Azərbaycan Yurd
bilgisinin nəşri hadisə idi
Bu jurnalda
Əhməd Cəfəroğlu milli mədəniyyətimizin
tədqiqində, az qala, bütöv bir
elmi-tədqiqat institutunun işini görmüşdür
Azərbaycan Yurd bilgisi, Türk amacı, Türk dili və
ədəbiyyatı məcmuəsi dərgiləri… 1930-40-cə
illərdə nəşr olunan dərgilərin
yaradıcısı və baş redaktoru Əhməd Cəfəroğludur. Əhməd bəy
mühacirət mətbuatımızın nəhənglərindən
olub. Bu dərgilərdə Əhməd bəyin imzası
ilə Azərbaycanın böyük matəmi - 27 nisan, 28 mayıs 1920, Tarixin ilk Türk
Cümhuriyyəti Azərbaycan və sair məqalələr nəşr
olunub.
Əhməd
Cəfəroğlunun adına bağlı “Yurd bilgisi” dərgisi
Azərbaycanın etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı
ilə yanaşı milli istiqlal mübarizəsinin tarixini əks
etdirən mühacirət mətbuatımızın ən
gözəl nümunələrindən hesab edilir.
“Yeni Kafkasya”nın
mənəvi varisi
1923-cü ildə İstanbulda “on beş gündən bir
nəşr olunan ədəbi, ictimai və siyasi məcmua” –
öz deyimləri ilə “siyasi Azərbaycan
qaçqınlarının” ilk mətbu orqanı - “Yeni
Kafkasya” böyük siyasi-tarixi əhəmiyyətə malik
hadisəyə çevrildi. İlk gündən bolşevik idarəsi
altında yaşayan həmvətənlərin vəziyyətinə
və bolşevik zülmü üzündən mühacirətə
gedən türklərin ictimai-siyasi həyatına aid
yazılara səhifələrini açıq elan edən “Yeni
Kafkasya” nəşr edildiyi dörd il ərzində təkcə
xaricdə Sovet hakimiyyətinə qarşı mübarizə
aparan Azərbaycan və digər türk xalqları nümayəndələrini
öz ətrafında birləşdirməklə kifayətlənmədi,
habelə özündən sonrakı mühacir mətbuatı
üçün də yetəri qədər geniş mətbuat
təcrübəsi miras qoydu. Azərbaycan mühacirətinin
1928-ci ildən etibarən ardıcıl olaraq nəşr
etdirdiyi “Azəri türk”, “Odlar yurdu”, “Bildiriş”, “Azərbaycan
yurd bilgisi”, o cümlədən türküstanlıların
İstanbuldakı “Yeni Türküstan” (1927), İdil-ural
türklərinin Berlindəki “Yeni yul” (1929) jurnalları məhz
“Yeni Kafkasya”nın mənəvi varisləri idilər.
Bu sırada böyük alim Əhməd Cəfəroğlunun
rəhbərliyi ilə nəşr olunan “Azərbaycan Yurd
Bilgisi” dərgisi xüsusi əhəmiyyətə malik idi. Dərgi
1932-ci ilin yanvar ayında nəşr edilmiş ilk sayında
öz məqsədini bu şəkildə
açıqlayırdı “Elmi münasibətin millətlər
arasında gündən-günə sıxlaşması və
yekdigərini bu vəsilə ilə daha çox tanıya bilməsi
əvvəlcə böyük millətlərin mövzu
daxilində qalan yurdumuzun artıq müstəqilən tədqiqini
bir zərurət olaraq tələb etməkdədir. Öz-özünü bizzat tədqiq etməyə
millətlər başqa millətlərin etnoqrafik tədqiqi
mövzusundan başqa bir şey olmamışdır. Halbuki, Azərbaycan bu ibtidai dövrəsini artıq
üzərindən atmış və qapısını da
elmi kapitülasyondan çoxdan bağlamışlar”.
Dərginin
yazarları nəhəng simalar idi; Əhməd Cəfəroğlu,
Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə,
Şəfi bəy Rüstəmbəyli...
Bundan
başqa “Azərbaycan Yurt Bilgisi”ndə digər müəlliflərin
yazılarına rast gəlmək mümkün idi Mustafa Vəkilli,
A.N.Həkimbəy, Abdullah oğlu Həsən, Abdullah Battal,
prof. Xəlil Nemətullah, Xəlil Xasməmmədli, Xeyrəddin
İlhami, Talıbxanbəyli Sürəyya, Ziyəddin Fəxri...
“Yurd bilgisi”nin
milli-ictimai fikir tariximizdəki yeri
XX əsrin dünya şöhrətli türkoloq – alimi və
onun 1932-1934 və 1954-cü illərdə nəşr etdiyi «Azərbaycan
yurd bilgisi» məcmuəsi barədə ilk dəfə monoqrafik
səpkidə geniş söhbət açan filologiya üzrə
fəlsəfə doktoru, publisist Şəlalə Həsənova
olub.
Professor
Vilayət Quliyev həmin nəşrə yazdığı
«Gedənlərin qayıtması” başlıqlı ön
sözdə göstərir ki, «Şəlalə Həsənovanın
mühacir ədəbiyyatımızın ən sanballı
nümunələrindən biri olan «Azərbaycan yurd bilgisi»
jurnalı və onun naşir-redaktoru professor Əhməd Cəfəroğlu
haqqında yazdığı bu maraqlı kitab yaxın tarixi
keçmişimizin daha bir qaranlıq dövrünə
işıq salır, xalqımızın böyük
oğlunu yenidən milli mədəniyyət xəzinəmizə
qaytarır».
30-cu illərin
“Azərbaycan ensiklopediyası” adlandırıla biləcək
bu jurnalda Əhməd Cəfəroğlu milli mədəniyyətimizin
tədqiqində, az qala, bütöv bir
elmi-tədqiqat institutunun işini görmüşdür. Məcmuənin
daimi müəllifləri sırasında Azərbaycan
mühacirətinin nümayəndələri Azərbaycanın
alovlu vətənpərvəri idilər və bu baxımdan
‹‹Müsavat›› partiyasının hələ 1911-ci il proqramında yer alan
‹‹türkçülük, azərbaycançılıq,
milliyyətçilik›› prinsipləri onların fəaliyyətlərinin
əsas istiqamətini təşkil edirdi.
Azərbaycan
siyasi mühacirətinin Məmməd Əmin Rəsulzadə,
Məhəmməd Əli Rəsulzadə, Xəlilbəy Xasməmmədli,
Əli Xəzərli, Məmməd Əlizadə, Mustafa Vəkilli,
Nağı Şeyxzamanlı, Şəfibəy Rüstəmbəyli,
Səlim Rafiq, Mirzəbala Məmmədzadə və b.
nümayəndələri jurnalın fəal müəllifləri
idilər. Tanınmış türk alimlərindən Mehmet
Fuat Köprülüzadə, Əbdülbaqi Gölpinarlı,
Sadəddin Nühəvət, Mahmud Raqib Keşəmihalzadə,
Mehmet Şərafəddin, Xəlil Nemətullah, Adnan Cahid və
başqaları bu məcmuəyə ciddi elmi-filoloji nəşrlərdən
biri kimi yanaşırdılar.
Dərgidə görkəmli şəxsiyyətlər dərin
təhlilli məqalələrlə çıxış edirdilər.
Ümumtürk
folklorunun müqayisəli tədqiqi, Etnoqrafik
araşdırmalar, XIX əsr Azərbaycan ədəbiyyatına
ümumi baxış, Azərbaycan ədəbiyyatında
istiqlal mücadiləsi, Məhəmməd Əli Rəsulzadənin
Qətran Təbrizi, Məhsəti, Nizami haqqında tədqiqatları,
Məmməd Əmin Rəsulzadənin Şirvanlı Xaqani,
Nizami haqqında tədqiqatları, Azərbaycan klassikləri Məhəmməd
Füzuli, İmadəddin Nəsimi, Qasimi, Mirzə Fətəli
Axundov haqqında yeni faktlar, Məlikbəy Avçı,
Siraci, Əhdi Bağdadlı, Sam Mirzə, Ərşi kimi naməlum
və unudulmuş ədəbi şəxsiyyətlər barədə
eksklüziv elmi tapıntılar nəşr edilirdi. Bu da ”Azərbaycan Yurd Bilgisi” məcmuəsinin zəngin
elmi irs kimi verdiyi töhfələr idi.
Əhməd Cəfəroğlunun müdrik kəlamı
var “Öz-özünü birbaşa tədqiq etməyən
millətlər başqa millətlərin etnoqrafik tədqiqat
mövzusundan başqa bir şey olmamışdır”.
Türk dünyasının dili –
“Yurd bilgisi”
Azərbaycan mühacirət mətbuatının görkəmli nümayəndələrindən
olan, dünya miqyasında tanınan məşhur türkoloq
Əhməd Cəfəroğlunun çoxşaxəli elmi-nəzəri və
publisistik fəaliyyətində təsisçisi və
baş redaktoru olduğu “Azərbaycan yurd bilgisi”
jurnalı xüsusi yer tutur. Təsadüfi deyil ki, alimin zəngin
irsinin tədqiqatçıları
AYB-ni türk dünyasının dil, ədəbiyyat,
mədəniyyət məsələlərinin dərin araşdırıcısı olması
etibarilə yüksək
qiymətləndirir, onun bu
gün də böyük əhəmiyyətini qeyd edirlər.
Azərbaycan mühacirət mətbuatının tədqiqatçılarından
olan A.Tahirli yazır “Əhməd Cəfəroğlunun ədəbi-elmi-nəzəri
irsi onun bir türkoloq kimi adını əbədiləşdirir.
Lakin bu böyük qələm sahibini Azərbaycan
tarixində yaşadacaq daha bir şah əsəri var “Azərbaycan
yurd bilgisi” (AYB) jurnalı” (10, 105). Ə. Cəfəroğlu
haqqında Azərbaycan mətbuatında ilk yazının
müəllifi olan V.Quliyevin də jurnala verdiyi qiymət
əlamətdardır “Tam əsasla 30-cu illərin “Azərbaycan
ensiklopediyası” adlandırıla biləcək bu jurnalda Azərbaycan
xalqının dili, tarixi, etnik mənşəyi, qonşu mədəniyyətlərlə
qarşılıqlı əlaqəsi, türk
dünyasındakı yeri və rolu, musiqisi, folkloru,
etnoqrafiyası və s. ilə bağlı onlarla maraqlı
faktlarla zəngin məqalələr dərc edilmişdir.
Heç şübhəsiz ki, Əhməd Cəfəroğlu
özünə dünya
şöhrəti
qazandıran əsərləri yazmasaydı belə,
təkcə “Azərbaycan
yurd bilgisi”nin nəşri onun adının elmi-ədəbi
dairələrdə əbədi yaşaması və gələcək
nəsillərin onu minnətdarlıqla yad etməsi
üçün kifayət idi” 1932-34-cü illərdə 36,
1954-cü ilin fevral ayında isə daha bir nömrəsi
çap olunmuş
jurnalın 1984-ci ildə
İstanbulda
bütün nömrələrinin
yenidən fotofaksimilə şəklində nəşr olunması
onun
aktuallığına, dəyərini
saxladığına dəlalət edir. AYB-nin 1-ci nömrəsində “Bir
neçə söz” sərlövhəli müqəddimədə Ə.Cəfəroğlu jurnalın
yaranma səbəbini izah edərək yazırdı “Son on il ərzində
müxtəlif sahələrdə Azərbaycanın tədqiqinə ciddi
təşəbbüs
edilməsi qismən
yaxşı nəticələr vermişsə də, mədəniyyətimizin bir
çox cəhətləri hələ də naməlum olaraq
qalmaqdadır. Yəni, tikilmək istənilən
böyük binanın təməli hələ boşluqlarla doludur.
Məhz bu binanın
təməlindək böyük boşluqlar yaranmasına səbəb
olmuşdur”. AYB-nin bu əsas qayəsi ilə yanaşı
“elmi münasibətin millətlər arasında gündən-günə
sıxlaşması və biri digərini bu vəsilə ilə
daha artıq tanıya bilməsi” zərurətini qeyd edən
Ə.Cəfəroğlu jurnal vasitəsilə həm
Azərbaycanın
tarixi, mədəniyyəti və
ədəbiyyatı
haqqında bilgilərin Avropa ictimaiyyətinə
çatdırılmasını, həm də Avropada Azərbaycana
aid aparılan müvafiq tədqiqatların AYB vasitəsilə
intişarını nəzərdə tuturdu. Və xüsusi
olaraq qeyd etməliyik ki, jurnalda bu mövzuda dərc olunan yazıların əsas
müəllifi də Ə.Cəfəroğlu özü idi.
Jurnalın bir neçə nömrəsi çapdan
çıxandan sonra qayəsi baxımından onu məmnun edən
hadisə baş vermişdi. “Fransa Musiqi Cəmiyyəti”nin məcmuəsi olan “Revuede Musicologie”
(“Musiqişünaslıq jurnalı”) oxucularına Türkiyədə
AYB adlı jurnalın nəşrə başlaması, Azərbaycan
musiqisinə, aşıq ədəbiyyatına aid məqalələr
dərc etməsi haqqında məlumat vermişdi. “Bir təşəkkür”
sərlövhəli kiçik yazıda Ə.Cəfəroğlu
“Revuede Musicologie”də çıxan məlumatı şərh
edərək yazırdı “Müştərək elm yolunun yolçusu bulunan məsləkdaşımıza
göstərdiyi bu münasibətə görə təşəkkür
edirik. Düşünürük ki,
məcmuənin sonrakı nömrələrində də
bizim yazılara aid məlumatlara rast gələcəyik”. AYB-də
Azərbaycan-Avropa
ədəbi əlaqələrinin
işıqlandırılması bir neçə istiqamətdə
aparılırdı. Jurnalda Avropa ölkələrinin mətbuatında Azərbaycan dili, ədəbiyyatı
və mədəniyyətinə aid dərc olunmuş
yazılar tədqiqat xarakterli məqalələrdə araşdırılır, Avropa alimlərinin bu mövzuda əsərləri,
onların haqqında məqalələr dərc
olunur, “Təhlil və
tənqidlər” guşəsində müvafiq əsərlərə
və resenziyalara yer verilirdi.
Məlahət Rzayeva
Şərq.-
2019.- 28 noyabr.- S.13.