Ənənəvi media sosial şəbəkələrdən üstündür

 

Zaman dəyişsə də, yenə də mətbuat vətəndaşların problemlərinin həllində vasitəçi rolunu oynayır

 

 

 

(Əvvəli ötən sayımızda)

 

Mətbuatın funksiyaları genişdir. Maarifçilikdən başlamış, xəbərçiliyə, ictimai-siyasi prosesləri izləyib, cəmiyyətə düzgün və dolğun informasiya çatdırmağa qədər, hər cür məlumat bazası rolunu oynamaq da həmçinin. Eyni zamanda mətbuat sosial həyatın əvəzsiz güzgüsüdür. "Molla Nəsrəddin” məktəbi bunun ən bariz nümunəsidir. Jurnalistika ixtisasını bitirənlər yaxşı bilir ki, "Molla Nəsrəddin” oxuculardan çoxlu məktub alırmış. Camaat rastlaşdığı çətinliklərdən "Molla əmi”yə şikayət edirmiş. "Molla Nəsrəddin”çilər də məktubların izi ilə o müşkülün üzərinə gedirmiş. Həll olunanı da varmış, həll olunmayanı da. Əsas məsələ odur ki, oxucu dərdini bir dərgiyə danışırmış. İnanırmış, yəqin, ona görə.

 

Azərbaycan mətbuat tarixində iz qoymuş qəzetlərin demək olar hamısında məktublar şöbəsi də fəaliyyət göstərib. Şöbəyə daxil olan şikayətlər, vətəndaşların hansısa məsələ ilə bağlı qəzet redaksiyasına müraciəti müxbirlər tərəfindən araşdırılırdı və adətən müsbət nəticə də olurdu. Bunu hələ sovet illərində müxbir vəzifəsində çalışmış qocaman jurnalistlərimiz, qələm sahibləri hər zaman təsdiqləyirlər. Və deyirlər ki, o zamanlar qəzetlərdən çəkinirdilər, hansısa idarə və ya təşkilat adının qəzetdə hallanmasını heç istəməzdi. Dərhal da reaksiya verirlərmiş qəzetlərdən gələn zənglərə. Şikayətlərə də baxılırmış.

 

Kimsə sanmasın ki, indi mətbuat oxucu şikayətlərini qəbul edib dinləmək və həllinə çalışmaq funksiyasını itirib. Bir qədər passivlik hiss oluna bilər, amma inanın, bu, zahiridir. Sürətdə internet, sosial media mətbuatı qabaqlaya bilər, amma oxucu inamı və problemlərin həllinin məhz mətbuatdan umulması ənənəsi hələ də qalmaqdadır. Bunu qəzet redaksiyalarına edilən müraciətlər və hətta redaksiyalara daxil olan şikayət məktubları da göstərir.

 

Həmkarlarımız bu mövzuda fikirlərini bildirərkən həqiqət ortaya çıxır. Mövzuya toxunmağımızın səbəbkarı "Yeni Müsavat” qəzetinin 22 may 2019-cu il tarixli sayında "Samir Sarı” imzası ilə dərc olunmuş köşə yazısı oldu. Müəllif yazır ki, illərdir işimizin bir tərəfi də şikayətçiləri dinləmək, problemlərini yazmaq, onların həllinə yardımçı olmaqdır: "Yekə çıxmasın, indiyədək çox işlər aşırmışıq, çox adama kömək etmişik və bunların hamısı təmənnasız olub. Bir ara şikayət məktubları Prezident Administrasiyasından, parlamentdən, məhkəmələrdən çox bizim ünvanımıza gəlirdi.

 

Bir qədər qürurverici idi ki, insanlar medianı hər şeyin fövqündə görürlər, amma xeyli dərəcədə də başağrısı idi. Çünki əlində fərli səlahiyyət olmayan bir media qurumunun boynuna hökumətin məsuliyyətinin şələlənməsi yaxşı şey deyil. Şikayətçilər isə bəzən son cümləni belə qururlar: "Xahiş edirik problemimizi həll edəsiniz”. "Problemimizin həllinə köməklik göstərəsiniz” yox ha, birbaşa "həll edəsiniz”. Sanki "birbaşa həll” bizim əlimizdədir. Əlimizdə isə nə real güc var, nə də problemin həllinin icra mexanizmi. Şikayət olunan şirkət, müəssisə, subyekt valın o biri üzünü çevirib, "yaxşı eləyirik, əlinizdən gələni beş qaba çəkin” gönüqalınlığı edəndə şikayət-yazı və problemin həlli zənciri qırılır”.

 

Mövzunun əhəmiyyəti ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət vurğulayıb ki, dövrü olaraq yayımda olan KİV-lər sosial mediadan ciddi şəkildə fərqlənir:

 

"Sosial media açıq platformadır və hər kəs üçün əlçatandır. Problem ondadır ki, bu əlçatanlıq həm də məsuliyyətsizlik yaradır. Bu platformadan məsuliyyətsizcəsinə istifadə edənlər həddindən artıq çoxdur. Ona görə də ciddi adamlar sosial mediada yayılanlara şübhə ilə yanaşırlar. Lakin problemin həllini arzulayanlar, məsələnin mahiyyəti üzrə şikayət edərək nəticə əldə etmək istəyənlər birbaşa mətbuata üz tuturlar. Qəzet də öz növbəsində müvafiq şəkildə həm problemi işıqlandırır, həm də araşdırma apararaq dövlət qurumlarının, qarşı tərəfin mövqeyini öyrənir. Mətbuat problemin həllində vasitəçi rolunu oynayır. Sosial mediada yayımlanan problemlərə kimlərsə əlavə rəng verə, manipulyasiya ilə məşğul ola bilərlər. Bütün bunlar ciddi insanları düşündürdüyü üçün problemlərini ənənəvi mətbuata daşıyırlar”.

 

A.Həsrət bu yanaşmanın uzun illər davam edəcəyini düşünür: "Nə qədər ki, dövlət və bürokratik aparat var, o cümlədən vətəndaşların müxtəlif problemləri gündəmdədir, o vaxta qədər insanlar klassik media vasitəsi ilə problemlərinin həllinə çalışacaqlar. Bu həm də cəmiyyətin mediaya güvənini göstərir və mətbuatın ayaqda qalması üçün əlavə amil rolunu oynayır”.

 

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da "Şərq”ə bildirib ki, istər yazılı mətbuat, istərsə də elektron media daha çox kütləvi oxucu marağına hədəflənən materiallara yer verir:

 

"Vətəndaş tribunası, vətəndaşların müraciətlərinin araşdırılması və işıqlandırılması çox zəifdir. Hazırda hamının qoşulduğu ümumi bir informasiya axını var ki, media qurumları özləri də hiss etmədən bu axınla hərəkət edirlər. Özlərinin xüsusi informasiya siyasətini formalaşdırmağa çalışmırlar. Bu isə media qurumlarının bir-birindən yalnız adlarına və rənglərinə görə fərqlənməsinə gətirib çıxarır. Vətəndaşların müraciətlərinə həssas yanaşılması, onların araşdırılması və işıqlandırılması həm də jurnalistlərin bu peşəyə nə qədər bağlı olub-olmadığının bir göstəricisidir. Təbii ki, bizə də həm qəzet, həm sayt olaraq vətəndaş müraciətləri olur. Bu gün vətəndaşlar öz şikayətlərini sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirməyə daha çox üstünlük verirlər. Hesab edirəm ki, vətəndaşın üz tutduğu media orqanı bu etimada sayğı ilə yanaşmalıdır. Əgər qaldırılan problemin, şikayətin araşdırılmasına imkan yoxdursa, ən azından vətəndaşın müraciəti cavablandırılmalıdır”.

 

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə "Şərq”ə bildirib ki, ötən illərlə müqayisədə, bu gün redaksiyalara üz tutan şikayətçilərin sayı xeyli azalıb:

 

 "Hesab edirəm ki, bu, dövlət qurumlarında aparılan islahatlar və "ASAN Xidmət”in sayəsindədir. Yəni vətəndaş redaksiyaya o zaman şikayət edir ki, dövlət qurumları, cavabdeh şəxslər onu dinləmir, dərdini eşitmir, yaxud da heç qəbul etmir. Son illərdə aparılan islahatlar nəticəsində əksər qurumların fəaliyyətində dönüş var. Nazirlər, PA-nın rəsmiləri bölgü üzrə rayonlarda əhali ilə görüşür, vətəndaşların şikayətlərini dinləyirlər. Həmçinin, bu gün vətəndaşların Prezidentə, dövlətin rəhbər şəxslərinə elektron qaydada müraciət yazmaq imkanları var və bundan da istifadə edirlər. Bütün bu səbəblərdən redaksiyaya gələn şikayətçilərin və göndərilən şikayət məktublarının sayında əhəmiyyətli dərəcədə azalma var. Bu gün redaksiyalara üz tutan şikayətçilər isə daha çox yaşlı nəslin nümayəndələridir. Bəzən belə halla da rastlaşırıq ki, şikayətçilər müraciətlərini hansısa məmura, şəxsə təzyiq göstərmək üçün dərc etdirirlər.

 

Onların problemi həll olandan sonra məhz məmurun təpkisi ilə sözünü geri götürür. Hətta bəziləri redaksiyalara böhtan atır ki, guya, belə bir məktub yazmayıb, şikayət də etməyib, jurnalist onun adından özü yazıb. Bu baxımdan şikayətçiləri və şikayət məktublarını son illərdə maksimum incələməyə çalışırıq. Buna ənənə deməzdim, sadəcə vətəndaşlar problemini həll etməyin ən kəsə yolu kimi redaksiyaya üz tutur. Əgər o bilsə ki, problemi elə müvafiq quruma gedəndə həll olunacaq, redaksiyaya üz tutmaz, ora yollanar”.

 

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli də qəzetimizə bəyan edib ki, son dövrlər informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar çevik xəbər istehsalı baxımından sosial şəbəkələr öndədir:

 

"Sosial şəbəkələr təkcə onlayn medianı deyil, hətta televiziyaları da üstələyirlər. Oxucu hazırda qısa mətnli xəbər arxasınca daha çox düşür. Foto və video görüntülərə üstünlük verir. Hətta iş o yerə çatıb ki, tanınmış televiziya jurnalistləri belə çalışdıqları telekanal üçün çəkdikləri filmlərin anonsunu sosial şəbəkələrdə vermək məcburiyyətində qalırlar. İndi hansısa ictimai-siyasi təşkilatlar keçirdikləri kütləvi tədbirlərə TV-ləri çağırmırlar. Sosial şəbəkələrdən istifadə edirlər, canlı yayıma çıxırlar. Bu tendensiya gələcəkdə də davam edəcək. Mənə elə gəlir ki, Azərbaycan kimi oxucu qıtlığı çəkən cəmiyyətlərdə medianın işi çətin olacaq. Lakin sosial şəbəkələrin mediaya uduzduğu məsələlər də var. Bu məsələlərdən biri sözsüz ki, ictimai problemlərin işıqlandırılması, oxucu ilə təmas və digər məsələlərdir. Bəli, bu gün vətəndaş hər hansı sosial, iqtisadi problemi ilə bağlı mediaya üz tutur.

 

"Cümhuriyyət” qəzetinin redaksiyasına da çoxlu şikayətlər daxil olur. Həm telefon, həm "email”, həm canlı ünsiyyət, həm də sosial şəbəkələrdəki səhifələrimiz vasitəsilə xeyli şikayətlər qəbul edirik. Vətəndaş hansısa problemini sosial şəbəkələrdə yaya bilər. Ancaq həmin problemləri müvafiq dövlət qurumlarının nəzərinə jurnalist, media çatdırır.

 

Bu baxımdan ənənəvi media sosial şəbəkələrdən üstündür. Fikrimcə, bu ənənəni qoruyub saxlamaq lazımdır. Çünki medianın fəaliyyəti "KİV haqqında" qanunla tənzim olunur. Qanunda redaksiyaların, jurnalistlərin hüquq və vəzifələri var. Bu hüquqlardan istifadə edib ictimai problemlərin həllinə çalışmaq lazımdır”.

 

İsmayıl Qocayev

Şərq.- 2019.- 30 may.- S.11