Böyük Turan televiziyasının mərkəzi
Azərbaycan ola bilər
Cahangir Məmmədli: "Əgər təklif irəli
sürülübsə, deməli, bu yaxınlarda icra
mexanizmlərinin hazırlanması mümkün olacaq"
Hikmət Babaoğlu: "Qlobal informasiya məkanında
informasiya təhlükəsizliyinin qorunması xeyli
dərəcədə aktualdır"
Eldəniz Vəliyev: "Böyük
Turana aparan bu yolda maneələrimiz
başadüşüləndir"
Anar İmanov: "Əminəm ki,
nəticədə bu proyektlərdə iştirak edən
bütün ölkələr böyük fayda
görəcəklər"
Ötən gün media
və informasiya üzrə məsul nazirlərin Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının toplantısı keçirilib. Tədbirdə
çıxış edən Prezidentin ictimai-siyasi
məsələlər üzrə köməkçisi,
professor Əli Həsənov bildirib ki, Azərbaycan
Dövlət Televiziyası və İctimai Televiziyanın
Türk Şurasına üzv dövlətlərdə
yayımlanması məqsədəuyğun olardı: "Eyni
zamanda, həmin dövlətlərin də dövlət və
ictimai televiziyaları Azərbaycanda yayımlansın. Türk Şurasına üzv dövlətlərin aparıcı
mətbuat orqanları, televiziyalar bir-birilə
əlaqələr qurublar. Lakin
təəssüf ki, Azərbaycan televiziyaları nə
Qazaxıstanda, nə də Qırğızıstanda
yayımlanır”. Ə.Həsənovun
sözlərinə görə, 4 il öncə
Astana görüşündə televiziya sahəsində vahid
platformanın yaradılması və inkişaf etdirilməsi
müzakirə olunub: "Təəssüf ki, bu, hələ
də kağız üzərində qalır. Çünki vahid platforma əsasında
yaradılacaq televiziyanın yerləşəcəyi yer və
maliyyə məsələləri hələ də öz
həllini tapmayıb”.
Prezidentin köməkçisi Türk Şurasına
üzv dövlətlərin televiziyaları vasitəsilə
Azərbaycan həqiqətlərinin türk dünyasına
çatdırılmasının vacib olduğunu
söyləyib:
"Azərbaycanın Dağlıq
Qarabağ kimi problemi, 1 milyondan artıq qaçqın və
məcburi köçkünü var. Yaxşı olardı ki,
Türk Şurasına üzv dövlətlər də
televiziya vasitəsilə Azərbaycan həqiqətlərini
türk qardaşlarımıza çatdırsın. Dağlıq Qarabağ münaqişəsi regionun
və dünyanın ən çətin həll olunan
münaqişələrindən biridir. Burada işğalçı və işğala
məruz qalan tərəf var, hər şey aydındır. Bizim türkdilli dövlətlərin informasiya
dəstəyinə ehtiyacımız var. Çünki
zaman-zaman ermənilər öz təbliğatlarını
həyata keçiriblər”. Ə.Həsənov
vurğulayıb ki, Türk Şurasına üzv
dövlətlər arasında informasiya sahəsində
inteqrasiyanın gücləndirilməsi labüddür:
"Misal üçün, 2016-cı ilin aprel
döyüşləri zamanı Azərbaycanın informasiya
dəstəyinə ehtiyacı var idi. Ermənilərin
təxribatları, onların bölgədə həyata
keçirdiyi işğalçılıq siyasətləri,
Azərbaycanın mədəni və dini obyektlərini
dağıtmasının regionda və dünyada
nümayiş etdirilməsinə ehtiyac yaranmışdı. Ona görə də hesab edirəm ki, Türk
Şurasına üzv dövlətlər belə məqamlarda
bir-birinə dəstək verməlidir”.
Prezidentin köməkçisi Əli
Həsənovun təklifini "Şərq”ə
dəyərləndirən BDU-nun professoru Cahangir
Məmmədli bildirib ki, əgər təklif irəli sürülübsə,
deməli, bu yaxınlarda icra mexanizmlərinin
hazırlanması mümkün olacaq. Professorun
sözlərinə görə, türk
dövlətlərində televiziyalarımızın
yayımlanmasını həyata keçirmək
mütləqdir:
"5-6 il öncə Türkiyədəki
"Türk Avaz” televiziyası ilə İctimai
Televiziyanın əməkdaşlığı var idi. Hər iki televiziya birgə verilişlər təqdim
edirdi. Həmin verilişlər türk
dünyasına çıxırdı və buna görə
də İctimai Televiziya fərqli formatdan istifadə edirdi. Lakin indi belə bir format yoxdur. Düzdür, hazırda İctimai Televiziyanın
türk kanalları ilə əlaqələri var, amma
münətəzm xarakter daşımır. Həqiqətən də Azərbaycan və
İctimai Televiziya artıq yeni formatlara keçiblər. Onların proqram formatlarında yeni keyfiyyət
müşahidə olunur. Azərbaycan
Televiziyasında studiya dizaynından tutmuş, aparıcı
manerasına qədər hər hansı proqrama yeni yanaşma
tərzi, güclü tematika ortadadır. İctimai televiziyada da eyni vəziyyət var. Ortaya
maraqlı formatlar çıxıb, yeni analitik proqramlar
mövcuddur. Yəni hər iki
televiziyanın türk dünyası efirinə
çıxması çox vacibdir. Bunları
alqışlayıram. Hər iki
televiziyamızın Dağlıq Qarabağla bağlı maraqlı
süjetləri, analitik proqramları yeni formatlarla ortaya
çıxıb. Bunları türk
dünyasına çatdırmaq vacibdir”.
"Yeni Azərbaycan” qəzetinin baş
redaktoru, millət vəkili Hikmət Babaoğlu da
"Şərq”ə bildirib ki, Türk Şurası
türkdilli ölkələrin ümumi inteqrasiyasına,
birliyinə və inkişafına dəstək vermək
üçün yaradılmış siyasi birlikdir. Baş
redaktorun sözlərinə görə, bu təşkilat xeyli
sayda mühüm əhəmiyyətli struktur
elementlərinə sahibdir:
"Hazırda olduqca mürəkkəb
hesab edilən beynəlxalq şəraitdə Şuraya daxil
olan dörd ölkənin ümumi maraqlarını təmin
etməyin bir yolu da təşkilatın yaratdığı
imkanlardan səmərəli istifadə etməkdən
keçir. Bu kontekstdə qlobal informasiya
məkanında informasiya təhlükəsizliyinin qorunması
və informasiyadan yumşaq güc kimi milli maraqların
təmin olunması üçün istifadə edilməsi
xeyli dərəcədə aktualdır. İnformasiya təhlükəsizliyi həm də
milli təhlükəsizliyin əsas komponentlərindən
birinə çevrilib. Ona görə
də Türk Şurasına üzv dövlətlərin
qarşılıqlı şəkildə və intensiv informasiya
mübadiləsi etməsi ümumi məqsədlər
baxımından əlverişlidir. Çünki
belə mübadilə həm Şura daxilində
mədəni, humanitar və siyasi-iqtisadi inteqrasiyanı
sürətləndirəcək, həm də qlobal informasiya
təhdidlərinə qarşı effektiv immunitet yaradacaq. Bu mənada Azərbaycan Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi,
hörmətli Əli Həsənovun səsləndirdiyi
fikirlər günün tələbi və çağrışıdır. Qarşılıqlı yayınlar vahid informasiya
məkanı formalaşdırmaqla ümumi dil və
mədəniyyət birliyinin möhkəmlənməsinə
və sürətlənməsinə ciddi töhfələr
verə bilər”.
"Axar.az” saytının baş redaktoru
Anar Niftəliyev "Şərq”ə açıqlamasında
vurğulayıb ki, bütün dövrlərdə
Azərbaycan türk dünyasının ideoloji mərkəzi,
düşünən beyni olub. Baş redaktorun
sözlərinə görə, Prezidentin köməkçisi
ortaq dil məsələsini də gündəmə
gətirib:
"Hesab edirəm ki, tarix
təkrarlanır. Bilirsiz ki, türk
sufizminin əsasını da azərbaycanlılar qoyub, Turan
ideyasının müəllifləri də bizik. Əli bəy Hüseynzadəni, Əhməd bəy
Ağaoğlunu xatırlayaq. Azərbaycan
müstəqillik əldə etdikdən sonra bu
istiqamətdə ideoloji zəmində atılan addımlar
100 il öncəki
aydınlarımızın xoş niyyətlərinin daha
üst formada təkrarıdır. Əlbəttə,
türk dünyasının favoriti Türkiyədir. İdeya generatoru isə bizik və maraqlı
məqam həm də odur ki, bu sahədə bütün
addımların reallaşmasında artıq siyasi iradəni
də Azərbaycan nümayiş etdirir. Qazaxıstanın, xüsusilə Nazarbayevin bu
sahədə oynadığı rolu qətiyyən
kiçiltmək niyyətində deyiləm, sadəcə,
ümumi gedişatı bu cür görürəm”.
A.Niftəliyev hesab edir ki, növbəti ideyanın
Azərbaycandan gəlməsi təsadüf yox,
qanunauyğunluqdur: "Ümid edirəm ki, bu ideyaların
reallaşmasında yenə də Bakı real addımlar
atacaq. Necə ki, Türk PA-nın ofisi
Bakıda yerləşir. Doğrudur, ortaq TV və dil
ciddi müzakirə tələb edir, alimlər
işləməlidir və uzun zamana ehtiyac var. Ancaq
düşünürəm ki, Azərbaycan
mərkəz-birləşdirici kimi tarixi rolunu, inşallah, bu işdə
də reallaşdıracaq. Bu baxımdan ortaq
televiziyanın və ortaq dillə bağlı şuranın
da Bakıda qurulması və türk
ölkələrindən gələn alimlərin burda
birgə çalışması daha yaxşı olardı. Çünki ideologiya beşiyi də burdadır, dil
mühafizəkarlığı da burada daha
güclüdür. Yetər ki, türk
ölkələri bu ideyanı dəstəkləsinlər”.
"Lent.az”ın redaktoru Səbinə
Əvəzqızı da "Şərq”ə bildirib ki,
Türkdilli Dövlətlərin televiziya sahəsində vahid
platformasının olması çox uğurlu olardı:
"Təsadüfi deyil ki, Azərbaycan
insanı Rusiyada və ABŞ-da baş verənlər
barədə daha tez məlumat əldə edir. Bunlar nəyin hesabınadır? Təbii ki, televiziyanın. Türkdilli
dövlətlərdə baş verən hadisə, siyasi proses
isə nədənsə bizə bir qədər gec gəlib
çatır. Əgər bizim bir-birimizin dərdindən, problemindən
xəbərimiz olmazsa, o zaman yardımımız, faydamız
da ola bilməz. Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının yaradılmasındakı əsas
məqsədə diqqət etsək, televiziya sahəsində
vahid platformanın olmasının mütləq olduğunu
görə bilərik. İnanıram
ki, Qazaxıstanda və Qırğızıstanda
Dağlıq Qarabağ münaqişəsindən xeyli
bixəbər insan tapmaq olar. Eləcə
də bizdə də onların dərdindən, milli
qayğılarından uzaq xeyli insan var. Nəzərə alsaq
ki, hazırda bir çox müharibələr elə informasiya
vasitəsilə aparılır, bunun önəmini daha
yaxşı hiss edərik. Bu istəyin
reallaşmasını, məncə, ölkədə
böyük əksəriyyət dəstəkləyər. Problemlərin
isə yalnız texniki xarakterli ola biləcəyini
düşünürəm. O sahədə
mütəxəssis olmadığım üçün
problemi konkretləşdirə bilmərəm”.
"Redaktor.az” saytının rəhbəri,
tanınmış jurnalist Eldəniz Vəliyev də
qəzetimizə açıqlamasında Prezidentin
köməkçisi, İctimai-Siyasi şöbənin
müdiri Əli Həsənovun təklifini məmnunluqla
qarşılayıb:
"Doğrudan da, Türk Şurasına üzv ölkələrin informasiya mübadiləsinə ciddi şəkildə ehtiyac var. Dağlıq Qarabağ boyda problemi olan Azərbaycanın ədalətli mövqeyinin geniş auditoriyada işığlandırılması təbii ki, təqdirəlayiq olardı. Eyni
zamanda, digər türkdilli ölkələrin
televiziyalarının Azərbaycanda yayımlanması,
ölkələrin təbliği baxımından uğurlu
addım olar. Bu, turizm də daxil olmaqla
bir sıra sahələrdə canlanma yaradar. Belə olan təqdirdə, bu istək niyə
reallaşmır? Fikrimcə, burada
Rusiya faktoru böyük rol oynayır. Daha
doğrusu, Rusiyadakı müəyyən dairələrin
"əməyi” hiss olunur. Nəzərə
alsaq ki, Qazaxıstanla Qırğızıstanda Rusiyanın
nüfuz dairəsi yüksəkdir, o zaman reallığı hiss
etmək olar. Vahid türk
mediasının formalaşması kənar
qüvvələrin planlarına uyğun deyil. Televiziyaların təbliğat baxımından
gücünü nəzərə alsaq, vahid türk
mediasının formalaşmasının nə qədər
effektli olacağını indidən proqnozlaşdırmaq
mümkündür. Böyük Turana
aparan bu yolda maneələrimiz
başadüşüləndir”.
"Milli.az” saytının baş redaktoru
Anar İmanov da "Şərq”ə danışarkən bu
məsələnin reallaşması üçün hər
hansı problem görmədiyini deyib:
"Bunun üçün sadəcə
ölkələrin istəyi lazımdır. Nəticədə hər bir ölkə qazanacaq
və müsəlman ölkələri arasında olan
əməkdaşlıq daha yüksək səviyyəyə,
zirvəyə daşınacaq. Ölkələrarası,
xalqlararası münasibətlər daha da
güclənəcək. Bu
məsələ reallaşandan sonra Azərbaycan haqda
həqiqətlər daha da geniş şəkildə
müsəlman dünyasına çatdırılacaq. Mədəniyyətimiz, tolerantlığımız
və digər bir çox müsbət
xüsusiyyətlərimiz haqda daha çox insan xəbərdar
olacaq. Müsəlman dünyası
Ermənistanın Azərbaycana qarşı aqressiyadan,
Azərbaycan torpaqlarının işğalından daha
çox bilgi əldə edəcək. Bu baxımdan hesab edirəm ki, cənab Əli
Həsənovun təklifi artıq zamanın tələbidir. Müsəlman dünyası daha da
güclənməli, ölkələr arasında
əməkdaşlıq daha da genişlənməlidir. Əminəm ki, nəticədə bu
proyektlərdə iştirak edən bütün
ölkələr böyük fayda görəcəklər”.
(Davamı var..)
İsmayıl
Şərq $g 2019.- 9 may.-
S.11.