“Mirzə Cəlilin varislərini
ilk axtarıb tapan mən
olmuşam”
"Necə olur ki, varisləri Avropadan qısa zaman ərzində,
viza təşkil edərək Azərbaycana
gətirmək asan başa
gəlir, amma Tovuzdan
Bakıya jurnalist çağırmaq mümkün olmur?!"
Məlum olduğu kimi, ötən gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər. Rəsmi təqdimatda vurğulanıb ki, “Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli ədibin Polşada yaşayan nəvə-nəticələrinin ünvanını əldə edərək, onlarla əlaqə yaradıb”. Təqdimatın bu şəkildə yayılması qalmaqala səbəb olub. Tanınmış araşdırmaçı-jurnalist, “Hafiztimes.com” saytının təsisçisi Hafiz Əhmədov Mirzə Cəlilin varislərini bu ilin əvvəlində tapdığını və onlardan müsahibə alan ilk azərbaycanlı jurnalist olduğunu deyib.
H.Əhmədov
feysbukda status yazaraq, bu işdə adının
hallanmamasına və əməyinin mənimsənilməsinə
etirazını bildirib. Gənc araşdırmaçının
narazılığını nəzərə alaraq
onunla söhbətləşmək qərarına
gəldik. Jurnalist “Şərq”ə
müsahibəsində bütün məsələlərə
ətraflı aydınlıq gətirdi...
-
Hafiz bəy, öncə Cəlil Məmmədquluzadənin nəticəsi
Martini və onun oğlu Pşemslav Cavanşirilərlə ilk
tanışlığınız barədə
danışardız. Onları necə, hansı yollarla
tapdınız?
- Xeyli müddət Bakıda çalışdıqdan sonra Tovuz rayonunun ucqar kəndinə - Köhnəqalaya qayıtdım və burada yaşamağa qərar verdim. İlk vaxtlarda vəziyyət çox çətin idi, kəndə internet və telefon xətti yox idi. Bir müddət sonra internet çəkdirdim və “notebook”la işləməyə başladım. Dünyanın müxtəlif yerlərində yaşayan varisləri internet üzərindən tapmağa çalışmışam və tapmışam. İnanın, hansısa məşhur şəxsiyyətin ailə üzvünü tapmaq üçün ən azı 5-6 ay əziyyət çəkirəm. Əsas varisə çatana qədər xeyli adamla, tanınmış şəxsin uzaq qohumları ilə ünsiyyət qurmalı oluram. Addım-addım yol qət edərək nəhayət varisləri tapıram. Varislərlə əlaqələrim də əsasən feysbuk və ya “email” adresi ilə olur.
- Varislərlə ingilis dilində
danışırsız?
- Bəli,
ingilis dilində yazışıram. Sözün
düzü, ingilis dilini çox da yaxşı bilmirəm, ancaq
normal qaydada fikirlərimi
çatdırıram. Cəlil Məmmədquluzadənin nəticəsi
Martini Cavanşiri
tapanadək demək olar ki,
bir çox qohum-əqrəbası,
yaxın dostları ilə tanışlıq
yaratmışdım. Hətta Martinin Polşada təhsil aldığı universitet yoldaşlarını belə bu işə cəlb etmişdim.
Uzun yazışmalardan sonra
oğlunu - Pşemslav
Cavanşirini taparaq məsələylə
bağlı ona yazdım. Xeyli
vaxt keçəndən sonra
cavab yazdı və aydın oldu ki, nəinki ulu babası Cəlil Məmmədquluzadə,
ümumiyyətlə, Azərbaycanla bağlı cüzi də olsa məlumatları
yox idi. Ona və atasına Mirzə Cəlillə
bağlı ünvanladığım sualların
hamısı cavabsız qalırdı. O, açıq şəkildə
ulu babasını
tanımadığını, haqqında heç
nə bilmədiyini deyirdi. Bu,
çox dəhşətli və məyusedici
idi. Əvvəlcə qısaca yazdım ki, babanız çox
tanınmış şəxsiyyət olub.
Onun həyatını,
yaradıcılığını orta məktəblərdə,
universitetlərdə tədris edirlər. Hətta adına
ölkəmizdə küçələr var.
Vikipediya məlumatlarını da ingilis dilində ona göndərdim ki,
babası barədə ilkin informasiyalar əldə etsin.
- Müsahibəni ədibin nəticəsi Martini Cavanşiridən götürmüşdünüz?
-
Pşemslav Cavanşiri ilə ünsiyyət qurduqdan sonra
atası - Martininin “email” adresini istədim ki, ona öz
suallarımı göndərim. Müsahibəyə qədər
Azərbaycanın tarixi, mədəniyyəti,
o cümlədən Cəlil Məmmədquluzadə
ilə bağlı Cavanşirilər ailəsinə xeyli məqalə yolladım. Azərbaycanı
hər şeyi ilə onlara
təqdim etdim. Məhz bu
sayədə bilgiləndilər. Görünür,
onları yönləndirdikdən sonra
müəyyən məlumatlar əldə etmək imkanları
olub. Çünki
müsahibədə Məmmədquluzadə ailəsi və əmiləri
haqqında kifayət qədər informasiyalı idi. Evlərində saxladıqları köhnə
fotoları və öz şəkillərini
internet üzərindən mənə
göndərdilər. Müsahibədən sonra
isə dedilər ki, ən qısa zamanda Azərbaycana gəlmək istəyirlər.
Onlarla daim feysbukda ünsiyyətdəyəm. Bir alim var,
iddia edir ki, guya, Martini
Cavanşiri ilə telefonla
danışıb, hətta görüşüb.
Görüş olubsa, bununla
bağlı foto, hansısa dəlil-sübut
olmalıdır, amma ortada
heç nə yoxdur.
Ən əsası isə odur ki, ilk dəfə Mirzə
Cəlilin nəticəsi və onun oğlu ilə ünsiyyət quranda
aydın oldu ki, Azərbaycanla
bağlı kiçik
anlayışları belə yoxdur.
Sadəcə İranla bağlı məlumatları
var idi. Çünki uzun müddət
İranda yaşayıblar, daha
doğrusu, oranı öz
“vətənləri” biliblər. Şübhəsiz, bunun da kökündə bilgisizlik dayanır.
- Akademik İsa Həbibbəyli
narazılığınıza və tədbirə
çağırılmamağınıza aydınlıq gətirdi.
Bildirdi ki, əlaqə nömrənizi tapa bilməyib və...
- Məsələ
necə olub, sizə danışım. Saytlardan gördüm
ki, Cəlil Məmmədquluzadənin nəticəsi
və onun oğlu
Bakıya gəliblər və bununla
bağlı tədbir keçirilib. Özü də vurğulanır ki, varisləri tapan və
onları Azərbaycana dəvət edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəylidir.
Tədbir keçirilir və məni dəvət
etmirlər, heç məlumat da vermirlər. Günortaya
qədər gözlədim ki, bəlkə
gec də olsa zəng
edərlər. Amma səs-səmir
çıxmadı. 10 gün öncədən
anons verilir ki, Mirzə Cəlilin nəticəsi Bakıya
gələcək, görüş olacaq və s. Necə olur ki, varisləri Avropadan qısa zaman ərzində,
viza təşkil edərək Azərbaycana
gətirmək asan başa
gəlir, amma Tovuzdan
Bakıya jurnalist çağırmaq mümkün olmur?! Axı
Martini Cavanşiri ilk axtarıb tapan, ondan müsahibə götürən, əlaqə
nömrəsini İsa müəllimə
verən mən olmuşam. Niyə
adımı qeyd etmədilər? Bir məqamı
da qeyd edim,
o boyda Mirzə Cəlilin
varisləri ilk dəfə Azərbaycana gəldilər,
amma onlardan düz-əməlli
müsahibə götürən jurnalist
tapılmadı. Çünki jurnalistlər
özləri çaş-baş
qalmışdılar ki, görəsən,
bunların ata-anası polyak olub, yoxsa hansısa başqa millətdən.
Sağ olsun, Xəqani
Səfəroğlu müsahibəmi paylaşdı və
adımı da qeyd etdi ki, varislərdən ilk müsahibəni götürən Hafiz Əhmədov olub. Tədbir
olub-bitdikdən sonra İsa
Həbibbəyli mənə zəng edir ki, bəs, nömrəmi unudublar
və məni Bakıya, varislərlə görüşə
dəvət edirlər. Hətta yol pulumu verəcəklərini dedi.
- Akademikin zəngindən sonra
Bakıya gəlməkdən niyə imtina etdiniz?
- “Yol pulunu
biz verərik” nə deməkdir?! Sözün açığı, bunu şəxsiyyətimin
alçaldılması kimi dəyərləndirirəm.
İsa müəllimə dedim
ki, niyə mənə vaxtında xəbər
vermədiniz? Axı müsahibədən sonra
çox böyük
və dəyərli iş gördüyümü
demişdiniz. Başa
düşürəm, işləri çoxdur,
alim adamdır, heç
olmasa köməkçiləri,
akademiyanın işçiləri xəbər verərdilər.
Tovuzdan Bakıya 7 saatlıq məsafədir.
Bir neçə gün
öncədən desəydilər, işimi
düzüb-qoşub, pul
tapıb gələrdim. Onlar zəng edəndə
artıq günorta idi,
Bakıya axşam saatlarında
çatıb nə edəcəkdim ki? Qalmağa yerim də yoxdur. Ona görə getməyi
məsləhət bilmədim.
- Başqa hansı görkəmli
şəxslərin varisləri ilə əlaqə qurmusunuz,
yaxud hələlik axtarışdasınız?
- Azərbaycanın
böyük mütəfəkkiri, milli dramaturgiyamızın
banisi Mirzə Fətəli Axundzadənin Yaponiyada varisləri
yaşayır. Azərbaycanın ucqar
bir kəndində yaşaya-yaşaya
Yaponiyada həmin varisləri tapdım və
M.F.Axundzadənin nəticəsi Pəri Pezeşkinin
oğlu Parsi Parsinejaddan müsahibə götürdüm.
Onlar İran azərbaycanlısı
kimi tanınırlar. Parsi
Parsinejad hazırda Amerikada
yaşayır və həm ABŞ-da, həm
Yaponiyada M.F.Axundovla
bağlı mühazirələrdə iştirak
edir, elmi məqalələr
hazırlayır. Axundovun təbliğatını
aparırlar. Qadınlar İran adətlərinə
görə şəkillərini vermədilər, amma kişilərdən ala
bildim. Bundan başqa Azərbaycan ictimai
fikrinin böyük
nümayəndələrindən biri
Əhməd bəy Ağaoğlunun nəticəsi
- Əhməd Güvənci taparaq
müsahibə almışam. O, 1951-ci ildə Əhməd bəy
Ağaoğlunun nəvəsi Suna Gülərin birinci
nikahından dünyaya gəlib. Mərhum Suna Gülər Əhməd bəy Ağaoğlunun qızı Tezer
Taşkıranın övladıdır. Əhməd Güvənç
türk musiqi tarixinin ən önəmli simalarından biridir. Barış Mançonun
vəfatına qədər onunla birlikdə
çalışıb, yaxın dost olublar. Uzun illərdir ki, yaddaşlardan silinməyən
“Gülpembe” və “Dönence”
adlı mahnıların bəstəkarıdır. Məncə,
Əhməd bəy Ağaoğlunun 150 illiyi ilə bağlı ən yaxşı
müsahibə o idi. Elə ilk dəfə Azərbaycana
gəlişi zamanı Barış Manço
ümummilli lider Heydər
Əliyevə Əhməd Güvəncin azərbaycanlı olduğunu deyib. Əhməd
bəy Ağaoğlunun qızı
atasının zəngin arxivini, Malta sürgünündə olarkən
yazdığı məktubları Ə.Güvəncə verib. Onunla daim əlaqə saxlayıram. Həmçinin,
Ceyhun Hacıbəylinin Fransada
yaşamış digər oğlu Timuçinin ailə üzvlərini tapıb, onlarla həmsöhbət olmuşam.
Timuçin Hacıbəylinin birinci nikahından dünyaya
gəlmiş oğlu Klement
Bailly Hacıbəylinin yeganə
övladı - Jeremie Hacıbəylidir. O,
1977-ci ildə Fransada dünyaya
gəlib.
-
Araşdırmalarınız çox dəyərlidir.
Varislərlə bağlı müsahibələrə reaksiyalar necə olur?
- Ciddi oxucu ilə bağlı problemimiz böyükdür. Gündəmə hesablanan əhəmiyyətsiz mövzularla oxucuları çaşdırıblar. Əfsuslar olsun ki, maarifləndirici yazılara, tarixi araşdırmalara çox az sayda insan maraq göstərir. İnanın, ziyalı oxucu tapanda çox sevinirəm. Böyük zəhmət hesabına başa gələn müsahibələrimi bir çox millət vəkilinə, alimlərə, tarixçilərə göndərirəm. Bunu həm müsahibəni yaymaq, həm də müəllifin özüm olduğunu göstərmək üçün edirəm. Ümumi götürəndə, verilən dəstəkdən razıyam. Tarixçilər də diqqət göstərirlər. Xüsusən, sonuncu hadisədən sonra xeyli insan öz dəstəyini verdi. Üç gün ərzində yüzlərlə dəstək mesajı gəldi. Hətta bəzi mesajlardan kövrəldim. Bir neçə nəfər yazıb ki, “öz aramızda 40 manat pul toplamışıq. Sizi Bakıya dəvət edirik ki, gəlib müsahibinizlə görüşəsiniz”. Görün, necə düşüncəli və qayğılı insanlar var. Yaradıcılığıma sahib çıxdılar, məni tək qoymadılar. Vallah, gördüyüm iş üçün bir qəpik qazanc əldə etməmişəm. Məqsədim məhdud imkanlarımla bacardığım qədər dövlətə, xalqa xidmət etməkdir.
- “Hafiztimes.com”
saytını hansı zərurətdən təsis etdiniz?
- Sayt istədiklərimi reallaşdırmaqda mənə çox kömək edir. Həmişə arzulayırdım ki, özümün saytım olsun və bütün araşdırmalarımı, müsahibələrimi orada dərc edim. Məsələ ondadır ki, bir çox media qurumlarında yaradıcılığa, sərbəstliyə məhdudiyyətlər qoyulur. Hər redaksiyanın bir şərti olur, biri deyir bunu yazma, o biri deyir filankəslə danışma. Təsəvvür edin, müsahibələrimin sadəcə 40 faizi yayımlanıb. Ona görə də özüməməxsus sayt yaratmağa qərar verdim. Sağ olsunlar, Türkiyədəki dostlar sayəsində “Hafiztimes.com” saytını təsis edə bildim. İşdən çıxarılarkən aldığım sonuncu maaşı saytın yaradılmasına sərf etdim. İndi kənddə kartof əkməklə məşğul ola-ola tanınmış şəxslərin varislərindən müsahibələr hazırlayıram. Bugünədək 60-dan çox maraqlı məqaləm olub. Müəyyən fasilələrlə saytda dərc edirəm.
İsmayıl Qocayev
Şərq.- 2019.- 21 noyabr.- S.7.