Jurnalistlər ümidlənib: Hamı
inanır ki, gənc kadrlar
mediaya kifayət qədər açıq
olacaqlar
"Məsələ
belədir; yeni kadrlardan kim fəaliyyətini uzaq perspektivə
hesablayırsa, xalqa həqiqi xidmət göstərərək,
dövlətçiliyimizin keşiyində dayanaraq vəzifə
pillələri ilə yüksəlməyi qarşısına
məqsəd qoyursa, o, media ilə əlaqələri
gözardı etməməlidir"
Ölkə başçısının kadr islahatları media mənsublarını xeyli ümidləndirib. Söhbət problemlərin həlli, hansısa məmurun, yaxud nazirin tapşırılan vəzifəni necə yerinə yetirəcəyindən getmir. Əlbəttə, sosial problemlər hamı kimi biz media mənsublarını da əhatə edir. Lakin fəaliyyət nöqteyi-nəzərindən bizi düşündürən öz problemimiz – informasiya almaqdır. Bu mənada kadr dəyişiklikləri, cənab Prezidentin gənc kadrlara üstünlük verməsi biz jurnalistlərdə yeni kadrların mediaya da kifayət qədər açıq olacağı ümidini yaradır. Prezident öz çıxışlarında sosial problemlərin işıqlandırılmasında medianın rolunu dəfələrlə vurğulayıb və jurnalistləri dost adlandırıb.
Elə ötən dəfə Prezident İlham Əliyev vəzifəyə yeni təyin olunan gənc icra başçılarını qəbul edərkən yenidən Azərbaycan mətbuatının önəmindən danışmışdı. Dövlət başçısı vurğulamışdı ki, bir çox hallarda müxtəlif problemlərin üstünü ört-basdır etməyə səy göstərilir. Ancaq mətbuat orqanlarının operativ və obyektiv fəaliyyəti, araşdırması nəticəsində həmin problemləri gün üzünə çıxarmaq mümkün olur. Ölkə rəhbəri bu məsələyə xüsusi diqqət yetirərək mətbuatı özünün köməkçisi adlandırmışdı. Prezident qeyd etmişdi ki, problemləri xalqın dilindən eşitmək məqsədilə rayonlara tez-tez gedir: “Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçub, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçib, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”.
Sosial şəbəkə üzərindən
sual-cavab
Cənab Prezidentin bu çıxışı jurnalistləri ruhlandırır və rəsmi qurumlardan cavab istəməkdə israrlı olmağa sövq edir. Aparılan islahatların media ilə əlaqələrə nə dərəcədə töhfə verəcəyinə keçməzdən öncə son günlər haqqında danışılan məmur – Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun fəaliyyəti barədə bir neçə kəlmə deyək. Vüsal Hüseynov bu günlərdə növbəti dəfə “Facebook” hesabında canlı yayıma çıxıb və vətəndaşları maraqlandıran sualları özü sosial şəbəkə üzərindən canlı şəkildə cavablandırıb.
Qeyd edək ki, Vüsal Hüseynov ilk dəfə bu ilin fevral ayında "Facebook" səhifəsində onlayn qəbul keçirmişdi. Onun təşəbbüsu sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanmışdı və yüksək qiymətləndirilmişdi. Xidmət rəisi onlayn cavablandırmanın daha çevik, operativ və vasitəçilər olmadan aparılmasına üstünlük verir.
Sosial şəbəkə
üzərindən vətəndaşlarla təmas təsadüfi
deyil. Xatırladaq ki,
Dövlət Miqrasiya Xidmətində bu ilin oktyabr
ayında “Açıq hökumət sahəsində gənclərin
maarifləndirilməsi” təlimi keçirilmişdi.
Təlim
Avropa Hüquqşünas Tələbələr
Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi
və Vəkillər Kollegiyasının “ProDemos-Xalq
üçün” adlı birgə layihəsi çərçivəsində
reallaşdırılıb.
Konfransda
çıxış edən Dövlət Miqrasiya
Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri
Vüsal Hüseynov
açıq hökumət sahəsində maarifləndirmənin
vacibliyi və əsas prinsipləri barədə
məlumat verib. Bildirib ki,
Prezident İlham
Əliyev tərəfindən “Açıq hökumətin təşviqinə
dair 2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı”nın təsdiqi
Azərbaycanda açıq hökumət prinsiplərinin
genişlənməsi və korrupsiyanın
qarşısının alınması üçün
mühüm addım oldu.
Vüsal Hüseynov, həmçinin
innovativ yanaşma,
dövlət idarəçiliyində açıq hökumət
prinsiplərinin həyata keçirilməsi, dövlət
orqanlarının yanında ictimai şuralar barədə gəncləri maarifləndirib.
Daha
sonra çıxış edən Gənclər Fondunun
icraçı direktoru Fərid Cəfərov rəqəmsal
inkişaf və hüquqi maarifləndirmə, “Konstitusiya”
Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə
hökumət və vətəndaş cəmiyyətinin qarşılıqlı
əlaqəsindən bəhs ediblər.
Sonda
iştirakçıların sualları cavablandırılaraq
sertifikatlar təqdim olunmuşdu.
“ProDemos-Xalq
üçün” layihəsinin məqsədi bu problemlərin
“sosial şəbəkə”lər vasitəsilə həlli,
xüsusilə qanunvericilikdə ictimai əhəmiyyət kəsb
edən yeniliklərin sadə dildə izahı və hüquqi
yardıma ehtiyacı olanlara dəstək verilməsidir.
Bunun nəticəsidir ki, bu gün
Dövlət Miqrasiya Xidməti vətəndaş
qəbulu və sualların cavablandırılmasında müasir texnologiyalardan
istifadə edir. Bu, vətəndaşlar
üçün də, media
üçün də müsbət
göstəricidir.
Belə
xidmət növləri çox deyil. Başqa
bir müsbət nümunə ötənlərdə
“ASAN Xidmət” tərəfindən sərgilənmişdi.
«Real
TV»də «ASAN Xidmət»lə bağlı maraqlı veriliş
yayımlanmışdı. «Mir Şahinin vaxtı» adlanan verilişdə «ASAN Xidmət»in fəaliyyəti,
demək olar, sıfırdan incələnib,
xidmətin hansı şərtlər və imkanlar
daxilində fəaliyyət göstərdiyi
tamaşaçılara təqdim olunurdu.
Hamımızın qısaca «ASAN Xidmət»
adlandırdığı Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin (ASAN
Xidmət) sədri Ülvi Mehdiyev
özü iş gününün böyük
bir hissəsini telekanala
«hədiyyə» etmişdi. Həqiqətən
də, örnək bir
davranışdır. Belə bir
davranışı, münasibəti digər dövlət məmurlarından,
nəinki idarə rəisləri, heç
məktəb direktorları, bağça
müdirələrindən də görmürük.
Bu mənada
«ASAN Xidmət» rəisinin telekanala vaxt ayırması, xidmətin fəaliyyəti
barədə geniş izahat
verməsi, jurnalistin önünə düşüb şöbələri, məntəqələri
gəzməsi, hər bir detalı izah etməsi, ətraflı, əhatəli məlumat
verməsi günümüzdə çox
nadir hallarda rast gəlinən hadisədir.
İnternet, sosial media əsrində “yazılı
müraciət edin” nə deməkdir?!
Azərbaycan Mətbuat Şurası
İdarə Heyətinin
üzvü, Əməkdar
jurnalist Azər Həsrət cənab Prezidentin son islahatları ilə bağlı fikirlərini bölüşərkən
yeni təyin olunmuş kadrların mediaya açıq olmalarını gözlədiyini
dedi:
- Yeni təyinat alanların əksəriyyəti gənclərdir. Prezident onların özünü təsdiqi üçün şans verir. Prezident yeni təyinat almış kadrlarla görüşündə də dedi ki, işləyin, xalqa xidmət göstərin. Və eyni zamanda medianın da bu məsələlərdə aparıcı rolunu bir daha vurğuladı. Məsələ belədir; yeni kadrlardan kim fəaliyyətini uzaq perspektivə hesablayırsa, xalqa həqiqi xidmət göstərərək, dövlətçiliyimizin keşiyində dayanaraq vəzifə pillələri ilə yüksəlməyi qarşısına məqsəd qoyursa, o, media ilə əlaqələri gözardı etməməlidir. Mətbuata açıqlıq, şəffaflıq iş prinsipi olmalıdır. Yoxsa ki, fəaliyyətlərini reklam etmək üçün reket jurnalist dəstəsi formalaşdırmaq, 1-2 nəfərə pul verib yazılar yazdırmaqla çox uzağa getmək olmaz. Bu dövr artıq bitdi. Köhnə metodlarla işləmək artıq mümkün olmayacaq. Çünki cəmiyyətdə artıq ümumi bir inkişaf mərhələsi getməkdədir. Hamı hər şeyi görür, kimin kim olduğu da bilinir. Əsas meyar nə olmalıdır: jurnalistlərlə tez-tez görüşmək, hesabatlar vermək və jurnalistlərin suallarını operativ cavablandırmaq. Məsələn, Avropada jurnalistləri çaya, səhər yeməyinə dəvət edib masa arxasında, işgüzar və səmimi bir ortamda söhbət etmək praktikası geniş yayılıb. Kabinetlərdən çıxmaq, ictimaiyyət arasında olmaq, media ilə sıx əməkdaşlıq çərçivəsində çalışmaq. Yeni iş metodları belə olmalıdır. Yoxsa ki, “sualını yazılı şəkildə göndərin, cavablandıraq” şəklində fəaliyyətlə uğur əldə etmək mümkün olmayacaq. İnternet, sosial media əsrində “yazılı müraciət edin” nə deməkdir?! Hazırda çeviklik, operativlik tələb olunur. Bu şərtlərə əməl edən, prosesləri mənimsəyən şəxslər fəaliyyətlərində əsaslı nailiyyətlər əldə edə biləcəklər. Bu mənada Dövlət Miqrasiya Xidməti rəisi Vüsal müəllimin onlayn sual-cavab təşkil etməsi, vətəndaş qəbulu keçirməsi, sualları özünün birbaşa internet üzərindən cavablandırması vətəndaşlarda xoş əhval yaradır, insanlar problemlərini dilə gətirir, onları maraqlandıran sualları verir, qarşılaşdıqları çətinliyi deyir və cavab alırlar. Bu çox yaxşı praktikadır. Ünvanına da xoş sözlər deyilir. Digər qurumlar da bunu edə bilməzmi?
Köhnə metodlar dövrü bitdi
A.Həsrət qeyd etdi ki,
media ilə əlaqələrdə
köhnə metodlar dövrü
artıq bitib:
- Tək
qapıya oynamaq dövrü artıq bitib. Rəsmi
qurumların vaxtaşırı mətbuat konfransı
keçirməsi yaxşı haldır. Hesabat
verirlər, həm də jurnalistlərin suallarını
cavablandırırlar. Amma təkcə mətbuat
konfransları ilə də kifayətlənmək olmaz. Mütləq jurnalistlərlə
açıq təmaslar olmalıdır. İnteraktiv
kommunikasiya vasitələrindən istifadə
edilməlidir. Mətbuat konfranslarına alternativ
media da dəvət
edilməlidir. Elə olmasın ki, özləri
deyib özləri eşitsinlər.
Nazirliklər, idarə və müəssisələr bütün media
quruluşlarına açıq olmalıdır. Onu da deyim ki,
mediaya o kəslər
açıq olur, o kəslər
jurnalistlərlə çəkinmədən, rahat
danışır ki, onlar
öz işlərini vicdanla
yerinə yetirir, əlləri «əyri» deyil, rüşvətə, korrupsiyaya
bulaşmayıblar, öz vəzifələrini
qanuni şəkildə icra
edirlər. Gizlədəcəkləri bir
şey də yoxdu. Ona görə də jurnalistlərin
qarşısına rahat
çıxırlar. Amma hansı məmur ki,
vicdansızdı, dövlət əmlakını talayır,
savadsızdır, təmsil etdiyi sahəni
bilmir, tapşırılan vəzifənin
öhdəsindən gələ bilmir,
özünə əminlik yoxdur, bəli,
məhz belə məmurlar jurnalistlərdən qaçır, mediaya qapalı qalır. Jurnalistlə
danışmaq üçün, verilən
sualı cavablandırmaq üçün bilik, savad, təcrübə
də lazımdır. Savadları, intellektləri
olmadığından qorxurlar ki, ağızlarından nəsə
qaçırarlar, biabır olarlar,
paxırları, gizli işləri ortaya çıxar. İslahatlar
həm də qurumların mətbuat xidmətlərini əhatə
etməlidir. Məsələn, görürsən, bir nazirlikdə mətbuat xidməti rəhbəri
çalışdığı dövrdə mediaya
əlçatan olub, jurnalistlərlə
sıx, səmimi münasibət yarada bilib. Lakin sonra
rəhbər dəyişikliyi baş
verdikdə, həmin adam yenə mətbuat
xidmətinin rəhbəri vəzifəsində qalıb, lakin fəaliyyəti sıfırlanıb. Deməli,
burada problem mətbuat
xidmətlərində kimin işləməsində
deyil, rəhbərliklə
bağlıdır.
Şərq.-2019.-9 noyabr.- S.11.