“Qanlı dərə. 1918-ci il Quba faciəsi”
Bu günlərdə “Azərbaycan”
nəşriyyatı yazıçı-jurnalist Müzəffər
Məlikməmmədovun “Qanlı dərə. 1918-ci il Quba faciəsi”
kitabının əlavələr olunmuş
və tamamlanmış ikinci nəşrini
çapdan buraxıb.
Bu
kitab Azərbaycan, Türkiyə, Rusiya, Dağıstan arxivlərinin
sənədləri, həmin dövrün mətbuat
orqanlarının materialları, işğalçılarla
döyüşmüş insanların və qanlı hadisələrin
şahidi olmuş adamların xatirələri əsasında qələmə
alınıb.
Quba
soyqırımının ilk tədqiqatçısı olan
Müzəffər Məlikməmmədov erməni
daşnaklarının və bolşeviklərin 1918-ci ildə
Quba qəzasında törətdikləri qırğınlarla
əlaqədar olaraq 40 ildən çox axtarışlar
aparıb. Onun 2009-cu ildə işıq üzü
görmüş “Qanlı dərə.
1918-ci il Quba faciəsi”
kitabının birinci nəşri nəinki
respublikamızda, həm də onun
hüdudlarından kənarda geniş əks-səda
doğurub. 2015-ci ilin mart ayında İsveçrənin Azərbaycanlılar
Konqresinin 1918-ci ilin
soyqırımı ilə bağlı bu ölkənin siyasi partiyalarının liderləri və
İsveçrə parlamentinin üzvləri
ilə birgə keçirdiyi tədbirdə
digər sənədlər və kitablarla
yanaşı “Qanlı dərə. 1918-ci il
Quba faciəsi” kitabı da
erməni daşnaklarının törətdikləri vəhşilikləri
tutarlı faktlarla sübuta
yetirən mənbə kimi təqdim olunub.
Respublikamızın
ayrı-ayrı rayonlarından, xüsusən də şimal
bölgəsinin rayonlarından 2 mindən çox oxucunun
müraciətindən sonra müəllif kitabın əlavələr
olunmuş və tamamlanmış ikinci nəşrini çapa
hazırlamağı qərara alıb və
axtarışları davam etdirib.
Quba
soyqırımı tarixə ən dəhşətli
qırğınlardan biri kimi düşüb. 1918-ci ildə işğalçı erməni-bolşevik
qoşunları Quba qəzasında 167 kəndi
dağıdıb, bunlardan 27-ni əhalisi
ilə birlikdə yandırıb, 16 mindən çox
müsəlmanı qətlə yetirib.
Təpədən-dırnağa kimi
silahlanmış nizami qoşun
hissələrinə qarşı igidliklə döyüşən
ləzgilər azərbaycanlılarla və başqa
millətlərin nümayəndələri ilə birlikdə
işğalçıların 5 mindən çox
əsgərini tələf edib. Ona görə də ulu
öndər Heydər Əliyev 1998-ci ilin
oktyabrın 3-də Qusar rayonu
seçiciləri ilə görüşü
zamanı belə deyib: “Qanlı dərə”də
1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz
edən erməni millətçilərinin
qarşısını alıb onları darmadağın
etmişlər”.
Uzun
illər apardığı tədqiqatlar müəllifə
Quba qəzasının 1918-ci ildə erməni
daşnaklarına və 1920-1928-ci illərdə bolşevik
işğalçılarına qarşı döyüşlərdə
fərqlənmiş yüzlərlə qəhrəman
övladının siyahısını tərtib etməyə
imkan verib.
Kitabın “Quba qəzasının şəhər və kəndlərinə vurulmuş ziyan sənədlərdə” adlı yeni bölməsində talanlara və qırğınlara məruz qalmış şəhər və kəndlərin minlərlə sakininin siyahısı verilib. Siyahılarda o vaxt konkret insanlara vurulmuş ziyan, həmçinin şəhər və ayrı-ayrı kəndlər üzrə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların adları və soyadları göstərilib. Eyni zamanda, qırğın və talanlara məruz qalmış azərbaycanlıların yaşadıqları kəndlərin, ləzgi, tat, qrız və cek kəndlərinin tam siyahısı dərc olunub.
Yeni
nəşrdə ilk dəfə olaraq, Quba qəzasında
baş vermiş döyüşlər rəngli sxemlərlə
oxuculara təqdim olunub. Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun
çəkdiyi həmin sxemlər o vaxt
işğalçılara qarşı döyüşlərin
necə aparıldığı barədə aydın təsəvvür
yaradır.
Kütləvi
tirajla, nəfis tərtibatda çap olunmuş irihəcmli
kitabın redaktoru tanınmış
yazıçı-jurnalist Sədaqət Kərimova, hərbi məsləhətçisi
ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, sponsoru
respublikamızın neçə-neçə qələm
sahibinin kitablarının çapına yardım etmiş
iş adamı Sabir Fərzəliyevdir.
1918-ci
ildə erməni daşnaklarının və bolşeviklərin
Quba qəzasında törətdikləri soyqırımın
100 illiyi ilə əlaqədar qələmə
alınmış yeni kitab həmin dövrdə
işğalçılara güclü müqavimət göstərmiş,
qeyri-bərabər və amansız döyüşlərdə
həlak olmuş Quba, Qusar, Xaçmaz, Dəvəçi və
Siyəzən rayonlarının qəhrəman
övladlarının xatirəsinə ithaf olunub.
Şərq.- 2019.- 9 noyabr.- S.13.