Qəzetlər oxucu məktublarına dönür

 

Professor Cahangir Məmmədli "Şərq"in təşəbbüsünü alqışladı

Əksər internet media, sosial şəbəkələr “bu gün yaz, sabah sil” mexanizmi ilə işləyirlər. Qəzet isə elə bir mətbuat orqanıdır ki, onun səhifələrindəki bütün yazılar, araşdırmalar tarixdə qalır, arxiv materialına çevrilir

 

 

 

(Əvvəli ötən sayımızda)

 

Mətbuatın funksiyaları genişdir. Maarifçilikdən başlamış, xəbərçiliyə, ictimai-siyasi prosesləri izləyib, cəmiyyətə düzgün və dolğun informasiya çatdırmağa qədər, hər cür məlumat bazası rolunu oynamaq da həmçinin. Eyni zamanda mətbuat sosial həyatın əvəzsiz güzgüsüdür. "Molla Nəsrəddin” məktəbi bunun ən bariz nümunəsidir. Jurnalistika ixtisasını bitirənlər yaxşı bilir ki, "Molla Nəsrəddin” oxuculardan çoxlu məktub alırmış. Camaat rastlaşdığı çətinliklərdən "Molla əmi”yə şikayət edirmiş. "Molla Nəsrəddin”çilər də məktubların izi ilə o müşkülün üzərinə gedirmiş. Həll olunanı da varmış, həll olunmayanı da. Əsas məsələ odur ki, oxucu dərdini bir dərgiyə danışırmış. İnanırmış, yəqin, ona görə.

 

Azərbaycan mətbuat tarixində iz qoymuş qəzetlərin demək olar hamısında məktublar şöbəsi də fəaliyyət göstərib. Şöbəyə daxil olan şikayətlər, vətəndaşların hansısa məsələ ilə bağlı qəzet redaksiyasına müraciəti müxbirlər tərəfindən araşdırılırdı və adətən müsbət nəticə də olurdu. Bunu hələ sovet illərində müxbir vəzifəsində çalışmış qocaman jurnalistlərimiz, qələm sahibləri hər zaman təsdiqləyirlər. Və deyirlər ki, o zamanlar qəzetlərdən çəkinirdilər, hansısa idarə və ya təşkilat adının qəzetdə hallanmasını heç istəməzdi. Dərhal da reaksiya verirlərmiş qəzetlərdən gələn zənglərə. Şikayətlərə də baxılırmış.

 

Kimsə sanmasın ki, indi mətbuat oxucu şikayətlərini qəbul edib dinləmək və həllinə çalışmaq funksiyasını itirib. Bir qədər passivlik hiss oluna bilər, amma inanın, bu, zahiridir. Sürətdə internet, sosial media mətbuatı qabaqlaya bilər, amma oxucu inamı və problemlərin həllinin məhz mətbuatdan umulması ənənəsi hələ də qalmaqdadır. Bunu qəzet redaksiyalarına edilən müraciətlər və hətta redaksiyalara daxil olan şikayət məktubları da göstərir. Həmkarlarımız bu mövzuda fikirlərini bildirərkən həqiqət ortaya çıxır. Mövzuya toxunmağımızın səbəbkarı "Yeni Müsavat” qəzetinin 22 may 2019-cu il tarixli sayında "Samir Sarı” imzası ilə dərc olunmuş köşə yazısı oldu. Müəllif yazır ki, illərdir işimizin bir tərəfi də şikayətçiləri dinləmək, problemlərini yazmaq, onların həllinə yardımçı olmaqdır: "Yekə çıxmasın, indiyədək çox işlər aşırmışıq, çox adama kömək etmişik və bunların hamısı təmənnasız olub. Bir ara şikayət məktubları Prezident Administrasiyasından, parlamentdən, məhkəmələrdən çox bizim ünvanımıza gəlirdi. Bir qədər qürurverici idi ki, insanlar medianı hər şeyin fövqündə görürlər, amma xeyli dərəcədə də başağrısı idi. Çünki əlində fərli səlahiyyət olmayan bir media qurumunun boynuna hökumətin məsuliyyətinin şələlənməsi yaxşı şey deyil. Şikayətçilər isə bəzən son cümləni belə qururlar: "Xahiş edirik problemimizi həll edəsiniz”. "Problemimizin həllinə köməklik göstərəsiniz” yox ha, birbaşa "həll edəsiniz”. Sanki "birbaşa həll” bizim əlimizdədir. Əlimizdə isə nə real güc var, nə də problemin həllinin icra mexanizmi. Şikayət olunan şirkət, müəssisə, subyekt valın o biri üzünü çevirib, "yaxşı eləyirik, əlinizdən gələni beş qaba çəkin” gönüqalınlığı edəndə şikayət-yazı və problemin həlli zənciri qırılır”.

 

Mövzunun əhəmiyyəti ilə bağlı "Şərq”ə danışan BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli deyib ki, təxminən 20 il bundan qabaqkı klassik mətbuatın ən ümdə vəzifələrindən biri oxucuya kömək etmək, "redaksiyaya məktub” rubrikası adı altında yazılan şikayətlərə, müraciətlərə reaksiya vermək idi:

 

"Çox təəssüflər olsun ki, müasir mediamızda bu ənənə aradan qalxmaq üzrədir. Amma vaxtı ilə "Kommunist” qəzeti, yəni dövlət mətbuat orqanları, partiya qəzetləri oxuculara, vətəndaşların müxtəlif müraciətlərinə çox diqqətlə yanaşırdılar. İnanın, bəzən prokurorluq və məhkəmə orqanları bir kənarda qalırdı, mövcud problemi qəzet özü həll edirdi. Əfsuslar olsun ki, bundan xeyli uzaqlaşmışıq. "Şərq”in rəhbərliyinə təşəkkür edirəm ki, bu məsələni yenidən gündəmə daşıyır. Başqa heç bir mətbu orqanda vətəndaş müraciətlərinə qayıdış təşəbbüsünü görməmişəm. Ona görə sizi alqışlayıram. Hesab edirəm ki, bu məsələ çox ciddi şəkildə ortaya qoyulmalı və müzakirə edilməlidir”.

Professorun sözlərinə görə, bu işlə xüsusən qəzetlər məşğul olmalıdır: "Əksər internet media, sosial şəbəkələr "bu gün yaz, sabah sil” mexanizmi ilə işləyirlər. Qəzet isə elə bir mətbuat orqanıdır ki, onun səhifələrindəki bütün yazılar, araşdırmalar tarixdə qalır, arxiv materialına çevrilir. Yüz illər sonra kimsə qəzeti vərəqləyəndə görəcək ki, bu mətbu orqan hansı işləri görüb. Yəni vətəndaşın hansı problemini həll edib, məsələni necə araşdırıb və s. hamısı aydın olacaq. Bu baxımdan sözügedən məsələ ilə bağlı ciddi müzakirələr açmağın vaxtıdır. Xüsusən qəzetlərimizin oxucu məktublarına daha diqqətlə yanaşmalarını və ənənənin yenidən dirçəlməsini arzulayıram”.

 

C.Məmmədli vurğulayıb ki, "Şərq” və "525-ci qəzet" kimi müstəqil qəzetlərdə hər hansı şikayətlə bağlı gedən materiallar mütləq mənada dövlət qurumlarının reaksiya verməsinə səbəb olacaq:

 

 "Dövlət başçısı İlham Əliyev mətbuat adamları ilə görüşlərində, jurnalistika ilə bağlı çıxışlarında hər dəfə bəyan edir ki, KİV-lər vətəndaşların problemlərini işıqlandırmaq istiqamətində fəal olmalıdırlar. Hətta dövlət qurumlarına bununla bağlı ciddi tapşırıqlar verir. Əgər başımızda duran şəxs, yəni Prezident bu məsələyə ciddi yanaşırsa, vacib hesab edirsə, o zaman dövlət orqanları da hansısa qəzetdə gedən problemlərə xüsusi həssaslıqla reaksiya verməlidir. Yox əgər, qurumlar üzərinə düşən öhdəliyi yerinə yetirməzsə, o halda qəzetlər yenidən məsələyə qayıtmalı və məmurlar tərəfindən verilən cavabın qənaətbəxş olmadığını cəmiyyətə çatdırmalıdır. Əmin olun, bundan sonra məmur məsələni daha ciddi araşdırmağa və tədbir görməyə başlayacaq. Ona görə də burada qəzetlərin rolunu qətiyyən inkar etmək olmaz”.

 

"Milli.az”ın baş redaktor müavini Elçin Alıoğlu mövzu ilə bağlı "Şərq”ə açıqlamasında ABŞ-da ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində ən nüfuzlu mükafatlardan biri, bəlkə də birincisi sayılan "Pulitzer Prize”nin bir neçə laureatı ilə müxtəlif illərdə görüşləri və söhbətləri barədə danışıb:

 

 

"Jurnalistika sahəsində 14 nominasiyası olan bu mükafatın son onillər ərzindəki laureatı olan media mənsublarının və redaksiyaların tam əksəriyyəti "Pulitzer Prize”ni məhz vətəndaş-dövlət münasibətlərində vətəndaşın mövqelərini qoruduqları, problemi araşdırdıqları və müraciət əsasında araşdırma apararaq çox maraqlı nəticələr əldə etdiklərinə görə alıblar. Həmin nominasiyalar arasında ən ağır çəkilisi, ən nüfuzlusu "Cəmiyyətə xidmətə görə”dir (Pulitzer Prize for Public Service).

Jurnalistikanın ümdə və əsas qayəsi, məqsədi və məzmunu da budur - cəmiyyətə xidmət.

 

 Vətəndaş səviyyəsinə yüksəlmiş fərdlər toplusu olan cəmiyyətə xidmət həm də o fərdlərin şikayətlərinin, müraciətlərinin nəzərdən keçirilməsi, vətəndaşın üzləşdiyi problemlərin çözülməsində ona yardım etməkdir. Bu baxımdan vətəndaşla media arasında münasibətləri endemik, yəni sadəcə Azərbaycana məxsus proses və ya olay hesab etmirəm. Kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərdiyi bütün ölkələrdə belədir, Azərbaycanda da vəziyyət fərqli deyil.

 

Sosial şəbəkələrin, internetin sürətli inkişafı, "homo sapiens”in informasiya dövrünün insanı "homo informaticus”ə çevrilməsinə rəğmən, vətəndaşın fərd qismində mediaya müraciət etməsi, probleminin həllində yardım istəməsi tamamilə normaldır. Belə olub, belədir və belə də olacaq. Və biz vətəndaşla kütləvi informasiya vasitəsi arasında əlaqəni, təması idarə etmək üçün mübadiləni daha da aktiv etməliyik. Vətəndaş cəmiyyətinin, demokratik toplumun sosial sifarişi budur və Azərbaycanda da eyni proses yaşanır”.

 

Tanınmış jurnalist Azər Hüseynbala da "Şərq”ə bəyan edib ki, vətəndaşların müxtəlif məsələlərlə bağlı mətbuata müraciətləri "dördüncü hakimiyyət”ə olan inamdan irəli gəlir:

 

 "Doğrudur, indi Azərbaycanın kütləvi informasiya vasitələri obyektiv və subyektiv problemlə üzləşib. Amma buna baxmayaraq, vətəndaş əgər üzləşdiyi probleminin həllinə dövlət strukturlarına etdiyi müraciətlərlə nail ola bilmirsə, mütləq mətbuata üz tutur. Həmişə belə olub. Bu həm də onunla bağlıdır ki, hər zaman vətəndaşların bir çox probleminin həllində məhz mətbuat yardımçı olub. Təbii ki, bu zaman vətəndaşın şikayəti ilə bağlı hansısa dövlət qurumuna müraciət edən mətbuat orqanının nüfuzundan da çox şey asılıdır.

 

Hamımız bunu etiraf etməliyik ki, son zamanlar müxtəlif dövlət qurumlarında vətəndaşların problemlərinə yanaşmanın özündə bəzi problemlər hökm sürür. Amma bununla belə, nüfuzlu mətbuat orqanı kiminsə problemini həmin dövlət qurumuna çatdırmaqla müəyyən qədər həllinə nail ola bilir. Yəqin ki, bu səbəbdən mətbuata vətəndaşın bəzən son ümid yeri kimi baxması ənənəsi qorunub saxlanılır. Məncə, kütləvi informasiya vasitələri öz nüfuzunu qoruyub saxlaya bildikcə, bu ənənə də qalacaq. Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi yazırdı ki, "hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun... yaxşı-yamanlığı aşkar eləsin”, xalqın "hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün”. Fikrimcə, Həsən bəy Zərdabinin bu fikri indi də aktuallığını qoruyur”.

 

İsmayıl Qocayev

Şərq.- 2019.- 28 may.- S.11