Ağaoğlunun
yaradıcılığında dünyəvi dövlət və
cəmiyyət axtarışları haqqında
Böyük insan Əhməd bəy Ağaoğlu
yalnız Azərbaycan ədəbi-ictimai mühitinin deyil, XIX əsrin
sonu XX əsrin əvvəllərində yaşamış
bütün türk dünyasının tanınmış
şəxsiyyətlərindəndir. O, bir publisist, alim, tənqidçi,
ictimai xadim, fikir adamı və ideoloq kimi, həm də
böyük bir mühitin yetirməsi idi. Dünyagörüşünün
formalaşmasında, yaradıcılığında və
ictimai-siyasi fəaliyyətində Şərqlə
yanaşı Qərb dəyərləri də mühüm yer
tuturdu. XIX əsrin sonlarında Fransa və Azərbaycanda, XX əsrin
1909-cu ilindən sonra isə Türkiyədə yazıb-yaradan
böyük fikir adamının
yaradıcılığının ilk illəri
çarlıq üsuli-idarəsinə düşsə də ali təhsil dalınca getdiyi Fransada
yüksək təhsil almaqla yanaşı, Avropa mühitini dərindən
öyrənmiş, təhsillə kifayətlənməyərək
bu ölkənin ziyalı mühiti ilə yaxından
tanış olmuş, Qərb dəyərlərini dərindən
mənimsəmiş və burada bir şərqşünas kimi
tanınmışdır.
Azərbaycandakı
yaradıcılığında islam və
din problemlərinə müəyyən yer verən
Ə.Ağaoğlu Türkiyəyə getdikdən sonra hadisələrin
sonrakı inkişafının təsiri ilə
yaradıcılığında dünyəvi dövlət
modelinə geniş yer vermiş, hüquq qaydalarını cəmiyyətdə
əsas prinsiplərdən biri olaraq görmüşdür. Həmin dövrdə islamçılıq cərəyanını
dövlətə bir model kimi gətirmək istəyənlər
cəmiyyətdə çoxluq təşkil edirdi. Bu zaman Ə.Ağaoğlu dünyəvi dövlət
quruluşunu əsas götürmüş, dinin dövlətdən
ayrı olmasının tərəfdarlarından biri kimi
çıxış etmişdi. Eyni
zamanda, ailə və qadın məsələsində
müasirlik mövqeyində durmuş və o zamankı cəmiyyətdə
hər cür hüquqları əlindən alınmış
qadınların layiq olduğu yerə gəlməsini
müdafiə etmişdir. Türkiyənin
ilk qadın vəkillərindən olan Sürəyya
Ağaoğlunun bu ailədə tərbiyə alması cəmiyyətdə
qadın, ailə, hüquq məsələlərinin praktik həlli
kimi diqqəti çəkir.
Yaradıcılığının ən məhsuldar illərini
Türkiyədə yaşayan Ə. Ağaoğlu
üçün Osmanlı imperiyası dağıldıqdan
sonra Türkiyə Cümhuriyyətinin qurulması ilə yeni
dönəm başlamışdır. Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dövlətə
dünyəvilik quruluşunu gətirməsi, demək olar ki,
Ə.Ağaoğlunun bu istiqamətdəki nəzəri fikirlərinin
təsdiqi idi. Elə Türkiyədən əvvəl
də Azərbaycanın müstəqilliyi ilə bağlı
baş verən proseslər Ə.Ağaoğlunun fəaliyyətini
dövlət və cəmiyyət proseslərinə təbii
şəkildə yönəltmişdir. Malta
sürgünündən qayıtdıqdan sonra onun qəzetlərdəki
məqalələrinin məzmununda da cəmiyyət, fərd,
dövlət məsələləri başlıca yer tuturdu.
Ayrı-ayrı məqalələrində və "Dövlət
və fərd"
əsərində problemə kompleks elmi, hüquqi
yanaşma sərgiləyən müəllif Türkiyədə
qurulan dünyəvi dövlətin cizgilərini bəlirləyən
əsərlər yazmışdır. Onun "Sərbəst
insanlar ölkəsində", "Sərbəst firqə
xatirələri", "Üç mədəniyyət"
əsərlərində də bu və ya digər şəkildə
cəmiyyət və dövlət anlayışları ilə
bağlı baxışları ifadə olunur. "Üç mədəniyyət" əsərinin
Malta sürgünündə yazıldığını nəzərə
almış olsaq, deyə bilərik ki, Ə.Ağaoğluda
yeni cəmiyyət və dövlət formulu ötən əsrin
ikinci onilliyindən formalaşmağa
başlamışdır.
Ə.Ağaoğlu "Üç mədəniyyət"
əsərində də cəmiyyət və dövlət
problemi üzərində elmi-nəzəri araşdırmalar
apararaq bu istiqamətdə fikirlərini bir qədər də
dolğunlaşdırır. Cəmiyyətin, hər şeydən
əvvəl, "ortaq duyğu və düşüncə"
daşıyıcısı, "ortaq ideal sahibi" və
"şüurlu zümrə" olduğunu önə
sürən publisist Türkiyədə bu cür zümrə
olmamasından narahatlığını ifadə edir. Onun fikrincə cəmiyyət həyatının
qüvvətlənməsinə səbəb olan amillər
arasında bir də fəlsəfə ilə ədəbiyyat
önəmli yer tutur. Fəlsəfə
meydana gətirdiyi fikir, ədəbiyyat isə hiss
axımlarıyla fərdləri birləşdirmək istiqamətində
müəyyən işlər görür. Avropanın çağdaş cəmiyyətləri
içində fikir cərəyanları cəmiyyət həyatı
üzərinə müəyyən təsir qüvvəsinə
malik olsa da, yeni Türkiyədə bu birdən-birə
formalaşmamışdır. Hətta bu
sahədə vəziyyətin "iflas" halında
olması ilə bağlı fikirlər də yer alır.
Bunun səbəbini isə Türkiyədə fəlsəfə
ilə məşğul olmaq zamanının bu yaxınlara, tənzimat
dövrünə düşməsi ilə əlaqələndirir.
Zamanında Türkiyədə elmi müəssisələrin
yoxluğu üzündən elm, texnika və dolayısı ilə
fikir və cərəyanların və bu cərəyanların
doğurduqları fikir həyəcanlarının olmaması
da indiki cəmiyyətə təsirsiz qalmır. Cəmiyyətin formalaşmasında əsas amillərdən
biri olan ədəbiyyatımızın da cəmiyyətdə
duyğular sistemi yarada bilməməsi yeni cəmiyyətin gec
formalaşmasına səbəb olur. Müəllif
ədəbiyyatın cəmiyyəti formlaşdırmasına ən
yaxşı nümunə olaraq rus ədəbiyyatını
görür. A.Puşkin, L.Tolstoy, Y.Turgenyev, A.Tolstoy, M.
Qorki əsərlərinin ruhundakı ictimai gerçəklik və
inqilab təmayülünün indiki rus cəmiyyətinə
müsbət təsirini nümunə gətirərək,
Türkiyədə hazırkı türkçü ədəbiyyatın
(Namiq Kamal) belə bir yol keçməsini arzu edir.
Cəmiyyət həyatına təsir göstərən
amillər içərisində musiqi və teatrın da müəyyən
təsirini xüsusi qeyd edən Ə.Ağaoğlu sinfindən,
zümrəsindən asılı olmayaraq fərdlər
arasında duyğu ortaqlığını təmin etdiyi qənaətinə
gəlir. Xüsusilə teatr ictimai amillərin ən əsası
olan dilin, əxlaqın, ortaq duyğuların gəlişməsinə,
yüksəlmə və birləşməsinə xidmət
etdiyini, fikir və hisslərin birləşməsini
saxlayır. Teatrda çox zaman ictimai və
tarixi hadisələr mövzu seçildiyindən millət
şüurunun doğmasında önəmli rol oynayır.
Ə.Ağaoğlu cəmiyyət probleminə bir
neçə əsərində və məqalələrində
də bu və ya digər dərəcədə toxunmuşdur. Buna görə
də cəmiyyət problemi Ə.Ağaoğlu
yaradıcılığında bütün detalları ilə
təhlil edilmişdir. Bu cəhətdən
"Sərbəst insanlar ölkəsində" əsəri
istisna deyil. Əsərdə yazıçı cəmiyyət,
fərd, dövlət, demokratiya, azadlıq və s. problemləri
yeni siyasi düşüncə baxımından təhlil edir. Yazıçı burada cəmiyyət
üçün "qarşılıqlı yardım"
ifadəsini işlədir. Bununla o, vətəndaşların
bir-birini düşünməsi və bir-birinə yardım
göstərməsini nəzərdə tutur və bu
qaydanı cəmiyyət həyatının özülü,
təməl daşı hesab edirdi.
Cəmiyyət probleminə yazıçı "Mən
kiməm?" əsərində də müraciət edir. Əsərin
qəhrəmanının İçi ilə Çölü
arasındakı daxili mübarizənin əsasını, demək
olar ki, cəmiyyət problemləri təşkil edir. Yazıçının İçi həmişə
cəmiyyət qanunlarına əməl etməyə, cəmiyyəti
inkişaf etdirməyə çalışırsa,
Çölü cəmiyyəti qurd kimi içindən yeməyə
çalışır. Çölün
riyakarlığı, eqoizmi, fikir dəyişimi,
gözügötürməzlik, qısqanclıq, "mənə
nə?" fəlsəfəsi cəmiyyəti daim geriyə
çəkir. Buna görə də
Çölünün cəmiyyətə çox
böyük ziyan vurduğunu nəzərdə tutan
İç Çölü ilə cəmiyyət
arasındakı təzadı aradan götürməyi, cəmiyyətin
yaşaması üçün buna çarə tapılması
haqqında düşünür.
Ə.Ağaoğlu "Üç mədəniyyət"
əsərində dövlət və hökumət
anlayışlarına həm də nəzəri və praktik
cəhətdən yanaşır. Osmanlı dövlətinin
süqutunun səbəblərindən biri kimi dövlətə
münasibət də əsas faktorlardan biridir. Dövləti hökmdarlardan ibarət hesab edən
çevrənin cəmiyyətdəki mövcudluğu hələ
çoxluq təşkil edirdi. Yaşamaqda olduğu
zamanın dövlət və hökumət
anlayışlarına da nəzər yetirən
Ə.Ağaoğlu XIV Luisin "dövlət mənəm"
dediyi zamanların çoxdan keçdiyini və bu prinsipin
Avropada artıq işə yaramadığını və
özünün yaşadığı cəmyyətin də
buna uymalı olduğu ilə bağlı fikirlərində
çağdaş dövlət anlayışının
konturlarını görmək mümkündür.
Maraqlıdır ki, yazıçı çağdaş
dövlət prinsiplərindən danışarkən
bolşeviklərin Azərbaycan, Ukrayna, Gürcüstan, Ermənistan,
Türküstan, eləcə də bütün rus olmayan yerlərdə
rus ruhunu, idarə tərzini uyğuladıqlarını və
hər yerdə idarə başında bir rus çoxluğunu
yaratmağa çalışdıqlarını bildirir.
Əlbəttə, "Üç mədəniyyət"
əsərinin yazıldığı zaman hələ
Türkiyə Cümhuriyyəti yaranmamışdı. Ona görə
də onun fikirlərində dövlət və hökumət
anlayışları tam olaraq müasir bir formaya
düşdüyünü söyləmək çətindir.
Ə.Ağaoğlu "Sərbəst insanlar
ölkəsində" əsərində bir qədər də
irəli gedərək istibdadın idarə etdiyi bütün
ölkələrin sonunun yaxşı olmadığı qənaətini
bölüşür. Ancaq xalqın idarə etdiyi
dövlət səriştəsizlərin əlində təcrübə
taxtası ola bilmir.
Əhməd Ağaoğlunun fəaliyyətində əsas
yerlərdən birini, azadlıq və demokratiya uğrunda
mübarizəsi və onun elmi-nəzəri əsaslarını
yenilikçi mövqedən işləmək tutur. Bu mənada
yeni Türkiyə Cümhuriyyətinin demokratik əsaslarla
qurulmasında onun da rolu böyüdür. Onun demokratiya anlayışında həmişə fərd
öndə olmuşdur, lakin cəmiyyət o zaman hələ
bu barədə yetərli bilgilərə sahib deyildi. Bu qüsurları aradan qaldırmaq üçün
isə zamana ehtiyac olduğu kimi, cəmiyyətdəki
mövcud xəstəlikləri, qüsurları da yox etmək
lazım gəlirdi. Buna görə də
Ə.Ağaoğlunun demokratiya anlayışı həm fəaliyyətində,
həm də əsərlərində paralellik təşkil
etmişdir. O görürdü ki, Türkiyə kimi
siyasi təfəkkür baxımından inkişaf etməmiş
ölkələrdə xalqın siyasi təfəkkürünün
aşağı olması səbəbindən azadlıq,
torpaqların işğaldan azad edilməsi
üstünlüyü ilə xalqın demokratiyaya
keçidində çətinliklər mövcuddur. Daha doğrusu, torpaqların işğaldan azad
olunması, yeni Türkiyə Cümhuriyyətinin qurulması
eyforiyası cəmiyyətdəki bəzi problemləri arxa
plana keçirirdi ki, burada da cəmiyyət geridə
qalmış olurdu. O yaxşı görürdü ki,
azadlıq adına cəmiyyətdəki
susqunluq uzun müddət bu cür davam edə bilməz, cəmiyyət
bu mərhələni nə qədər tez keçsə, o qədər
də yaxşı olar və inkişaf edər. Lakin
bu cür qüsurlara qarşı çıxmaq mövcud
iqtidara müxalifət demək idi ki, indiki cəmiyətdə
də müxalifətçilik institutu
formalaşmadığından bunu etmək çox çətin
və ağır idi. Həm də
azadlıq ilə demokratiya bir-birini inkar etməməli, əksinə
bir-birini tamamlamalıdır. Bütün bu məsələlərə
Ə.Ağaoğlu açıq şəkildə qarşı çıxa bilmədiyindən
müxtəlif yollarla etməyə çalışır, həm
cəmiyyəti bu istiqamətdə maarifləndirməyə, həm
də hökuməti buna dəvət etməyə
çalışırdı.
Mədinə Karahan,
Şərqş-
2019.- 25 may.- S.13