GÖZ YAŞLARI
İLƏ YAZILMIŞ YAZI
Onun adını ilk dəfə Əli Şamildən
eşitmişəm. Əli müəllim Türkiyədən
bir kitab gətirmişdi. Kitabı mənə verib “apar
bunu Vurğun müəllimə çatdır” dedi. Əli müəllimi yaxından
tanıyırdım. Davranışlarını,
səs tonunu təhlil edə bilirdim. “Vurğun”
sözünü o qədər qürur hissi ilə və
atanın evladını əzizlədiyi mehribanlığı
ilə ifadə etdi ki, “Kimdir Vurğun müəllim?” deyə
soruşmuşdum. “Sənin kimi alimi Araz aşağı
axıdım, Araz yuxarı axtarım” dedi Əli müəllim.
Əli müəllim bu ifadəni işlətmişdisə,
deməli, mən ciddi anlamda böyük bir səhv
buraxmışdım, odur ki, dərhal Google-da Vurğun
Əyyub adını axtarışa verdim. Haqqında birdən
çox dəyərli məlumat var idi... Ancaq
TQDK-nın ilk sədri, test üsulunu Azərbaycana ilk gətirən
məlumatlarını oxuyub özümdən utandım.
Vurğun müəllimin başçılıq etdiyi təşkilat
mən və mənim kimi milyonlarla kasıb gəncin universitet
oxumasına səbəb olmuş, gənc nəslin
savadlanmasında böyük rol oynamışdır. Bir sözlə,
o bizim hamımızın atası idi. Google-dan
aldığım məlumatlardan sonra kitabı
götürüb Neftçilər metrosunda görüşməyə
getdim. Nə yalan deyim, çox həyəcanlı
idim. Təxminən 2-nin yarısında
görüş təyin etmişdik. Tam 13:30-da mən
qatardan düşərkən o da pillərəkanları
enirdi. Dəqiqliyinə heyran
qalmışdım. Kitabı verərkən
özümü tuta bilmədim, əlindən möhkəm
tutub “Sizə təşəkkür edirəm, axı sizin sayənizdə
mən də bu gün ədalətli şəkildə
seçimi qazanıb oxuduğum universitetlərdən məzun
olmuşam”. Vurğun müəllimin
çöhrəsinə xəfif bir utancaqlıq qondu. Dodaqları xəfif gülümsədi, sanki məni
indi birinci dəfə görürmüş, bayaqdan kitabı
alarkən sorğu-suala tutduğu qız deyildim. “Sən
ki, bunu anlayır, qiymətləndirirsən, mən sənə
çox təşəkkür edirəm” dedi. Açığı
mən özüm də çox həyəcanlı idim.
Səbəbini bilmirəm, ama bu insanın
qarşısında sanki imtahan verirmiş kimi hiss edirdim.
Ona qarşı heyranlıq duyğumu ifadə etməklə də
guya ki, böyük bir qəhrəmanlıq etmiş kimi qəribə
duyğular içərisində işə qayıtdım...
Vurğun Əyyub müəllim işləyərkən
Sabirabad rayon mədəniyyət evində
hazırladığı tamaşada.
Tamaşanın kollektivi
Onunla ikinci görüşümüz Xəzər
Universitetinin keçirdiyi “21-ci əsrin pəncərəsindən
Mədəniyyət və Kimlik Beynəlxalq Simpoziumun”da oldu. Simpoziuma qonaq
kimi getmişdim. Məruzə oxumasam da,
verdiyim suallar diqqətini çəkmişdi.
Yaxınlaşdı və “Deyəsən, Əli müəllim
öz kadrlarını çox yorur” dedi. Mən gülümsəyərək,
“Ağanın işi nökərini yormaq, nökərin vəzifəsi
də ağasının onu yormasını boşa
çıxarmamaqdır” dedim. Üzümə
uzun və diqqətli baxdı, başını buladı və
getdi. O gecə müəllimə Facebookdan istək yolladım.
On beş dəqiqə içində istəyim
qəbul edildi. Vurğun müəllim ilə
çox maraqlı “çatlaşma”larımız
başladı. Bəzilərini dəyərli
oxucularımızla paylaşmaq istəyirəm.
Söhbətimiz mənim
müdafiəmin nə vaxt olacağını soruşması
ilə başladı. Mən də dissertasiyamı yazmağıma
və elmi rəhbərimə il
yarımdır təhvil verməyimə baxmayaraq bir geri
dönüş olmamasından şikayətlənmişəm.
Ürəyim o qədər dolu imiş ki,
Vurğun müəllimə yükləməyə
çalışmışam. Necə də
anlayışsızlıq etmişəm...
Növbəti söhbətimiz isə mənim TVdəki
çıxışıma olan münasibəti ilə
başlayır. Folklor İnstitutuna yeni işə
başladığım vaxt qəribə bir şəkildə
telekanallardan mənə Novruz bayramı, Milli döyüş
sənəti, Aşbazlıq sənəti, Milli geyim
mövzularında müsahibə verməyim üçün təkliflər
gəlmiş və bu təklifləri məmnuniyyətlə qəbul
etmişdim. İşə başladığım
heç altı ay belə olmadığı halda bu təkliflərin
mənə gəlməsi və mənim qəbul edib
çıxış etməyim bir çox folklorşünas,
ədəbiyyatçı alimləri qəzəbləndirib mənə
nifrət etmələrinə səbəb olsa da, Vurğun
müəllim təbrik edir, çox sevindiyini deyir, bəzi
nöqsanlarım ilə bağlı məsləhətlər
edir... bir sözlə, yenə böyüklüyünü
göstərir... Mən ona “tənqidləriniz
yerində və haqlıdır” yazanda isə
qarşılığında “Möhkəm ol, tənqidə də
özünü çox alışdırma!” deyir.
İlahi! Nə gözəl məsləhət
verir. Necə dəyərli sözdür.
Bu məsləhət mənim bütün müəllimlik
fəaliyyətim boyunca qulağımda sırğa etdiyim bir
şüara çevrilmişdir. Necə şanslıyam
bu məsləhəti belə dəyərli bir ziyalıdan
almağıma...
Bir dəfə qırğız papaqları haqqında
bir məlumat paylaşmışdı. Paylaşımın
altında rəy yazanda Vurğun müəllimin adını
Əyyub şəklində yazmışam. İnboxda məni məhkəməyə verəcəyini
deyib “Mən bir türk olaraq ərəb adı
daşımram! Əyyub mənim
soyadımdır” xəbərdarlığını
etmişdi. Yəni yenə
böyüklüyünü göstərmişdi. Onun yerində başqa birisi olsa, elə rəyin
altındaca məni tənqid edər, hər kəsin
içində üzr istətdirərdi. Vurğun
Əyyub böyüklüyü bir az da belə
incəliklərdə gizlənirdi...
Yenə
qızqaçırma ilə bağlı bir müsahibəm mətbuatda
bir qədər geniş yayılmışdı. Başlıq ilə yazının mətni eyni
deyildi. Bəzi böyüklərimiz sadəcə
başlığı oxuyaraq məni qınasalar da, Vurğun
müəllim yenə böyüklüyünü göstərərək
məqaləni axıracan oxuduğunu, gözəl müsahibə
alındığını yazıb məni təbrik etdi.
Məmməd Arazın
bir şeirini təhlil etmişdi və bu mətbuatda
yayımlanmışdı. Vurğun müəllim
məqaləni oxumağımı tapşırdı. Tapdım oxudum. Elə həmin
axşam məqalə haqqında fikrimi soruşdu. Utanmışdım yaman. “Mən
kiməm ki, sizin yazınıza rəy bildirim” demişdim.
Mənə yazdığı cavab yenə məna dolu idi: “Bir
də belə yazsan, gözümdən düşərsən.
Necə yəni kiməm? Aynur
Qəzənfər qızısan, ayrım-yerazsan, ədəbiyyatçısan,
ən nəhayətində fikirini bildirməyə haqqı
olan insansan”. Susub fikrimi bildirmişdim.
Daha doğrusu, bir az tənqid etmişdim.
Dialoqumuzu olduğu kimi əlavə edirəm məqaləyə:
Mən:
Vurğun Əyyub 28 may
bayramını son dəfə qeyd edərkən
Lirikada şeirin lirik qəhrəmanı ilə şair
şəxsiyyəti həmişə olmasa da, çox zaman
eyniyyət təşkil edir. Yazdığı
şeirdən şairin obrazı boylanır, oxucu həmin
şeirin misralarından şair-qəhrəmanını
öyrənib tanıyır. Ən birinci
bu fikrinizlə razilasmayacam. Bunu deməliyem,
cunki illerdir bu fəlsəfə ilə Vaqifi, Axundovu bizə
"siriyiblar" məncə.
Vurğun
müəllim:
Mən də bununla razılaşmayacam. Bu ədəbiyyatşünaslıqda
sübut olunmuş məsələdir! Sonra?
Mən:
Vurğun muəllim, ədəbiyyatşünaslıqda
isbat olunmuş bir çox məsələlər hələ
hökm deyil məncə... elə ədəbiyyatın da dəqiq
fənlərdən fərqi bu deyilmi?
Vurğun
müəllim:
Ədəbiyyatşünaslıqda ən üsyankar adamlardan
biriyəm, amma bu yerdə sənin şübhənin əsası
yoxdur. Mən deyənə inan, yoxsa səhv yola gedərsən.
Mən:
Doğrusu,
ədəbiyyat mənim yolum deyil (çünki mənim yolum
folklorşünaslıqdır), ama nə yalan deyim, Vaqif kimi
Çarı sevən birisinin şeirini oxuyub, Axundov kimi (gələcəyi
düşünmədən, Avropa sevdalısı olub,
onların təsiri ilə Türklərin
parçalanmasında birinci rolu olan əlifba dəyişimini
bu qədər dəstəkləyən ziyalımızın)
birisinin dramını oxuyub onun şəxsiyyətini müəyyənləşdirəndə
bir az çelişki alınır.
Hə də,
lirik şeirdə adam özünü gizlədə
bilmir. Hə, sən lirik qəhrəman məsələsi ilə
şair şəxsiyyətini qarışdırırsan,
dostum!
Mən:
Mən ilk dəfədir sizin yazınızı oxudum,
amma mənə elə gəldi ki illərdir
yazısını korrektə etdiyim birisinə aiddir. Axıcı,
rəvan, oxunaqlı.
Belinski deyirdi ki, tənqidçinin işi
yazarınkından daha çətindir, çünki tənqidçi
yazarin əsərində heç özünün də bilmədiklərini
bilməlidir.
Məncə bu şeirin təhlilində də
siz, bax, o Belinskinin tənqidçisi kimisiniz. Bəlkə də heç M.Arazın belə görmədiklərini
görüb təhlil etmisiniz. O qədər çox
şey kəşf eləmisiniz ki, “uy da bu da bu şeirdə
imiş” dedim öz-özümə.
Vurğun
müəllim:
Sən heç görmüşdün ki, 16 misralıq
bir şeir haqqında 14 min işarəlik yazı olsun?
Mən:
Ürək dolu olanda və gorunməzləri gormək
qabiliyyəti olanda belə olurmuş demək. Bu arada bu seiri ikinci dəfə
oxutdunuz mənə, əvvəl də oxumuşdum...
...Bəli,
mən hədsizcə Vurğun müəllimi tənqid edirdim,
o, qosqoca Vurğun müəllim isə mənim tənqidimi
saya salmaqla qalmır, ona “özünümdüafiə” şəklində
cavab da yazırdı. Halbuki mən Folklor
İnstitutunda folklorşünaslığa yenicə addım
atmış doktorant idim. Mənə cəsarət
yükləyib onu tənqid etməyimi tələb edib daha
sonra səbr təmkin ilə cavab yazırdı. Mətbuatdan,
Facebook profilindən çılğın, doğru bildiyindən
geri durmayan, prinsipial, sözü üzə deməkdən
çəkinməyən biri kimi tanıdığım
Vurğun müəllim eyni zamanda səbrli, ağıllı,
stratejik pedaqoq kimi məndə özüməinam, güvən
yaratmağa çalışırdı. Halbuki həmin ərəfədə
“məni bir qaşıq suda boğa biləcəyini”, “getsin
evində bozbaş bişirsin, amma alim olmasın” deyən bəzi
alim iş yoldaşlarım qol-qanadımı qırmağa
çalışır, məni çıxdığım
yoldan vaz keçirməyə cəhd edirdilər. Vurğun müəllim də sanki bunları
eşidib bilirmişcəsinə inadına məqaləmi
oxuyub bəyəndiyini, fikirlərimin çox dəyərli
olduğunu yazır məni ürəkləndirir, işimə
dördəlli yapışmağıma səbəb olurdu.
Özünün də dediyi kimi, o,
pedaqogikanı öyrənib müəllim olmamışdı,
onun saçının hər telindən, ayaq
dırnağınacan müəllimlik axırdı. Vurğun müəllim sadəcə auditoriyada tələbələrinə
müəllimlik etmirdi. Sadəcə
oxuduğu mühazirələrlə yox,
davranışları, məsləhətləri, tövsiyyələri,
danlaması ilə də bu missiyanı yerinə yetirirdi.
Vurğun müəllimi
digərlərindən fərqləndirən cəhətlərdən
biri də insanları doğru yolda olmağa,
dürüstlüyə səsləməsi idi. Əgər bir insan haqqına danışıbsa,
mütləq bunu yüksək qiymətləndirərdi. Bir dəfə Kayseridə təşkil edilən bir
simpoziuma qatılarkən, avtobusla uzun yolculuğumuz vardı.
Sıxılmayaq deyə Aqil Abbasın “Dolu”
filmini izləyirdik. Bu zaman millət vəkillərimizdən
birisi Elçibəy hakimiyyətini pisləməyə
çalışdığı vaxt bilərək ya da bilməyərək
təhrifə yol verdi. Dözməyib
kəskin etiraz etdim. Həmin vaxt bu söhbət
Vurğun müəllimə qədər gəlib
çatmışdı. Bu mövzuda mənə
yazdığı cümlə eynən belədir: “Bax, dinlə!
İnsan dəyər sahibi olmalıdır.
Məncə, ləyaqət çox böyük
dəyərdir. Ləyaqəti olmayanlardan hər
şey gözləmək olar. Dili
acını da, qorxağı da, hansı məqamdasa
satqınlıq edəni də (yəni yoldaşlıq
münasibətində) bağışlamaq olar. Ləyaqətini itirmiş adamları yox. Çünki onlar təhlükəlidir.
Vətəninə,
millətinə satqınlıq ağır günahdır,
cinayətdir. Mən şəxsi münasibətlərdə
əlacsız qalıb onu yapanları bağışlaya bilərəm.
Amma vətənə dil uzadanları heç
vaxt bağışlamaram. Sən də
bağışlama, düz eləmisən”. İki-üç cümlədə vətən
sevgisinin nə olduğunu, vətənin necə sevilməli
olduğunu aşıladı.
Bir gün bir mübahisə əsasında sufiliyi idrak edə
bilmədiyimi anlamışdım. Söhbəti sufilikdən
saldıq. İki üç lətifə
danışdı və mənim sufilik barədə beynimdə
həll edə bilmədiklərim aydın oldu: “Bir gün Bəktaşi
dərvişi məsciddə şərab içirmiş. Yoldan keçən deyir ki, tfu sənə. Dərviş qayıdır ki, əlimdə vacib
işim olmasaydı, sənə göstərərdim,
Allahın evinə tüpürmək necə olur.
Bir Bəktaşi dərvişi
kirin-pasağın içində gəzirmiş. Soruşurlar ki, sarığını niyə
yumursan? Deyir ki, eeee, yenə kirlənməyəcək?
Deyirlər ki, yenə yuyarsan. Deyir ki, eeee, yenə kirlənməyəcək?
Deyirlər ki, yenə yuyarsan.
Qayıdır ki, yahu, mən bu dünyaya sarıq yumaq
üçünmü gəldim?”. Lətifələri
danışdı ancaq mən anlamadığımı ifadə
etdikdə “Hər nə ki var aləmdə, Örnəyi var adəmdə.”
cümləsini də söyləyib “Sufi dərvişləri
belə ziddiyyətli xarakterə malik olublar!”
yazdığında, “bəs bu ziddiyyət
başqalarını narahat etdikdə niyə vaz keçməyiblər?”
sualını verib cavabında “Sufi dünyanı vecinə
alıb ki? Sufidən soruşublar ki, Allah-təala
niyə bu dünyanı dərəli-təpəli,
bataqlı-bulaqlı yaradıb? Qayıdıb
ki, 6 günə yaradılan elə belə olar da!”Mən
dözməyib “oxuduğum sufilik ilə sizin izah etməyə
çalışdığınız sufilik fərqlidir
axı” dediyimdə isə “ Sufi cərəyanları,
təriqətləri çoxdur. Bəzi sufilər,
məsələn, təmizliyə böyük önəm
veriblər ki, Allah sevgisinin yurd saldığı bədən
təmiz olmalıdır. Bəzi sufilər,
hətta adi yarpağa belə sonsuz sevgi ilə
yanaşıblar ki, Allahın təcəllasıdır.”
Vurğun müəllim fikrini yazaraq məni ən
sadə dildə sufizm ziddiyyət və fəlsəfəsini
idrak etməyə vadar etdi. Məhz bu
söhbətdən sonra mən sufizm haqqında oxuduqlarımı
qismən də olsa idrak etməyə
başlamışdım.
Vurğun müəllimin qeyri-adiliyini anamla olan münasibətində
də gördüm. Anam Vurğun müəllimin millət vəkilliyinə
namizədliyini verdiyi seçki məntəqəsində sədr
idi. Seçki zamanı
savaşmışdılar. Mənim xəngəlimin mədhini
də hardansa eşidib bir gün mənə “xəngəl
bişir, gələk yeyək, ayrım balası” dedi. Məmnuniyyətlə qəbul etdim. Anam gələcək qonağın Vurğun
Əyyub olduğunu eşidəndə dəvət etmək istəmədi.
Vurğun müəllim də təkidlə xəngəl
qonaqlığını istədiyini dedikdə, utana-utana vəziyyəti
dedim. Anamın kim olduğunu öyrəndikdən
sonra artıq mənimlə də əlaqəni kəsəcəyini,
bizə də gəlmək istəmyəcəyini
düşündüm. Amma verdiyi cavab möhtəşəm
idi: “Ayrım balası, sən xəngəlini bişir məni
çağır. Anan məni qapıdan qovası deyil ki” dedi.
Şaşırıb qalmışdım. “Niyə” sualımın cavabında “Anan sevməsin
qoy heç. İstədiyi qədər məntəqə
sədri olsun. Mən ondan
acığımı almışam, qızı məni
çox istəyir, gələcəkdə özü kimi tələbələr
yetişdirəcək. Onun yox, mənim istədiyim
olacaq. Sən xəngəlini bişir, məni
görsün lap “sevinsin” mən də xoşhal olum”. Qeyd edim ki, xəngəl qonaqlığı zamanı
nəinki sadəcə atam, hətta anam da Vurğun müəllimə
heyran olmuşdular.
Vurğun müəllim ilə söhbətlərimiz əsasən
şirin deyişmələr, sataşmalar şəklində
keçərdi. O mənə ayrımlığım ilə sataşar,
mən də ona “qocalığı” ilə cavab qaytarardım.
Çox tez-tez də şeir sətirləri ilə
məni “bağlayar”dı. Məni rəhbərlik
etdiyi departamentə işə götürənə qədər
bu cür xoş söhbətlərimiz davam edərdi. Departament rəhbərim olduqdan sonra isə artıq
müdürüm kimi ciddiyyətini qoruyur, ama hələ də
şəfqətini üstümdən əskik etmirdi.
Dörd il dostluğu ilə müəllimlik
etdi, daha sonra bir il yarım yanında müdür – müəllimlik
“kursu” aldım. Qorxusuz, prinsipial, çılğın, tələbəsini
çox sevən, onlara haqlarını hüquqlarını
xatırladıb özlərini əzdirməməyi öyrədən
yücə insan! Hələ öyrənməli çox
şey vardı Sizdən... Keşkələr
sıralanır boğazımda. Sizi hər
xatırladıqca ürəyimin lap dərinliyində bir
ağrı, bir yara boylanır. Həyatınızı
verdiyiniz ölkənizdə sevgi, sayğı ilə
anıldığınız müddətcə var
olacaqsınız!
P.S. Bir dəfə
Çeçenistanda qumuqlar ilə bağlı bir sempozyuma
qatılmaq üçün Azal təyyarəsi ilə Minvoda,
ordan da Çeçenistana keçəcəkdim. Azal stüardessalarının səliqəli,
zövqlü geyimi, nəhəng, gözəl dizayn edilmiş
təyyarənin içində bir anlıq Çeçenistan
sözünün qarşısında RF
yazıldığı gəldi ağlıma. Rus dilinin məcburiyyəti, rus
hökmranlığının hələ də davam etməsi
məni ürpərtdi. Müstəqil Azərbaycan
Respublikasının aviaşirkəti olan Azalın təyyarəsi
ilə uçmaqdan daha qürurverici nə ola
bilərdi ki həmin anda?! Etina ilə guya
elitliklərini isbat etmək üçün rusca
danışan stüardessalara “biz bu azadlığı, rus
buxovundan qurtuluşu asanlıqla əldə etmədik. Çox canlar verdik, çox həyatlar aldıq.
Dillərini həvəslə
danışdığınız ruslar əsrlərcə
qanımızı axıtdı, qopun artıq onların
köləliyindən, çeçen və bütün
Rusyadaki muxtar respublika vətəndaşlarından ibrət
alın bari” dedimsə də, stüardessalar mənə
çıldırmış kimi baxdılar,
başlarını buladılar və getdilər. Təbii ki rusca danışmağa da davam etdilər.
Mən isə həmin vaxt bütün Milli
Azadlıq Hərəkatı üzvlərinə və Azərbaycanın
bütövlüyü və bərabərliyi
üçün çalışmış hər kəsə
minnət duyğusu içərisində gözlərimi
yummuşdum.
Öldüyü
üçün bir çoxlarımız Vurğun müəllimə
sevgisini bildirdiyi zaman, “sonuncu aydınımız da getdi” rəylərinə
inad o hərəkatın bütün qazilərinə,
aydınlarına, ruhu, canı bahasına vətəninə
durmadan usanmadan xidmət edən gerçək
aydınlarına təşəkkür edir, zəhmətlərinin
boşa çıxmamasını diləyirəm...
Aynur Qəzənfərqızı,
filologiya üzrə fəlsəfə doktoru
Şərq.-2019.-
14 noyabr.- S.7-8.