Azərbaycan pedaqoji fikir
tarixinə dair dəyərli vəsait
“Bizim
xalqımızın milli, mənəvi ənənələri,
mədəni, milli dəyərləri həmişə əsrlər
boyu xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə
edib, böyüdüb, yaşadıbdır...”
Heydər
Əliyev
Naxçıvan Dövlət Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan
Respublikasının Əməkdar müəllimi Kamal Camalov ən
məhsuldar qələm sahiblərindən biridir. Kamal müəllimin
ictimai fikrin müxtəlif problemlərindən bəhs edən
araşdırmaları oxucular tərəfindən rəğbətlə
qarşılanır. Həmin
araşdırmaların nəticəsi olan əsərlərin-monoqrafiyaların,
dərslik və dərs vəsaitlərinin sayı 20-dən
çoxdur. 250-dən artıq elmi-pedaqoji,
publisistik yazısı işıq üzü görmüşdür.
Çinar ağacı yarpağından
tanındığı kimi K.Camalovun da
yaradıcılığı öz qələm üslubu ilə
tanınır. Məhz belə bir qabiliyyətə
malik olmaq imkanı onun bu cür faydalı işlər görməsinə
şərait yaratmışdır. Alimin “Pedaqoji-psixoloji fikrin
inkişafı sələflərdən xələflərə
(VII əsr - XX əsrin əvvəlləri)” adlanan (ADPU-nun nəşriyyatı,
2019; Elmi redaktoru akademik H.Əhmədov) dərs vəsaiti qiymətli
vəsaitdir. Düşüncəmə görə,
pedaqoji fikrimizin inkişaf tarixinə dair yazılan hər bir
kitab dəyərlidir. Çünki “Tarix keçmişlərin
təcrübə və müdrikliyini gənc nəslə
çatdırır” Diodor. Zəngin məzmuna
malik bu vəsaitin mən yalnız bəzi məqamlara toxunmaqla
dərs vəsaiti haqqında sadəcə müəyyənlik
yaratmaq fikrindəyəm.
Dərs vəsaitini
aşağıdakı məzmun xətlər üzrə
ümumiləşdirmək olar:
- VII-XV əsrlərə
qədər və sonra Azərbaycan mütəfəkkirlərinin
dövrü və onun mühüm pedaqoji problemləri,
uyğun olaraq tərbiyə, təhsilin, onun təşəkkülünə
təsir edən amillər;
- Həmin
dövrdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin
təhsil və tərbiyə haqqında ideyaları;
- XVIII-XIX
əsrlərdə Azərbaycanda maarif və pedaqoji fikrin
inkişaf istiqamətləri, pedaqoji fikrin aparıcı
nümayəndələrinin ideyaları;
- XIX əsrin
əvvəllərində Azərbaycanda pedaqoji fikir.
Öncə
qeyd edim ki, vəsaitdə klassiklər haqqında (Həzrəti
Əli, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı
Əvhədi, Fəzlullah Nəimi və .),
onların yaradıcılığının bədii sənətkarlıq
xüsusiyyətləri haqqında çox deyilib, çox
yazılıb. Klassiklərin əsərlərinin
ideya mənbələri, el variantları, elmi
çalarları, təsir dairələri
araşdırılıb, əsərlərinin kommentarili elmi nəşrləri
buraxılıb. Orta və ali məktəblərimizdə
Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi
və başqaları həmişə öyrənilib və
indi də öyrənilməkdədir. Lakin
adlarını çəkdiyimiz bu elm azmanlarının, üləmaların
irsi elə zəngin, nəhayətsiz elm və sənət xəzinəsidir
ki, insanlar onlardan iqlim-iqlim, zaman-zaman bəhrələnsələr
də “doydum, bəsdir” deməzlər. Ölümsüzlük
qazanan klassik sənət adamlarımızın
yaradıcılığına birtərəfli yanaşmadan əl
çəkərək olduğu kimi, öyrənməyə
başladığımız indiki zamanda klassiklər irsinə
müraciət edilməsi daha aktual, daha gərəkli
görünür.
Adlarını
çəkdiyimiz Xaqani Şirvani, Nəsirəddin Tusi,
Marağalı Əvhədi, Fəzlullah Nəimi poeziya korifeyləri
olmaqdan əlavə, həm də dövrünün bütün
elm sahələri üzrə kamil bilici, ilahiyyat alimi
olmuşlar. Təəssüf ki, biz onları orta və ali məktəblərimizdə yalnız bir
şair və yaxud nəsr ustadı kimi tanımaqla kifayətlənmişik.
Baxmayaraq ki, onların söykəndikləri fəlsəfəyə,
yiyələndikləri elmə, tapındıqları hikmətə
bələd olmadan onların söz, fikir çəkisinin
ağırlığını, siqlətini lazımınca
duymaq, dərk etmək mümkün deyil.
Kamal müəllim hikmət sahiblərinin yiyələndikləri
elmə, fəlsəfi fikirlərinə bələd olduqdan
sonra onların tərbiyənin və elmin inkişafındakı
rolunu, əxlaqi-mənəvi dəyərləri, humanist gərüşləri,
valideyn-övlad münasibətinə baxış və
görüşləri təhlil-tədqiq obyektinə
çevirmişdir. Tərbiyənin və elmin inkişafında Həzrəti
Əlinin(ə.) rolundan bəhs edən tədqiqatçı
qeyd edir ki, Həzrəti Əli (ə.) elmə, biliyə yiyələnmək
yolları ilə bağlı orijinal fikirlərə sahibdir.
Göstərilir ki, Həzrəti Əli (ə.) elmi iki yerə
bölür: anadangəlmə elm və eşidilib öyrənilən
elm. Həzrəti Əli (ə.) deyir ki, anadangəlmə
qabiliyyət yoxdursa, eşitməklə öyrənilən elm
heç bir fayda verməz (Bax: səh.16). Həzrəti
Əlinin “Divan”ını və “Nəhcül-Bəlağə”
əsərlərini oxuyub tamamladıqdan sonra Pedaqoq-alim
haqlı olaraq belə qənaətə gəlir ki, Həzrəti
Əli (ə.) şəxsiyyətin təşəkkülündə
tərbiyənin gücünə böyük əhəmiyyət
vermiş və onu geniş mənada başa
düşmüşdür. Lakin tərbiyənin
rolunu həddən artıq şişirtməmiş, irsiyyəti,
xüsusən mühiti də şəxsiyyətin
formalaşmasına təsir edən mühüm amil kimi qəbul
etmişdir. Həzrəti Əliyə (ə.)
görə tərbiyənin məqsədi Vətənini,
xalqını qəlbən sevən, elmli, təhsilli, saf mənəviyyatlı,
sağlam əqidəli, geniş
dünyagörüşlü, əməksevər, mərd,
mübariz vətənpərvər şəxslər
yetişdirməkdən ibarətdir. O, tərbiyənin
sinfi xarakterdə olduğunu göstərmiş və sübut
etmişdir ki, nəcib əxlaq, saf mənəviyyat məhkum
sinifdə, əməkçi xalqda daha parlaq təzahür
edir. Əxlaq tərbiyəsindən bəhs edərkən Həzrəti
Əli (ə.) haqlı olaraq formasiya və ya antoqonist siniflərin
olduğu cəmiyyətin mahiyyətindən irəli gələn,
adamlarda daha çox özünü göstərən
acgözlük, mənsəbpərəstlik, fərdiyyətçilik,
xəsislik, tamahkarlıq, lovğalıq, paxıllıq,
yaltaqlıq, kobudluq və s. kimi sifətləri kəskin tənqid
etmişdir.
Kamal Camalov, eyni zamanda türkdilli xalqların
poeziyasına ilk dəfə əruz vəznini gətirən
Balasaqunlu Yusifin “Qutadğu bilig” (Xoşbəxtliyə aparan elm)
əsərində tərbiyə məsələlərini
geniş təhlilə cəlb etmişdir. Müəllif dönələrlə
vurğulayır ki, “Qutadğu bilig” əsəri əxlaqi
saflıq, mənəvi dəyər, humanizm, ədalət,
şərəf və ləyaqət, sadəlik və təvazökarlıq,
vicdanlılıq, əməksevərlik, qəhrəmanlıq,
mərdlik, qocalıq, alicənablıq, sədaqət və səmimiyyət,
dostluq və yoldaşlıq, dəyanət və ehtiram, vədəyə
əməl etmək, dar gündə başqalarına kömək
etmək, vətənpərvərlik, özündən
böyüklərə, valideynlərə hörmət etmək,
özündən kiçiklərə qayğıyla
yanaşmaq, ağlın gücü, alimlərə hörmət
və s. kimi görüşlər üzərində
qurulmuşdur. 85 bölmədən ibarət olan
bu əsərdə tədqiqatçı əsasən ailə
tərbiyəsi münasibətlərində valideynlərə
hörmət, uşaq tərbiyəsinə diqqət,
sonsuzluğa münasibət kimi görüşlərə
toxunur. K.Camalovun şərhindən oxuyuruq
ki, Balasaqunlu Yusif gənclərə evlənərkən
kökü, nəsəbi yaxşı olan və ya iffətli,
namuslu, təmiz ailədən qız almasını məsləhət
edir. Ər üzü görməmiş
olsun. Beləsi səni sevər, səndən
başqasını tanımaz, yaramaz hərəkətə yol
verməz deyir. Qeyd edir ki, evlənən
zaman özündən aşağı təbəqədən
qız al. Onda ömrün şad-xürrəm içərisində
keçər. Var-dövlət sahibi olan
qız alsan ömrünə yara vurmuş olarsan. Bu
yaranın da yeri həmişə göynəyər (Bax: səh.46).
K.Camalov “Qutadğu bilig” əsərini oxuyub bitirdikdən
sonra belə qənaətə gəlmişdir ki, Balasaqunlu
Yusif ailədə vahidlik prinsipi ilə yanaşı nümunənin
roluna böyük önəm vermişdir. Çünki
uşaq valideynin həyatında baş verən ən
kiçik dəyişikliyi görür, hiss edir, hətta
valideyn fikrinin bütün dönüşləri gözə
görünməyən yollarla uşağa çatır.
Məhz buna görə də hər bir valideyn
özünə qarşı tələbkar olmalıdır –
deyir.
Dərs vəsaitində diqqətimi çəkən məqamlardan
biri də Yaxın və Orta Şərq ölkələrində
alim, şair, mütəfəkkir və ən əsası
hürufilik təriqətinin banisi kimi tanınan Şeyx Fəzlullah
Nəiminin yaradıcılığında olan humanist
görüşlər oldu. Kamal müəllim
ehtimal nəzəriyyəsinə vararaq deyir ki, Şəhabəddin
Fəzlullah Təbrizi Astrabadi özünə Nəimi (Bol nemətli
mənasında) təxəllüsünü Qurandan
götürmüşdür. Vəsaitin 88-ci səhifəsində
oxuyuruq: Biz nəim ifadəsinə müqəddəs
kitabımız Quranda da rast gəlirik. Yerin və
göyün yaradanı Allah “Qurani-Kərim”də xoş əməl
sahibi olanları axirət dünyasında cənnətlərlə
mükafatlandırılacağını vəd edir. Belə cənnətlərdən biri də Nəimdir.
Yüz iyirmi ayədən ibarət olan “Əl-Maidə”
(“Süfrə”) surəsinin 65-ci ayəsində deyilir: “Əgər
kitab əhli (Məhəmməd peyğəmbərə və
Qurana) iman gətirsələr və Allahdan qorxaraq pis əməllərdən
çəkinsələr, Biz, sözsüz ki, onların
günahlarının üstünü örtər və
özlərini də (neməti bol olan) Nəim cənnətlərinə
daxil edərik”. Buradan belə ehtimal
çıxara bilərik ki, Fəzlullah “Nəimi” təxəllüsünü
“Quran”dan götürmüşdür. Həmçinin
nəim – xoşbəxt yaşamaq, firavan yaşamaq,
aydınlıq anlamını da ifadə etməkdədir.
Bununla o, tərəfdarlarının nəzərinə
çatdırır ki, əsl firavanlıq, xoşbəxtlik
xurafatçı axund və mollaların vəd etdiyi cənnətdə
deyildir, onu bu dünyada həqqə tapınmaqla tapa bilərsiniz
(Bax: səh.88).Fikrimizcə, Kamal müəllimin bu
ehtimalına bizim də şərik çıxmamız
doğru olardı. Tədqiqatçı K.Camalov haqlı olaraq
belə qənaətə gəlir ki, azad fikir və sərbəst
düşüncə sahibi olan Fəzlullah Nəimi
yaradıcılığında yaradılmışların ən
şərəflisi olan kamil insanı mədh etmiş, təhsili
kamil insanlar yetişdirmək üçün vacib
saymış, əxlaqi-etik normaları, ədəb-ərkan
qaydalarını əsas götürmüşdür.
XVIII-XIX əsrlərdə
Azərbaycanda maarif və pedaqoji fikrin inkişaf istiqamətləri,
pedaqoji fikrin aparıcı nümayəndələrinin
ideyaları məzmun xətti üzrə müəllif Molla Pənah
Vaqif, Mirzə Fətəli Axundov, Məhəmməd
Tağı Sidqi, Həsən Bəy Zərdabi və Nəcəfbəy
Vəzirov kimi görkəmli pedaqoq və maarifçilər tədqiqatçı
tərəfindən təhlil süzgəcindən
keçirilmişdir. Bildiyimiz kimi, Vaqifin
poeziyası müxtəlif dillərdə danışır və
Vaqif yaradıcılığı layiqincə qiymətləndirilir.
K.Camalov bildirir ki, Vaqif öz
yaradıcılığı ilə ədəbi-pedaqoji fikrin
inkişafında yeni bir dövr açmış, öz sələflərindən
öyrənmiş olsa da onların görə bilmədiyi son
dərəcə mühüm bir işi
görmüşdür. O da bundan ibarətdir ki, Vaqif ədəbiyyatı
milli həyata, milli məişətə, milli xarakterə
doğru yönəltmiş, realist bədii təfəkkürə
getdikcə genişlənən və dərinləşən
daimi bir cığır açmışdır. Onun şeirlərinin mövzusu da, forması da,
üslubu da xalqın həyatından, məişətindən,
milli keyfiyyətlərindən doğmuşdur. Eyni zamanda “Molla Pənah Vaqifin şeirləri gənc
nəsildə elmi dünyagörüşün
formalaşmasına keşməkeşli və şərəfli
tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz
ruhunda tərbiyəsinə geniş imkanlar açır”.
(İramin İsayev “Pedaqoji irsimizdən: Molla Vəli Vidadidən
H.K.Sanlıyadək” Bakı-2014, səh 45). Vaqif
tam mənası ilə milli bir şairdir. Göstərilir
ki, Vaqif, təlim-tərbiyə, əxlaqi saflıq və
xarakterin möhkəmliyi kimi etik məsələləri izah
edərkən bir mühüm,
düşündürücü həqiqəti də geniş
şərh edir. Bu da sevgidə sədaqət,
azad məhəbbət ideyası yolunda hər növ cəfaya
dözmək, ilqar saflığı və əhdə
dönük olmamaq kimi yüksək əxlaqi-estetik prinsiplərin
ardıcıllıqla müdafiəsindən ibarətdir.
Şairin əsasən belə bir işıqlı, təmiz
qayəni təlim etdiyi göstərilir: sevgi, eşq, gözəllik
o zaman birləşə bilər ki, sevgililər arasında
düz ilqar, təmiz, aydın və nurlu bir əlaqə
yaransın. Gözəllik azad, bakir və
ülvi bir məhəbbətə layiq keyfiyyətdir, elə
bir keyfiyyətdir ki, yalnız mənəvi-əxlaqi
saflığı etibarilə yüksək olanlar bu keyfiyyəti
yaşada bilər. Tədqiqatçı tərəfindən
haqlı olaraq göstərilir ki, Molla Pənah Vaqif mənsub
olduğu xalqın, doğma yurdunun gənclərini, ayıq,
huşyar cavanlarını elmə-maarifə yiyələnmiş,
açıqgözlü, mədəni bir nəsil kimi görmək
istəyir. Onun poeziya
yaradıcılığında estetik gözəlliyin əsasında
şairin tərbiyəvi-əxlaqi qayəsinin, təlim etikaya
dair müddəalarının geniş şərhi
dayanmışdır. Göründüyü kimi,
M.P.Vaqif cismən və ruhən gözəl, azad və təmiz
gəncliyi, ağıllı, nəcib, həyat mübarizəsinə
hazır, sevgidə, dostluqda möhkəm, yüksək əqidəli
vətəndaşlar kimi görmək, tanımaq və tərənnüm
etmək idealları ilə yaşamış və yazıb
yaratmışdır.
Dərs vəsaitində maraq kəsb edən təhlillərdən
biri də maarif xadimi Mirzə Fətəli Axundovdur. Çox ədəbiyyatlar
Axundovu ateist kimi təhlil edir və tanıdır. Kamal müəllim isə Axundov
yaradıcılığındakı faktlara söykənərək
həm də Axundovu deist dramaturq kimi təhlilə cəlb
etmişdir. Qeyd olunur ki, M.F.Axundov tərki-dünyalıq
ideyalarını təbliğ edən insanlara həyatda ən
adi zövqləri belə qadağan edən yalançı din
ümayəndələrini ciddi surətdə qınayır,
insan ləyaqətini alçaldan ruhaniləri şarlatan
adlandırır. Həmçinin, bəhs
edilir ki, M.F.Axundov dram əsərlərində, məktublarında,
fəlsəfi fikirlərində xalqı başa salır və
müraciət edir ki, qadınları azad edin, onları
qaranlıq evlərin qapalı divarları arasında həbs
etməyin, onların tərbiyəsi ilə məşğul
olun. “Ey camaat! Qadınları həbsdə,
örtük altında saxlamaq böyük zülm olmaqdan əlavə,
eyni zamanda bəşəriyyətin yarısı haqqında
edilən bu haqsızlığın kişilər üçün
də hədsiz-hesabsız zərəri vardır...
Qadınları həbsdə və örtükdə
saxlamayın! Onları tərbiyəsiz
qoymayın, onlara zülm və haqsızlığı rəva
görməyin. Bir nəfərdən artıq arvad
almayın!”. Və yaxud, yenə də
yalançı din xadimlərinin “Nəğmə oxuma,
haramdır; nəğməyə qulaq asma, haramdır; nəğmə
öyrənmə, haramdır; teatr yəni tamaşaxana
qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmək
məkruhdur; rəqsə tamaşa eləmə, məkruhdur;
saz çalma, haramdır; saza qulaq asma, haramdır; şahmat
oynama, haramdır; nərd oynama, haramdır; mənzilində
heykəl saxlama haramdır” – kimi
hayqışqırıqlarına qarşı Axundov yazır
ki, halbuki bunlar “müəyyən ölçüdə olarsa,
insanın düşüncəsinə cila verir, əqli
saflaşdırır və artırır”.
Göründüyü kimi, müəllif belə qənaətə
gəlir ki, Mirzə Fətəli Axundov islam
dininə deyil, islam dininə gətirilən və sağlam zəkaya
uymayan etiqadlara, xəyalatlara gülür, eyni dərəcədə
kəskinliklə rədd edir.
XX əsrin əvvəllərində
Azərbaycan maarifçilərinin pedaqoji fikirləri adlı məzmun
xətti üzrə müəllif əsasən Məhəmmədağa
Şahtaxtlının və Firidun bəy Köçərlinin
də maarifçilik fikirləri müəllif tərəfindən
oxunaqlı bir dillə, məntiqi ardıcıllıqla şərh
edilmiş, onların fikirləri uğrunda mübarizələri,
praktik fəaliyyətləri göstərilmişdir. Vəsait
axıradək çox maraqla oxunur. Dərs vəsaitinin
ən gözəl məziyyətlərindən biri Məhəmmədağa
Şahtaxtlının və Firidun bəy Köçərlinin
fəaliyyəti fonunda keçən əsrin (XX əsrin –
red.) ilk illərində Azərbaycanda əmələ gələn
canlanma ilə oxucuları tanış etməsindən ibarətdir.
Həmin illərdə maarif cəmiyyətlərinin
yaradılması, xalq maarifinin inkişaf etdirilməsi, tədrisin
ana dilində aparılması, dərsliklər
yaradılması, qadın azadlığı və s. məsələlər
ictimaiyyəti düşündürən başlıca
problemlərdən idi. Bununla əlaqədar ideya
ixtilaflarından irəli gələn mübahisələr,
mübarizələr də meydana çıxırdı.
Burada eyni zamanda F.Köçərlinin
“Tərəqqi”, “Şərqi-Rus”, “Dəbistan”, “İqbal”,
“İrşad”, “Molla Nəsrəddin” və digər qəzet və
jurnal səhifələrində məktəb işinə,
müəllimlərin həyatına, ana dilinə münasibət,
uşaqların tərbiyəsinə aid dərc edilmiş məqalələrinin
əsas məziyyətləri aşkar edilir. Daha sonra K.Camalov
Firidun bəy Köçərlinin uşaq kitablarına, dərsliklərə
və həmçinin “Molla Nəsrəddin” jurnalının fəaliyyətinə
dair qiymətli fikirlərinin elmi icmalını verir. Burada
F.Köçərlinin düzgün pedaqoji tələblər
qoyduğu göstərilir. Müəllif adlarını
çəkdiyimiz qəzet və jurnallarda bu mövzuda
çap edilmiş onlarca məqaləsinin təhlilini
vermiş, elmi ümumiləşdirmələr
aparmışdır. Kamal müəllim haqlı
olaraq belə bir nəticəyə gəlir ki, Məhəmmədağa
Şahtaxtlı və Firidun bəy Köçərli ana
dilinin tədrisi uğrunda, qadın azadlığı ətrafında
başlanan hərəkata və s. məsələlərə
rəhbərlik edən, istiqamət verən pedaqoq, mühərrir
kimi bu yolda böyük fədakarlıqlar göstərmiş,
həm ədəbi yaradıcılıqlarında, həm də
publisistikalarında bu mövzuya axıra qədər sədaqətli
olmuşlar.
Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Kamal Camalovun “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən
xələflərə (VII əsr - XX əsrin əvvəlləri)”
adlanan dərs vəsaiti yalnız təqdir edilməlidir.
Alim üçün ən böyük
mükafat elmdə nüfuz qazanmaq, görkəmli mütəxəssislər
tərəfindən dəyərləndirilmək, tələbələrinin,
müəllim kollektivinin və xalqın sevimlisinə
çevrilməkdir. Zəngin elmi
yaradıcılığı ilə şöhrət qazanan,
yetişməkdə olan nəslin tərbiyəsinə öz
töhfəsini verən dosent, Əməkdar müəllim
Kamal Camalov məhz belə bir uğur sahibidir. Sonda deyərdim
ki, gənc alim Kamal Camalovun monoqrafiyalarını, məqalələrini
oxuyanda yadıma belə bir kəlam düşür. Deyirlər, insanda olan əsl istedad, qabiliyyət istənilən
fəaliyyət növündə, peşədə və sənətdə
özünü biruzə verir. Əgər Nizami Gəncəvi
dünya ədəbiyyatının korifey şairi olmasaydı,
məşhur heykəltaraş, yaxud görkəmli rəssam
olardı. Əgər Əcəmi dahi memar olmasaydı,
tanınmış yazıçı və ya filosof olardı
və s. Mən bir professor olaraq məmnunluq duyuram ki, o, de fakto
bizimlədir. Kamal Camalova pedaqogika elmini daha yüksək zirvələrə
qaldırmaq naminə böyük nailiyyətlər
arzulayıram.
İsayev,
İramin
Şərq.-
2019.- 3 oktyabr.- S.10