Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları”

 

 Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.

 

 Modern.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. II Fəxri Xiyabanda 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun da məzarı ziyarət olunub.

 

 Toplantını giriş sözü ilə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün yaranma tarixi ilə bağlı geniş məlumat verib. O bildirib ki, “soyuq müharibə” başa çatdıqdan sonra planetin siyasi mənzərəsi ciddi şəkildə dəyişdi. 1989-cu ilin noyabrında YUNESKO-nun Baş Konfransı kommunikasiya sahəsində yeni strategiya qəbul etdi. Bu strategiya informasiyanın sərbəst yayımını, inkişaf etməkdə olan ölkələrin kommunikasiya imkanlarının artırılmasına yardım göstərməyi nəzərdə tutdu. 90-cı illərdə Şərq-Qərb mətbuat nümayəndələrinin görüşünü keçirilməsi təklif olundu. Görüş 1990-cı ilin fevralında gerçəkləşdi. Orada Mərkəzi və Şərqi Avropa ölkələri ilə yanaşı, Qərbi Avropa və Şimali Amerikadan gəlmiş 80-ə yaxın jurnalist və redaktor iştirak etdi. Toplantı Mərkəzi və Şərqi Avropada demokratik proseslərin inkişafına BMT-nin töhfəsi idi. Görüşdə jurnalistlərin fəaliyyətlərini yeni şəraitə uyğun qurmaları, Şərqlə Qərb arasında informasiya mübadiləsinin inkişafı zərurəti müzakirəyə çıxarıldı. Müzakirələr mətbuatın müstəqilliyi, plüralizm və söz azadlığı prinsiplərinin bütün dünyada bərqərar olunması üçün geniş tədbirlər proqramının meydana çıxmasını şərtləndirdi.

 

 Ə.Amaşov çıxışında onu da bildirib ki, 1991-cı ilin mayında Namibiyanın paytaxtı Vindhukda keçirilmiş seminarın iştirakçılarının qəbul etdikləri bəyannamə Afrikada mətbuat azadlığının qorunmasına, müstəqil və plüralist informasiya vasitələrinin inkişafına zəmin yaratdı. YUNESKO-nun Baş Konfransı özünün 26-cı sessiyasında BMT-nin Baş Məclisindən 3 may 1991-ci il Vindhuk Bəyannaməsinin ildönümünü keçirməyi və may ayının 3-nü “Ümumdünya Mətbuat Azadlığı günü” kimi rəsmiləşdirməyi təklif etdi. Məclis 1993-cü ildə həmin təklifi nəzərə alaraq 3 may tarixini “Ümumdünya Mətbuat Azadlığı Günü” olaraq təsdiqlədi.

 

 Azərbaycanda da hər il 3 may tarixinin ölkənin media cameəsi tərəfindən geniş şəkildə qeyd edildiyini diqqətə çatdıran MŞ sədri vurğulayıb ki, həm media sahəsində qəbul edilmiş qanuvericilik, həm jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, həm də redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönələn tədbirlər ölkəmizdə mətbuat azadlığına həssas yanaşıldığının, ona xüsusi dəyər verildiyinin bariz nümunəsidir və buna görə hazırda mediamız bölgədə lider mövqeyə malikdir. Ə.Amaşov Azərbaycanda media azadlığı ilə bağlı problemlərin də mövcudluğunu dilə gətirib və bildirib ki, ümumən medianın başlıca çətinliyi onun iqtisadi cəhətdən özünü maliyyələşdirmək imkanlarının məhdudluğudur. Mövcud amil qeyri-peşəkarlıq meyllərinin nəzərə çarpmasını da şərtləndirməkdədir.

 

 MŞ sədri çıxışında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinə də diqqət yetirib və bildirib ki, 2005-ci ildə baş vermiş bu faciə ölkəmizdə söz və mətbuat azadlığına qarşı böyük hücum idi. Qətli törədənlərin tapılıb məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulayan Ə.Amaşov hüquq-mühafizə orqanlarını bu istiqamətdə aktiv olmağa çağırıb.

 

 

 

MŞ İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu söz və mətbuat azadlığının Azərbaycan üçün böyük nemət olduğunu bildirib. Azadlıq anlayışına fəlsəfi nöqteyi-nəzərdən yanaşan, onu mənəvi tələbat olaraq dəyərləndirən baş redaktor vurğulayıb ki, jurnalistika cəmiyyət üçün həyati əhəmiyyət daşıyan və geniş sərhədlərə malik söz azadlığının yaşadılmasında müstəsna missiya daşıyan institutdur. Ölkəmizdə bu missiyaya həm ictimai, həm də dövlət idarəçiliyi baxımından məxsusi yanaşılır.

 

 MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında söz və mətbuat azalığı ilə bağlı beynəlxalq miqyasdakı vəziyyət barədə söz açıb. O, diqqəti bu azadlığı təhdid edən meyllərə çəkib və əsasən dezinformasiyalar üzərində dayanıb. U.Rəhimoğlu məsələnin BMT səviyyəsində dəfələrlə geniş müzakirəyə çıxarıldığını bildirib və əlavə edib ki, dünyada konfliktlərin çoxaldığı indiki dövrdə söz və mətbuat azadlığının reallığı və həqiqətləri bəyan edən vasitə kimi əlahiddə statusda daha real şəkildə qəbulu mütləqdir.

 

 Dağlıq Qarabağ münaqişəsində işğalçı Ermənistan tərəfindən 6 azərbaycanlı jurnalistin qətlə yetirildiyini bildirən MŞ İdarə Heyətinin üzvü Azər Həsrət münaqişənin söz azalığına basqı mahiyyətini də qabardıb. Azərbaycan əsgəri tərəfindən nəinki erməni jurnalistinə, ümumən heç bir jurnalistə güllə atılmadığını deyən A.Həsrət eyni zamanda diqqəti söz və mətbuat azadlığından manipulyasiya məsələlərinə yönəldib. O bildirib ki, Dağlıq Qarabağda erməni terrorunun qurbanı olmuş jurnalist Osman Mirzəyevin qızı Sevinc Osmanqızı söz azadlığı prinsiplərindən Azərbaycan əleyhinə sui-istifadə ilə məşğuldur və bu, kifayət qədər ziddiyyətli məqamdır. A.Həsrət jurnalist E.Hüseynovun qatillərinin tapılaraq qanunlar qarşısında məsuliyyətə cəlb olunmalarının vacibliyindən söz açarkən jurnalistin qətlinin siyasi məqsədlər və müxtəlif qrant maxinasiyaları üçün alətə çevrilməsinin yolverilməzliyini vurğulayıb.

 

 MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müasir mediada söz azadlığının ifadəsi üçün zəruri sayılan baxışların dəyişdiyindən söz açıb. Bu xüsusda nəzərə çarpan qeyri-ciddi mövzulara müraciət tendensiyasının nəinki ölkəmizdə, eləcə də bütün dünyada xarakterikliyini əsaslandırıb. Belə bir mühitdə söz azadlığının gerçək mahiyyətinin deyil, bəzən reallıqlardan kənar mülahizələrin cəlbedici olduğunu vurğulayıb. O, Azərbaycan jurnalistlərinin bütün bunları nəzərə alaraq fəaliyyət göstərməsinin arzulanan olduğunu deyib.

 

 MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev çıxışında bildirib ki, Azərbaycanda mətbuatla dövlət arasından anlaşma mühitinin mövcuddur. Bu mühit jurnalistikamızın dünyanın bir sıra ölkələrində olduğu kimi, müxtəlif kriminal çevrələrin, siyasi qrupların əlində manipulyasiya predmetinə çevrilməməsinin təminatıdır. A.Quliyev mediamızın problemlərini də sadalayıb və vurğulayıb ki, əsas olan problem və çətinlikləri aradan qaldırmaq iradəsinin, qətiyyətin və düzgün müəyyənləşdirilmiş strategiyanın olmasıdır.

 

 Müasir dünyada söz və mətbuat azadlığı prinsiplərinə yeni baxışların diqqət çəkdiyini vurğulayan MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bu durumda həmin dəyərlərin təhdidə məruz qaldığını da xarakterik cəhət kimi önə çəkib. Yeni dövrün çağırışlarında söz azadlığındakı sərhədlərin çox incə şəkildə müəyyənləşdiyini bildirən baş redaktor Azərbaycan jurnalistlərinin də tələblərə uyğun, peşəkarlıq meyarlarını qoruyaraq universal şəkildə fəaliyyət göstərmələrinin zəruriliyini əsaslandırıb.

 

 “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün yalnız media ictimaiyyəti deyil, bütövlükdə cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını deyib. O, həmçinin bildirib ki, bu günün mahiyyətinə diqqətin artırılması məqsədilə müxtəlif festivallar da təşkil olunmalıdır.

 

 

 

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, dünyanın aparıcı dövlətlərini söz azadlığının bir dəyər kimi müdafiəsinin vacibliyi məsələsi ciddi şəkildə düşündürməkdədir. Bu xüsusda sosial şəbəkələrdə və digər resurslarda yayımlanan feyk xəbərlərdən qorunmaq üçün ənənəvi medianın rolunun artırılması üzərində dayanılır. M.Ələsgərli ölkəmizdə də buna diqqət yetirilməsinin zəruriliyindən söz açıb və əlavə edib ki, məsələ peşəkar jurnalistləri düşündürməli, onlar mövcud istiqamətdə bütün imkanlarını səfərbər etməlidirlər.

 

 Ümumən konfrans iştirakçılarının yekdil fikri bundan ibarət olub ki, söz və mətbuat azadlığı prinsiplərinin qorunması işindəki səmərəlilik artırılmalı, həmin prinsipləri hər hansı şəkildə təhdid edən, təhdid şübhəsi yaradan meyllərə qarşı mübarizə gücləndirilməlidir. Bu baxımdan bir sıra məqamlara diqqətin yetirildiyi konfransda jurnalist Elmar Hüseynovun qətlində günahkarların layiqli cəzalarını hələ də almamaları təəssüf doğuran hal kimi vurğulanıb. Tədbirdə əlaqədar qurumlara bu istiqamətdə ciddi fəaliyyət göstərmək çağırışı səslənib.

İsmayıl

Şərq.- 2019.- 4 may.- S.11