Artıq dörd ay tamam olub
Əməkdar artist Nigar Şabanova övladlığa uşaq götürüb. Xanəndə bu barədə Space TV-də yayımlanan "Həmin vaxt" adlı verilişdə danışıb.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, əməkdar artist dörd aydır qız uşağını övladlığa götürüb:
"Mənim üçün çox məsuliyyətli və cəsarətli bir addım oldu. Uşaq anadan olan kimi, onu övladlığa götürdüm. Artıq dörd ay tamam olub. Əslində, bu xəbəri heç kimlə bölüşmək istəmirdim. Sadəcə, qatıldığım verilişdə etiraf etməyimi istədilər. Mən də içimdən gəldiyi üçün hər şeyi danışdım. Düşünürəm ki, bundan gözəl etiraf olmazdı. Övladlığa uşaq götürmək şəxsən mənim üçün çox çətin bir qərar idi. Bir ildir ki, bu addımı atmağı düşünüb, götür-qoy edirdim".
Nigar Şabanova ailə qurmasa da uşaq eşqi ilə alışıb yandığını dilə gətirib:
"Subayam. Gələcəkdə ailə quracağam. Amma çox istəyirdim ki, indi qucağıma bir övlad alım. Böyüsün və məni tezliklə "mama" deyə çağırsın. Mən qız övladlarını çox sevirəm. Bilmirəm, ailə qurandan sonra qızım olacaq, ya yox, amma istədim ki indi bir qız uşağım olsun və onu böyüdüm. Heç olmasa qırx yaşım olanda onun da on yaşı olsun".
Xanəndə redaksiyamızın əməkdaşı ilə söhbətində, övladlığa götürdüyü uşağın valideynlərinin ondan imtina etdiklərini bildirib:
"Uşağın valideynləri ondan imtina ediblər. Onlarla anlaşmam oldu ki, nə zaman istəsələr, uşaqlarını gəlib görə bilərlər. Burada qadağadan söhbət gedə bilməz. Mən ananı baladan ayıra bilmərəm. İstəməsələr də, onları məcbur edə bilmərəm. İnanın ki, uşağa olan hislərimi dilə gətirə bilmirəm. Qucağımda oynadıram, mənə baxır, gülməyə başlayır. Qucağımdan yerə qoyan kimi ağlayır. Analıq necə də kövrək hisslərdən ibarətdir. Tamam fərqli hisslər yaşayıram. İndi onun ilk addımlarını gözləyirəm. Çox sevinirəm ki, ailəm mənim yanımda oldu və mənim bu addımımı dəstəklədilər. Valideynlərim də uşağı öz nəvələri kimi qəbul ediblər və onu çox sevirlər. İnanıram ki, gələcəkdə ailə həyatı qurandan sonra övladlığa götürdüyüm uşaqla bağlı heç bir problem yaşamayacağam".
Şərq.- 2019.- 3 oktyabr.- S.13