Bədii şuralar televiziyaların simasını dəyişir

 

Mübariz Tağıyev: "Məqsəd efirdə səliqəli ifalar, peşəkar musiqilər, maraqlı, günün nəbzinə uyğun proqramlar, verilişlər təqdim etməkdir"

Faiq Ağayev: "Efirə çıxacaq tanınmış sima istedadlı olmalıdır, intellektual səviyyəsinin olması vacibdir. Ən əsası isə Azərbaycan dilində normal nitq qabiliyyətinə sahib olmalıdır"

 

 

Azərbaycan tamaşaçısı televiziyalardan narazıdır. Bayağı verilişlər, ucuz şoular, yüngül məişət mövzulu teleseriallar, qeyri-peşəkar aparıcılar, ara müğənnilərinin efiri zəbt etməsi, bütün bunlar telekanalları son illər tamaşaçı itkisinə məruz qoyub. Azərbaycan tamaşaçısı yerli telekanllardan üzünü çevirib qonşu dövlətlərin efirini - Türkiyə və Rusiya telekanallarını izləyir. Ortada ciddi ictimai qınaq var. Hələlik sevindirici olan budur ki, nəhayət, televiziyalarımız da bu qınağı görməyə başladı və fəaliyyətlərində dəyişiklik etməyi düşündülər. Bu məqsədlə də televiziyalarda bədii şuralar yaradılmasına başlandı. İlk əvvəl Azərbaycan Dövlət Televiziyasında Bədii Şura yaradıldı. Daha sonra özəl telekanallar da AzTV-yə qoşuldu və demək olar, əksər telekanallarda Bədii Şura yaradıldı. Onu da deyək ki, bədii şuralarda kifayət qədər tanınan, ictimai nüfuzu, çəkisi olan şəxslər cəmlənib. Xalq artistləri, bəstəkarlar, rejissorlar, yazıçı-şairlər, sosioloqdan tutmuş, kulturoloq və modelyerlərə qədər teleefirlə az-çox bağlılığı olanlar, hətta millət vəkilləri də Bədii Şura üzvlüyünə seçilib. Onların arasında Xalq artistləri Mübariz Tağıyev və Faiq Ağayev də var. Mübariz Tağıyev Azərbaycan Dövlət Televiziyasında yaradılmış Bədii Şurada, Faiq Ağayev isə «Azad Azərbaycan» televiziyasındakı Bədii Şurada təmsil olunur.

 

«Bədii şuralar efir məkanına təsirsiz ötüşməyəcək»

 

Xalq artisti Mübariz Tağıyev Bədii Şuranın iş prinsipindən «Şərq»ə danışdı:

- Mən digər telekanallar haqqında danışmaq istəmirəm. İlk Bədii Şura AzTV-də yaradılıb. Bədi Şuranın fəaliyyəti artıq bəhrəsini verir. Maraqsız, tamaşaçının bəyənmədiyi, izlənilməyən verilişlər bağlanır. Bir neçə yeni verilişlərin hazırlanmasına qərar verilib. Müsbət istiqamətdə dəyişikliklər AzTV-də göz önündədir. Əgər bu qısa müddətdə AzTV-yə baxırsınızsa, telekanal xeyli cavanlaşıb, gəncləşib, dəyişib. Bədii Şuranın fəaliyyəti özünü göstərir.

 

Əgər rəhbərlik tərəfindən verilən nizamnaməyə uyğun işlər həyata keçirilsə, hər şey daha professional şəkildə təqdim oluna bilər. Bədii Şura yeni verilişlər ətrafında müsabiqələr elan edəcək. Çox geniş bir siyahı hazırlanır. Bir çox çatışmayan məsələlər var idi ki, onlar həllini tapacaq. Hətta televiziyada qonorar məsələsi də həllini tapacaq. Əvvəllər mahnılar alınırdı, bunların qonorarı yazılırdı. Avropa ölkələrinin televiziya ənənələri burda da tətbiq olunmalıdır. Televiziyaya dəvət olunan qonağa, müğənniyə çıxışı üçün qonorar verilməlidir. Əgər telekanal dəvət etdiyi qonağın fikirlərinə önəm verirsə, onun çıxışları tamaşaçı marağına səbəb olursa, müğənnidirsə, o müğənninin sənətinə dəyər verilirsə və kanala dəvət olunursa, bunun üçün ödəniş, qonorar təyin olunmalıdır.

 

Yəni Avropa ölkələrində qonağa qonorar vermək ənənəsi, sistemi var. Bu sistemin Azərbaycan telekanallarında da tətbiqi yüksək nəticələr əldə etməyə imkan yaradacaq. Sənətçilər hər verilişə dəvət olunsalar belə getməyəcəklər. Səviyyəli çıxışları ilə yalnız seçilmiş verilişlərdə görünə biləcəklər. Bu da tamaşaçını yormayacaq. Çünki bir müğənnini tamaşaçı gün ərzində az qala 3 telekanalda görür. Onda da sənətçi dəyərsiz görünür. Yəni əgər əsl sənətkardan danışırıqsa, o hər gün efirdə ola bilməz. Bu, sənətkarların sənətinə olan dəyər kimi də görünə bilər. Eyni zamanda ayrı-ayrı sahələrdə olan insanlar var ki, onlar verilişə dəvət olunursa, onların çıxışları tamaşaçını bilgiləndirməyə, maarifləndirməyə hesablanırsa, deməli, o şəxsə, o qonağa kanal qonorar verməlidir. Bu, vacib bir addımdı. Təbii ki, bu məsələ bir günə həllini tapa bilməz. Dövlət tərəfindən bunun üçün vəsait ayrılmalıdır. Telekanallarda bədii şuraların yaranması güman edirəm ki, efir məkanına təsirsiz ötüşməyəcək.

 

Bu gün ictimaiyyətin narahatlığına səbəb olan problemlərin aradan qaldırılması, efir məkanında professional ab-havanın yaranması üçün Bədii Şuranın fəaliyyəti yəqin ki, özünü göstərəcək. Məqsəd efirdə səliqəli ifalar, peşəkar musiqilər, maraqlı, günün nəbzinə uyğun proqramlar, verilişlər təqdim etməkdir. Bədii Şuranın hər bir üzvü öz təkliflərini təqdim edib. Efir məkanında görünə biləcək qüsurların aradan qaldırılması istiqamətində addımlar atılacaq. Bədii Şura ilk iclasında bir çox məsələləri müzakirə etdi. Bədii Şuranın hər bir üzvü efir məkanında nəzərəçarpan qüsurları qeyd etdi. Təbii ki, yeni verilişlərin olmasının vacibliyi vurğulandı. Bu verilişlər intellektual səviyyəli proqramlar şəklində təqdim olunacaq. Eyni zamanda AzTV-nin dövlət kanalı olaraq ictimaiyyət tərəfindən daha çox izlənməsi istiqamətində ciddi işlər görülməlidir. Bunun üçün maraqlı verilişlərin, layihələrin hazırlanmasına çalışmalıyıq.

 

«Bu gün efirdə ara musiqisinə çox yer verilir»

 

Telekanallarda bədii şuraların yaradılması efir məkanına nə dərəcədə təsir göstərə biləcək? Son günlərin müzakirə mövzusuna çevrilən məsələyə ATV-dəki Bədii Şuranın üzvü, Xalq artisti Faiq Ağayevin fikirlərini öyrəndik.

 

«Bədii Şura efirə çıxacaq sənətçilərdən hansı kriteriyaları tələb edəcək" sualımızı cavablandıran Xalq artistinin «Şərq»ə açıqlaması belə oldu:

 

- İlk növbədə efirə çıxacaq tanınmışdan istedad, dünyagörüşü və mənim üçün fərd olaraq vacib sayıla biləcək amil - Azərbaycan dilində səlis danışıq bacarığı tələb olunacaq. Bu kriteriyalara cavab verəcək tanınmışların efirə çıxmasına maraqlıyam. Bunun ətrafında bir çox başqa xırda detallar da olmalıdır. Ancaq ən vacibləri 3 amildir. Efirə çıxacaq tanınmış sima istedadlı olmalıdır, intellektual səviyyəsinin olması vacibdir. Ən əsası isə Azərbaycan dilində normal nitq qabiliyyətinə sahib olmalıdır.

Son illər Azərbaycan teleməkanını toyxanaya bənzətmə kimi tənqidlər də üstünlük təşkil edirdi. Efirlərin toyxananı xatırlatması ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdu. Bu barədə danışan Faiq Ağayev «məsələyə ilk əvvəl subyektiv münasibət bildirmək istəyirəm. Toylarımızı da bu qədər ucuz təqdim etməyin tərəfində deyiləm. Bizim hamımız toyxanada oxuyuruq, yaxınlarımızın, doğmalarımızın, uşaqlarımızın toyları olur. Toy bizim milli adət-ənənələrimizə daxildir. Sadəcə bu gün efirlərdə toy mahnıları deməzdim, ara musiqisi daha çox yer alır. Toyxana musiqisi ilə ara musiqisi arasında fərq var. Toyxanada o qədər gözəl musiqilər səslənir ki. Mən bir məqama önəm verilməsini təvəqqe edərdim. Musiqi ümumiyyətlə peşəkarlara və həvəskarlara bölünür. İndiki zamanda həvəskarlar gəlib peşəkarların yerini doldurub. Özfəaliyyətlə məşğul olanlar özlərini sənətin içində hiss edirlər. Bu yanlışdır. Əsrlər boyu peşəkarlar da olub, özfəaliyyət də olub. İndi özfəaliyyətə görə mən niyə qınağa tuş gəlməliyəm, tamaşaçı niyə problem yaşamalıdır. Niyə mənim peşəkar həmkarlarım dərd çəkməlidirlər? Axı problem peşəkarlarda deyil. Problem həvəskar musiqiçilərdədir, özfəaliyyətlə məşğul olanlardadı. Peşəsi musiqiçi olmayanlardadı. Problem burdadır" deyə bildirib.

 

Xalq artistinə "Axı hamı efirə maraqlıdır, hamı efirdə olmağa can atır. Sizin fəaliyyət göstərdiyiniz Bədii Şura artıq efirə çıxanlara nəzarət edəcək. Sizcə, Faiq Ağayevin ATV kimi baxımlı bir telekanalda Bədii Şurada yer alması kimlərisə narahat edəcəkmi" sualını ünvanladıq. Bu məsələyə Faiq Ağayevin çox məntiqli açıqlaması oldu:

 

- Kim ki, özündən xofludur, özünə əmin deyil, nəinki Faiq Ağayevin, digərlərinin də adı narahat edəcək. Bir var sənətə yeni gələndə müəyyən inamsızlıq, bu çox normaldı. Bir də var illər boyu özfəaliyyətlə məşğul olan insanlar hiss edirlər ki, ağırlıq haqlı olaraq peşəkarların üzərinə gedir, onlar bu yükü daşımaq hüququna sahib olurlar, bu artıq onları narahat edəcək. Özfəaliyyətdən gəlib peşəkarların arasına təsadüfən düşənlər təbii ki, narahat olmalıdır».

 

Efirlərdə bayağı musiqilərin səslənməsinə müxtəlif bəhanələr gətirilir. Bəzilərinin fikrincə, ciddi bəstəkarlar müasir dövrün trendlərini yarada bilmirlər deyə, həvəskarlar efirləri zəbt edir. "Bədii Şuranın yaranması müğənniləri bundan sonra ciddi bəstəkar musiqilərinə müraciət etməyə məcbur buraxacaqmı" sualına Faiq Ağayev – «inanmıram deyə cavab verdi:

 

- Buna inanmıram. Heç kim bu gün ciddi musiqi ilə məşğul olmur. Biz peşəkar musiqi ilə məşğul oluruq, bu başqa. Peşəkar musiqilərin zarafatyana mahnıları da var. Əvvəllər də bu olub. Bir də var ciddi əsər - deyək ki, «Sənsiz» romansı.

 

Ciddi əsər olsa, televiziyaya heç kim baxmayacaq. Hə, peşəkar musiqiyə gəlincə, peşəkar müğənni peşəkar da musiqiyə üstünlük verir. Qaldı bu gün bu məsələnin peşəkar bəstəkar musiqilərinə təsirinə, bu vəziyyətin yaranmasında bəstəkarların öz günahları var. Müasir musiqi zövqünü tutmaq, müasir musiqi trendi yaratmaq, tələbatlı müasir mahnı yaratmaq əslində peşəkarlardan cəsarət tələb edir.

 

 Zaman-zaman hər dövrdə dövrün inqilabçı bəstəkarları olub. Necə ki, Tofiq Quliyev, Rauf Hacıyev, daha sonra yeni nəsil gəldi, Eldar Mansurov, Faiq Sücəddinov, Vaqif Gərəyzadə, Xanım İsmayılqızı, Novruz Aslan. Onların hər biri zamanının inqilabçıları oldular. İndi inqilabçılar yoxdu. Musiqidə inqilab edən müəlliflərə rast gəlmirik. Bəstəkarlar arasında inqilabçı bəstəkarlar yaranmadı. Müasir musiqi trendini yaratmaq üçün gərək inqilabçı olasan. Başqa yolu yoxdu».

 

Tahirə Məmmədqızı

Şərq.- 2019.- 14 may.- S.11