Jurnalistlər daha məsuliyyətli
davranmalıdır
Prezident xüsusən tənqidi
medianın ayaqda durmasında maraqlıdır
Prezident İlham Əliyev vəzifəyə yeni təyin
olunan gənc icra başçılarını qəbul edərkən
yenidən Azərbaycan mətbuatının önəmindən
danışıb. Dövlət başçısı
vurğulayıb ki, bir çox hallarda müxtəlif problemlərin
üstünü ört-basdır etməyə səy göstərirlər.
Ancaq mətbuat orqanlarının operativ və
obyektiv fəaliyyəti, araşdırması nəticəsində
həmin problemləri gün üzünə çıxarmaq
mümkün olur. Ölkə rəhbəri bu məsələyə
xüsusi diqqət yetirərək mətbuatı
özünün köməkçisi adlandırıb: “Bir
çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər
şey əladır, hər şey yaxşıdır, biz
burada bütün işləri ən yüksək səviyyədə
qururuq. Amma dərindən baxanda görürsən
belə deyil, bəzi icra başçıları tərəfindən
yalan məlumatlar ötürülür. Özlərini
göstərmək, yaxud da ki, nöqsanlarını
ört-basdır etmək üçün yalan raportlar verilir,
rayonların inkişafı ilə bağlı, mövcud
problemlərlə bağlı həqiqəti əks etdirməyən
məlumatlar verilir”. Prezident qeyd edib ki, problemləri
xalqın dilindən eşitmək məqsədilə rayonlara
tez-tez gedir:
“Biz bu problemləri həll etməliyik. Əgər
kimsə problemləri malalamaq istəyirsə, səhv
yoldadır. Sizə də
tapşırıram, hər bir ölkədə problem var, biz
o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq.
O cümlədən mən media nümayəndələrinə
də dəfələrlə müraciət etmişəm,
demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə
bağlı mediadan xəbər tuturam. Bax,
son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda
zəlzələ olub, oraya böyük vəsait
ayrılıb. Mən oraya getmişəm,
yeni tikilmiş evlərin açarlarını vətəndaşlara
təqdim etmişəm. Ancaq o günləri
televizorda baxıram ki, məktəb binasının
yarısı uçub, çatlar var, uşaqlar qorxudan orada
otura bilmirlər. Bəs yaxşı, bunun
üstündən səkkiz ay keçib, bunu etmək
mümkün deyilmi? Vəsait
ayrılıb, göstəriş verilib, bir çox evlər
tikilib, bu məktəb belə yararsız vəziyyətdə
ola-ola bununla necə barışmaq olar? İndi
əgər mediada, televizorda bu reportaj getməsəydi, mən
bilməyəcəkdim. Mən bilən kimi
dərhal göstəriş verdim. İndi
orada işlər başlayacaq və o məktəb binası ya
sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı
təmir olunacaq. Ona görə ictimai nəzarət
olmalıdır. Siz də bundan
qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək
verməlidir”.
Dövlət
başçısının Azərbaycan mətbuatı barədə
ifadələrini dəyərləndirən millət vəkili,
Mətbuat Şurasının sədri Əflatun Amaşov
bildirib ki, Prezident yeni təyin etdiyi şəxslərə yerlərdəki
mövcud problemlərin gizlədilməsinin yolverilməz
olduğunu söyləyib:
“Şamaxı rayonundakı zəlzələdən sonra
bərpasına vəsait ayrılmış məktəb
binasının vəziyyətinin dözülməzliyi barədə
medianın məlumat yaydığını diqqətə
çatdıran dövlət başçısı əslində
xəbərdar etdi ki, hansısa formada üzə
çıxarılması əngəllənən məsələləri
media onsuz da işıqlandıracaq. Prezidentin fikirləri
onun medianın cəmiyyətdəki roluna, jurnalistikanın
ictimai nəzarət funksiyasının dövlət idarəçiliyindəki
mövqeyinə verdiyi yüksək dəyərin, həssas
münasibətin növbəti bariz nümunəsidir. Dövlət başçısı
çıxışında yeni təfəkkürlü gənclərin
yüksək vəzifələrə önə çəkilməsini
gəncləşmə siyasəti və nəsillərin dəyişməsi
kontekstində izah edir. O, dövlət idarəçiliyində
gənc və yaşlı nəslin vəhdətinin vacibliyini
önə çəkir. Ən əsası isə cənab
Prezident məsələnin sırf kampaniya xarakteri üzərində
qurulan və son günlər mediaya yansımaqda olan tərəflərinə
böyük ustalıqla aydınlıq gətirir: “Bu, təbiidir,
nəsillər dəyişir, yeni təfəkkürlü
insanlar irəli çəkilir. Bu, təbii
prosesdir və biz bu prosesdən kənarda qala bilmərik.
Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya
xarakteri almamalıdır. Çünki mənə məlumat
gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər
və sınanmış, təcrübəli, bir qədər
yaşlı insanlara qarşı bu kampaniyanı təşkil
etmək istəyirlər...”. Prezident İlham Əliyev belə xoşagəlməzliklərin
baş verməməsinin təminatçısıdır.
Ölkədə hər kəsi hamıdan
yaxşı tanıdığını, kimin nəyə qadir
olduğundan, hansı xidmətlər göstərdiyindən xəbərdarlığını
xüsusi vurğulayan dövlət
başçısının sözlərindən hər kəs
nəticə çıxarmalıdır. Çünki
onun “kampaniyaçılara” mesajı kifayət qədər sərtdir”.
Mətbuat Şurası İdarə
Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının
sədri Yadigar Məmmədli də açıqlamasında
bildirib ki,
Prezidentin media ilə bağlı bu cür fikirləri dəfələrlə
gündəmə gəlib.
Ekspertin
sözlərinə görə, dövlət
başçısı milli mətbuatın yaranmasının
ildönümlərində daim media nümayəndələri
ilə görüş keçirir və öz tövsiyələrini
verir: “Həmin görüşlərdə ölkə rəhbəri
Azərbaycan mətbuatını şəxsən izlədiyini
vurğulayır. Ona görə də tövsiyə
edir ki, media problemlərin işıqlandırılması ilə
bağlı cəsarətli olsun, heç nəyin gizli
qalmasına imkan verməsin. Prezident bir sıra problemlərin həllində
ölkə mətbuatının ona yardımçı
olduğunu bəyan edir. Dövlət
başçısı bildirir ki, media hadisələri
işıqlandırmaq və məlumat çatdırmaqla bərabər
həm də ictimai nəzarət funksiyasını həyata
keçirməlidir. Bu məsələ son
günlər daha çox aktuallıq kəsb edir”.
Y.Məmmədlinin sözlərinə
görə, ölkə rəhbərliyi islahatlar keçirdiyi
bir dönəmdə medianın bu məsələdə daha
avanqard və aktiv mövqe tutmasını istəyir:
“Çox yaxşı haldır ki, cənab Prezident belə
hallarda mətbuata istinad edir və medianın gücünə
inandığını vurğulayır. Bilirsiz ki, bəzi
məqamlarda media nümayəndələri dövlət
qurumlarından informasiya əldə edə bilmirlər. Dövlət başçısının diqqət
çəkdiyi məsələ bu baxımdan da xüsusi əhəmiyyət
kəsb edir. Cəmiyyətin
inkişafına mühüm töhfə verən strukturlardan
biri mediadır. Medianın bu məsələdə
təsirli və güclü olması bütövlükdə
hamımızın xeyrinədir və dövlətimizin
inkişafına təkan verən addımdır”.
Millət vəkili, “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru Hikmət Babaoğlu da bəyan edib
ki, Azərbaycan mətbuatı üçün böyük
bir şərəfdir ki, Prezident İlham Əliyev milli mətbuatı
özünün köməkçisi adlandırır:
“Dövlət başçısı vurğuladı ki,
o, bir sıra məlumatları mediadan alır. Bu ifadələr
Azərbaycan mətbuatının ictimai nüfuzu və onun
etibarlı mənbə olması baxımından çox
mühümdür. Ölkə mediası
buna layiq olmağı bacarmalıdır. Hazırkı
postmodernist informasiya cəmiyyətlərində mətbuat
multi-funksional bir alətə çevrilib. Mətbuatın
məlumatı istehsal etmə, ötürmə və cəmiyyəti
nəyəsə cəlb etmək funksiyaları var. Müasir
dövrdə medianın yeni funksiyaları da meydana
çıxıb. Onlardan biri də ictimai
nəzarət funksiyasıdır. İndiki
zamanda bu funksiya daha çox əhəmiyyət kəsb edir.
Çünki mətbuat total şəkildə cəmiyyətdə
gedən prosesləri izləmək qabiliyyətinə malikdir. Nəzərə almaq lazımdır ki, media artıq
klassik məzmundakı mətbuat deyil. Sosial
media deyilən bir anlayış da ortaya çıxıb.
Bu mediada iştirakçıların sayı
kifayət qədər çoxdur. Düşünürəm
ki, bu qədər güc varsa və bu güc öz fəaliyyətini
pozitiv istiqamətdə qurarsa, neqativlərin üstünü
açaraq ictimaiyyətə təqdim edərsə, ən
mühümü isə Prezidentin diqqətinə
çatdırmağı bacararsa, ölkədə gizli məsələ
və problem qalmaz”.
Baş redaktorun sözlərinə
görə, dövlət başçısı öz ifadələri
ilə mətbuatımızın inkişafını yüksək
qiymətləndirdi:
“Prezident mətbuata etibar və etimad göstərdiyini
ifadə etmiş oldu. Həm də Azərbaycan mediasının
üzərinə böyük məsuliyyət və vəzifələr
qoydu. Əgər Prezident bizi köməkçisi
kimi görürsə, biz buna nail olmalıyıq. Dövlət başçısının
islahatlarının hazırkı mərhələsində
umduqlarını biz ona verməliyik. Bu,
bizim missiyamıza çevrilməlidir, ən başlıca vəzifəmiz
olmalıdır”.
Mətbuat Şurasının İdarə
Heyətinin üzvü Azər Həsrət də bildirib ki, cənab
Prezident hər zaman aktivliyi ilə seçilib, ancaq son zamanlar
onun super aktivliyi nəzərə çarpır:
“Mən bir jurnalist, təhlilçi olaraq onun
atdığı pozitiv addımları çatdırıb
şərh edə bilmirəm. Təəccüb edirəm ki,
biz bunu dəyərləndirməyə vaxt tapa bilmiriksə,
Prezident bu həcmdə işlərin öhdəsindən necə
gəlir? Xüsusən də onun media ilə bağlı
fikrini bu şəkildə açıq ifadə etməsi bizi
sevindirir. Çünki biz onunla görüşlər
zamanı etdiyimiz söhbətlərdə də deyib ki, bir
çox məlumatı mediadan alır. Daim bildirib ki, məmurlar
ondan nəyisə gizlətməyə
çalışırlar. Prezident alternativ informasiya kanalı
kimi mətbuatı özünə yaxın və dost
sayır. Gənc kadrlarla görüşü zamanı bunu bir
daha vurğulaması bizə bir daha əminlik verir ki, Prezident
xüsusən də tənqidçi medianın ayaqda
durmasında maraqlıdır. Bəzən xaricdən deyirlər
ki, hakimiyyət tənqidi medianı boğur. Ancaq biz bunun tam tərsini
görürük. Prezidentin gənc icra
başçılarını qəbul edərkən səsləndirdiyi
fikirlər elə həmin hədyanları yağdıranlara ən
gözəl cavabdır. Bu hal, eyni zamanda, jurnalistlərin məsuliyyətini
artırır. İstər-istəməz, bundan sonra daha məsuliyyətli
davranmalıyıq. Çünki Prezident bizə güvənirsə,
ölkədə problemlərin həllində bizə etimad
göstərirsə, biz də daha dəqiq olmalıyıq. Nəzərə
almalıyıq ki, jurnalistlər bu sürətli islahatlar
prosesində daim dövlətin yanında olmalıdırlar”.
İsmayıl
Şərq.- 2019.- 5 noyabr.- S.11.