Əhməd bəy Ağaoğlunun
"İrşad"ı - "Birlik, bərabərlik və
qardaşlıq" ideyası bu qəzetin əsas
şüarı idi
"İrşad” qəzeti təsadüfdən
deyil, zərurətdən, milli təəssübdən və
zamanın tələbindən meydana gəlib. Çar
Rusiyasının 1905-ci il 17 oktyabr manifesti ziyalılar, qələm
adamları arasında ciddi fikir oyanışı yaratdı və
xalqa vəd olunan "söz, mətbuat və vicdan
azadlığı" ideyası yeni mətbu orqanların
yaradılmasına təkan verdi. 1905-ci ilin dekabr ayının
ortalarında Azərbaycan mətbuatı tarixinə iki qəzet
qədəm qoydu. Bunlardan birincisi proletar
düşüncəsinin daşıyıcısı olan
"İzvestiya soveta Raboçix Deputatov" qəzeti
dekabrın 16-da işıq üzü gördü. Ondan bir
gün sonra isə sahibi imtiyazı və redaktoru Əhməd
bəy Ağaoğlu olan "İrşad” qəzeti oxuculara
çatdırıldı. 1905-ci ilin dekabr ayının 17-də
ilk sayı işıq üzü görən
"İrşad”ın müsəlman və türk
dünyasına ünvanlanan "birlik, bərabərlik və
qardaşlıq” ideyası ətrafına dövrün
tanınan qələm sahibləri cəm oldular.
Mətbuat tədqiqatçısı, tarix
üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin
baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat
tarixi (1875-1920)” adlı kitabında "İrşad” qəzetinin
fəaliyyətindən geniş bəhs edib. Müəllif əsərində
vurğulayıb ki, "İrşad” sözünün
lüğət mənası "yol göstərən",
yəni yolu işıqlandıran
deməkdir: "Qəzet öz fəaliyyətini
1908-ci ilin iyun ayının 25-dək davam etdirdi, fəaliyyəti
dönəmində yalnız Bakıda, Azərbaycan dilində
nəşr olundu.
Əhməd bəy Ağaoğlu
bütövlükdə qəzetin 1905-1906-cı illərdə
116 sayının redaktoru olub. Qəzetin
1906-cı ilin fevral nömrələri Üzeyir Hacıbəylinin
müdirliyi, mart ayında isə bir neçə sayı
müvəqqəti baş mühərrirliyi ilə
işıq üzü görüb. 1907-ci ildə isə 1-ci
saydan 15-ci saya kimi Haşım bəy Vəzirovun redaktəsi
ilə nəşr olunub. M.Ə.Rəsulzadə isə
"İrşad"ın 11 sayını (46-57-ci nömrələrini)
redaktə edib. Qəzetin ilk sayında elan olunduğu kimi
"Hər həftə fars dilində dəxi bir vərəqəsi"
Əbdül-Məmalik Fərahinin redaktorluğu ilə
oxuculara çatdırılıb, qarşıya qoyulan məqsədlər
həyata keçirilib. Mətbuat tarixi
araşdırıcılarının apardıqları statistikaya
görə, "İrşad"ın dörd il ərzində
536 sayı çap olunub. "Hürriyyət, müsavat, ədalət"
şüarı ilə nəşr olunan bu mətbu orqanın
naşiri 1881-ci ildə Bakının Sabunçu kəndində
neft milyonçusu Mehdiqulu bəyin ailəsində dünyaya gələn
İsa bəy Aşurbəyov idi. İ.Aşurbəyov Azərbaycan
tarixinə xeyriyyəçi, naşir və publisist kimi daxil
olub. "Dəvət", "Şəlalə",
"Nicat", rusca çıxan "Baraban" satirik jurnal və
qəzetlərin naşiri, həmçinin redaktoru olan
İ.Aşurbəyov
"İrşad"ın çapında yaxından
iştirak edib. "İrşad"ın nəşri ilə
jurnalistika tariximizdə "İrşad"çılar nəsli
yetişdi ki, onların sırasında Üzeyir Hacıbəyov,
M.Ə.Rəsulzadə, F.Ağazadə, Ö.F.Nemanzadə,
Q.Qarayev, A.Y.Talıbzadə, M.S.Axundov, A.Sur, S.M.Əfəndiyev,
M.Hadi, N.Vəzirov, M.Ə.Sabiri göstərmək olar. Gündəlik nəşr olunan bu qəzet ədəbi,
siyasi, elmi, iqtisadi və ictimai qəzet idi. Şərq əxlaqi-mənəvi
dəyərlərinin qədimliyini önə çəkən
"İrşad" islamın elmi-fəlsəfi tərəflərinə
diqqət yönəldirdi. İnsan azadlığının bu
dini dəyərlərlə eyniyyət təşkil
etdiyini vurğulayır və müsəlman həmrəyliyinə
qarşı olanların danoslarına baxmayaraq dövr
üçün aktual olan kəsərli yazıları dərc
edirdi. Dövrün görkəmli ədib,
şair və publisistlərini ətrafına toplayan
"İrşad" təkcə xalqın gedəcəyi yolu
göstərmir, qarşıya çıxacaq çətinlikləri,
məzhəb ixtilaflarını qələmə alır, cəmiyyəti
birləşdirəcək dəyərləri təbliğ
edirdi. "İrşad" irsini araşdıran professor
Şamil Vəliyev qeyd edir ki, bu mətbu orqan qurulacaq dövlətin,
azadlığa çıxacaq Azərbaycanın naminə
çalışır, gündəlik işin, yaşanacaq
ideyaların düsturunu müəyyənləşdirirdi. Bu
düstur, yaşam və düşüncənin formatı
"Tərcüman"ın redaktor və naşiri
İsmayıl bəy Qaspralının "dildə, fikirdə,
işdə birlik" ideyası idi. Az sonra bu
ideya əsasında formalaşan və mahiyyət
baxımından daha geniş olan, həmçinin Əli bəy
Hüseynzadə tərəfindən formulə edilən
"Türkləşmək, islamlaşmaq və müasirləşmək"
ideyası artıq "İrşad"ın ideologiya kimi
formalaşdırdığı istiqamət və vətəndaşlıq
yolu idi”.
A.Aşırlı kitabında qeyd edib ki, XX əsrin
əvvəllərində Çar Rusiyasında baş verən
hadisələr, siyasi-ictimai gərginliklər, xalqların
oyanış prosesi bu dönəm nəşr olunan mətbu
orqanlarda ətraflı şəkildə əks etdirilir.
Mövcud durum analiz edilir, müxtəlif ideoloji baxışlar
süzgəcdən keçirilir və elmi yeniliklər xalqa təqdim
olunurdu:
"Ə.Ağaoğlu Çar
Rusiyasının ictimai-siyasi durumunu təhlil edərkən
onun tarixi mənzərəsinə nəzər salır,
müstəmləkəçilik siyasətinin mahiyyətini
açıqlayır və bu siyasəti həyata keçirənlərin
imperiyapərəst xəyallarını kəskin tənqid
edirdi. Siyasi plüralizmi önə çəkən
Ə.Ağaoğlu Rusiyada fəaliyyət göstərən
firqələrin fəaliyyətini də
işıqlandırırdı. O, "Rusiyanın
hal-hazırı" məqaləsində "İstibdadiyyun
və məşrutiyyun" istiqamətində olanların, yəni
monarxist və inqilabi partiyaların fəaliyyəti barəsində
məlumat verir, onların yaranma səbəblərini,
fəaliyyətlərini araşdırırdı. Müəllif
öz məqaləsində "monarxist obsolyutist",
"monarxist konstitusionalist" və "konstitusionalist
demokrat" firqələrinin yaranması və ictimai-siyasi
islahatların zəruriliyini diqqətə çatdırırdı.
Ə.Ağaoğlu bu mənada müasirlərini
"konstitusionalist demokratlar"ın üzərinə
yönəldərək yazırdı: "Bu
firqə Rusiyada ən böyük, ən güclü firqələrdəndir:
cəmi Rusiyanın pişrovları, qəlası, ərbabi-qələm
və zəkası, bəyləri, xanları, professorları,
yazıçıları və qəzetləri bu firqədəndirlər.
Şimdidən demək olar ki, gələcəkdə hökumət
və idarə bu firqənin əlində
olacaqdır". "İrşad"çılar Azərbaycanın
gələcək istiqlalı naminə əzmlə mübarizə
aparır, qonşu ölkələrdə gedən ictimai-siyasi
prosesləri izləyir, onlara aid analitik yazılar
yazırdılar. Həmçinin Avropa və Amerika, Uzaq və
Yaxın Şərq ölkələri
də diqqətə alınır, rus, fransız, ingilis mətbuatına
istinadən beynəlxalq həyat barəsində informasiyalar dərc
edirdilər. Çap olunan bu yazılarda "İrşad"
öz ideya-siyasi istiqamətinə, ideoloji
görüşünə görə dövlətçilik və
hürriyyət amalını ön planda
götürür, milli müstəqillik, azadlıq
duyğularını tərənnüm edirdi.
Beynəlxalq həyata aid
yazılarda dünyanın mütərəqqi ölkələrinin
dövlətçilik təcrübəsi, onların siyasi və
hüquqi sistemləri Azərbaycan insanına
çatdırılırdı. Ə.Ağaoğlunun silsilə
şəkildə dərc etdirdiyi "Qosudarstvennı duma, ya
padşahlıq şura" məqaləsi bu baxımdan əhəmiyyətlidir.
Böyük mütəfəkkir Fransanın zəngin
tarixi təcrübəsinə istinad edir, Azərbaycanda ilk dəfə
olaraq azadlığın siyasi məzmun və mahiyyətini
aydınlaşdırırdı. Məhz bu məzmunlu siyasi
maarifçilik mahiyyəti daşıyan məqalələrin,
analitik təhlillərin nəticəsində "İrşad"çılar Azərbaycanın
ictimai-siyasi fikrini, siyasi şüurunu, ədəbi-mədəni
hərəkatını Qərbə, Avropaya yönəldirdi.
Ümumən onu da qeyd etmək yerinə düşər ki,
Şərq və Qərb mədəniyyəti
qarşıdurma şəklində deyil, ümumi vəhdətdə
götürülür, inteqrasiyanın vacibliyi önə
çıxarılırdı. Əli bəy Hüseynzadə,
Əhməd Kamal və müəllim Midhət Cödət
öz yazılarında Şərq tarixinə və islam elminə
toxunur, Şərqin möhtəşəmliyini, mədəni
zənginliyini təbliğ edirdilər. Lakin bu yazılarda
Şərq Qərblə üz-üzə qoyulmur, iki fərqli
dünyagörüş kimi təqdim olunurdu. Xristian
dünyası və islam aləmi tarixində azadlıq
anlayışına münasibət bildirən
"İrşad"çılar dövlət və cəmiyyət
münasibətlərinə aydınlıq gətirir, bu mənada
ictimai institutları formalaşan Avropanın bu sahədə
xeyli önə çıxdığını şərh
edirdilər. Fransanın timsalında Avropaya münasibət
meyarını müəyyənləşdirməyə
çalışan Ə.Ağaoğlu "İrşad"da
dövlətçilik tarixi və nəzəriyyəsindən
danışarkən Azərbaycanda demokratik cümhuriyyət
ideyasını ortaya qoyurdu”.
Müəllif əsərində
vurğulayıb ki, "İrşad”da ilkin islamın təriqətlərə
parçalanması pislənilir, dini təfəkkürün vəhdət
ideyası gücləndirilir, bədii ədəbiyyatda və
publisistikada islam modernizmi əsas götürülür,
islamın təməl faktorlarının bərpasına
diqqət yönəldilirdi: "Sünni-şiə
ayrı-seçkiliyini ciddi tənqid edən
Ə.Ağaoğlu bu ümummilli problemin nəzəri həllinə
çalışırdı. Təriqətlərarası
savaşın xalqın birliyinə əngəl olduğunu
önə çəkən Ə.Ağaoğlu hələ
"Həyat" qəzetində bu problemə toxunaraq
xalqın mənəvi tənəzzülünə səbəb
olan bu faktor barəsində yazırdı: "Necə ki,
çox adamlara məlumdur bu axırlarda bəzi fəsad və
fitnəçilər çalışırdılar ki, Qafqaz
şiə və sünni müsəlmanlarının
arasına büğz və ədavət salıb ortalarına
cədvəl və cidal salsınlar". Bu
problemləri real həyat faktorları əsasında təhlil
edən Ə.Ağaoğlu Azərbaycanın ayrı-ayrı
bölgələrində baş verən proseslərə
üz tutur, qarşıdurma səviyyəsinə
qaldırılmış məsələni "birlik, bərabərlik
və ədalətlə" aradan qaldırmağı vacib
hesab edirdi. Ə.Ağaoğlunun fikrincə, milli kimliyini
dərk etməyən, tarixi irsinə sahib çıxmayan xalq
dini mənsubiyyətə əsaslanmaqla mövcudluğunu
sübut edə və qoruyub saxlaya bilməz. Və bu mənada
Ə.Ağaoğlu "İrşad"da mənsub olduğu
xalqın milli özünüdərkinə və
oyanışına təkan verən publisistik yazılarla
çıxış edirdi. Bu böyük
mütəfəkkir "İrşad"ı Azərbaycan
jurnalistikasının ən ciddi problemləri ilə məşğul
olmağa yönəldir, bir sıra mətbu orqanı, o
cümlədən "Həyat"ı, "Kaspi"ni,
"Molla Nəsrəddin"i, "Fyuzat"ı
dövrün aynası hesab edir və mətbuatı
bütövlükdə cəmiyyətin
ölçüsü kimi dəyərləndirirdi. Məhz buna görə də
"İrşad"çıları həmişə şəxsi
qərəz və intriqalardan uzaq durmağa səsləyir, əsassız
mübahisələrə qarışmamağa
çağırırdı. Dövrün bəzi mətbu
orqanlarındakı şantaja ürəkağrısı ilə
yanaşırdı. "İrşad"ın abunəsinin
aşağı düşdüyü vaxtlarda ona
qarşı yönələn qarayaxma kampaniyası
hallarını görən Ə.Ağaoğlu
dözümlülük nümayiş etdirir və
yazırdı: "Mən səmimi qəlbdən
diyorum, əgər millətim məndən narazıdır, əgər
məni qəzetə aparmağa layiq görmüyorsa, mən
"İrşad”ı hər kəs istəsə, ona verərəm,
qoy məndən yaxşıları, məndən layiqliləri
aparsın, təki aparsın, təki bu mənbeyi-feyz və
tərəqqi olan sərmayə əlimizdən
çıxmasın. Axtarın, vuruşun,
tapın, biz bu qədər zəhmətlər ilə düzəlmiş
büsatı özgələrə millət namına təslim
etməyə hazırıq". "İrşad"ın fəaliyyətini
və Ə.Ağaoğlunu tənqid atəşinə tutanlar
köhnə fikirli insanlar, mühafizəkar şəxslər
idi və bunu çox zaman sadəcə tənqid xatirinə
edirdilər. Qəzetin fəaliyyətinə mənfi təsir
göstərən məsələlərdən biri
"İrşad"ın yayımına Türkiyənin
hakim siyasi dairələrinin qadağa qoyması idi.
Ə.Ağaoğlu "İrşad”ın 23 fevral 1907-ci il
tarixli sayında yazırdı: "Sultan Əbdül Həmidin
qəzetəsinin Türkiyəyə keçirilməsi
şiddətli surətdə yasaq edildi, qadağan olundu. Sultan
sarayından bu xüsusda rəsmi işarət viqun bulmuş
bunun üçündür ki, iki həftədən bəri
Rusiya postaxanələri kimsəyə bir şey vermiyor, bana
göndərilən ruznamələr dəxi yetişmiyor".
Qəzetin fəaliyyətinin dayandırılmasını abunə
azlığı, dil qəlizliyi, fikir mürəkkəbliyi və
jurnalistika təcrübəsinin yetərincə olmaması ilə
bağlayanlar bu fakta diqqət yönəltməlidirlər. Elə
bu səbəbdəndir ki, XX əsrin əvvəllərindəki
mətbuat nümunələri haqqında xatirələrində
Abdulla Şaiq o dövrün nəşrlərini qaranlıq
gecədə biri-birinin ardınca yanıb-sönən ulduzlara
bənzədirdi. Bu dövrdə Azərbaycan mətbuatının
ən parlaq nümunəsi olan "İrşad"
yenilikçi mətbuat orqanı kimi öz missiyasını
layiqincə davam etdirir, fikir və informasiya istehsalı ilə
məşğul olurdu. "İrşad"ın göstərdiyi
yol ümumxalq yolu olduğundan sonralar istər "Molla Nəsrəddin"çi
mətbu orqanlar, istərsə də
"Fyuzat"çı romantik-fəlsəfi nəşrlər
onun prinsiplərini daha geniş miqyasda davam etdirdilər.
"İrşad"dan sonra onun əsas aparıcı
yazarları dövrün müxtəlif mətbu nəşrlərində
çalışır, milli jurnalistikamızın
inkişafına öz töhfələrini verirdilər.
Dövrün bir sıra aparıcı mətbu nəşrləri
ilə yanaşı, "İrşad"dan sonra fəaliyyətə
başlayan "Yeni İrşad" və
"Çarıxçı" deyilənlərə
sübutdur. "Yeni İrşad" gündəlik ədəbi,
elmi, siyasi, iqtisadi qəzet, "Çarıxçı"
isə "Yeni İrşad"a əlavə olunan satira vərəqəsi
idi. "Yeni İrşad"ın imtiyaz sahibi və redaktoru
Y.Əhmədov, baş redaktoru Mehdi bəy Hacınski idi. Qəzetin
1911-1912-ci illərdə cəmi 153 sayı işıq
üzü görüb. Ə.Ağaoğlu
başda olmaqla "İrşad" və
irşadçıların fəaliyyəti azad cəmiyyət,
müstəqil dövlət və bütöv vətən
ideyasına əsaslandığından, öz dövrlərində
mühafizəkar qüvvələrin açıq-aydın təzyiqlərinə
məruz qalıb. Bu təhdidlər, səhv yanaşma
tariximizin sovet dönəmində də təkrar olunub,
panislamist və pantürkist damğası ilə
"İrşad" obyektiv təhlildən kənarda
qalıb”.
İsmayıl
Şərq.- 2019.- 21
may.- S.11.