Cəmiyyət üçün zərərlidir

 

Mətbuatın kriminal aləmlə bağlı xəbərlərə geniş yer verməsi etiraz doğurdu

Rəşad Məcid: "Media öz sosial məsuliyyətini anlamasa, bu, pis nəticələrə gətirib çıxaracaq!»

Zeynal Məmmədli: "Xəbər elə formada verilməlidir ki, cəmiyyət təhlükədən mühafizə edilmiş olsun"

Azər Həsrət: "Kriminal aləmin həyatını «oğru dünyası» adı altında, süni şəkildə rəngli çalarlar da qataraq cəmiyyətə ötürmək gəncləri bu yola təhrik etməkdən başqa bir şey deyil"

Mediamız «sarı» dövrü müstəqilliyimizin bərpası ilə başladı, bir neçə il davam etdi və yeni əsrdə yavaş-yavaş sıradan çıxdı. O illərdə mətbuat sahəsində çalışanlar xatırlayar ki, ən çox tirajlanan xəbərlər məhz kriminal məzmunlu informasiyalar olurdu. Kriminal xəbərlər qəzetlərin manşetini «bəzəyirdi». Sanki cəmiyyət kriminal xəbərlərə ac idi. Amma illər keçdikcə həvəs söndü. Lakin indi kriminal xəbərlər, ələlxüsus da kriminal aləmin adamları – «avtoritetlər» barədə məlumatlar çoxalmağa başlayıb. Xüsusilə də xəbər saytları kriminal aləmin mənsubları barədə yalan-doğru xəbərlər yaymaqda sanki bəhsə girişib. Kriminal məzmunlu xəbərlərin, «avtoritetlər»lə bağlı məlumatların oxunma sayının çoxluğu belə saytları daha həvəsləndirir.

Rəşad Məcid etiraz edir

«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid aktual mövzuya bu günlərdə toxunub.

Feysbuk səhifəsində paylaşım edən baş redaktor kriminal məzmunlu xəbərlərin və «avtoritetlər»lə bağlı məlumatların geniş yayılmasının cəmiyyət üçün müsbət deyil, əksinə, mənfi tərəflərinin olduğunu yazıb:

- Kriminal avtoritetləri bütə çevirməyin, onlardan az yazın...

Media kriminal avtoritetlərin hər addımından yazmamalıdır! Onları həqiqətən avtoritetə, bütə çevirməməlidir! Sovet vaxtı bu adamlardan yazmaq yasaq olunmuşdu, qadağa var idi. Düz də edirdilər. İndi yasaq yoxdur, amma media öz məsuliyyətini dərk etməlidir. Bu sarıdan yeni media və saytlar daha çox seçilirlər; kriminal aləmdən daha çox yazır, avtoritetlərin, az qala, hər addımından şou düzəldir, nəticədə isə belə həyat tərzinin təbliğatçısı rolunu oynamış olurlar. Media təbliğ etdikcə, belə adamlar gənclərin şüurunda böyük güc, qüdrət sahibinə çevrilir, pərəstiş obyekti olurlar! Bu proses cəmiyyəti təhlükəli məcraya sürükləyir! Media öz sosial məsuliyyətini anlamasa, bu, pis nəticələrə gətirib çıxaracaq.

Kriminal xəbərlərə aludəçilik düzgün deyil

Kriminal xəbərlərin yayılması, medianın hansı xəbəri necə cəmiyyətə ötürməli olduğu əsas məsələdir. Kriminal məlumatı cəmiyyətə ötürməyin öz qaydaları var. Burada şəxsin toxunulmazlığı başlıca kriteriyadır. Vətəndaş haqqında məhkəmə hökmü yoxdursa, o, heç bir halda cinayətkar adlana bilməz. Onun barəsində yalnız «təqsirləndirilən şəxs» ifadəsi işlədilməlidir. Hansısa bir hadisə baş verdikdə hamı xəbər almaq istəyir. Və təbii ki, dərhal xəbər yayıcılarına, informasiya saytları və sosial mediaya «baş vurulur». Amma əlüstü çatdırılan xəbərlərin dəqiqliyi də şübhə altındadır. Bu da bir reallıqdır ki, media xəbərin tez çatdırılmasında maraqlı olur. Bəzən yayılan xəbərin dəqiqliyinin fərqinə varmadan. Jurnalist peşəkarlığı məhz belə şəraitdə üzə çıxır. Xəbəri hamıdan tez, operativ yaymaq əsasdırmı, yoxsa, xəbərin rəsmiliyini, dəqiqliyini gözləyib, bir qədər gec olsa da, dəqiqliyə, dolğunluğa üstünlük vermək? Peşəkarlar həmişə ikincini seçir. Xəbəri yaymaqda hamını qabaqlayıb, sonradan düzəliş, hətta təkzib etməkdənsə, səbirli olub dəqiqləşmiş, dolğun informasiya yaymağı üstün tutur. Günümüzdə onlayn media bu səbir və gözləmə mövqeyini bəyənmir. Xəbəri birinci yayan kimdirsə, irəlidə odur, prinsipi ilə hərəkət edirlər. Ekspertlər isə bu fikirdədir ki, kriminal xəbərin xüsusi ötürülmə qaydası olmalıdır. Kriminal xəbər elə formada cəmiyyətə çatdırılmalıdır ki, təhrik və təqlidə yox, baş vermiş hadisədən, əksinə, doğru nəticə çıxarılmasına yönəlsin.

Bunun özü də xüsusi bir bacarıq tələb edir.

Əhalinin informasiya, xəbər əldə etmək istəyi tamamilə təbiidir. Belə vəziyyətdə etibar edilən mənbə olmaq isə çox vacibdir. Bu da media mənsublarının, jurnalistlərin üzərinə düşən məsuliyyətdir.

Media hər hansı fövqəladə halda ictimaiyyətin xəbər sarıdan qıtlıq çəkməməsinə çalışır. Lakin bu çalışmalarda istəyərəkmi, istəmədənmi, yanlışlıqlara da yol verilir. Jurnalistin peşəkarlığı bu zaman üzə çıxır. Əsl jurnalist odur ki, fövqəladə hallarda davranış qaydalarına və peşə kodeksinə əməl edə bilsin. Təkcə operativliyi deyil, dəqiqliyi də qoruyub saxlasın. Amma görürük ki, xəbəri, hətta yalan, şayiə olsa da, birinci yaymaq uğrunda mübarizə yenə var.

Halbuki xəbər yayımında əsas prinsip dəqiqlik, əsaslılıq və rəsmi mənbələrə istinaddır.

Cəmiyyət üçün təhlükəli xəbərlər tirajlanmamalıdır

Gündəlik həyatda rastlaşdığımız hadisələr zamanı sosial şəbəkələrdə, informasiya saytlarında bəzən etik çərçivələrə sığmayan, qarşı tərəfi incidə biləcək, həmçinin xəbərçilik baxımından da zərərli məlumat yayımı halları baş verir.

Media eksperti, uzun illər BDU-nun jurnalistika fakültəsində müəllim işləmiş Zeynal Məmmədli jurnalistin peşəkarlığını itirməməsini vacib şərt sayır:

- Ciddi jurnalistikanın necə davranmalı olduğu məlumdur. İstər kriminal xəbər olsun, istərsə də hansısa siyasi və ya sosial xəbər. Hər bir situasiyada jurnalist yalan, doğrulmamış, təsdiqlənməmiş məlumatlar yaymamalıdır. Bu, birmənalıdır və müzakirə olunacaq tərəfi də yoxdur. Amma xəbər yayımının kriteriyaları da var. Kriteriya nədir? Əgər məlumat gizlədilirsə, media yayacağı məlumatın təsdiqlənməmiş olduğunu vurğulamaqla, əldə etdiyi informasiyanı yaya bilər. Lakin bir daha təkrar edirəm, o məlumatın təsdiqlənməmiş olduğunu bildirməlidir. Jurnalist bütün hallarda etik davranış normalarını pozmamalıdır. Hamının ailəsi var. Ümumiyyətlə, ölüm, intihar, hansısa bədbəxt hadisələr, faciələrlə bağlı xəbərlərin tirajlanmasında hədsiz həssas davranılmalıdır. Xəbərçilikdə əsas məqsədə baxılmalıdır. Məqsəd doğrunun üzə çıxmasına xidmət edirsə, o xəbəri vermək olar. Tutalım, xilasetmə qurumu məlumat vermir. Bu halda məlumatları ailələrdən, dostlardan əldə etmək olar. Amma yenə də bu xəbərlərin təsdiqlənməmiş olduğu bildirilməlidir.

Media eksperti Z.Məmmədli bu fikirdədir ki, əsl jurnalist cəmiyyətin maraqlarını nəzərə almalıdır:

- Cəmiyyət üçün təhlükə yarada biləcək xəbərlərin tirajlanmasında hədsiz diqqətli olmaq lazımdır. O xəbərlər cəmiyyəti təhdid edəcək tərzdə yayılmamalıdır. Xəbər elə formada verilməlidir ki, cəmiyyət təhlükədən mühafizə edilmiş olsun. Gözlənilməz situasiyalarda informasiya heç vaxt birtərəfli qaydada, yalnız bir tərəfin mənafeyi nəzərə alınaraq verilməməlidir. Rəsmi mənbələrə istinad da önəmlidir. Jurnalist peşə marağını vətəndaşın hüquqlarından üstün tutmalıdır.

Kriminal hadisələr, qətllər də ekstremal vəziyyətdir, təbii fəlakət, zəlzələ, dağıntılar, daşqınlar da. Amma ekstremal vəziyyət deyiləndə nə üçünsə, yalnız müharibə, cəbhə bölgəsi ehtiva edilir. Amma jurnalist adi vaxtlarda da ekstremal bir vəziyyətə düşə bilər. Yolda gedəndə, müəyyən bir toplantıda, tədbirdə. Jurnalist peşəkardırsa, bütün hallarla bağlı vəziyyətdən çıxış imkanlarını bilməlidir. Buna hazır olmalıdır. Jurnalist hər bir situasiyada necə davranılmalı olduğunu da bilməlidir. Elə etməlidir ki, peşəsini icra etməyə maneə yaranmasın. Jurnalistin üzərinə qoyulan vəzifə xəbər əldə etmək və yaymaqdır. Amma xəbərin necə əldə edilməsi və yayılma forması da bir o qədər önəmlidir. Peşəkarlıq da məhz ekstremal şəraitlərdə üzə və önə çıxır. Məlumatın yayılması tərəfləri incitmirsə, peşəkarlıq budur. Jurnalistlərimiz bunu nəzərdən qaçırmasınlar.

Gəncləri kriminal aləmdən qorumaq həm də medianın üzərinə düşür

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də hesab edir ki, kriminal xəbərlərin, xüsusən də, kriminal aləmə mənsub insanların həyatlarının geniş işıqlandırılması zərərlidir:

- Hansı xəbər çox yayılırsa, insanların düşüncəsini o xəbər zəbt edir. Bir halda ki, kriminal aləmin sonunda cinayət tərkibli hal var, burada cəmiyyət üçün hansı müsbət tərəfdən söhbət gedə bilər? Biz gəncləri neqativ hallardan, kriminal ünsürlərdən qorumalıyıq. Bu işdə də medianın üzərinə böyük məsuliyyət düşür. Media krim-xəbərləri geniş yayımlamamalıdır. Kriminal aləmə mənsub insanların həyatını tirajlamaqla insanlarda, xüsusən də gənc nəsildə onlara zərərli meylin yaranmasına səbəb olunmamalıdır. Kriminal aləmin həyatını «oğru dünyası» adı altında, süni şəkildə rəngli çalarlar da qataraq cəmiyyətə ötürmək gəncləri bu yola təhrik etməkdən başqa bir şey deyil. Bunların əsasında da jurnalistika qanunları, peşə davranışlarını bilmək dayanır.

Jurnalist qanunları bilməli və onlara riayət etməlidir. Jurnalistin işi bu zaman asan olur və o, öz vəzifəsini rahat yerinə yetirir. Sizə deyim ki, peşəkar jurnalistlər fövqəladə hallarda çətinliklərlə demək olar üzləşmir. Peşəkarlara kimsə irad tutmur, xəbərdarlıq etmir. Amma o şəxslər ki, jurnalistikadan xəbərsizdirlər, peşə normalarını, qaydalarını bilmirlər, o adamlara xəbərdarlıq da edilir, müəyyən problemlərlə də qarşılaşırlar. Jurnalist bilməlidir ki, dövlət sirri, hərbi sirr təşkil edən, dövlətin mənafeyinə zərər vura biləcək informasiyaları yaymaq qadağandır. Kütləvi informasiya vasitələri azadlığı özbaşınalıq demək deyil. Söz və mətbuat azadlığı nə peşə qarşısında məsuliyyəti azaldır, nə də dövlət və cəmiyyət qarşısındakı məsuliyyəti. Peşəkar jurnalistlər informasiya əldə etmək və yaymaq hüquqlarını bu şərtlərlə uzlaşdıra bilir. Hər peşədə olduğu kimi jurnalistikada da meyarlar var. Bir informasiyanı yayarkən onun nəyə səbəb ola biləcəyi diqqətə alınmalıdır.

Bəzən bir informasiya sonrakı xoşagəlməz, hətta faciəli hadisələrə də yol açmaq gücündədir. Digər tərəfdən, biz nəzərə almalıyıq ki, Azərbaycan münaqişə və müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan kimi məkrli bir qonşumuz var. Bəzən düşünülmədən yayılmış hansısa informasiya düşmən mətbuatı üçün göydəndüşmə olur. Bu informasiyadan Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar. Beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırırlar. Hər bir ölkənin strateji maraqları olduğu kimi, Azərbaycanın da öz maraqları və mənafeyi var. Vətəndaş olaraq hər birimizin vəzifəsi öncə bu maraqlardan çıxış etməkdir.

 

Məlahət Rzayeva

Şərq.- 2019.- 12 mart.- S.6