Mətbuatın
ekspert qıtlığı...
"Eyni şəxsi və eyni fikirləri
nə qədər eşitmək olar?!"
"Media
üçün ekspert çatışmazlığı
təkcə siyasi və ya hərbi sahədə
özünü göstərmir, iqtisadi, mədəni, dini,
hüquqi, təhlükəsizlik, hətta media
məsələlərinin özündə də bu problem
aktuallığını qoruyub saxlayır"
Kütləvi
informasiya vasitələrində ekspert böhranı
yaşanır. Jurnalistlər hər hansı bir mövzunu
araşdırarkən və ya o mövzuya münasibət
bildirərkən ekspertlərə müraciət edirlər.
Lakin bu məsələdə təəssüfəndirici bir
fakt mövcuddur ki, jurnalistlər ekspert qıtlığı
çəkirlər. Hətta elə sahələr var ki, o
sahə üzrə ümumiyyətlə, ekspert yoxdur. Kütləvi informasiya vasitələrində ekspert
böhranı yaşanır desək daha doğru olar.
İllərdir mətbuata açıqlama verən
mütəxəssislərin sıraları
seyrəlməkdədir - dünyasını
dəyişənlər, ölkəni tərk edənlər
və mətbuata qadağa qoyanlar medianın onsuz da
yaxşı olmayan vəziyyətini daha da çıxılmaz
edib.Az qala bir redaksiyada çalışan üç
müxbirdən ikisi ayrı-ayrı mövzular üzrə eyni
şəxsi ekspert kimi danışdırır. Hətta olur
ki, bir şəxsi həm iqtisadi, həm də siyasi mövzu
üzrə danışdırırlar. Səbəb isə odur
ki, ekspert qıtlığı var. Ölkədə bir
hadisə baş verən kimi müxtəlif media orqanlarında
çalışan jurnalistlər eyni ekspertlərə müraciət
edirlər. Bu isə mediada xəbər
eyniləşməsinə gətirib çıxarır. Eyni
mövzu, eyni ekspert, sadəcə xəbərin yayımlandığı
saytın adı fərqlidir.
Bəs,
jurnalistlər daha çox hansı sahədə ekspert
çatışmazlığından əziyyət
çəkir?
"Ekspert
qıtlığı”nın kifayət qədər ciddi problem
olduğunu deyən Jurnalistlərin Həmkarlar
İttifaqının sədri Müşfiq
Ələsgərlinin fikrincə, bu, indiki dövrün problemi
deyil:
"Uzun
müddətdir ki, Azərbaycan mediası bu problemin
əziyyətini çəkir. Bəzi sahələr
üzrə ekspertlər mövcuddurlar, amma sayları
kifayət qədər azdır. Bu, həm ekspertlərə
əlçatımlıq problemi yaradır, həm də
təqdim edilən materialı oxucu, dinləyici,
tamaşaçı üçün maraqsız edir. Eyni
şəxsi və eyni fikirləri nə qədər
eşitmək olar?! Bəzi sahələr üzrə,
ümumiyyətlə ekspert tapılmır, mövzunun
şərh edilməsi jurnalistin imkanlarına bağlanır.
Müxtəlif tədbirlərdə mən də
dəfələrlə "ekspert qıtlığı”
mövzusuna toxunmuşam, xüsusən cəbhə
bölgəsində vəziyyət
gərginləşəndə "hərbi ekspert”
məsələsi ciddiyyəti ilə ortaya çıxmışdı.
Amma media
üçün ekspert çatışmazlığı
təkcə siyasi və ya hərbi sahədə
özünü göstərmir, iqtisadi, mədəni, dini,
hüquqi, təhlükəsizlik, hətta media
məsələlərinin özündə də bu problem
aktuallığını qoruyub saxlayır. Qısa desək,
ölkədə media üçün lazımi anda "əlçatımlı
olan ekspert institutu” problemi mövcuddur. Hansısa
böhranlı hadisə yaşananda siyasi ekspertlər
"sükuta daldıqları” üçün jurnalistlər
hadisəni özləri şərh etməyə
çalışırlar. Bu zaman da verilən
şərhlər professional olmur, emosiyalara söykənir
deyə, bəzən ictimai rəydə
çaşqınlıq yaranır. Misalların sayını
onlarla artırmaq mümkündür. Vurğulamaq istədiyim
odur ki, belə hallar intensiv olaraq yaşanır, ekspert
qıtlığı və ya ekspertlərin biri-birlərinin
sahələrinə müdaxilə etmələri,
diletantcasına şərhlər vermələri ciddi
problemlərə yol açır. Siyasət adamı media
ekspertliyi edəndə, yaxud əksinə, jurnalist siyasi
şərhçi funksiyasını icra edəndə ciddi
anlaşmazlıqlar ortaya çıxır. Hərbi,
hüquqi, iqtisadi, təhlükəsizlik mövzularını
da bura əlavə etmək olar. Amma məncə, müzakirələr
ekspert probleminin olub-olmaması üzərində
fokuslaşmamalıdır. Problem, gerçəkdən
mövcuddur. Araşdırmalı olduğumuz məqam bu
problemin nədən qaynaqlanmasıdır.
"Vəziyyətdən necə çıxmaq olar” sualı
üzərində düşünmək daha effektlidir”.
Jurnalistlərin
yazı redaktə etməkdən
kənarlaşdırılıb, məhz politoloji
fəaliyyətə yönəldilməsinə gəldikdə
isə M.Ələsgərli deyib ki, ekspert üçün
vacib olan şərtlərdən biri informasiya bankına sahib
olmasıdır. O, uzun müddət
informasiyaları izləməli, toplamalı və lazım
gələndə bu informasiyaları müqayisəli təhlil
edib nəticə çıxarmağı bacarmalıdır:"İnformasiya
bankına sahib olmaq baxımından jurnalistika ekspertliklə
yaxındır, amma bu, ekspert olmaq üçün yeganə
şərt deyil. Məsələn, informasiya
bankı olsa da belə, bir jurnalist tibbi, hüquqi, iqtisadi,
hərbi sahədə necə ekspertlik edə bilər ki? Burada
ekspertlik etmək istədiyin sahə üzrə həm də
elmi bilgilərə, ixtisasa sahib olmağın, analitik
təfəkkürə malik olmağın, xarici dil
bilgilərini mənimsəməyin tələb olunur ki, yeri
gələndə paralellər aparmaq imkanın yaransın.
Ekspertlik üçün tələb olunan
keyfiyyətlərin sayı çoxdur və burada kommunikativ
olmaq, yaxud informasiya bankına sahib olmaq yeganə şərt
deyil. Bütün bu keyfiyyətlərə sahib olduqdan sonra,
ekspert kimi özünün menecmentini, marketinqini qurmaq
mərhələsi gəlir ki, məncə,
ölkədəki "ekspert qıtlığı” probleminin
əsas səbəbi də buraya bağlanır. Fərz
edək ki, bir ekspert gün ərzində aktiv
fəaliyyətini informasiya toplanılmasına, onların
təhlilinə, yekun nəticə çıxarılmasına
həsr edir. Yəni sadə ifadə etsək, öz
ixtisası üzrə məhsul istehsal edir. Onun məhsulunu
alan, qarşılığında vəsait ödəyən
varmı? KİV-lər ekspert kimi
müraciət etdikləri, hər hansı bir
məsələ üzrə rəy aldıqları
ekspertlərə bunun qarşılığında vəsait
ödəyirlərmi? Ölkəmizdə belə bir
ənənə varmı? Əgər məhsulu satmaq
üçün bazar yoxdursa, onda kim və nə maraqla öz
gününü, vaxtını, əməyini həsr
edib hadisələri izləməli, təhlillər
aparmalı, rəy hazırlayıb yaymalıdır? Bir daha
fikrimə qayıtmaq istəyirəm ki, ekspert
qıtlığında əsas səbəblərdən biri
kimi, menecment və marketinq problemini görürəm. İndi
bəzi KİV-lərdə bu ənənə formalaşmağa
başlayır. Amma proses hələ kustar
mərhələdədir. Məsələn, bəzi
KİV-lər hansısa sahə üzrə eksperti
əməkdaş kimi işə cəlb ediblər.
Nəzərə alsaq ki, KİV-lər hər gün 10-larla
mövzu üzrə çeşidli xəbərlər istehsal
edirlər, hər bir mövzu üzrə öz ekspertinə
malik olmaq mümkündürmü? Müşahidələr
göstərir ki, KİV-lərin əksəriyyəti ekspert
məsələsində yaranmış boşluğu
ayrı-ayrı sahələr üzrə
ixtisaslaşmış QHT-lərə üz tutmaqla doldururlar.
Fikrimcə, bu, daha məqbul variantlardan biridir. Amma KİV-lər nəzərə almalıdırlar
ki, bu məsələdə QHT-lərin də öz
maraqları var. Əməkdaşlıq yalnız
KİV-lərin maraqlarının təmin olunması
üzərində, birtərəfli qaydada qurulmamalıdır.
Əməkdaşlığın
dərinləşdirilməsi üçün KİV-lərin
də üzərinə düşən
öhdəliklər var ki, bu nüansa diqqətlə
yanaşmaq zəruridir”.
Jurnalist
Səxavət Məmməd ekspert
çatışmazlığının mediamızın
ən böyük problemlərindən biri olduğunu deyib:
"Jurnalistlər
bir mövzunu işləyəndə fərqli ekspert tapa
bilmirlər. Hətta bəzi ekspertlərdən məcburən
başqa sahələrdə də istifadə edilir. Bu media
üçün də, ekspertlər üçün də
pis haldır. Belə ki, bir müddətdən sonra
ekspertlər "hərşeyşünas” olurlar. Açığı, ekspertlərin sayı o
qədər azdır və ortada olan ekspertlər o
qədər çox danışdırılıb ki, heç
onları danışdırmadan da yazını yazsaq, düz
çıxacaq. Çünki jurnalistlər artıq hansı
ekspertin nələr deyəcəyini çox yaxşı
bilir”.
Ekspert
çatışmazlığının demək olar ki,
hər sahədə hiss olunduğunu vurğulayan
həmkarımızın fikrincə, hərblə
bağlı ortada olan ekspertlərin demək olar ki,
hamısı "zampalitlərdir”, onlar isə məcburdur
hərbin hər sahəsindən danışsınlar:
"Əslində
isə hər sahə üzrə xüsusi ekspertlər
olmalıdır. Ölkədə fövqəladə hal
baş verəndə ekspert tapa bilmirik. Dəfələrlə
olub ki, gündəmdə olan mövzu ilə bağlı bir
ekspert müxtəlif saytlara eyni gündə
açıqlamalar verib. Bu da mediamızı biri-birinin
bənzəri edir”.
Onun
sözlərinə görə, ekspert
çatışmazlığının həlli
üçün mediadan daha çox dövlət qurumları
iş görməlidir:
"Bu
onların da xeyrinədir. Belə ki, sahənin adamı olmayan
ekspert səhvlər edə bilər və bu, həmin qurumun
işinə və imicinə zərbə vurar. Buna görə
də, dövlət orqanları media ilə
işləyəcək şəxslərin
yetişdirilməsində maraqlı olmalıdırlar”.
"Yeni
Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də
bir redaktor olaraq media sahəsində ekspert böhranı
probleminin aktual olduğunu düşünür:
"Gün
ərzində müxbirlər redaktəyə material
yollayır, baxıram ki, bir neçə müxbir
ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert
kimi danışdırıb. Hətta olur ki, bir şəxsi
həm iqtisadi, həm də siyasi mövzu üzrə
danışdırırlar. Səbəb isə odur ki, ekspert
qıtlığı var. Bu, bütün sahələr
üzrə belədir - iqtisadi, siyasi, sosial,
təhlükəsizlik və s. sahələr üzrə
cəmi bir neçə ekspert var. Bəli, bu bir faktdır ki,
son illərdə yeni ekspertlər yetişmir. Azərbaycanda
ekspert olmaqla yaşamaq, məvacib almaq mümkün deyil. Bu
gün ekspert kimi mediaya açıqlamalar verən
şəxslərin hamısının gəlir mənbəyi,
iş yeri tamamilə ayrı sahədir.
Kimisi
redaktordur, kimisi QHT rəhbəridir, kimisi büdcə
təşkilatında hansısa bir işlə məşğuldur,
sadəcə aktivlik göstərərək, ekspert kimi də
medianın suallarını cavablandırırlar. Jurnalistlərin əlacsızlıqdan
danışdırdıqları ekspert kimi tanınan
şəxslər də var ki, onların şərhlərini
redaktə edəndə görürük ki, bu şəxsin
həmin prosesdən məlumatı çox azdır, son
prosesləri izləməyib və sair. İnkişaf etmiş
ölkələrdə ekspertlər dövlət səviyyəsində yetişdirilir,
təlimatlandırılır, ofislə, maliyyə ilə
təmin edilir və onlar da dövlətin konkret hansısa
sahəsi üzrə media üçün ekspertlik edirlər.
İkinci bir variant odur ki, konkret sahə üzrə tam
yetişmiş, savadlı, ekspertlik etdiyi sahəni
mükəmməl bilən, detallardan xəbəri olan şəxs
maliyyə imkanları normal olan TV, qəzet, saytla
əməkdaşlıq müqaviləsi bağlayır və
müəyyən məbləğ
qarşılığında onlara ekspertlik edir. Amma
Azərbaycanda bu variant alınan iş deyil, çünki
medianın maliyyə imkanları məhduddur.
Bizdə
yaxşı olar ki, dövlət strateji beyin
mərkəzləri formalaşdırsın və orada konkret
sahələr üzrə ekspertlər yetişdirilsin. Həmin
ekspertləri jurnalistlər arasından da seçmək olar.
Amma bu zaman da media öz savadlı redaktorlarını
itirmiş olacaq, bunu da nəzərə almaq lazımdır.
Onsuz da indi savadlı ekspert qıtlığı ilə
yanaşı, savadlı, prosesləri bilən, öz
üzərində işləyən redaktorların da sayı
çox azdır. Onlar da öz fəaliyyətini ekspert kimi
davam etdirsələr, o zaman da redaktor qıtlığı
yaranacaq”.
Şəymən
Şərq.-
2019.- 14 mart.- S.13