31 MART SOYQIRIMI - AZƏRBAYCAN
XALQ CÜMHURİYYƏTİ MƏTBUATINDA
Milli mətbu
orqanlarımız, mətbəələr, konkret jurnalistlər
də hədəfə alınıb
Ermənilər soyqırım siyasətini tarixən
təkcə insan resurslarını məhv etmək üzərində
həyata keçirməyiblər. Həmçinin, Azərbaycan
xalqının milli təsisatlarını, milli mətbuat
orqanlarını sıradan çıxarıb, yararsız hala
salmaq və bununla da törətdikləri qanlı olayların
tarixdə yaşamamasına nail olmaq planları əsasında
qurublar. Mətbuat tarixi
araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə
doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlı "31 mart soyqırımı: 1918-1920-cı
illər mətbuatında” adlı kitabında
soyqırımın AXC dövrünün mətbuat səhifələrində
dərc olunması ilə bağlı geniş araşdırma
aparıb.
Müəllif əsərində
vurğulayıb ki, 1918-ci ilin mart ayının 31-dən aprelin
2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda,
Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə
ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri
kütləvi soyqırım zamanı tək on minlərlə
insan qətlə yetirilməyib. Milli mətbu
orqanlarımız, mətbəələr, konkret jurnalistlər
də hədəfə alınıb: "Açıq
söz”, "Kaspi” redaksiyaları yandırıldı.
Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz
olunan Orucov qardaşlarının elektrik mətbəəsi
dağıdıldı. "Kaspi” mətbəəsində
yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. Milli məfkurə
məbədi olan "İsmailiyyə” binası
yandırıldı, Təzə pir məscidinin
minarəsi top atəşi ilə dağıdıldı. Həmin
hadisələri gözləri ilə görən, "Kaspi” qəzetində
mürəttib kimi çalışmış, əslən
Maştağadan olan Seyidağa Axundzadə yazır ki,
"İsmailiyyə” binasına od vuran
"Daşnaksütyun” firqəsi silahlıları sonra qəzet
redaksiyalarına hücum etdilər. "Azərbaycan” qəzetində
1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə
bağlı fotoşəkillərdən biri "Kaspi” qəzeti
redaksiyasının yandırılmasından sonrakı vəziyyəti
təsvir edilir. Daşnaksütyun Partiyası tərəfindən
1917-ci ildə planlaşdırılan, bolşeviklərlə
birgə həyata keçirilən 31 mart
qırğını Azərbaycan xalqının milli-mənəvi
dəyərlərinə, tarixi yaddaşına,
ziyalılarına qarşı mənəvi soyqırım idi.
Azərbaycan xalqının mədəniyyətinə
vurulan bu ağır yaraları o dövrün qələm
sahibləri "mədəni zərbə”
adlandırırdılar. 1918-ci ilin mart soyqırımınadək
Azərbaycanda 20-dən artıq anadilli mətbu orqan fəaliyyət
göstərməyinə baxmayaraq, qətliamdan sonra
yalnız "Hümmət” və "Bakı Şurasının
əxbarı” qəzetlərindən başqa digər milli mətbuat
nümunələrinin nəşri qadağan olundu.
"Açıq söz”, "Bəsirət”,
"İstiqlal”, "El həyatı” və başqa ana dilli qəzetlərin
son sayları soyqırımdan bir gün əvvələ,
martın 17-si və 18-nə təsadüf edir. Bakı
Sovetinin sədri Şaumyanın əmri və Mətbuat
bürosunun qərarı ilə "mart hadisələrinə
düzgün qiymət vermədiklərinə və vahid
sosialist cəbhəsində dayanmadıqlarına” görə,
hətta rusdilli qəzetlər belə bağlanıldı.
"Kaspi”, "Bakı”, "Bakinets”, "Vesti Baku”
menşeviklərin "Naş qolos” qəzetlərinin nəşri
dayandırıldı, bəyanatların, əhaliyə
müraciətlərin çapı qadağan olundu. Tiflisdə nəşr olunan anadilli mətbuat
orqanlarını çıxmaq şərtilə Azərbaycan
milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın
15-i, Bakının işğaldan azad olunduğu günə qədər
özünün iflic dövrünü yaşadı. Lenin tərəfindən
Qafqaza fövqəladə komissar kimi göndərilən Şaumyanın rəhbərliyi ilə hələ
1918-ci ilin yanvar ayından başlayaraq Azərbaycan xalqına
qarşı terror və qətliamlar
planlaşdırıldığını anlayan milli mətbuat
orqanları bu barədə xalqı məlumatlandırır,
onlara özünü müdafiə hissi
aşılayırdılar. "Açıq söz”,
"İttihad”, "İstiqlal” kimi qəzetlərdə
"Birlik tələb olunur”, "Birləşəlim”,
"İttifaq edəlim”, "İttihad gərək”
çağırışları qəzetin əsas sütunlarında
dərc olunurdu. S.İbrahim "Açıq
söz” qəzetində bolşeviklərin və
Daşnaksütyun Partiyasının, Erməni Milli
Şurasının silahlı hərbi birləşmələrinin
xalqımıza qarşı planlaşdırdığı
faciəvi hadisələri "Milli fəlakət” kimi dəyərləndirərək
xalqı xəbərdar edirdi: "Müsəlman
partiyaları da xalqı milli fəlakətdən xilas etmək
xatirinə birləşməyə borcludurlar… Dəhşətli
saət gəliyor, birləşəlim!” S.İbrahim bu xəbərdarlığı
qətliamdan 3 gün əvvəl etmişdi. I Dünya
Müharibəsindən Qafqaz cəbhəsindən geri çəkilən
və Bakıda qərarlaşan 6 minə yaxın silahlı əsgər
və zabit bolşeviklərin sərəncamında idi. Daşnaksütyun Partiyasının 4 minə
yaxın hərbi qüvvəsi də Şaumyanın əvvəlcədən
hazırladığı plan əsasında milli
qırğında istifadə üçün
hazırlanmışdı. "Bakinski raboçi”,
"İzvestiya raboçix Sovetov deputatov” qəzetlərində
Şaumyan bu qədər hərbi qüvvəyə sahib
olduqlarını açıq söyləyirdi.
"Hümmət” partiyasının sədri, doktor Nəriman
Nərimanov xalqımızı bolşevik-daşnak birləşmələrinin
qırğınından qorumaq üçün martın 18-də
saat 12 radələrində öz evində toplantı
keçirdi. Bakıda ictimai-siyasi, sosial-psixoloji
durumun partlayış həddinə
çatdığını görüb, S.Şaumyanı
qırğın planından çəkindirmək
üçün onu Bakı ağsaqqalları, "Hümmət”
Partiyasının üzvləri və Müsəlman Milli
Şurası nümayəndələri ilə
görüşdürdü. "Yevlena” gəmisində öz
əsgər yoldaşları Hacı Zeynalabdin
Tağıyevin oğlu Məhəmmədin dəfnindən
sonra Lənkərana qayıdan "Dikaya diviziya”nın 48 nəfər
heyətinin alınan silahlarını geri qaytaracağı vədini
verən Şaumyan əvvəlcədən
planlaşdırdığı qırğını həyata
keçirmək üçün sözünün üstündə
durmadı”.
A.Aşırlı qeyd edib ki,
qırğınları icra edən isə Styopka Lalayevin erməni
dəstəsi idi: "Həmin gün axşam saat 7-də bir
neçə azərbaycanlı qətlə yetirildi və sonra
qətliamlar şəhərin müsəlmanlar yaşayan hissəsinə
keçirildi, əhali Mars teatrının damında yerləşdirilən
pulemyotlardan atəşə tutuldu. Artıq saat 10-da məlum
oldu ki, mərkəzi küçələr işğal
edilib, şəhərin aşağı hissəsi ilə əlaqə
kəsilib. 3 gün ərzində Bakı qan gölünə
çevrildi. Uşaq, qoca, qadın bilmədən
qarşılarına keçənləri qətlə yetirən
bolşevik-daşnak birləşmələri bəzən
insanları diri-diri alovlanan evlərin içinə
atırdılar. Küçələr, evlər
parçalanmış qadın, qoca, uşaq cəsədləri
ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin
evləri, varidatları talan edilirdi”. Bu qanlı olayları
öz səhifələrinə köçürən milli mətbuat
orqanlarımız soyqırımın təfərrüatına
vararaq yazır:
"Bütün
vəhşət və zalımlıqları sayıb qurtarmaq
olmaz. Bunu bilirəm ki, bolşeviklərin öz hesabına
görə, 8 min islam qırılmışdı. Bu
yalandır. Çünki onlar ətrafda, kəndlərdə
qırılanları hesaba daxil etmirlər”. Nəinki
Bakının mərkəzində, keçidlərdə
yaşayan əhali də kütləvi qırğınla
üzləşdi. Nəvai kəndinin tamamən yerlə-yeksan
olduğu, əhalisinin məhv edildiyi barəsində də mətbuatda
məlumat dərc edilib. "Azərbaycan” qəzeti
1919-cu il martın 31-də 147-ci sayında "Mart hadiseyi-ələməsinin
müxtəsər tarixçəsi” sərlövhəli məqaləsində
Şaumyan, Saakyan və Arekyanın rəhbərlik etdikləri
dəstənin Bakıdan öncə Şamaxıda
qırğınlar törətdiklərini və bu xəbərin
Bakıda təşviş yaratdığını yazır: "Martın 16-da xəbər gəldi ki,
bolşevik soldatları Şamaxıya hərəkət edərək
intizamsızlıq salıb, yolda qabaqlarına gələn
müsəlman kəndlərini o cümlədən Ağdərə,
Novxanlı, Qarxunlu kəndlərini qarət edib müsəlmanları
qırırlar”. Martın 17-də Bakıya xəbər
çatır ki, Şamaxıda müsəlman
qırğınını bolşeviklərlə
yanaşı ermənilər təşkil edib. "Hümmət”in
"Şamaxı əhvalı” sərlövhəli məqaləsində
qeyd olunur ki, 17 yaşından 50 yaşınadək olan
Şamaxı erməniləri bolşeviklərin
Qırmızı ordusunun tərkibinə
qatılmışdılar. Vəziyyətin acınacaqlı
olduğunu qəzet bu şəkildə təsvir edir:
"Şamaxı şəhəri bütünlüklə
yanıb”. Milli mətbuatımızda Bakıda
törədilən qırğınlarla yanaşı,
Şamaxıda 7 mindən çox müsəlmanın qətlə
yetirilməsinə diqqət yönəldilib, kəndlərində
ermənilərin törətdikləri vəhşiliklər qələmə
alınıb. "Azərbaycan” qəzeti
Şamaxı qırğınında iştirak edən
bolşevik-erməni silahlı birləşmələrinin
sayını da göstərir: "Şamaxı mahalına
bir qitə göndərilib, əhali məhv edilir. 4 min əsgərin
yüzdə səksəni erməni olub”. Bakı və ətraf
bölgələrdə törədilən
soyqırımın sinfi deyil, milli qırğın
olduğunu, minlərlə insanın qətlə yetirildiyini
görən N.Nərimanov Şaumyana və Çaparidzeyə
sərt ittiham dolu məktub göndərdi: "Siyasi
mübarizə axırda milli mübarizə yolu alıbdır.
Bu halət Şura hökumətinə ləkə salıb onu
qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq
vaxtda bu qara örtüyü cınb, bu ləkəni təmizləməsəniz,
bolşevik fikri və Şura hökuməti burada davam edə
bilməyəcəkdir”.
Top-tüfənglə qurulan
hakimiyyətin ömrünün çox qısa
olacağını yazan N.Nərimanovun uzaqgörənliklə
söylədiyi fikir çox keçmədi ki,
özünün təsdiqini tapdı. Tiflisdə noyabrın
12-də yalnız bir sayı işıq üzü görən
"Qardaş qayğısı” qəzeti bütövlükdə
Şamaxı və Bakıda ermənilərin törətdikləri
qırğınlara həsr olunub. Böyük formatda, iki səhifəsi
ərəb qrafikalı Azərbaycan əlifbasında, iki səhifəsi
rusca nəşr olunan qəzet "Turan” Gənclər Təşkilatı
tərəfindən xeyriyyə məqsədi üçün
nəşr edilib. Qəzet erməni bandalarının
Bakıda, İrəvanda, Şamaxıda törətdikləri
qeyri-insani hərəkətləri, vəhşilikləri
emosiyasız təsvir edə bilmir; "Xunxan erməni
bandaları müsəlmanların izzəti-namusuna toxunub 12
yaşında qız uşaqlarını dizlərinin
üstünə mindirib, namusuna təcavüz etdikdə təsəlliyat
olurlar idi. Şamaxıda 400-dən ziyadə qoca islam ailələrini
məscid həyətinə yığıb siyirmə xəncər
bunların üstünə düşüb vay həsrəta
ilə doğramışlar”.
Şamaxı qəzasında 80-ə
yaxın müsəlman kəndi yerlə-yeksan olunub, 8 əsr
yaşı olan Cümə məscidi
yandırılmışdı. Bu bölgədə törədilən
qanlı olaylarla bağlı Azərbaycan Xalq Cümhuriyyətinin
yaratdığı fövqəladə təhqiqat
komissiyasının sədri Ələkbər bəy Xasməmmədov
"Çağırış” məqaləsində bu barədə
geniş məlumat verir. "Zaqafqaziya tarixçəsinin
qanlı səhifələri”nə toxunan "Qardaş
qayğısı” qəzeti İrəvan quberniyasında 42 kəndin
viran olduğunu yazır. Həmçinin İrəvanda 199 kəndin
yerlə-yeksan olunduğunu, müsəlman yurduna ermənilərin
koçürüldüyü də bu mətbu orqanda əksini
tapan mühüm faktlardandır. Ermənilərin Bakıda,
Şamaxıda törətdikləri soyqırım aktları
sırasına ziyalıların məhvi planları da daxil idi.
Bu barədə 1918-ci ilin martından sentyabra kimi Bakıda olan
M.Ə.Əfəndinin Tiflisdə "Qardaş
qayğısı”nın müxbirinə verdiyi
açıqlamada bu barədə kifayət qədər məlumatlar
var. M.Ə.Əfəndi söyləyir ki,
Bakını bürüyən qətllər zamanı ermənilər
evbəev gəzib müsəlmanları
yığırdılar və naməlum bir yerə
aparırdılar: "Çox vaxt aparılan ziyalı,
oxumuş müsəlmanların meyitlərini tapmaq olurdu.
Fəqət, çox vaxt da olurdu ki, heç bir əsər də
əldə etmək mümkün olmayırdı”. Şahid misallar
da çəkirdi: "İki doktor Kərim bəy, Balabəy
Sultanovlar heç tapılmadı. O cümlədən T.V.Qulubəyov
da itdi. Meyitaxtaran bir dəstə bir quyuya rast gəlir. Quyunun
yanında hasar içində çoxlu müsəlman arvad,
uşaq meyiti var imiş. İkinci bir dəstə, bir quyuya
rast gəlirlər ki, bərk boğucu iyi
çıxırmış. Bir nəfəri quyuya salırlar.
Fəqət o, tez çıxarılmasını rica edir.
Zira, durmaq mümkün deyilmiş. Ancaq özü ilə bir
cib dəftəri gətirmiş idi. Yazılardan məlum olub
ki, bu dəftər H.Cəfərovun xidmətçisi
Tahirovundur”.
Ermənilərin Şamaxıya
hücumu zamanı evinə od vurulmuş Azərbaycanın
böyük mütəfəkkiri, milli şair Abbas Səhhət
şəhəri tərk edib Gəncə istiqamətinə
qaçan zaman erməni hərbçiləri tərəfindən
qarət olunmuş, mənəvi-psixoloji sarsıntı
keçirmiş, az sonra Gəncədə vəfat
etmişdi. Bu barədə o dövrün mətbuat səhifələrində
məlumatlar var: "İslam aləmi Abbas Səhhət kimi
böyük ədibi bu bandalara qurban verib. Bununla böylə
bir neçə doktor, cavan-qoca alimlər qətl olunublar”. A.Səhhətin
ermənilər tərəfindən qarət olunması,
ağır psixoloji sarsıntı keçirməsi və bu səbəbdən
vəfatı barədə "Azərbaycan” qəzetinin 13
noyabr, 1918-ci il tarixli sayında da məlumat verilir. Azərbaycan
mətbuat tarixində bir sıra solyönümlü qəzetlərin
əməkdaşı, həmçinin "Tuti” məzhəkə
jurnalının təsisçisi və redaktoru olan Cəfər
Bünyadzadə də ermənilərin törətdiyi qətliamın
qurbanıdır. Onun qətlinə səbəb bolşevik
cildinə girən ermənilərin Bakı və ətraf kəndlərdə
törətdikləri vəhşiliklərə etiraz etməsi
və mətbuatda bununla bağlı məqalələr
yazması idi. C.Bünyadzadənin qardaşı Dadaş
Bünyadzadə ona başsağlığı verənlərə
etdiyi minnətdarlıq məktubunda bildirirdi:
"Bir il bundan əqdəm
"Tuti” məzhəkə jurnalının müdiri, bəradərim
Cəfər Bünyadzadənin erməni
daşnaksütyunları tərəfindən qətl
olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan
qayıtdıqdan sonra təəssüf məktubları
almaqdayam. Bu teleqram və məlumatlar çox olduğundan,
ayrı-ayrı cavab vermək mümkün
olmadığına görə, məktub və teleqram
göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü
izhar edirəm”. Müsəlman Milli Şurasının sədri
Əlimərdan bəy Topçubaşov da ermənilərin hədəf
aldığı ziyalılardan idi. Bakı
qırğınından sonra onu həbs edib, aradan
götürmək istəyirdilər. Şaumyanın
tapşırığına əsasən həbs olunan
Ə.Topçubaşovun azad olunması üçün Nəriman
Nərimanov böyük səy göstərdi,
danışıqlar apardı. Sonda onu həbsxanadan
buraxdırdı. "Hümmət” qəzeti Bakı
ziyalıları arasında nüfuz sahibi İbrahim bəy Heydərovun
da doktor N.Nərimanovun səyi ilə azad olunacağını
xəbər verirdi”.
İsmayıl
Bakı
xəbər.- 2019.- 30 mart.- S.11.