Mənim 50 yaşlı fakültəm     

 

Xalqımız Azərbaycan elminin, mədəniyyətinin məbədi olan Bakı Dövlət Universitetinin 100 illiyini böyük ruh yüksəkliyi ilə qeyd edir.

Şərqin ilk dünyəvi təhsil ocaqlarından olan Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1919-cu ilin sentyabrında parlament universitetin təsis olunması haqqında sənəd qəbul etdi. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovski parlamentdə çıxış edərək bu tarixi hadisəyə yüksək qiymət verdi: “Siz böyük və tarixi iş gördünüz... Mən çox şadam ki, darülfünunun təsisinə bütün partiyaların vicdanlı münasibət bəslədiyinin şahidi oldum. Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisə-darülfünunun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki parlamentin, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri gördüyümə də hədsiz xoşbəxtəm...”

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti bu gün də respublikamızda elmin inkişafına öz töhfəsini verir, təhsil islahatlarının həyata keçirilməsində başlıca rol oynayır.

Mən 1967-ci ildən indiyədək yüksək səviyyədə keçirilən yubileylərin iştirakçısıyam. Söz yox ki, universitetin 100 illiyi də adına layiq səviyyədə keçiriləcək.

Biz jurnalistlər üçün ikiqat bayramdı.Bu il həm də Jurnalistika fakültəsinin yaranmasının 50 illiyidir...

 

***

 

Jurnalistika fakültəsi yaranmamışdan hələ çox əvvəl, dəqiq desək, 1928-ci ildə Azərbaycan Dövlət Universitetində jurnalizm kafedrası mövcud olmuşdur. O vaxtlar Sovet İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda.

1945-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi açıldı. Yeni yaranan partiya – sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının ilk müdiri, tarix elmləri namizədi, dosent Həsən Şahgəldiyev olmuşdur. “Yeni yol”, “Nuxa fəhləsi” qəzetlərinin redaktoru olmuş təcrübəli qəzet işçisi H.Şahgəldiyev 1952-ci ilə kimi bu vəzifədə çalışıb.

H.Şahgəldiyevlə bağlı 1958-ci ildə olmuş bir hadisəni yada salmaq yerinə düşər. Həmin ildə H.Şahgəldiyevin rəhbərliyi altında “Oçerki istorii Kompartii Azerbaydjana» kitabı nəşr olundu. Kitabın nəşri Moskvanı razı salmadı, onu millətçilikdə suçladı. Kitabın müzakirəsində Moskvadan gələn nümayəndə öz narazılığını gizlətmədi. Yığıncaqda iştirak edən Şıxəli Qurbanov Şirməmməd Hüseynovdan  (o vaxt onun 35 yaşı vardı) xahiş etdi ki, çıxış edib fikrini bildirsin. Ş.Hüseynov da çıxış edərək, Moskvadan gələn nümayəndənin narazılığının səbəbini qorxmadan, çəkinmədən yığıncaq iştirakçılarına çatdırdı. Sən demə, kitabda Nəriman Nərimanovun adı 220, Şaumyanın adı isə on dəfə az çəkilmişdi. Moskvanı da narahat edən bu imiş.

Jurnalistika şöbəsində Nəsir İmanquliyev, Nüsrət Bağırov, Qılman Musayev (İlkin), Cümşüd Əzimov, İsrafil Nəzərov kimi jurnalistlər dərs deyirdi. Fəxrlə deyə bilərik ki, elm aləmində tanınan: Məmməd Arif, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Məmməd Hüseyn Təhmasib, Məmməd Qazıyev və bir çox digər görkəmli şəxslər gələcək jurnalistlərin müəllimləri olmuşlar. 

1950-ci ildə jurnalistika şöbəsinin ilk buraxılışı olmuşdur. Azərbaycan jurnalistlərinin ağsaqqalı, mətbuat tariximizin yorulmaz tədqiqatçısı, bizim hamımızın müəllimi, Prezident təqaüdçüsü, N.Zərdabi və Y.Məmmədəliyev mükafatları laureatı, “ömrü boyu vətəninə, millətinə, doğma ana dilinə səcdə qılan, onalrın taleyini öz şəxsi taleyi bilən və bu əqidəsi yolunda qələmi ilə çarpışan əsl vətəndaş jurnalist” (Bəxtiyar Vahabzadə) Şirməmməd Hüseynov şöbənin ilk məzunlarındandır.

Böyük Vətən Müharibəsindən sonrakı illərdə jurnalist təhsilinə dövlət tərəfindən diqqət artırıldı. 50-ci illərin sonunda əyani şöbə ilə yanaşı, qiyabi şöbənin Azərbaycan və rus bölmələri açıldı. Rus bölməsi uzun illər fəaliyyət göstərmiş, 90-cı illərin əvvəllərində məlum hadisələrlə bağlı fəaliyyətini dayandırmışdır. Sonralar rus bölməsi fəaliyyətini bərpa etdi.

1969-cu il jurnalist təhsili tarixində əlamətdar ildir. Belə ki, həmin ildə şöbə müstəqil fakültəyə çevrildi. Həmin ildən nə az, nə çox düz 50 il keçir. Onun ilk dekanı, yazıçı-publisist, professor Nurəddin Babayev olmuşdur. Bilik və təcrübəsini tələbələrə həvəslə öyrədən N.Babayev Azərbaycanda bədii oçerkin inkişafına həsr olunmuş “Mübariz janr”, “Oçerk sənətkarlığı”, “Elə yaz ki...” kimi kitabların müəllifidir. Jurnalist etikasından mühazirələr oxuyan N.Babayev tələbələrə aşılayırdı ki, jurnalist etikası bütün etikaların ən mütərəqqi, ən insanpərvər, ən zərif etikadır. Gərək elə yazasan ki, qüsurlar, əyintilər sənin yazında hamarlanıb düzəlməsin, həyat həqiqətləri təhrif edilib saxtalaşdırılmasın.

1971-ci ilə kimi fakültədə bir kafedra – Partiya-sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi (sonralar Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi adlanıb) kafedrası fəaliyyət göstərirdi. 1973-cü ilədək ona professor Nurəddin Babayev, həmin ildən 2003-cü ilədək Azərbaycanda jurnalistika elminin inkişafında böyük xidmətləri olmuş, jurnalistikaya dair kitabların müəllifi, şair, publisist prof. Famil Mehdi başçılıq etmişdir.

Keçən əsrin 70-80-ci illərdində fakültə əməkdaşları jurnalistikanın əsas janrlarının tədqiqinə, onun nəzəri əsaslarının yaranması və inkişafı, televiziya və radio jurnalistikasının əsasları, tərcümə problemlərinə, mətbuat tariximizin öyrənilməmiş sahələrinə həsr olunmuş 21 kitab yazmış və elmi məcmuələrdə 300-ə yaxın məqalə dərc etdirmişlər.

Respublikamız müstəqillik əldə etdikdən sonra fakültədə jurnalist kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Əslində, Azərbaycanda yeni jurnalistikaya keçid müstəqillikdən sonra daha geniş vüsət aldı. Müstəqilliyin ilk aylarında özəl sektorun yaranması da özünü mətbuatda göstərmişdir. İlk özəl qəzetlər, ilk kommersiya televiziya kanalları meydana gəlmişdir. Cəmiyyətdəki dəyişikliklər, hər təzə tədbir əvvəl mətbuatda öz əksini tapır. Bir sözlə, müstəqillik kütləvi informasiya vasitələrini inkişaf yoluna çıxardı. Belə bir şəraitdə müasir dövrün tələblərinə cavab verən jurnalist kadrları hazırlamaq müəllimlərin daha məsuliyyəti olmasını ön plana çəkir.

Bugünkü jurnalistika fakültəsinin tələbələri iyirmi il bundan əvvəlki tələbələr deyil. İndi onların dünyagörüşü və hadisələrə münasibəti dəyişib. Bunu nəzərə alan müəllimlər sovet dövrü kiril əlifbası ilə buraxılmış kitablardan imtina edərək yeni ədəbiyyatlara üstünlük verirlər. Onu da bildirim ki, fakültə əməkdaşlarının media problemlərinə həsr olunmuş dərslik, dərs vəsaitləri mövcud boşluqları aradan qaldırmaq baxımından gərəklidir.Jurnalist peşəsi çətin, həm də məsuliyyətli peşədir. Bu gün jurnalistlərin səsi dünyanın hər yerindən gəlir. Onlar həyatın qaynar nöqtələrində olarkən onun ağırlıqlarını öz çiyinlərində daşımalı olurlar.

Fakültənin əyani və qiyabi şöbələrində təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Fakültədə 500-ə yaxın tələbə təhsil alır.

2006-2007-ci tədris ilindən təhsil Boloniya bəyannaməsinin müddəaları əsasında həyata keçirilir. Təhsil iki pilləlidir: Bakalavr və magistratura. Bakalavr pilləsini bitirənlərə “Jurnalist” ixtisası diplomu verilir. Magistrantlar 7 ixtisas üzrə hazırlanır.

Fakültədə tədris televiziya və radio studiyası, elmi-tədqiqat işi ilə məşğul olan “Jurnalistika” elmi-tədqiqat laboratoriyası və “Tədris” qəzeti laboratoriyası fəaliyyət göstərir. Məlumat üçün bildirim ki, Milli İrs Mədəni Tarixi Araşdırmalar Fondu “Tədris” qəzeti laboratoriyası ilə birgə fakültəmizdə “Füyuzat mərkəzi” yaradıb. Mərkəz tələbələrin təhsilinə, milli-mədəni, klassik irslə bağlı dünyagörüşünün daha da yüksəldilməsinə və fakültədə qəzet-jurnal dizaynın öyrənilməsinə xidmət edir.

 “525-ci qəzet” və “Şərq” qəzeti fakültə tələbələrinin təcrübə bazasıdır.  Hər iki qəzet ayda bir dəfə qoşa səhifələrini tələbələrin hazırladığı “Jurnalist” qəzetinin ixtiyarına verir.

Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 4 kafedra fəaliyyət göstərir. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, mətbuat tarixi və ideoloji iş metodları, televiziya və radio jurnalistikası, beynəlxalq jurnalistika. Bu kafedralarda 30-dan çox professor-müəllim çalışır.

Qarabağ müharibəsinin vurduğu yaralar fakültəmizdən də yan keçmədi. Müharibə bölgəsində şəhid olmuş iki məzunumuz – Alı Mustafayev və Kazımağa Kərimov Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşlər.

Kafedraların əməkdaşları bir sıra xarici ölkələrin jurnalistika fakültə və şöbələri ilə əlaqə saxlayır. Məsələn, Fransanın Lil jurnalistika məktəbi ilə yanaşı, Moskva, Kiyev, Lvov, Daşkənd, Astana, Tiflis universitetləri ilə əlaqələr qurulmuşdur. 

Kütləvi informasiya vasitələri üçün kadrların hazırlanmasında xidmətləri olmuş müəllimlər – Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Nurəddin Babayev, Famil Mehdi, Qulu Xəlilov, Tofiq Rüstəmov, Ceyran Əbdürrəhimova, Nəriman Zeynalov, Əliş Nəbili və digərləri universitetin 100, jurnalistika fakültəsinin 50 illiyində bir daha böyük ehtiramla yad edilir.

Fakültənin professor – müəllim heyyəti həmişə şərəfli tarixə malik milli mətbuatımızın ənənələrinə sadiqliyi ilə seçilmiş və indi də bu ənənələri gələcək jurnalistlərə aşılayır.

 

Akif Rüstəmov

 

Şərq.-2019.- 21 noyabr.- S.13.