"Heç unutmaram..."

 

Mənsum İbrahimov: "Mən 8 ay Məcnun roluna hazırlaşanda teatrın səhnəsini az qala "süpürmüşdüm"

 

 

"Bir dəfə Arif Babayev mənə zarafatla dedi ki, səndən sonra səhnəni süpürməyə ehtiyac qalmayacaq Səhnədə o qədər sürünürdüm ki, geyimlər cırılmışdılar. Nəticədə mən Məcnun obrazını yarada bildim"

 

 

Sənət aləmində təkcə istedadınla deyil, insanlığın, kübar münasibətin, böyük səhnə mədəniyyətinlə seçilmək hər sənətkarın payına düşmür. Qonağımız tamaşaçı sevgisini təkcə istedadı ilə qazanmayıb. Onun böyük səhnə mədəniyyəti, insani kefiyyətləri, əxlaqi tərəfləri milyonların sevgisini qazanmağına səbəb olub. Söhbət səhnəmizin Məcnunu, Xalq artisti, Şöhrət ordenli Mənsum İbrahimovdan gedir. Mənsum İbrahimov «Şərq»ə müsahibəsində bu dəfə həyatının maraqlı məqamlarından danışdı.

 

- Məcnun olmaq çətindi?

 

- Həyatda da, səhnədə Məcnun olmaq üçün kamil olmaq vacibdir. Təbii ki, Məcnun olmaq asan deyil.

 

- Bu günün gəncləri səhnəyə niyə rahat məkan kimi baxırlar?

 

- Hər dövrün öz qanunları, yazılan-yazılmayan qanunları olur. Bizim dövrümüzdə səhnəyə gəlmək həqiqətən çətin idi. Hələ tanınmaq zaman istəyirdi. İndi sosial şəbəkələr mövcuddur, internet, mobil əlaqələr. Bütün bunlar sənətçinin tanınması üçün dəstək rolu oynayır. Bizim dövrümüzdə isə bunlar yox idi deyə, səhnəyə gəlmək üçün əziyyət çəkməliydin.

 

- Bəs necə oldu ki, məhz opera səhnəsinə gəldiniz. Bir çox xanəndələrin arzusudur ki, Məcnun olsun, amma hər sənətçiyə qismət olmur Məcnunu yaratmaq.

 

- Mən tələbəlik dövründə müəllimlərimlə daim təmasda olurdum, onlardan nəsə öyrənməyə çalışırdım. Heç vaxt ustadlarımın mənə dəstəyini unuda bilmərəm. Mən böyük sənətkarları özümə ustad saymışam. Rəhmətlik Şövkət Ələkbərova mənim Opera Teatrına gəlməyimin səbəbkarı olub. O çox zaman dərsləri evində keçirirdi.

 

Səhhəti ilə əlaqədar axır illər daha çox evdə tələbələri ilə məşğul olurdu. Bir evinə gələn tələbəni yemək yemədən evindən buraxmazdı. Böyük sənətkar olmaqla yanaşı, çox gözəl insan idi. Mən həmişə qeyd edirəm, sənətkar o zaman böyük, əzəmətli görünür ki, onun sənəti qədər insanlığı da olsun. Şövkət xanım o qədər gözəl insan idi ki. Bizə analıq edirdi. Bir gün məndən soruşdu ki, sən Opera Teatrında işləmək istəyirsən. Opera səhnəsində olmağı düşünürsən. Təbii ki, bu sual mənim üçün gözlənilməz idi. Dedim Şövkət xanım kim istəməz ki, opera səhnəsində olsun. Amma məndən opera sənətçisi olarmı? Şövkət xanım güldü. Dedi elə çıxar ki. Mən səni Məcnun olaraq opera səhnəsində görürəm. Sənin görünüşün , səsin buna imkan verir ki, Məcnun oynayasan. O vaxtlar belə bir söz deyilirdi ki, opera səhnəsində sənətçinin səsi batır. Mən Şövkət xanıma bildirdim ki, siz məsləhət görürsüz, elə edin. Qısa zaman sonra Şövkət xanım məni Opera Teatrına göndərdi. Bədii şura təyin edildi. Çox həyəcanlı idim. Əlim-ayağım titrəyirdi.

 

 Həmin gün Şövkət xanım da mənimlə gəldi. Məni təcrübə yığan aktyor heyətində işə götürdülər. İlk vaxtlar kiçik həcmli rolları mənə verirdilər. Elə oldu ki, sonra teatrın direktoru dəyişdi. Məni Məcnun roluna təyin etdilər. 8 ay məşqlər oldu. O zamanlar Arif Babayevlə Zeynəb Xanlarova «Leyli Məcnun» duet ortağı idilər. Elə oldu ki, bir müddət sonra mən səhnəyə Məcnun olaraq çıxdım. İlk premyeramız uğurlu alınmışdı. Hətta mənim ilk Məcnun olaraq səhnəyə çıxışım barədə məqalələrdən birində Sarabskiyə bənzətmişdilər. Bilirsiz, səhnə əziyyət tələb edir. Opera səhnəsində olan sənətçidən səbr, zəhmətkeş tələb olunur. Bunu öz təcrübəmdən deyirəm.

 

Mən 8 ay Məcnun roluna hazırlaşanda əməlli-başlı teatrın səhnəsini az qala süpürmüşdü. Bir dəfə Arif Babayev mənə zarafatla dedi ki, səndən sonra səhnəni süpürməyə ehtiyac qalmayacaq. Heç unutmaram, 2 dəst idman geyimim var idi, teatrda qoymuşdum ki, məşq edəndə geyinim. Səhnədə o qədər sürünürdüm ki, geyimlər cırılmışdılar. Nəticədə mən Məcnun obrazını yarada bildim. Düzdü, ilk səhnəyə çıxışım uğurlu olmuşdu. Amma bu gün mən ilk səhnəyə çıxışım olan materialı gizlətməyə çalışıram. Texniki ifa baxımından qüsur yoxdu, amma mən o zaman Məcnun obrazını əzbərləmişdim, tam hiss etmirdim. İllər keçdikcə Məcnunu mənimsədim, səhnədə püxtələşdim. Dediyim odur ki, indiki gənclər çalışırlar ki, bir ilə sənətkar olsunlar.

 

 

- Həm səhnədə olmaq, həm ailə qayğıları bunları bir arada qaldırmaq gərək ki, çətindir?

 

- Həyatda çətinlik olmadan uğur əldə etmək mümkün deyil. Təbii ki, çətinliklərim olub. Amma mən sənətimi sevmişəm. Kənardan bəzən bizə baxanlar düşünür ki, hər şey asanlıqla əldə edilib. İnanın səmimiyyətimə, elə olmayıb. İnsan öz zəhməti ilə nəsə əldə edəndə o bununla qürurlanır.

 

- Deyirlər həyatda uğur əldə edən hər kişinin arxasında bir ağıllı qadın dayanır. Bu deyimlə razısızmı?

 

- Ailə həyatda insanı ayaqda saxlayan ən böyük səbəbdir. Ailədə sevgi, hörmət varsa, rahatlıq tapırsan. Yaradıcı insanın bu rahatlığa ehtiyacı olur. Bu gün gənclər sevgi sözünü o qədər ucuzlaşdırıblar, o müqəddəs söz dəyərini itirib. O hisslər müqəddəsdir. Mən ilk sevgimi hələ məktəb illərində yaşamışam. Sadəcə o dövrlərdə, biz tərəfdə sevdiyin qıza yaxınlaşmaq, onunla rahat danışmaq imkanı olmazdı. Kənd yerində yaşayırdıq. mobil telefon olub, görüşə bilirdik. Mən o sevgimi illərlə ürəyimdə saxlamışam.

 

O vaxta qədər ki, sevdiyim qız ali məktəbə daxil oldu. Biz biri-birimizə olan hisslərimizi tələbəlik dövründə dilə gətirə bildik. İlk sevgimə sədaqətli olmuşam. Uşaqlarımın anası olan qadını məktəb yaşlarından sevmişəm, tələbə vaxtı hisslərimi dilə gətirmişəm, sonra da ailə qurmuşuq. Bu sevgidən 4 övladımız dünyaya gəlib. 3 qızım, 1 oğlum var. 3 qızım ali məktəbi qırmızı diplomla bitirib. Oğlum hələ orta məktəbdə oxuyur, idmanın karate növü ilə məşğul olur. Yəni demək istədiyim odur ki, ailə sevgi hörmət üzərində qurulubsa, o ailənin bünövrəsi bərk olur. Təbii ki, mənim ailəm, həyat yoldaşım mənə mənən dəstək olmasaydı, uğur əldə edə bilməzdim.

 

Çox gənc yaşlarında ulu öndər Heydər Əliyev məni Əməkdar artist fəxri adına layiq gördü. Cənab Prezidentimiz İlham Əliyev məni Xalq artisti fəxri adına layiq görüb. 50 yaşımda Şöhrət ordeni mükafatı ilə təltif olunmuşam. Prezidentin fərdi təqaüdünü alıram. Hər dəfə mənə mükafat veriləndə, dövlət tərəfindən mənə ad veriləndə mən bir az da məsuliyyət hiss etmişəm. Gənclərə, tələbələrimə hər zaman tövsiyə edirəm ki, ciddi şəkildə sənətlə məşğul olun. Sizin əməyinizi dövlət mütləq dəyərləndirəcək. Yetər ki, siz səhnəyə gəlir mənbəyi kimi baxmayın.

 

Tahirə Məmmədqızı

Şərq.- 2019.- 28 may.- S.13