İnformasiya
müharibəsinə hazır olmalıyıq
Bu işdə xaricidilli
mediamızın üzərinə daha böyük yük
düşür
Mütəxəssislər hesab
edirlər ki, həmin sahədə fundamental dəyişikliklərə
ehtiyac var
Qlobal informasiya müharibəsinin gedişində xaricidilli mediamızın üzərinə böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır. Nəzərə alınmalıdır ki, məhz xaricidilli media sayəsində uzun illərdən bəri xaricdə güc toplamış erməni diasporunun birbaşa təsiri altında fəaliyyət göstərən, dövlətimiz əleyhinə hər zaman qarayaxma kampaniyası aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür. Beynəlxalq mediada Azərbaycana qarşı ədalətsiz kampaniyanın şahidi oluruq. Bəzi hallarda bunun səbəbi qərəzli dairələrin anti-Azərbaycan siyasəti olsa da, əksər hallarda bu kampaniyaların arxasında ermənilər durur. Bəzənsə bu, bixəbərlikdən irəli gəlir.
Təbii ki, hər kəsin
qüsurları, başqalarının bəyənməyəcəyi
cəhətləri və ya yanlış
anlaşıla bilmə ehtimalı var. Bütün bunların
qarşısının alınmasında xarici
dildə fəaliyyət göstərən mətbu
orqanların, xüsusilə də xaricidilli
internet saytlarının üzərinə
böyük iş düşür. Hər şeydən əvvəl
erməni yalanlarının iç üzünü göstərməliyik. Ölkəmizdə
baş verənləri öz
dilimizdə çatdıran kifayət qədər nüfuzlu, savadlı xəbər
saytlarımız, agentliklərimiz var. Ancaq nə vaxta qədər
özümüz deyib,
özümüz eşidəcəyik? Bu gün yalnız bir neçə xəbər agentliyinin
xarici dillərdə fəaliyyət
göstərən bölmələri var.
Bu, çox azdır. Bütün bunlar nəzərə alınaraq ökəmizdə
ana dilimizlə yanaşı bir neçə xarici dildə
yayımlanan media qurumlarının
yaradılmasına xüsusi diqqət
ayrılmalıdır. Əvvəlki illərlə müqayisədə
hazırda xarici dillərdə fəaliyət
göstərən media orqanlarının
sayında ciddi artım
müşahidə olunur. Artıq xeyli sayda xəbər
agentlikləri mövcuddur ki,
təkcə Azərbaycan dilində yox, eyni zamanda rus,
ingilis, fransız və alman,
ərəb, hətta erməni dillərində fəaliyyət
göstərir. Amma ekspertlər bunun kifayət etmədiyini
düşünürlər. Xaricidilli KİV-in mövcudluğu
və fəaliyyəti Azərbaycanın ictimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni həyatında
baş verən hadisələri beynəlxalq
səviyyədə yaymaq, ümumilikdə
ölkəmizin təbliği baxımından çox
vacib və əhəmiyyətlidir. Bu baxımdan ölkəmizdə xaricidilli medianın üzərinə həm də
daha böyük yük düşür.
Düşmən həmişə iş
başında və pusqudadır. Təbii ki,
bu cəhdlərin qarşısı
alınmalı və daim ölkəmizin
müsbət imicinə xələl gətirməyə cəhd
edən hər bir hərəkət, hər
bir paylaşım və ya
şərhə layiqli cavab
verilməlidir. Bütün bunlar tutarlı, əsaslandırılmış
və jurnalist etikasına uyğun
tərzdə yerinə yetirilməlidir. Bunun
üçün isə xaricidilli
media orqanlarında əməkdaşların
yüksək dil biliyi,
həmçinin tariximizi, milli-mənəvi
dəyərlərimizi dərindən bilməsi, jurnalistlərin
vətənpərvər olmaları da
şərtdir. Azərbaycan hazırda informasiya
müharibəsi ilə üz-üzə qalıb. Hər an hərbi münaqişəyə başlamaq üçün
hazır olduğumuz kimi,
informasiya müharibəsinə də
hazır olmalıyıq. Heç
şübhəsiz, hərbi münaqişələrin ilkin təzahürü informasiya
müharibəsi fonunda baş
verir. Lakin ekspertlər
xaricidilli media
orqanlarının fəaliyyətini hələlik qənaətbəxş
hesab etmirlər. Onların fikrincə, bu sahədə ciddi islahatlar aparılmalıdır.
Məsələni “Şərq”ə
dəyərləndirən Jurnalist Araşdırmalar Mərkəzinin
rəhbəri Seymur Verdizadə deyib ki, Azərbaycan sovetlər
dönəminin sonlarından, Qarabağ münaqişəsinin
ilkin dövrlərindən etibarən tək hərbi təcavüzə
deyil, həm də geniş informasiya hücumuna məruz
qalıb.
Onun
sözlərinə görə, istər SSRİ-nin mərkəzi
nəşrləri, istərsə də ermənipərəst
mövqeyi ilə seçilən Qərb ölkələrinin
mətbuatı Azərbaycan əleyhinə informasiya müharibəsi
aparırdılar: “Çox təəssüf ki, o zamanlar bu hücuma
tutarlı cavab verilməsi istiqamətində ciddi addımlar
atılmadı. Doğrudur, bəzi
ziyalılarımız fərdi təşəbbüsləri
ilə müəyyən işlər görürdülər,
ancaq bu, əlbəttə
ki, yetərli deyildi.
Artıq dövr dəyişib, informasiya texnologiyaları öz
inkişafının zirvəsindədir və bu
vəziyyətdə Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimai rəyə oturdulması üçün ciddi platformalar mövcuddur. Belə
bir şəraitdə ermənilərin və
onları himayə edən beynəlxalq çevrələrin
anti-Azərbaycan kampaniyalarını neytrallaşdırmaq üçün imkanlar var. Bununla belə, müşahidələrimiz onu
göstərir ki, bu məsələdə
işlər hələ də qənaətbəxş deyil. Əlbəttə, fəaliyyətdə olan saytların bir
neçə əcnəbi dildə də yayımlanması
yaxşı olardı. Amma saytların maddi durumu və
kadr potensialı buna imkan verirmi? Təəssüf ki, yox. O baxımdan, məsələ
yenə gəlib çıxır bu işlərin dövlət
tərəfindən tənzimlənməsinə
və dəstəklənməsinə.
Fikrimcə, informasiya müharibəsində
effektli olmaq istəyiriksə, dövlət
səviyyəsində sistemli
işlər görülməli,
bu işi həyata keçirə biləcək media orqanlarına
dəstək verilməlidir”.
“Milli.az” xəbər
portalının baş
redaktoru Anar İmanov da “Şərq”ə deyib ki, hər iki
yolu sınamaq lazımdır:
“Həm ayrıca
dillərdə xəbər
portalları yaradılmalı,
həm də bir çox saytlarda xarici dillərdə bölmələr
açılmalıdır. Həmçinin, sözügedən bölmələrdə
Qarabağ münaqişəsi
ilə bağlı, Ermənistanın Azərbaycana
qarşı soyqırımları
ilə bağlı bir çox dillərdə məlumatlar
yerləşdirilməlidir. Deməzdim ki, biz informasiya müharibəsində kiməsə
uduzuruq və kimdənsə qeri qalırıq. Mən bu
fikirlə razılaşmıram.
Əksinə, tam əminliklə deyə bilərəm ki, son illərdə Azərbaycan mediası güclənib və informasiya müharibəsində
çox fəaldır.
Bir də düşünürəm
ki, xarici dillərlə mediamız kifayətlənməməlidir. Hazırda mediamız sosial şəbəkələrdə çox fəaldır.
Amma düşünmürəm ki,
bu fəallıq daha da artmalıdır.
İnsanların əksəriyyəti artıq xəbərləri
saytlarda oxumaqla kifayətlənmir. Bir çox
xəbərlər, əsasən
telefon vasitəsilə
oxunur. Və deməli, bu
sahəyə də diqqət artmalıdır.
Fikrimcə, xarici dillərdə
informasiyanın yayılması
ilə bərabər sosial şəbəkələrdəki
fəaliyyətin gücləndirilməsinə
də xüsusi diqqət yetirilməlidir”.
“Avropa.info” saytının
baş redaktoru Ruslan Bəşirli də “Şərq”ə vurğulayıb ki, xarici dildə olan media orqanlarına böyük ehtiyac var:
“Biz əslində dünya
miqyasında tanınan
bir neçə nüfuzlu media orqanı qurmalı idik. Lakin təəssüf ki, hələ də buna tam şəkildə
nail ola bilməmişik.
Əlbəttə, bizim bir neçə xəbər agentliklərimiz mövcuddur
ki, bunlar həm də xarici dildə fəaliyyət göstərir.
Amma gəlin qəbul edək ki, “Reuters”, “Frans Press”, “Anadolu Agentliyi” kimi tanınmış media quruluşlarımız
mövcud deyil. Hesab edirəm ki, bütün ciddi agentlik və saytlar həm də xarici dillərdə fəaliyyət
göstərsə daha
yaxşı olardı.
Təbii
ki, buna maddi vəsait lazımdır. Eyni zamanda biz Azərbaycan mediasının dünyada
tanıdılması və
qəbul edilməsinə
nail olmalıyıq. Azərbaycanın ən azı 3 agentliyi dünya mediasının istinad nöqtələrindən olmalıdır.
Buna nail ola bilsək, dünyaya öz mövqeyimizi də asanca çatdıra biləcəyik”.
“Azxəbər.com” saytının
baş redaktoru Əfsələddin Ağalarov
isə bildirib ki, hazırda xaricidilli media orqanlarının
sayında artım müşahidə olunur:
“Amma bu, kifayətedici sayda deyil. Təəssüflər olsun ki, yalnız rusdilli saytların fəaliyyəti
gözə dəyir.
Yaxşı olar ki, Azərbaycanda yeni nəsil jurnalistlər ingilis, fransız və alman dillərində
informasiya portalları
yaratsınlar. İnformasiya müharibəsi zamanında
bir çox əcnəbi dillərdə
xəbər saytının
fəaliyyət göstərməsi
daha geniş auditoriyaya çıxış
imkanı əldə etməkdir. Erməni lobbisinin maliyyələşdirdiyi
bir sıra media orqanları özlərinə
geniş əlaqələr
qururlar. Erməni uydurmaları
məhz əcnəbi dillərdə fəaliyyət
göstərən saytlar
vasitəsi ilə dünya ictimaiyyətinə
sırınır. Bu sahədə bizim də ciddi işlər
görməyimizin vaxtı
çoxdan çatıb”.
“Pia.az” saytının
baş redaktoru Azər Qaramanlı hesab edir ki,
Azərbaycanın Ermənistanla
və digər ölkələrlə apardığı
informasiya müharibəsində
xaricidilli saytlara böyük ehtiyacı var:
“Açığı deyək ki, diaspora təşkilatlarımız
nə qədər dişsiz və bəzən mahiyyətdən
kənar mübarizə
aparırsa, bir o qədər də əcnəbidilli mediamız
dişsiz və şablon müharibə aparır. Bu
mübarizənin və müharibənin isə effekti görünmür.
Yəni əcnəbidilli mediamız hələ öz səngərindən çıxıb
düşmən səngərinə hücum
etmir. Azərbaycanda əcnəbi dilli media heç
də az deyil. Lakin ortadakı nəticə təəssüf
doğurur. Müxalifətin xarici dilli mediası
hakimiyyəti qaralamaqla özünə
xaricdən dividend qazanmağa
çalışır. Yenə də informasiya
savaşının əsas məqsədi bir
kənara atılır və
özümüz-özümüzə qarşı qərəz
nümayiş etdiririk.
Bu zaman da cılız görünürük. Bir çox hallarda isə xaricidilli mediadan daha çox pul qazanmaq üçün
istifadə edirik və bu
zaman qarşıya qoyulan
məqsəd və mahiyyət bizim üçün artıq yükə çevrilir. Hesab edirəm
ki, bu sahədə informasiya siyasətinə yenidən
baxılmalı və fundamental dəyişikliklərə
gedilməlidir”.
İsmayıl
Şərq.- 2019.- 2 noyabr.- S.11.