"Müxalif siyasətçilərə
münasibət dəyişib"
Nizami Cəfərov:
Proseslər göstərir ki, iqtidar-müxalifət düşərgəsində yaxınlaşma meyli
var"
Dünyanın
müxtəlif yerlərində bəzi gənclərdən Azərbaycana
qarşı istifadə olunur. Bunlar da zamanla həllini
tapacaq
Azərbaycan Atatürk Mərkəzinin direktoru,
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Şərq”in
suallarını cavablandırıb. Akademiklə
bu yaxınlarda “Şöhrət” ordeni ilə təltif edilməsi,
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası,
hazırkı ədəbi mühitdəki durum, ölkəmizdə
rusdilli məktəblərin sayının artması,
Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları, iqtidar-müxalifət dialoqu və başqa məsələlər
ətrafında müzakirə apardıq.
- Bu
yaxınlarda “Şöhrət” ordeni ilə təltif edildiniz.
Təbrik edirik! Bu necə hissdir, bu ordenə
layiq görülmək üçün nələr etmək
və ya nələrdən keçmək gərəkir?
- Əlbəttə, çox yaxşı hissdir. Əməyimi
yüksək qiymətləndirdiyi üçün cənab
Prezidentə minnətdarlığımı bildirirəm.
Ümumiyyətlə, hər hansı bir işi
görmək üçün öncə insan özündə
məsuliyyət hiss etməlidir. Sənə
aid olan missiyanı gücün daxilində ardıcıl olaraq
yerinə yetirməlisən. Xidmət etmək,
çalışmaq, xalqını, vətənini sevmək
lazımdır. Bunlar çox böyük
hisslərdir.
- Sizi
kitab sərgisində gördük. Bir zamanlar
ölkədə kitaba marağın olmamasına dair bir
düşüncə, stereotip formalaşmışdı.
Sizcə, bu sərgi həmin stereotipi
dağıda bildimi?
- Əvvəlcə deyim ki, hər şey - dünyaya
inteqrasiya da mədəniyyət üzərində qurulub. Bütün bunlar
ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə gerçəkləşən
işlərdir. Bu işi də mədəniyyət
naziri Əbülfəz Qarayev yerinə yetirir. Kitabın
təbliğatı məsələsi ilə bağlı həm
Azərbaycanda, həm də ölkə hüdudlarından
kənarda xeyli işlər görülüb. Dünyadakı
bütün kitab yarmarkalarında Azərbaycan iştirak edir. Bu
yaxınlarda Bakıda kitab mərkəzi açıldı.
O mərkəzə nə zaman getsəniz, görəcəksiniz
ki, gənclər ora toplaşıb, oxuyurlar. Həmin
mərkəzin rəhbəri Günel Anarqızıdır.
O da vəzifəsini ləyaqətlə yerinə yetirir. Onu da deyim ki, ümumiyyətlə, oxucu problemi
dünyanın hər yerində var. Amma yazıçı
varsa, sanballı kitablar yazılırsa, oxucu da olacaq. Sadəcə olaraq, kitaba və kitab çapına
şərait yaratmaq lazımdır ki, bu poroses də gedir.
- Gənc
ədəbi nəsli izləyirsinizmi? Onlarla bağlı
düşüncələriniz maraqlıdır...
- Hər
halda nikbin düşünmək lazımdır. “Gənclik” jurnalı var. Hər dəfə onun səhifələrində
yeni imzaya rast gəlirik. Bundan başqa gənclər
“Azərbaycan” jurnalı və “Ədəbiyyat” qəzetində
çap olunurlar. Yaxşı istedadlı və obyektiv düşüncəli
gənclər var. Ənənələri davam etdirən və
eyni zamanda modern düşüncəli gənclər
yetişib. Amma onların
yaradıcılıq və tələbkarlıq
axtarışlarında peşəkarlığı bir az çatışmır. Təsəvvür
edin, istedadlı
gənclər gəlir, amma istedadın təkmilləşməsinə
çalışmırlar. Amma
istedadlarını daha da təkmilləşdirməlidirlər.
Gücüm çatan qədər oxuyuram və
dəstək oluram. Gənclərin kitabları da çap olunur. Azərbaycan Yazıçılar Birliyində gənclərlə
Rəşad Məcid işləyir. R.Məcidin
bu istiqamətdə çox böyük xidmətləri var. Gənclərlə
oxucuların görüşü təşkil olunur. Gənclər AYB-nin strukturunda yer tuturlar. Onlara təqaüdlər verilir. Kitabları
çap olunur. Buna rəğmən bütün hallarda yaşlı
nəsillə gənc nəsil arasında ədəbi zövq
məsələsində polemika həmişə olub. Bu bütün dövrlərdə olub, indi də var.
Sabah və ya birisi gün durub desəm ki, gəncliyin
yaradıcılığı yaxşı səviyyədə
deyil, bu o deməkdir ki, mən yaşlanmışam və
zövqüm onların zövqündən fərqlənir.
Hələlik gənclər haqqında pessimist
danışmaq hələ tezdir. Yəqin 5-10 il sonra pessimist danışa bilərəm. Belə olan halda da nəzərə almaq
lazımdır ki, artıq zövqlər fərqlənib və
burada gəncliyin günahı yoxdur.
- Rusdilli
məktəblərin sayının artması bəzi
ziyalılarımızı narahat etməyə başlayıb.
Sizcə, bu, problematik haldırmı?
- Bu məsələlər
çox müzakirə olunur. Rusdilli məktəblərin
sayının artması daha çox praktik proseslərlə
bağlıdır. Çünki Rusiya bizə
qonşu olan ölkədir. Biz Rusiya
bazarında maraqlıyıq. Həm də
bizim ənənəmiz var axı. Rus dili
Azərbaycan dilindən daha geniş yayılıb. Azərbaycan dili hələlik o səviyyədə
deyil. Biz də
çalışırıq ki, Azərbaycan dili də beynəlxalq
səviyyəli dil olsun. Amma başqa bir problem odur ki,
ingilis dili bizim ünsiyyət prosesinə daxil ola
bilmədi. Yəni rus dilini əvəz edə
bilmədi. Bizə yaxın olan bazar Rusiya
bazarıdır. Bütün hallarda Azərbaycanda
Azərbaycan dilinin qarşısına heç bir dil keçə
bilməz. Azərbaycan dili inkişaf edir.
Dünyanın ən inkişaf etmiş 25 dili
sırasındadır. Güman edirəm ki, rus dili ilə
bağlı vəziyyət ötəri prosesdir. Rus dilini öyrənməsək Rusiya bazarını
itirə bilərik. Amma təbii ki, ingilis
dilinin öyrənilməsi də vacibdir. Bütün
hallarda Azərbaycanın dövlət siyasəti onu təsdiqləyir
ki, Azərbaycan dili bizim əsas, ana dilimizdir. Azərbaycan dilini mühafizə edən çoxlu
şərtlər var. Ölkə başçısı
dilimizin saflığının qorunmasına dair sərəncam
imzalayıb. Ölkə daxilində, dövlət orqanlarında Azərbaycan
dilində danışılır və başqa cür də
mümkün deyil.
- Nizami
müəllim, bir az da siyasi məsələlərdən
söhbət açaq. İllərdir,
Dağlıq Qarabağ münaqişəsi həllini
tapmır. Siz bu məsələnin həllini
nədən görürsünüz?
-
Hamımız artıq Dağlıq Qarabağ problemi ilə
bağlı mütəxəssisə çevrilmişik. Hadisələrin necə baş verdiyini hər kəs
bilir. Ümummilli liderimiz çox
böyük siyasət həyata keçirdi. Dağlıq Qarabağ məsələsini beynəlxalq
müstəviyə çıxardı. Bu,
regional münaqişə kimi də qala bilərdi. Amma ulu öndər məsələni beynəlxalq
miqyasa çıxardı. Bu müddət ərzində
də münaqişənin həlli ilə məşğul
olunur. Ayrı-ayrı ölkə parlamentlərinin
qəbul etdikləri qərarlar da bunu göstərir. Güman etmirəm ki, bu məsələni birbaşa
hərb yolu ilə həll etməkdən başqa çarə
qalmayıb. Düzdü, Azərbaycan ordusu
da öz gücünü göstərib. Düşmənə
gücümüzü aprel döyüşlərində göstərdik. Mən elə bilirəm ki, münaqişə
sülh yolu ilə həll olunacaq. Konfliktin
sülh yolu ilə həll olunması uğrunda da qəribə
müharibə gedir. Hər halda bu
müharibədə qalib gələcəyik. Paşinyan
kimi avantüristlər
Ermənistan tərəfinə heç bir uğur
gətirmir. Dünyada da ağıllı adamlar,
siyasilər var. Bütün proseslər bizim xeyrimizədir.
Güman edirəm ki, Dağlıq Qarabağ
münaqişəsi Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində tezliklə
həll olunacaq.
- Ötənlərdə
iqtidar-müxalifət dialoqu baş tutdu. Bu dialoq
hansı zərurətdən irəli gəldi?
- Ölkəmizlə bağlı xarici
avantürist meyillərin meydana çıxmasına baxmayaraq
Azərbaycanda yürüdülən siyasət budur ki,
iqtidar-müxalifət polemikası sağlam şəkildə
aparılsın. Bunu ilk növbədə Azərbaycan hakimiyyəti
istəyir. Dəfələrlə müraciətlər olub. Bu
prosesi ümummilli lider Heydər Əliyev başladıb,
hazırkı ölkə başçısı cənab
İlham Əliyev də uğurla davam etdirir. Mətbuata,
müxalifət mətbuatına, eləcə də müxalif siyasətçilərə
münasibət dəyişib. Müxalifət də öz
obrazını yaratmalıdır,
dağıdıcılıqla məşğul
olmamalıdır. Son proseslər göstərir
ki, hər iki düşərgədə yaxınlaşma meyli
var və bu, ölkəmizə xeyir gətirəcək.
İqtidar-müxalifət münasibətləri yeni mərhələyə
qədəm qoyub. Ölkənin taleyi məsələsində
vahid mövqedən çıxış edilməlidir.
Başqa şərtlər var. Dünyanın müxtəlif
yerlərində bəzi gənclərdən Azərbaycana
qarşı istifadə olunur. Bunlar da zamanla həllini tapacaq.
Onlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə
bilməyəcəklər.
- Bu günlərdə sabiq TQDK sədri
Vurğun Əyyubu itirdik. Siyasi mövqeyindən asılı
olmayaraq hər kəs ona rəhmət diləyərək
üzüldüyünü ifadə etdi. Sizcə, cəmiyyətin
öz ziyalısına bu cür dəyər verməsi nəyin
göstəricisidir?
- Əvvəla, Allah Vurğuna rəhmət eləsin.
O, yaxşı ziyalı idi, təmkinli adam idi. O da filoloq idi.
Əvvəllər müxtəlif vaxtlarda münasibətlərimiz
olub da, olmayıb da. Onun yaxşı məqalələri var. Tədqiqatçı
kimi də yaxşı idi. O, başını siyasətə
qatmasa idi, yaxşı alim olardı. O, siyasətçi
deyildi. Yenə deyirəm, siyasətə çox
qarışmasa idi, çox böyük bir alim də ola bilərdi.
Bununla yanaşı onun da xidmətləri olub. Gənclərimiz
o cür ziyalılardan ibrət götürməlidirlər. Bəzən
ziyalılarımız siyasətə gedirlər və siyasətdə
özlərini itirməli olurlar. O mənada ki, görə biləcəkləri
işləri görə bilmirlər. Vaxt itirirlər. Müəyyən
məsələlərdən başları
çıxmır. Ona görə də istedadları
boş-boş işlərə sərf olunur.
Əhməd Ayyət
Şərq.- 2019.- 1
oktyabr.- S.5