Həqiqətlərimizi beynəlxalq ictimaiyyətə çatdırmaq zamanın tələbidir

 

Türk Şurasına üzv dövlətlərlə informasiya mübadiləsinə xüsusi ehtiyac var

 

 

 

(Əvvəli ötən sayımızda)

 

Ötən gün media və informasiya üzrə məsul nazirlərin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı keçirilib. Tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov bildirib ki, Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyanın Türk Şurasına üzv dövlətlərdə yayımlanması məqsədəuyğun olardı: "Eyni zamanda, həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-birilə əlaqələr qurublar. Lakin təəssüf ki, Azərbaycan televiziyaları nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanır”. Ə.Həsənovun sözlərinə görə, 4 il öncə Astana görüşündə televiziya sahəsində vahid platformanın yaradılması və inkişaf etdirilməsi müzakirə olunub: "Təəssüf ki, bu, hələ də kağız üzərində qalır. Çünki vahid platforma əsasında yaradılacaq televiziyanın yerləşəcəyi yer və maliyyə məsələləri hələ də öz həllini tapmayıb”.

 

Prezidentin köməkçisi Türk Şurasına üzv dövlətlərin televiziyaları vasitəsilə Azərbaycan həqiqətlərinin türk dünyasına çatdırılmasının vacib olduğunu söyləyib:

 

"Azərbaycanın Dağlıq Qarabağ kimi problemi, 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Yaxşı olardı ki, Türk Şurasına üzv dövlətlər də televiziya vasitəsilə Azərbaycan həqiqətlərini türk qardaşlarımıza çatdırsın. Dağlıq Qarabağ münaqişəsi regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər şey aydındır. Bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var. Çünki zaman-zaman ermənilər öz təbliğatlarını həyata keçiriblər”. Ə.Həsənov vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür: "Misal üçün, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasətləri, Azərbaycanın mədəni və dini obyektlərini dağıtmasının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac yaranmışdı. Ona görə də hesab edirəm ki, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir”.

 

Əli Həsənovun təklifini "Şərq”ə dəyərləndirən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq zamanın tələbidir:

 

"Nəsillər dəyişir, 15-20 il əvvəl uşaq, yeniyetmə statusunda olan şəxslər bu gün müxtəlif dövlət strukturlarında çalışırlar. Öz ölkələrinin taleyində həlledici adamlara çevrilirlər. Bu hal bütün xalqlar üçün xarakterikdir. Ola bilsin, 60-65 yaşlı qazax, qırğız, özbək Azərbaycanın Ermənistanın təcavüzünə məruz qalmasından, torpaqlarımızın 20 faizinin işğal olunmasından xəbərdardır. Amma gənc və orta nəslin bu acınacaqlı fakt barədə məlumatsız olması istisna deyil. O cümlədən, Azərbaycan ictimaiyyəti də Orta Asiya məkanında cərəyan edən proseslər barədə bilgi sahibi olmaya bilər. Odur ki, Türk Şurasına üzv olan dövlətlərin informasiya mübadiləsi etməyinə çox böyük ehtiyac var. Bu baxımdan dövlət və ictimai televiziyaların qarşılıqlı yayımı tezliklə həyata keçirilməlidir. Türk Şurasına üzv olan dövlətlər özləri bunda maraqlı olmalıdırlar. Bu ideyanın reallaşması türk dövlətləri arasında siyasi, sosial-iqtisadi, mədəni əlaqələrin güclənməsinə töhfə verəcək”.

 

"Report.az” saytının baş redaktoru Murad Əliyev də "Şərq”ə açıqlamasında bildirib ki, türkdilli dövlətlərin ortaq televiziya kanalının fəaliyyəti türk xalqlarının biri-biri ilə daha sıx təmas qurmasına şərait yarada bilər:

 

"Bu gün Xəzərin o tayında olan türklərlə yalnız bir ortaq musiqi kanalımız var. Onunla da Özbəkistan, Qazaxıstan estrada ulduzlarını tanıya bilirik. Bu isə təbii ki, kifayət etmir. Türkdilli dövlətlər arasında informasiya və KİV sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə xəbər buraxılışları üstünlük təşkil edəcək bir televiziya kanalının olması müsbət hal olardı. Lakin burada bəzi məsələlər ortaya çıxır ki, fikrimcə, əsas problem verilişlərin dili ilə bağlı olacaq. Belə ki, eyni kökənli dilə sahib olmağımıza baxmayaraq, biri-birimizin dilini anlamaqla bağlı problem mövcuddur. Yəni əgər Azərbaycan redaksiyası xəbəri Azərbaycan dilində oxuyacaqsa, Mərkəzi Asiya dövlətlərində auditoriya baxımından problem yaranacaq. Bu səbəbdən həmin televiziyanın fəaliyyəti detallı şəkildə işlənilməlidir”.

"Yenisabah.az” saytının baş redaktoru Elnur Məmmədli vurğulayıb ki, xeyli vaxtdır türkdilli dövlətlərin vahid telekanalının yaradılması ilə bağlı təkliflər irəli sürülür, bununla bağlı məsələlər tədbirdən-tədbirə gündəmə gəlir: "Təəssüf ki, bu müddət ərzində ortaya yalnız TRT Avaz telekanalını çıxarmaq mümkün oldu ki, bu da çal-çağır mədəniyyət təbliğatından kənara çıxa bilmədi. Kanalın məqsədi də elə budur. Düşünürəm ki, İctimai və AzTV kanallarının qarşılıqlı yayımı qısa müddətdə reallaşa bilər. Həm də illərlə səslənən vahid telekanalın yaradılması ideyası istiqamətində real addımlar atılar. Əslində telekanalların mübadilə məsələsi sırf texniki məsələdir və bunu həyata keçirmək üçün uzun-uzadı müzakirələrə də ehtiyac yoxdur. Vahid telekanal məsələsi isə detallı hazırlanmalı və burada daha çox xəbər tipli medianın yaradılmasının daha vacib olduğunu düşünürəm. Bu gün türkdilli dövlətlərdən hər hansı informasıyanı əsasən internet üzərindən alırıq. Amma nəzərə almaq lazımdır ki, internet istifadəçisi olmayan yüz minlərlə vətəndaşımız var. Bu təkcə bizimlə bağlı məsələ deyil, digər türkdilli ölkələrdə də eyni durumdur”.

 

Baş redaktor bəyan edib ki, dünya informasiya ilə idarə olunur:

 

 "Məsələnin reallaşmasının qarşısını alan heç bir səbəb görmürəm. Əgər qarşılıqlı razılaşma varsa, ən yaxın zamanda real nəticə ortada olacaq”.

 

"Türküstan” qəzetinin və turkustan.info saytının baş redaktoru da "Şərq”ə bəyan edib ki, türk dövlətləri, ümumən türk dünyasının inteqrasiyasında media sahəsində əməkdaşlıq, ortaq media siyasətinin həyata keçirilməsi hər zaman aktual olub:

 

"Əfsuslar olsun ki, keçən müddətdə bu sahədə əhəmiyyətli nəticələr əldə edilməyib. 2012-ci ildə Ankarada I Türk Dünyası Media Forumu keçirildi. Biz də Azərbaycan media təmsilçiləri olaraq orada iştirak edirdik. Forumda daimi işçi qrup yaradıldı, hər ölkədən təmsilçilər seçildi. Sonrakı illərdə forum Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Quzey Kıbrısda təşkil olundu. Amma işlək mexanizmə çevrilə bilmədi. Həmçinin, bu dövrdə TRT-Avaz vasitəsilə ortaq yayımlar həyata keçirilirdi. Azərbaycandan İctimai TV-nin də qoşulduğu bu ortaq yayımlar həm ölkəmizdə, həm türk dünyasında özünəməxsus izləyici çevrəsi toplaya bilmişdi. Lakin bu iş də yarıda kəsildi”.

 

A.Camalın sözlərinə görə, Prezidentin köməkçisi Əli Həsənovun çıxışında türk dünyasının media məkanındakı durumla bağlı təəssüf hissi ilə qeyd etdiyi məsələlər gerçək mənzərəni əks etdirir: "Hesab edirəm ki, bundan sonra işə təkan vermək üçün bu sahəyə bilavasitə bağlı olan, günlük media fəaliyyətində türk dünyasını prioritet götürən qurumlar işə cəlb olunmalıdır. Yalnız protokol xatirinə, hansısa imtiyaz və statuslarına görə bəzi adamları bu işlərə yönləndirməklə ciddi nəticəyə nail olmaq mümkünsüzdür. Biz həqiqətən türk dünyasının ortaq media siyasətini formalaşdırmaq, media sahəsində professional şəkildə əməkdaşlığı qurmaq istəyiriksə, "vitrin görüntüsü”ndən imtina etməli, hər bir ölkədən bu işə könül vermiş media təmsilçilərini bir araya gətirməliyik”.

 

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də "Şərq”ə vurğulayıb ki, hörmətli Əli Həsənovun qaldırdığı məsələ və verdiyi təklif olduqca mühüm və aktualdır:

 

"Azərbaycan Dövlət Televiziyasının və İctimai Televiziyanın Türk Şurasına üzv dövlətlərdə yayımlanması bütün sahələrdə qarşılıqlı əməkdaşlıqların möhkəmlənməsi üçün vacibdir. Azərbaycan televiziyalarının Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə yayımlanması ona görə zəruridir ki, yerli əhali həm Azərbaycanla, onun siyasi, ictimai, sosial həyatı, ənənələri ilə daha yaxından tanış olsunlar. Həm də ölkəmizdə gedən inkişafla bağlı məlumatlansınlar. Bu proses qarşılıqlı olmalıdır. Televiziya, ümumən media sahəsində vahid bir platformanın yaradılması ideyasının bugünədək baş tutmaması təbii ki, bizdə təəssüf doğurur. Bu təklifin reallaşması bütövlükdə türk dünyası üçün vacibdir. Əlbəttə, təklifin müəllifi kimi Azərbaycan bunun üçün öz tərəfindən nə lazımdırsa edib və bundan sonra da edəcək. Lakin görünür, digər ölkələr buna ciddi maraq göstərməyiblər”.

 

E.Məmmədlinin fikrincə, biz türk dünyasında qarşılıqlı əlaqələrin, mədəni-sosial, iqtisadi əlaqələrin möhkəmlənməsindən, ortaq türk dilinin yaradılmasından danışırıqsa, vahid media platformasının yaradılması ön addımlardan biri olmalıdır:

 

"Bu gün Azərbaycanın Qarabağ problemi var və hesab edirəm ki, bu, həm də bütövlükdə türk dünyasının problemidir. Ermənilər təkcə azərbaycanlıları deyil, bütün dünyada yaşayan türk mənşəli xalqları özünün düşməni hesab edir. Türk dövlətləri də Azərbaycan, Qarabağ həqiqətlərini öz televiziyaları vasitəsi ilə həm türk toplumlarına, həm də dünyaya çatdırmalı, təbliğ etməlidirlər”.

 

İsmayıl

Şərq.- 2019.- 11 may.- S.11