərçivəsində atılan
addımların nəticəsidir. Hansısa bir xarici
mətbuat orqanının isə il ərzində bir
və ya bir neçə dəfə Azərbaycan
ərazilərinin işğalı faktını, Xocalı
soyqırımını diqqətdə saxlaması,
soyqırım faktlarını dilə gətirməsi bizim
üçün çox önəmlidir».
Şəymən
Şərq.-
2019.- 1 mart.- S.11