"Akademik İsa Həbibbəyli-70"
Ömrünü xalqının tərəqqisinə həsr edın Akademik
Müəllimlik müqəddəs bir peşədir. Bu adı uca
tutmaq, onu şərəflə, ləyaqətlə yaşamaq
hər insana nəsib olmur. Akademik İsa Həbibbəyli
bu adı daim yüksəklərə qaldıran, onu əlçatmaz
edən zirvələrdəndir. Ensiklopedik
biliyi, zəngin dünyagörüşü, dərin elmi
eridusiyası və yüksək insani keyfiyyətləri ilə
İsa müəllim dərs dediyi tələbələrə
və rəhbərlik etdiyi elmi institutlara ən gözəl
örnəkdir. Onun amalı, əqidəsi
Azərbaycanın mənəvi dəyərlərini yorulmadan tədqiq
və təbliğ etmək, Ulu öndər Heydər
Əliyevin həyata keçirdiyi Azərbaycançılıq
ideologiyasını gənc nəslə, vətəndaşlara
və cəmiyyətə sevə sevə
aşılamaqdır. Akademik İsa Həbibbəylinin
ömrünün böyük bir hissəsi Naxçıvan
Dövlət Universiteti ilə bağlıdır. O, 20 ilə
yaxın müddətdə Naxçıvan Dövlət
Universitetinin rektoru olub. Bu universitetin
inkişafında, ölkəmizdə və dünyada
tanınmasında böyük zəhmət sərf edib.
Onun rektorluğu dövründə Naxçıvan Dövlət
Universiteti respublikamızın aparıcı ali
təhsil ocaqlarından birinə çevrilib və bu
universitetin dünyanın aparıcı univeritetləri ilə
sıx əlaqələri yaradılıb.
Naxçıvan
Dövlət Universitetində təhsil aldığım illərdə
bu müdrik insandan
əsl vətənpərvərlik dərsi və
elmi biliklər almaqla yanaşı həm də Univetsitet mədəniyyətini
öyrənmişəm. Bakalavr və magistr mərhələsini
uğurla başa vurduqdan sonra onun etimadı ilə Türkiyə
Respublikasının Ankara Universitetində doktorantura təhsili
almışam. Təhsil müddətində hər zaman
bu etimadı doğrultmağın məsuliyyətini hiss
etmişəm. Doktorluq dissertasiyasını
tamamlayıb, müdafiə etdikdən sonra Ankara Universitetində
müəllim kimi fəaliyyətimi davam etdirmək təklif
olunsa da vətənə dönməyi, ölkəmizin tarxi və
mədəniyyətini təbliğ etməyi hər şeydən
üstün bildim. Yenicə fəaliyyətə
başlayan İctimai televiziyada işə başladım.
Azərbaycanın tarixi, mədəniyyəti və
görkəmli ictimai-siyasi xadimlərinə həsr olunan 100-dən
artıq sənədli film, teleportret və verilişlər
hazırladım. Bu ilin fevral ayından isə
Azərbaycan Dövlət Televiziyasına dəvət olundum və
burda da eyni missiya və niyyətlə fəaliyyətimi davam
etdirirəm. Görülən bütun
işlər Akademik İsa Həbibbəylinin mənə
verdiyi düzgün istiqamət, vətənə və xalqa
xidmətin bəhrəsidir. 2015-ci ildə məhz onun dəstəyi
ilə Azərbaycan Milli Elmlər Akademiyası müəllifi
olduğum "Bir əsr boyunca Ermənistan-Azərbaycan
münasibətləri" adlı monoqrafiyanı nəşr
etdi. Ardından Türkiyə Cümhuriyyəti Atatürk
Araştırma Mərkəzi "XX. Yüzyılda
Ermenistan-Azerbaycan, Dağlık Karabağ Sorunu" adlı
kitabımı yayınladı. Əlimə
çatan ilk nüsxəni "Müəllimlər
günü"ndə hörmətli İsa müəllimə
təqdim etməyi özümə borc bildim.
Çünki əmin idim ki, onun üçün həmin
gün öz tələbəsinin, yetirməsinin
kitabını görməkdən dəyərli heç nə
ola bilməz.
İnsan ömrü coşqun çay kimi kükrədikcə
yaşanmış illərin unudulmaz anları heç vaxt
yaddan çıxmır. İllər bir-birini əvəz edir, nəsillər
dəyişir, ancaq xeyirxah insanların həyatı həmişə
silinməz izləri ilə yaddaşlarda qalır.
Özünün müəllimi olan, “ustadım” dediyi Akademik Məmməd
Cəfər Cəfərova həsr olunan "Müdriklik zirvəsində"
adlı telrportret üçün İsa müəllimdən
müsahibə götürərkən o qədər ürək
dolusu və minnətdarlıq hissi ilə
danışırdı ki, təsirlənməmək eldə
deyildi. Bu hisslər mənə də çox
doğma idi. Çünki İsa müəllim
Akademik Məmməd Cəfər Cəfərov haqqında nə
qədər razılıqla, dönə dönə
“ustadım” deyə xitab edirdisə özü bir o qədər
mənim üçün nümunə idi. Hesab edirəm ki, İsa müəllimin mənim kimi
yüzlərlə, minlərlə tələbəsi var.
Bütün bu dəyərlər Akademik İsa Həbibbəylinin
müəllim kimi vətən, xalq qarşısında xidməti
və əməyinin göstəricisidir.
İsa
müəllimin “XX əsrin əvvəlləri Azərbaycan
romantik lirikası” adlı namizədlik dissertasiyası
haqqında akademik Məmməd Cəfər Cəfərov
yazırdı ki, İsa Həbibbəylinin “XX əsrin əvvəlləri
Azərbaycan romantik lirikası” adlı namizədlik
dissertasiyası bizim filologiya elminə müəyyən yenilik
gətirən və romantik lirika haqqında orijinal bir tədqiqat
əsəridir. Orijinallığı bir də o
cəhətdəndir ki, burada lirikanın daha çox poetikasından,
üslublarından və janr xüsusiyyətlərindən
danışılır.
İsa Həbibbəyli həm də Cəlil Məmmədquluzadə
irsinin ən dərin araşdırmaçısıdır. Doktorluq
dissertasiyası da məhz bu böyük ədibin
yaradıcılığına, onun yaşadığı
mühitdəki ədəbi proseslərə həsr olunub.
O, Cəlil Məmmədquluzadə
yaradıcılığındakı xalqçılıq
milli məfkurəsini oxucuya daha dolğun şəkildə
anlatmaqla Mirzə Cəlil ruhuna sədaqət və
ehtiramını nümayiş etdirib.
Bütün ömrünü Azərbaycanın milli-mənəvi
dəyərlərinin təbliğinə həsr edən
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Milli
Məclisinə millət vəkili seçilməklə
ölkəmiz üçün taleyüklü qanunların qəbul
edilməsində də fəal rol oynayır. O eyni zamanda Milli Məclisin
Elm və təhsil komitəsinin sədridir. Ulu
öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq
ideologiyasını hər zaman uca tutan, milli-mənəvi dəyərlərimizə
sadiq olan İsa Həbibbəyli xalqı və dövlətini
ürəkdən sevən, sözü, əməli işi və
sədaqəti bir-birini tamamlayan şəxsiyyətdir. İsa müəllim çox sadə, təmkinli, təvazökar
bir insan olmaqla yanaşı həm də dərin məntiqli,
möhkəm əqidəli daim həyata nikbin baxan bir
ziyalıdır. Ömrünün
müdriklik çağında o, yazıb-yaratmaqdan, elmi tədqiqat
işləri ilə məşğul olmaqdan, öz bilik və
təcrübəsini gənc nəslə ötürməkdən
nəinki yorulmur, hətta bundan mənəvi zövq alır.
İsa müəllim insanlara yaxşılıq
etməyi özünün həyat amalına, yaşam kredosuna
çevirib. Elmə, təhsilə verdiyi
böyük dəyər onu hər zaman Universitetin tələbə
və müəllim kollektivinə, Akademiyanın elmi ictimaiyyətinə
sevdirib. Onun klassik və müasir Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələri
haqqında dəyərli araşdırmaları milli ədəbiyyatşünaslığımız
üçün əvəzsiz tədqiqatlardır. Nizami
Gəncəvi, Marağalı Əhvədi, Məhəmməd
Füzuli, Aşıq Ələsgər, Mirzə Fətəli
Axundov, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov,
Əliqulu Qəmküsar, Məhəmməd Hadi, Üzeyir
Hacıbəyli, Ceyhun Hacıbəyli, İsa Hüseynov,
Firudin bəy Köçərli, Eynəli bəy Sultanov, Məhəmməd
ağa Şaxtaxtinski, Əli bəy Hüseynzadə, Abbas Səhhət,
Məmməd Səid Ordubadi, Mirzə Ələkbər Sabir,
Hüseyn Cavid, Mir Cəlal Paşayev, Seyid Məhəmmədhüseyn
Şəhriyar, Səməd Vurğun, Anar, Elçin, Məmməd
Araz, Hüseyn İbrahimov, Sabir Rüstəmxanlı, Zəlimxan
Yaqub, Rəşad Məcid, Hüseynbala Mirələmov, Hikmət
Mahmud haqqındakı elmi məqalələri ədəbiyyatşünaslıq
elmimiz üçün qiymətli töhfələrdir.
İsa
müəllimin Məmməd Cəfər Cəfərov, Abbas
Zamanov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Kamran
Dadaşoğlu, Yaşar Qarayev, Nizami Cəfərov, Bəxtiyar
Vahabzadə, Vaqif Yusifli, Xeyrəddin Qoca, İsa
İsmayılzadə, Rüstəm Behrudi, İslam Səfərli,
Asim Yadigar, Nəriman Həsənzadə, Qəzənfər
Paşayev, Yaşar Qarayev haqqındakı ədəbi-tənqidi
məqalələri ədəbiyyatşünaslığımız
haqqında mühüm konsepsiyaları ifadə edir.
Bu gün AMEA-da akademik Akif Əlizadənin rəhbərliyi
altında aparılan innovativ islahatlar texniki, dəqiq elmlər
sahələrində olduğu kimi humanitar elmlər sahəsində
də öz bəhrəsini verməkdədir. Akademik İsa
Həbibbəyli AMEA-nın vitse-prezidenti kimi akademiyanın
humanitar sahəsinə çox uğurla rəhbərlik edir.
İsa müəllimin Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdən
bu elm müəssisəsində fundamental araşdırmalar
aparılmağa başlanıb. Bu gün Ədəbiyyat
İnstitutunda onlarla beynəlxalq elmi konfranslar keçirilməkdədir.
Eyni zamanda Ədəbiyyat İnstitutunda yeni elmi istiqamətləri
özündə ehtiva edən şöbələr
açılıb, Hindistan, Çin, Yaponiya, Özbəkistan,
Türkmənistan, Türkiyə, Macarıstan, Polşa və
Monqolustanla ilk dəfə olaraq ədəbi əlaqələr
qurulub. Sələfləri Bəkir Nəbiyev, Məmməd Cəfər
Cəfərov, Kamal Talıbzadə, Yaşar Qarayev kimi
nüfuzlu alimlərin yolunu şərəflə davam etdirən
İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda yorulmadan,
böyük əzmkarlıqla, kollektivin nüfuzunu və dəstəyini
qazanmaqla ədəbiyyat sahəsində fundamental elmi-tədqiqat
işlərinə rəhbərlik edir. Bütün
bunların nəticəsidir ki, Ədəbiyyat İnstitutu
Akademik İsa Həbibbəylinin rəhbərliyi altında Azərbaycanda
humanitar sahədə aparıcı elmi-tədqiqat mərkəzinə
çevrilib. Onun MDB məkanında, Avropa
ölkələrində, Amerikada keçirilən beynəlxalq
elmi konfrans və simpozyumlarda etdiyi çıxışlar Azərbaycan
həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq məramına xidmət edir. Çoxcəhətli elmi fəaliyyət
sferasında ölkədə gedən ictimai-mədəni və
elmi-ədəbi proseslərdə fəal iştirak edən
Akademik İsa Həbibbəyli sözün əsl mənasında
tədqiqatçılıq, ziyalılıq və vətəndaşlıq
borcunu ardıcıl olaraq yorulmadan həyata keçirir.
O elmdə, cəmiyyətdə qazandığı nüfuzu
özünün istedadı, genişmiqyaslı fəaliyyəti,
universal və sanballı elmi yaradıcılığı,
tükənməz enerjisi və əməyi sayəsində əldə
edib.
Görkəmli alim dövlət və vətən
qarşısında xidmətlərinə görə yüksək
dövlət mükafatlarına da layiq görülüb. 2007-ci ildə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı
ilə “Şöhrət” ordeni ilə təltif olunub. “Əməkdar elm xadimi” adına, “Şərəf”
ordeninə layiq görülüb. Akademik
İsa Həbibbəyli 2001-ci ildə Nyu-York Elmlər
Akademiyasının həqiqi üzvü seçilib. 2001-ci ildə isə Amerika Tədqiqatlar
İnstitutunun “İlin adamı-2001” mükafatını
alıb.
Onun fəaliyyəti bədii yaradıcılıqla elmi
yaradıcılığın vəhdətindən ibarətdir. Onlarla şeirin, tərcümələrin,
“Arpaçayı daşa bilməz” adlı mənsur
poemanın müəllifi olan İsa Həbibbəylinin əsərlərinin
X cildi “Yollar şeirdən başlanmışdı”
adlanması da təsadüfi deyil. Onun ilk elmi
işi də romantik poeziyaya həsr edilib. O,
“Gülümov” adlı pyesin, “Çətinlikdə sınaq”
adlı hekayənin də müəllifidir.
Akademik İsa Həbibbəylinin 2019-cu ilin sentyabrında
nəşr olunan “Azərbaycan ədəbiyyatı dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri”
monoqrafiyasında milli ədəbiyyatımızın dövrləşdirmə
və tarixi inkişaf mərhələləri sistemli şəkildə
müəyyənləşdirilib. İlk dəfə
olaraq məhz bu monoqrafiyada milli ədəbiyyatımızın
inkişaf konsepsiyası yeni prizmadan işlənilib və bu
monoqrafiyada ədəbiyyat tariximizə yeni baxış, yeni
yanaşma özünü aydın şəkildə göstərir.
Akademik İsa Həbibbəyli AMEA-nın Ədəbiyyat
İnstitutunda gənc alimlərə öz dəyərli məsləhətləri
ilə mənəvi ruh verir. O, vətənpərvərliyi öz
əməli işndə əks etdirən ziyalıdır. Rəhbərlik
etdiyi AMEA Ədəbiyyat İnstitutunda həmkarlarını
daim yeniliklərə, müasirliyə səsləyən
İsa müəllim respublikamızın etibarlı təminatını
praqmatik düşüncəyə malik Prezident İlham
Əliyevin həyata keçirdiyi düzgün siyasət,
çevik diplomatiya sayəsində bərqərar olmuş
qüdrətli dövlətimizdə, respublikamızda həyata
keçirilən siyasi sabitlikdə, güclü iqtisadiyyatda,
gündən günə öz peşəkarlığı ilə
ixtisaslaşan kadr potensialının artmasında görür.
Müasir dövrdə dövlətimizin
başçısı tərəfindən milli
maraqlarımıza uyğun olaraq həyata keçirilən
daxili və xarici siyasət,
müstəqilliyimizin möhkəmləndirilməsi, təhlükəsizliyimizin
təminatı, Azərbaycan
xalqının maddi rifah halının daha da
yaxşılaşdırılması, regionda sülhün və
təhlükəsizliyin təmin olunması, ölkəmizin
beynəlxalq səviyyədə nüfuzunun daha da
artırılmasına xidmət edən dövlət siyasətinin
tərkib hissələridir.
Ağlın
imkanlarını həyatda doğru istifadə etmək, zəhmətə
qatlaşmaq insanı xoşbəxt gələcəyə
yaxınlaşdırır. Eynşteyn
yazırdı ki, «Mən heç vaxt gələcək haqda
düşünməyə macal tapmıram. Çünki o, kifayət
qədər tez gəlib çıxır». Zaman fövqündə həyat artıq daha dinamik
inkişaf etdiyi üçün bu yaşı kamillik
dövrü, müdriklik çağı da adlandırmaq olar.
Əvvəllər bir məktubu okeanın o
tayına çatdırmaq üçün günlər, aylar
lazım gəlirdisə indi bu vaxt saniyələrlə
ölçülür. Yəni
sözün qısası həyat daha sürətli, daha
dinamik və daha qısadır. Ancaq bir
gerçəklik var ki, niyyət, amal pak, əməl doğru
olduğu zaman insanın ömrü də uzanır. Yəni, əqidəli insanların ömrü
onların əməli və amalı ilə yaşayır.
Bu, onların həyatının mənasına
çevrilir.
Bütün
ömrünü xalqın mədəni tərəqqisinə həsr
edən, elmi yaradıcılığı ilə müasir
elmimizə yeni-yeni töhfələr verən, bir-birindən dəyərli
elmi əsərləri ilə filologiya elmimizi zənginləşdirən,
özündən sonra onlarla filoloq, ədəbiyyatşünas
alim yetişdirən Akademik İsa Həbibbəylini 70 illik
yubileyi münasibətiylə səmimi qəlbdən təbrik
edir, Ulu Tanrıdan ona həyatın ən qiymətli neməti
olan can sağlığı arzu edirik!
Mahir Qəribov
Şərq.- 2019.- 5
oktyabr.- S.12