"Ermənilərə
"Dağlıq Qarabağdan
çıxın" deyən
yoxdur" -
Aqil Abbas: "Onlar Azərbaycan konstitusiyası
və vətəndaşlığını
qəbul edib, orada yaşaya bilərlər"
Millət vəkili
Aqil Abbas “Şərq”in suallarını
cavablandırıb. Parlamentari ilə
Prezident İlham Əliyevin Soçidəki
çıxışı, Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları, Paşinyanın
uğursuzluğu, Azərbaycanda
ədəbi mühit və ölkəmizdə kitaba olan marağın artması, girovların dəyişdirilməsi və
s. məsələlər ətrafında
maraqlı müzakirə
apardıq.
- Prezident İlham
Əliyev Soçidə
səsləndirdiyi “Qarabağ
Azərbaycandır nida
işarəsi!” bəyanatı
kimlərə, hansı
mesajı verdi?
- “Valday” müzakirələri
dünyanın diqqət
mərkəzində olan
tədbir idi. Cənab Prezidentin həmin bəyanatı o tədbirdə səsləndirməsi
daha böyük məna və əhəmiyyət kəs
edir. Dövlət başçılarının,
dünyanın aparıcı
insanlarının qatıldığı
bir tədbirdə, cənab Prezident Dağlıq Qarabağ münaqişəsinə
dair həqiqəti dünyanın gözünün
içinə baxıb
səsləndirdi. Ölkə
başçısı “Qarabağ
Azərbaycandır, nida
işarəsi” deməklə bir daha dünyaya mesaj verdi ki,
bu məsələnin
başqa variantı yoxdur, ağlınıza başqa şey gəlməsin!
- İrəvanda baş tutan Avrasiya İqtisadi Birliyinin toplantısı və Ermənistanın baş naziri Nikol Paşinyanın Amerikaya səfəri onun dünya liderləri arasında heç bir nüfuzunun olmadığını
göstərdi...
- Paşinyan istədiyi qədər sərsəmləyə bilər.
Onun mövqeyi Ermənistanın özünə
zərbə vuracaq. Ermənistanın baş naziri danışdıqca beynəlxalq aləm onun kim olduğunu
görür. Baş nazir ağzına gələni söylədikcə
Ermənistanı daha ağır duruma salır. Bu da bizə sərf
edir, çünki nəticədə zəifləyən
düşmən ölkədir.
"Qarabağ Ermənistandır" deməklə
Paşinyan insanlarımızın
əsəbləri ilə
oynayırdı. Amma indi ona konkret
yeri göstərildi. Çünki biz sübut etmişik ki, Azərbaycan problemin sülh yolu ilə həllinə
çalışır, ancaq
bunu pozan işğalçı Ermənistandır.
Heç kəs narahat olmasın, Paşinyan bu addımlarına görə,
layiqli cavabını aldı, bundan sonra da alacaq.
- Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi niyə
gecikir, problemin həllini tormozladan hansı ölkədir ?
- Münaqişənin həllinə mane olan ATƏT-in həmsədrləri və
onların təmsil etdiyi ölkələr -
ABŞ, Fransa və Rusiyadır.
Onlar işğalçı
ölkə rəhbərinə
qarşı bəyanat
verməlidirlər. BMT, ATƏT hara baxır ki, Paşinyan bu cür açıqlamalar
verir? Bu beynəlxalq təşkilatlar
Paşinyanın hərəkətlərinə
münasibət bildirməlidirlər.
Həmsədrlər olmasa
idi, istər müharibə, istərsə
də sülh yolu ilə münaqişəni
çoxdan həll edərdik. Həmsədrlər
ermənilərin arxasından
çəkilsə, məsələni
sülh yolu ilə də çözə bilərik.
Çünki Ermənistan
onlara arxalanır. Himayədarları onların
arxasından çəkilsə,
ermənilər gizlənməyə
deşik axtaracaqlar. Ermənilərə "Dağlıq
Qarabağdan çıxın"
deyən yoxdur. Onlar Azərbaycan konstitusiyası və vətəndaşlığını qəbul edib, orada yaşaya bilərlər. Hazırda Bakıda 30 min erməni yaşayır. Hamıdan da yaxşı yaşayırlar.
Digər ermənilər
də Qarabağda yaşaya bilərlər. Savaş yolu ilə də olsa, əvvəl-axır ərazilərimizi azad edəcəyik.
- Lüksenburqda, “Qarabağ”ın “Düdelanj”la
oyununda ermənilər
növbəti təxribata
əl atdılar...
- Bu onların birinci təxribatı deyil. “Napoli” ilə oyunda
da belə hal baş vermişdi. Ermənistanın bayrağını qaldırmışdılar. Belə təxribatlar olur. Amma sonuncu təxribat daha təhlükəli idi. Çünki onların stadiona göndərdiyi dronda bomba da ola
bilərdi. Oranı partlada da bilərdilər
və çox acınacaqlı hadisə baş verə bilərdi. Həmin
adamlar cəzalarını
alacaqlar.
- Aqil müəllim,
illər öncə, girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılması ilə bağlı təklif vermişdiniz. Bildirmişdiniz
ki, bu məsələnin
həlli yolu girovların dəyişdirilməsindən
keçir. Artıq bu günlərdə azərbaycanlı girovların
erməni girovlarla dəyişdirilməsinə dair
ümidverici xəbərlər
alırıq...
- Əlbəttə, mən o vaxt demişdim D.Əsgərov
və Ş.Quliyevi erməni girovlarla dəyişdirmək ən
münasib yoldur. Bunun ayrı yolu yoxdur. Beynəlxalq
məhkəmə var ki? Onlar hamısı
ikiüzlü məhkəmələrdir.
Girovlarımızın biri
Rusiya vətəndaşıdır.
Rusiya isə onun geri verilməsini
tələb etmir. Qanunda var ki,
həmin girov Rusiyaya ekstradisiya edilsin. Girovlarımızı
geri qaytarmağın çox asan yolu, girovu girovla
dəyişdirməkdir.
- Aqil müəllim,
bir az da
ədəbi mühitə
diqqət çəkək.
Bu sahədə durum necədi?
- Ədəbi mühitə yeni iddialı nəsil gəlir. Onları alqışlayıram, dəstəkləyirəm.
Düzdü, içlərində
istedadlıları da var, yarıtmazları da... İstedadlı uşaqlara köməklik göstərmək lazımdır.
Onları istedadsızların
ayağına vermək
olmaz. İstedadlılar
sözlərini deyirlər.
Çox yaxşı da bir nəsil
gəlir. Onların çoxu ilə dostam, çoxuna köməklik edirəm. Həm qəzetdə, həm saytda, həm də tədbirlərdə təbliğ
edirəm. Sadəcə
olaraq yeni nəslin bir çatışmazlığı var ki, bir
az Avropa ədəbiyyatına
aludədirlər. Özününküləri
oxumağı unudurlar.
Haqverdiyevi, Mirzə Cəlili, İsmayıl Şıxlını, İsa
Hüseynovu, Sabir Əhmədovu da oxumaq lazımdır. Özümüzünküləri də oxumaq gərəkir.
- Bu günlərdə
ölkəmizdə VI beynəlxalq
kitab sərgisi keçirildi. Çox böyük izdiham yaranmışdı. Sizcə,
bu sayaq addımlar kitaba olan marağı artıra biləcəkmi?
- Gözəl tədbir idi. Hətta rayona yola düşməli idim, amma sırf
o yarmarkaya görə
getmədim. Sərgidə
iştirak etdim. 1-2 saat orada oldum.
140 manatlıq kitab aldım. Vilayət Quliyevin, Rəşad Məcidin, Qismətin, Kənan Hacının kitablarını aldım.
Dostlara da payladım. Son illər kitaba maraq artıb. Bu sərgidən başqa da kitab
yarmarkaları təşkil
olunur. Filarmoniya bağında və başqa yerlərdə də sərgilər keçirilir, millət böyük maraq göstərir və kitab alırlar.
- Bu sayaq
sərgiləri rayonlarda
da təşkil etmək olarmı?
- Əlbəttə olar
və hətta olur da. Bu yaxınlarda Gəncədə də belə yarmarka keçirilmişdi. Böyük anşlaqla
qarşılanmışdı. Ölkə boyu kitab mağazalarının
sayı durmadan artır. Bu, belə də olmalıdır.
Əhməd Ayyət
Şərq.- 2019.- 5
oktyabr.- S.5