Bəzi mətbuat xidmətləri fəallaşıb
“Sosial
şəbəkədə jurnalistlərlə daim ünsiyyətdə olurlar. Suallara
operativ reaksiya verirlər”
Jurnalist üçün xəbər hər şeydən
önəmlidir. Ölkədə və dünyada baş
verən hadisələri, önəmli xəbərləri
operativ şəkildə oxuculara çatdırmaq KİV-lərin
borcu olsa da, hərdən informasiya əldə etməklə
bağlı ciddi çətinliklər yaşanır. Məsələ ondadır ki, media nümayəndələri
gün ərzində məlumat əldə etmək,
informasiyanı dəqiqləşdirmək üçün
müxtəlif ünvanlara müraciət edirlər. Belə ünvanlar arasında dövlət
qurumlarının mətbuat xidmətlərinin xüsusi
çəkisi var. Bu mənada dövlət orqanlarının
mətbuat xidmətlərinin yaxşı işləməsi
jurnalistlər üçün çox önəmlidir. Ümumiyyətlə, mətbuat xidmətlərinin fəaliyyətində
operativlik olarsa, bu, təbii ki, ən çox KİV əməkdaşlarının
işinə yarayar. Əslində
onların işi də mətbuat nümayəndələrinin
sorğularını cavablandırmaq, onlarla əlaqə
qurmaqdır.
Lakin reallıq odur ki, mətbuat xidmətlərinin
hamısından informasiyanı almaq o qədər də asan
olmur. Bəzi hallarda isə bir sıra mətbuat katibləri
və ya xidmətin əməkdaşları medianı aidiyyəti
vəzifəli şəxslə əlaqələndirmək əvəzinə
jurnalistləri sadəcə “yola verirlər”. Azərbaycanda dövlət qurumlarının mətbuat
xidmətlərinin hamısı media ilə eyni səviyyədə
çalışmır. Etiraf etməliyik ki, fəaliyyətsizliyi
ilə jurnalistləri narazı salan mətbuat xidmətlərinin
sayı az deyil. Təəssüf
ki, bir sıra dövlət qurumlarının mətbuat xidmətləri
cəmiyyətlə əlaqələrdə maraqlı deyil və
buna görə jurnalistlər üçün qapalı
sayılır. Jurnalist hansısa məlumatı
əldə edir və onu dəqiqləşdirmək
üçün müvafiq qurumun mətbuat xidmətinə
müraciət ünvanlayır. Cavabında
telefonlar ya sönülü olur, ya da zənglərə cavab
verən tapılmır. Bəziləri isə
“sualınızı “e-mail”imizə göndərin, rəsmi
cavab verək” deyirlər. Lakin operativlik
baxımından bu üsul heç də əlverişli olmur.
Bəzi mətbuat xidmətləri isə press-reliz
yaymaqla işlərini bitmiş hesab edirlər. Yəni media
ilə daimi işləmirlər, jurnalistləri maraqlandıran
suallara anındaca cavab vermirlər. Bunun nəticəsidir
ki, jurnalistlər bəzən hər hansı məlumatı dəqiqləşdirmək
üçün alternativ mənbələrə
çıxmaq və qeyri-rəsmi informasiyanı yaymaq məcburiyyətində
qalırlar.
Bakıdan fərqli olaraq bölgələrdə fəaliyyət
göstərən müxbirlərin rayonlarda baş verən
hadisə, təbii fəlakət və digər faktlarla
bağlı məlumat əldə etmələri daha da çətindir. Çünki
hansısa nazirlik, komitə və digər qurumlarla
bağlı baş verən hadisə barədə məlumat əldə
etməkdən ötrü bölgə müxbirləri qurumun
yerli şöbələrinə müraciət edirlər.
Əksər hallarda yerli orqanlar bölgə
müxbirlərinə məlumat verməkdən çəkinirlər
və müxbiri qurumun mətbuat xidmətinə yönləndirirlər.
Nəticədə isə məlumat ya gecikir, ya
da əhəmiyyətini itirir.
Lakin elə mətbuat xidmətləri də var ki, onlar
jurnalistlərlə çalışmaqda maraqlıdırlar. Həmin mətbuat
xidmətlərindən günün istənilən saatında
istənilən məlumatı dəqiqləşdirmək
mümkündür. Xüsusən, son aylar
bu sahədə müşahidə olunan müsbət tendensiya
təqdirəlayiq hesab olunmaqdadır. Sirr
deyil ki, son zamanlar texnoloji inkişafın yüksək həddə
çatması, sosial şəbəkələrin aktivləşməsi
jurnalistikanın da imkanlarını genişləndirir,
informasiya yayımının sürətlənməsinə səbəb
olur. Sosial şəbəkələrin
aktivləşməsi mətbuat katibliyi institutunun da işinə
müsbət təsir edir. Müxtəlif
qurumlarla bağlı informasiyaların jurnalistlərə,
mediaya ötürülməsi prosesi sürətlənir.
Bir neçə dövlət qurumlarının
mətbuat xidmətləri sosial şəbəkələrdə,
ələlxüsus feysbukda daim jurnalistlərlə ünsiyyətdə
olurlar. Hətta bir sıra qurumların mətbuat
xidmətləri hər gün, bəzən isə gündə
iki-üç dəfə qurumla bağlı yeni
informasiyanı sosial şəbəkədə paylaşır,
problemlə bağlı jurnalistlərin suallarına operativ
reaksiya verirlər. Bu zaman təbii ki, həm
dövlət qurumu, həm də informasiya
axtarışında olan media orqanları üçün
qaneedici və əlverişli mühit yaranır. Xüsusən, son dönəmlər dövlət
başçısı tərəfindən rəhbərliyi dəyişdirilən
bəzi qurumlarda mətbuat xidmətləri də paralel olaraq
aktivləşiblər. Ekspertlərin fikrincə, həqiqətən
sosial şəbəkə anında xəbər
çatdırma və xəbər alma
mexanizminə çevrilib. Əgər mətbuat
xidmətləri bu platformadan istifadə etmirlərsə, ancaq
press-relizlər, bəyanatlar göndərməklə kifayətlənirsə,
bu, onların uduzmağı deməkdir.
Ekspert: “Mətbuat
xidmətlərinin fəallaşması, hətta jurnalistlərin
suallarını qabaqlaması sevindirici haldır”
Məsələni “Şərq”ə dəyərləndirən
tanınmış media eksperti Zeynal Məmmədli deyib ki,
bütün ictimai qurumların mətbuat xidmətindən
sosial şəbəkədə aktiv olmağı tələb
etmək olar.
Ekspertin sözlərinə görə, qurumların fəaliyyətinin
şəffaf olması və bunun mətbuat vasitəsi ilə
ictimaiyyətə ötürülməsi demokratik mühit
formalaşdıran hər bir ölkə üçün vacib
şərtdir:
“Bu prosesə nəzarəti jurnalist birlikləri həyata
keçirməlidir. Jurnalist birlikləri media
qurumlarının adından çıxış edərək
mətbuat xidmətlərindən fəal olmağı tələb
etməlidir. Vaxtında məlumat əldə
etmək prosesində nələr çatmır, hansı
hallarda suallar cavabsız qalır, ilk növbədə bu məsələlərin
üzərinə getmək lazımdır. Bir çox hallarda cəmiyyəti birbaşa narahat edən
problemlər barədə informasiya qıtlığı
yaşanır. Bəzi qurumların fəaliyyətində
çatışmazlıqlar açıq-aşkar
ortadadır. O baxımdan az da olsa
müəyyən qurumların mətbuat xidmətlərinin
sosial şəbəkələrdə aktiv olmaları,
jurnalistlərin suallarına operativ cavab vermələri
çox təqdirəlayiqdir. Bu, bizi sevindirir.
İstərdik, digər qurumlar da məsələlərə
bu cür operativ və obyektiv reaksiya versinlər. Hətta bəzi mətbuat xidmətlərinin
jurnalistlərin suallarını qabaqlaması daha sevindirici
haldır”.
Media
eksperti vurğulayıb ki, əslində qurumlar özləri
müəyyən etməlidir ki, onların fəaliyyəti ilə
bağlı hansı məqamlar cəmiyyət
üçün maraqlıdır: “Əgər maraq yoxdursa,
qurumlar özü cəmiyyətin ictimai marağını
artırmalıdır. Təəssüf ki, hələlik
bunları görmürük. Yenə deyirəm, bu iş
ilk növbədə jurnalist birliklərinin və Mətbuat
Şurasının üzərinə düşür. Sözsüz ki, yeri gəldikcə məhkəmə
praktikasına da baş vurmaq lazımdır. Əgər hansısa qurum informasiyanı vaxtında
vermirsə, qəsdən yubadırsa, bu halda mütləq məhkəməyə
üz tutulmalıdır. Media qurumları
da həmin məhkəmə prosesini çox ciddi
işıqlandırmalıdır ki, digər dövlət
qurumlarına dərs olsun”.
Z.Məmmədlinin
fikrincə, dövlət qurumlarının rəhbərliyi ilə
mətbuat xidmətinin fəaliyyəti bir-birinə çox
bağlıdır: “Mətbuat xidmətləri praktikası Azərbaycan
üçün təzədir. Gəlin,
düşünək, hansısa bir vətəndaş öz həyatının
ictimai tərəfini nə qədər şəffaf etməyə
hazırdır?! Əgər hazır deyilsə,
belə bir şəxs dövlət qurumuna işə gətirildikdə,
idarəetmədə təmsil olunduqda məişətdəki
davranışını ictimai fəaliyyətinə də əks
etdirir. Problemin digər mühüm tərəfi
də var. Acı reallıq odur ki, bizdə dövlət
qurumlarının mətbuat xidmətləri şəxsi sədaqət
prinsiplərinə dayanaraq fəaliyyət göstərirlər.
Mətbuat xidmətlərinin çox vaxt özlərini
doğrultmamasının səbəbi bununla
bağlıdır”.
Z.Məmmədli
bildirib ki, media ilə səmimi və obyektiv işləmək
niyyətində olan qurum başçıları vəzifəyə
gəldikləri zaman mətbuat xidmətlərinin rəhbərlərini
dəyişməməlidir:
“Əfsuslar olsun ki, bizdə qəribə tendensiya
yaranıb. Hansısa nazir və komitə sədri posta oturan kimi
ilk işi qurumun mətbuat xidmətini dəyişmək olur.
Hətta bəzi hallarda rəhbəri dəyişməklə
qalmır, əməkdaşları belə əvəzləyirlər.
Bu da onu göstərir ki, rəhbərlik mətbuat
xidmətini şəxsi sədaqət prinsipinə uyğun
formalaşdırır. Bu addım dövlət
orqanları ilə ictimaiyyət və media arasında əlaqələrin
qurulmasına imkan vermir. Əlbəttə,
başa düşürəm, mətbuat xidmətlərinin vəzifələrindən
biri də qurumun reputasiyasını qorumaqdır. Amma bunu elə bir şəkildə etməlidir ki,
ictimai maraqlara ziyan dəyməsin, ictimai hədəflər
daralmasın. İndiki şəraitdə
bunu etmək xeyli çətindir”.
Ekspert bəyan
edib ki, problemi aradan qaldırmağın yollarından biri də
mətbuat xidməti kimi fəaliyyət göstərən və
ictimaiyyətlə əlaqələri formalaşdıran
jurnalistin birbaşa həmin qurumun rəhbərindən
asılılığını aradan qaldırmaqdır: “Mətbuat
xidməti nə qədər rəhbərliyə tabedirsə,
ondan sərbəst və aktiv olmağı tələb etmək
mümkün deyil. Ona görə də bu
asılılığın nisbətən zəiflədilməsi
lazımdır. Bütün qurum rəhbərləri
bilməlidir ki, orada təmsil olunan jurnalistin əsas işi
ictimaiyyəti ətraflı məlumatlandırmaqdır. İctimai maraqlar bunu tələb edir. Lakin qurum rəhbərliyinin qadağaları bəzi
mətbuat xidmətlərinin operativ fəaliyyətinə imkan
vermir. Əlbəttə, mətbuat xidməti
qurum rəhbərliyinin məsləhət bildiyi formada məlumatlar
da yaya bilər. Mətbuat xidmətləri
işçi kimi rəhbərliyə tabedir. Ancaq hansısa informasiyanın yayılmasına
tamamilə mane olmaq, ictimaiyyəti məlumatlandırmamaq qəbuledilməzdir”.
Z.Məmmədli
problemin həlli üçün təkliflə
çıxış edib: “Qeyri-hökumət təşkilatı
kimi ayrıca bir qurum yaradılsın və dövlət
qurumlarının mətbuat xidmətləri həmin təşkilatda
birləşsinlər. Bu metod
asılılığı aradan qaldırmış olar.
Əgər jurnalist birbaşa mətbuat xidmətindən
vacib məlumatı ala bilmirsə, o halda ümumi təşkilata
müraciət edərək problemi çözər. Həmin təşkilat öz üzvü olan mətbuat
xidməti ilə media nümayəndəsinin əməkdaşlığını
təmin edər və onu ictimai məsuliyyətə cəlb
edər. Məncə, bu şəkildə
prosesə nəzarət etmək mümkündür. Şübhəsiz, bunu sadəcə bir variant, ehtimal
kimi irəli sürürəm. Ola bilsin,
başqa, daha təsirli metodlar da mövcuddur. Hər halda təkliflərin üzərində
düşünməyə dəyər”.
Tanınmış
media eksperti mətbuat xidmətlərinin jurnalistləri tənqid
etməsinə də münasibət bildirib: “Əksər
hallarda jurnalistlər mətbuat xidmətini tənqid edirsə,
bəzi hallarda isə mətbuat xidmətləri media nümayəndələrini
qınayırlar. Onları sualları
düzgün ünvanlamamaqda, qurumla bağlı prosesləri
bilməməkdə suçlayırlar. Hər
iki hal mümkündür. Mətbuat xidmətləri
məsuliyyətdən və cavabdan qaçmaq
üçün də bunu edə bilərlər. Ancaq sirr deyil ki, media qurumlarında
çalışanlar arasında qeyri-peşəkarlar kifayət
qədərdir. Jurnalistlər arasında
qeyri-peşəkarlığın olması bir sıra məqamlarla
yanaşı, mətbuat xidmətləri ilə əməkdaşlığa
da mənfi təsir göstərə bilər. Bizdə media nümayəndələrini peşəkarlığa
vadar edən sərbəst bazar olmadığına görə,
bu cür problemlər də ortaya çıxır.
İsmayıl Qocayev
Şərq.- 2019.- 19
noyabr.- S.11